post-title

Gənc yazar damğası

Bakının heykəltaraşlıq ansamblının böyük hissəsi şair və yazıçılara həsr olunub. Nizami heykəlinin qarşısındakı muzeydə yerli ədəbi simaların abidələri qoyulub. Ondan biraz aralıda Natəvanın, ardınca Sabirin, Vahidin, Axundovun heykəlləri zəncirvari düzülüb, sonra Nəriman Nərimanovun, Hüseyn Cavidin, Müşfiqin, Füzulinin, Nəsiminin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digərlərinin heykəlləri gəlir.

Şair və yazıçıların şərəfinə ucaldılan bunca heykəl olmasa, Bakının öz ruhunu itirəcəyi kimi, bu şair və yazıçılar tarixdən silinərlərsə, tariximizin də böyük miqyasda itkiyə məruz qalacağı məlum məsələdir. Çünki çağdaş Azərbaycan cəmiyyətinin formalaşmasında həmin şair və yazıçıların rolu əvəzsizdir.

Biz Axundovun ədəbi fəlsəfəsinin yaratdığı xalq qədər, Cəlil Məmmədquluzadə, Sabir kimi yazarların timsalında maarifçilərin, “Molla Nəsrəddin”in yaratdığı toplumuq. Hər üç nəfərdən biri Cəfər Cabbarlının qəhrəmanlarının adını daşıyır. Danışdığımız dili məhz o şairlər və yazıçılar yaradıb. Könül istərdi, başqa sahələrin, xüsusilə elm sahələrinin də təmsilçilərinin heykəllərindən bol olsun, amma neyləyək ki, iki binanın arasındakı oyuqda gizlənmiş Yusif Məmmədəliyevin heykəli kimi abidələrdən tək-tükdür və bunun günahı təbii olaraq sənətkarlarda deyil. Həmin o şair və yazıçılar heç yağ-bal içərisində də yaşamayıblar əslində. Kimisi aclıq çəkib, kimisini dəfn edən tapılmayıb, kimisinin ürəyi partlayıb, kimisi sürgündə ölüb, kimisi də güllələnib.

Nəzərə alanda ki, biz əsasən yazıçı, şair cəmiyyəti olmuşuq və xalq kimi formalaşmağımızda şair və yazıçıların əvəzsiz rolu olub, onda indi bu sahəyə böyük rəğbət, diqqət və ehtiram olmalıydı. Xüsusilə gənc nəslə.

Lakin nədənsə bu yoxdur, tam əksinə, gənc yazar, gənc şair anlayışı indi, tarixdə heç vaxt olmadığı qədər gülünc və cılız bir anlayışa çevrilib. Yerli gənc yazarların əksəriyyəti “gənc yazar” damğası yeməkdən qorxurlar. Aralarında “bizə gənc yazar deməyin” deyənlər belə var. Gənc yazara “gənc yazar” deyilməsin, nə deyilsin?

***

Bir neçə gün əvvəl İkinci Mahmudun vaxtsız ölümü “gənc yazar” anlayışını bir daha gündəmə gətirdi. Son illərdə yerli gənc yazarlar və şairlər ya xərçəngdən, ya intihardan, ya da ürəktutmasından gedirlər. Onların mühitin və münasibətin qurbanları olduqları aydındır, amma zənnimcə, İkinci Mahmudun məzardakı nəşinin soyumasından, mövzunun unudulmasından və “gənc yazar”ların yenə damğalanmağa başlamasından əvvəl, məsələnin mahiyyətinə varmağa ehtiyac var.

İstisnaları çıxmaq şərtiylə bizdə əsasən iki tip gənc yazar var. Bunlardan biri və barmaqla sayılacaq qədəri məmur yazıçıların hamiliyi ilə hansısa rəsmi, yarım-rəsmi qurumdan  maaş almaqla, məmur gələcəyinə hazırlaşırlar. Bu gənc yazarlar dövrün dəyişməsiylə, yaradılıcılıq bulağı çoxdan qurumuş məmur himayədarlarından fərqli olaraq, biraz müstəqil olacaqlarına ümid edirlər. Amma rəsmi və ya yarım-rəsmi orqanlarda faktiki olaraq əvvəlki dövr – sovet ənənələri və münasibətləri qalmaqdadır. Qəfəsdə bülbül nə qədər azaddırsa, burada da o qədər azad bilərsən. Ən yaxşı halda icazəli mövzularda dəm vura – mentaliteti, dini dünyagörüşü, bəzi zərərsiz, arxasız rəsmi qurumları və məmurları, müxalifəti, bəzi köhnə forma və anlayışları tənqid edə bilərsən – və ya heç olmasa forma müstəqilliyinə can ata bilərsən. Bu ağıllı gənc yazarların da ümid etdikləri budur: dəqiq müəyyən olunmuş qanunları pozmadan öz oyunlarını oynamaq. Hər halda onları qınamaq da olmur. Qalır izacəli oyunda onlara ən yaxşı nəticəni arzulamaq.   

İkinci tip gənc yazarların vəziyyəti daha acınacaqlıdır və qurbanlar da əsasən onların arasından çıxır. Yetərincə fərasətli olmayan bu gənc yazar çox erkən yaşda, hələ təcrübəsizkən tələyə düşür. İstedadının qığılcımları gözə çarpanda, dil və s. bacarıqlarına görə, onu rəsmi, ya yarım-rəsmi qurumda, ya da hansısa bir “şok xəbər” media orqanında işə götürürlər. Gənc yazara bu işi yaxşılıq edirmişcəsinə, bir lütf kimi təqdim edirlər, ona elə münasibət göstərilir ki, sanki o buna görə minnətdarlıq etməlidir.

Beləcə, uça bilməsin deyə, onun qanadları qırılır, qəfəsə salınır və ondan qəfəsi mədh etməsi, heç olmasa qəfəsdə maaş aldığına görə, nanəciblik etməməsi gözlənilir. Hərdənbir hansısa yazısına görə (xüsusilə tost yazısıdırsa), hansısa ədəbi məmur onun cibinə beş-üç manatdan basır, qonaqlıq verir. Gənc yazar sevinir, dünən o heç kim idi, bugünsə belə görkəmli adamlarla oturub durur, onlarla qədəh qaldırır, sağlıq deyir. Amma illər də keçməkdədir. Gündəlik rutin iş, şok xəbərlər yazmaq, sosial şəbəkələrdə onlarla xəbər paylaşmaq onu həm yorur, həm də ən qorxulusu, yaradıcı təsəvvürünü kütləşdirir.

Gənc yazarın hər gün işə getmək üçün hazırlığa və yola 2-3 saat vaxt xərclədiyini, 8-9-10 saat işlədiyini, 7-8 saat da yatdığını nəzərə alsaq, geriyə 3-4 saat vaxtı qalır. Aldığı maaş kifayət etmədiyindən, gənc yazar çox zaman geri qalan vaxtını cüzi məbləğ qarşılığında başqa bir orqanın redaktə, tərcümə və korrektə kimi işlərinə ayırır (bu cüzi məbləği vaxtında və tam alacağı isə hələ məlum deyil).

Bütün bunlardan sonra gənc yazarın yenə də vaxtı qalırsa, onu ailəsiylə, dostlarıyla keçirməyə həsr etməlidir. Nəticədə oxumağa, yazmağa, dil öyrənməyə, səyahət etməyə, özünü inkişaf etdirməyə zaman qalmır. Gənc yazar qurdunu sosial şəbəkələrdə öldürməyə başlayır. Şöhrət, insanlarda təəssürat yaratmaq kimi tələbatlarını aldığı “like”larla təmin edir. Xəyal gücü biraz da kütləşir. Yetərincə, bilikli olmadığından çoxlu ziddiyətli və səthi postlar paylaşmaq aludəçisinə çevrilir. Bundan sonra “gənc yazar” damğası artıq hazırdır…

Əksər gənc yazarların aşağı-yuxarı güzəranı belə keçir. Nəfəs dərib yaradıcılıqla məşğul olmağa vaxt və imkan tapa bilmirlər. Belə şərtlərdə nəsə dəyərli bir şey yazmağın mümkünlüyünün özü dərin sual doğurur.

Əgər həyatda bir neçə ciddi səhv də buraxsa, gənc yazarın işini bitmiş hesab etmək olar. Çünki Azərbaycanda yaşayış gənc yazar üçün müharibə şəraiti kimidir, səhv elədinsə, səhvindən nəticə çıxarmağa və bərpa olunmağa imkanın qalmır – ya ölürsən, ya da ölümcül yaralanırsan…

***

Məlum məsələ, bizdə ədəbiyyata, şeirə, sənətə layiqli qiymət verilmir (söhbət rəsmi sənət qurumlarına, məmur sənətkarlara və ya xəstələnən yaradıcı insanlara maliyyə ayırıb onların kəməndə keçirilməsindən getmir), elmə, texnologiyaya, humanitar sahələrə də elə bir diqqət yoxdur. Hansı sahəyə diqqət var? Əlbəttə ki, idmana.

Ölkəmiz Avropa Oyunlarının, Dünya və Avropa çempionatlarının , İslam Oyunlarının, “Formula 1” kimi idman yarışlarının keçirilməsinə, təşkilinə milyardlarla manat pul xərcləyib və xərcləməkdədir. Bizdə yeganə əsl diqqət və qayğı idmana və idmançılara göstərilir, onlar üçün hər cür şərait yaradılır. Müasir Azərbaycanda gənc idmançı gənc yazardan qat-qat hörmətli və samballı şəxsdir.

Uzağa getməyək, İkinci Mahmudun ölümündən cəmi bir neçə gün qabaq Belorusda  keçirilən II Avropa Oyunlarının qaliblərinə dövlətimiz mükafatlar verdi. Məlumunuz olduğu kimi Avropa Oyunları yetərincə əhəmiyyətli bir yarış deyil, amma idmançılarımız yenə də yüksək səviyyədə qiymətləndirildilər. Yarışlarda birinci yer tutan hər bir idmançıya 50 min manat, məşqçisinə 25 min manat; hər ikinci yer tutana 30 min manat, məşqçisinə 15 min manat; hər üçüncü yer tutana 20 min manat, məşqçisinə isə 10 min manat mükafat verildi.

Azərbaycan II Avropa Oyunlarında ümumən 5 qızıl, 10 gümüş, 13 də bürünc medal qazandı. Nəticə etibarilə idmançılara bütövlükdə 810, 000 manat mükafat verildi. Məşqçilərə verilən mükafatları da saysaq, ümumi mükafat fondu bir milyon manatı keçdi.

Bəs bir gənc yazarın orta aylıq əmək haqqı nə qədərdir? Təqribən 500-800 manat arasında dəyişir. Avropa Oyunlarında qalib gəlmiş bircə idmançıya bağışlanan 50 min manatı qazanmaqdan ötrü bir gənc yazar üzücü bir işdə 5-10 il sərasər işləməlidir.

Adi bir idman yarışının mükafat fondu bir milyon manatı keçir. Bəs bir ədəbiyyat müsabiqəsinin qalibinə verilən mükafat nə qədərdir? Elə cəmi bir neçə ay bundan əvvəl Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı” mükafatının qalibinə verilən maliyyə açıqlanmışdı. Məlum olmuşdu ki, ölkəmizdə ilin “Ədəbiyyat adamı”na verilən mükafatın həcmi 1000 manatdır… Mincə manat…

Amma bütün hallarda bunun özü də böyük işdir. Baxmayın, hansısa bir gənc yazar ölmədən müsabiqə keçirərək mükafat veriblər, qiymətləndirmək lazımdır. Bizdə son illərdə ədəbiyyat müsabiqəsi hansısa gənc yazar öləndə keçirilirdi axı. Artıq bu proses tendensiya halını almışdı. Gənc yazar ölürdü, xətrini xoş tutmaq üçün dərhal müsabiqə elan edirdilər. Axırıncı dəfə gənc yazar Mövlud Mövludun xatirəsinə belə bir müsabiqə keçirilmişdi. Ona görə də hansısa gənc yazar ölmədən ədəbiyyat müsabiqəsinin keçirilməsini də irəliləyiş hesab etmək olar.

“Ədəbiyyat adamı” elan olunandan, qalibə 1000 manat veriləndən və rəsmi tədbirdən sonra yəqin, qonaqlıq filan da olub. Hər halda yazarların könlünü xoş eləmək lazımdır, qonaqlıqsız iş keçməz. Yəqin, məclisdə çoxlu sağlıqlar, bəlağətli tostlar deyilib. Azərbaycan ədəbiyyatının, dilinin parlaq gələcəyinə və gənc yazarların şərəfinə badələr qaldırılıb…

Cavid Ramazanlı

Azlogos.eu
Yuxarı