Özünü öldürən skandinavlar haqda mif

Публицистика

Güman edirəm onlar bizim qəzetləri oxuyub depressiyaya düşmürlər

Məni çoxdan narahat edən populyar bir yalanı ifşa etmək istərdim. Bu yalan dünyada intiharların daha çox harada, hansı ölkələrdə yayılması ilə bağlıdır. Bilmirəm bunu ilk dəfə kim, hansı məqsədlə özündən uydurub ortaya atıbdır: guya dünyada ən çox intihar edənlər avropalılar, özəlliklə də Skandinaviya xalqlarıdır. (Bir versiya var ki, ABŞ prezidenti Duayt Eyzenhauer 1960-cı ildəki çıxışında İsveçin sosial siyasətini tənqid edərkən sosial xərclərin artımının “günah, çılpaqlıq, sərxoşluq və intiharlar” doğurduğunu söyləyib. Sovet mətbuatı isə bu tezisi dərhal qaparaq uzun illər tirajlayıb. Üstəlik, guya şimal iqliminin soyuqluğu, günəşsizliyi də intihara təsir edirmiş). Neçə illərdir bu yalan bizim KİV-də, mediada tirajlanır, tanınmış şəxslərin dilindən səslənir.

Örnək üçün, Mətbuat Şurasının sədri Əflatun Amaşov son məktəbli intiharı ilə bağlı gündəmi “Azadlıq” radiosuna şərh edərkən bildirir: “Avropa ölkələrində, xüsusən də Skandinaviya ölkələrində intiharlar başqa ölkələrə nisbətən daha çoxdur”.

Əflatun müəllim intervüsünün başqa yerində isə daha da uzağa gedir və fantaziya gücü baxımından, yalan olmasın, Coanna Roulinqi də ötdüyünü uca millətimizə göstərir: “Bəzən Skandinaviya ölkələrində insanların körpülərdən yalqız keçməsinə icazə verilmir”. Deməli biz hazırlaşaq, Əflatun müəllim üzvü olduğu parlamentə yeni qanun projesi təqdim edəcəkdir, azərbaycanlıların körpülərdən tək keçməsi qadağan ediləcəkdir. Yoxsa bu nə söhbətdir?

Qayıdaq avropalıların və skandinavların intihar liderliyi temasına. Dünya Səhiyyə Təşkilatının (DST) intihar statistikası var. Ən son belə hesablamalardan biri (183 ölkə arasında aparılıb) 2016-cı ilə aiddir və orada ilk onluğa bütün Avropadan cəmi 1 dövlət düşüb - Litva. SSRİ-də keçmiş müttəfiqimizdə hər 100 min nəfərə 25,7 intihar olur. Ümumiyyətlə, ilk 10-luq belədir: Qayana, Lesoto, Rusiya, Litva, Surinam, Fil Dişi Sahili, Qazaxıstan, Belarus, Cənubi Koreya, Uqanda. Gördüyümüz kimi, “iqtisadi vəziyyətin intihara təsiri yoxdur, yaxşı yaşayanlar daha çox özünü öldürür” mifi də burada yalana çıxır. Finlandiya 31, İsveç 50, Norveç 76, Danimarka isə 89-cu yerdədir. Sözgəlişi, xarakiri və seppuku ənənələrinə, meşədə azmaq və özünü vulkana atmaq kimi əcaib intihar üsullarına görə dünyada məhşur Yaponiyanın da durumu o qədər dəhşətli deyilmiş - 29-cu yer. Azərbaycan 175-ci yerdədir. Hər 100 min nəfərə 2,6 intiharla. Hərçənd, o qədər inandırıcı deyil, bizdə rəsmi statistika gizlədilir. Elə DST hesabatında da ümumi ölüm sayında intiharları qeydə almayan ölkələr xüsusi göstərilib. Skandinaviya dövlətləri o sırada deyil. Onlarda hamısı bircə-bircə qeydə alınır. Hələ bir faktı da yazım, güman edirəm bunu bilmirdiniz: İsveç intihar statistikasını dünyada ilk dəfə ölüm statistikasında ayrıca qeydə almağa başlayan dövlətdir. Başqa xalqlar o vaxtacan buna xüsusi fikir vermirdilər.

İntihar statistikasını gizlətməyin isə cürbəcür yolları var. Bunlardan biri intiharı ümumən qeydə almamaq və ölüm səbəbini təbii, hansısa xəstəlik kimi göstərməkdirsə, Rusiyada geniş yayılmış üsul ölüm kağızına  “səbəbi bilinməyən xəsarətlər nəticəsində” yazmaq imiş. Bizim səhiyyə və kriminalistika sistemində də oxşar metodlara əl atırlar. Misal üçün, bir vaxtlar YUNİSEF təşkilatı Azərbaycanda uşaq ölümünün yüksək olduğunu açıqlayanda rəsmi orqanlar bunu təkzib edirdilər. Sonradan isə məlum olmuşdu ki, sən demə bizim səhiyyə sistemi doğulandan az sonra (dəqiq xatırlamıram, deyəsən 1 yaşa qədər idi) ölən uşaqları ümumiyyətlə uşaq ölümü kimi hesaba almır. 

Sonda bir ümidverici şərhlə başqa mifi də dağıdaq. Geniş yayılmış fikirdir ki, dünyada intiharlar artır. Elə DST-nin bu temada hesabatları var, deyir hazırda dünyada hər 40 saniyədən bir 1 nəfər özünü öldürür. Həyəcan təbili çalırlar, bu rəqəmin yaxın illərdə hər 20 saniyədə 1 intihara qədər çoxalacağı söylənir. 1990-cı ildə dünyada təxminən 762 min intihar olubsa, 2016-cı ildə bu rəqəm 817 min nəfərə çatıbmış. Ancaq optimist şərh odur ki, bu müddətdə dünya əhalisinin sayı 2 milyard nəfərə yaxın artıb. Deməli ümumi əhali sayına nisbətdə baxsaq, əslində dünyada intiharların azı 3 dəfə azaldığını söyləmək olar.


Zamin Hacı

Musavat.com

Kultura.az | Developed by Samir Yahyazade