post-title

Qarın müstəvisində dava

"…Ötən cümə axşamından Kornexoda, muzeyin binasında yumurtadan təzə çıxmış dörd bioloq məskən salıb, bütün günü siçovul tutmaqla məşğul olublar. Söhbət eləyəndə, bu adamlarda praqmatizmdən əsər-əlamətin olmaması məni heyrətləndirir. Yalnız görüntü xətrinə, özlərinə haqq qazandırmaq üçün işləyirlər, özlərini elə aparırlar ki, güya nə iləsə məşğuldurlar. Axşamlar tələlərini qururlar, səhər tezdən yığışdırırlar. Vəzifələri bundan ibarətdir. Bəs gəldikləri nəticə nədən ibarətdir? Özünüz təsəvvür edin, demə, elmi əsərlərdə yazılanlara baxmayaraq, qıllı şimal siçovulu təkcə Pireneydə deyil, biz tərəflərdə də olurmuş. Öz kəşflərinə görə lovğalıqdan az qala partlasınlar, ancaq, mənim fikrimcə, senyora, bütün bunlar mələklərin cinsini müəyyənləşdirməyə çalışmaq kimi mənasızdı. Dərsliklərdə qıllı şimal siçovulunun başqa əyalətlərdə də yaşadığını göstərməyin biz sadə ispanlara nə dəxli? Məgər bu zəhrimara qalmış siçovul bizim torpaqların münbitliyini artıracaq? Ya bəlkə, istehsalın həcmini artırıb, ispanların həyat şəraitini yaxşılaşdıracaq. Bu siçovulun bir az aşağıda, bir az yuxarıda yaşamasının bizə bir isti-soyuğu var?"

Migel Delibes “Altmış yaşlı həyat aşiqinin məktubları” əsərindən

Məmnunlar və qismən məmnunlar

Məncə camaatımız Sosial Müdafiə Naziri Sahil Babayevin: “Vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçib, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq” sözlərini tamamilə səhv başa düşüb. Əslində hörmətli Sosial Müdafiə Naziri, cənab Sahil Babayev demək istəyirdi ki, vətəndaşlarımızın 93 faizi siyasətə qarışmır. Bu 93 faizin başı bir manata alıb bir manat iyirmi qəpiyə satmağa, toya, nişana, xınayaxdıya, cümə axşamına, it boğuşdurmağa, xoruz döyüşdürməyə, mahnı üstündə dava salmağa, meyxanaya qulaq asmağa, mənasız seriallara baxmağa, kreditlə ev təmir etməyə, kreditlə telefon, mebel, maşın almağa, ölkədə keçirilən mənasız yarışlarla, mənasız tədbirlərlə fəxr etməyə, yaltaqlığa, məddahlığa, özündən vəzifəlinin, özündən pullunun qarşısında iki qat əyilib, özündən zəifin qarşısında canavara dönməyə, hər cür zorakılığa zərurət donu geyindirməyə, hər cür zorakılığa bəraət qazandırmağa, falçıya, caduya, tilsimə, saatlarla sosial şəbəkələrdə avaralanmağa, saatlarla müxtəlif oyunlar oynamağa, hər şeyi lağa qoymağa, hər şeyə lağlağı etməyə, özlərini zarafatcıl, hazırcavab göstərməyə və bu kimi digər vacib (dırnaqsız) işlərə qarışıb.

Bu 93 faizə ölkənin gələcəyi, hansı quruluşda, hansi sistemdə yaşamaqları, hansı quruluşda, hansı sistemdə yaşayacaqları zərrə qədər də maraqlı deyil. Onlar rüşvət almaq imkanı varkən rüşvət almayan, oğurlamaq imkanı varkən oğurlamayan adama axmaq, debil, bacarıqsız, mağmun, əfəl adam kimi baxmaqdadır. Bu 93 faiz hətta öz ovladlarının aqibətinə münasibətdə tam laqeydlik nümayiş etdirib, övladlarının necə bir məktəbdə, necə bir universitetdə təhsil alacaqlarına, necə bir orduda xidmət edəcəklərinə, ümumiyyətlə övladlarının bir insan, bir vətəndaş kimi necə yetişəcəklərinə görə narahatlıq hissi keçirmirlər. Bu 93 faizə aid adamlar yalnız əllərinə düşən fürsətdən, imkandan maksimum istifadə etməyi düşünməklə yanaşı, övladlarının da hər bir şəraitdə, hər bir sistemdə, hər bir quruluşda yaşamağa uyğunlaşmasını arzulayırlar və bu istiqamətdə topladıqları tərcubələrini məmnuniyyətlə övladlarına ötürürlər. Onlar bu günlə, bu saatla, bu dəqiqəylə yaşayırlar. Sabah, bir saatdan, bir dəqiqədən sonra nə baş verəcəyi onları heç düşündürmür. Bu dəqiqə, bu saniyə görəsən necə, hardan bir manat qazana bilərəm? Bu sual 93 faizi ən çox düşündürən, ən çox narahat edən sualdır. 93 faizlə məsələ aşağı-yuxarı məlumdur. Bəs bu 4 faiz qismən məmnun vətəndaşlarımız kimlərdir? Bu qismən məmnun vətəndaşlarımız nala-mıxa vuran, nala-mıxa vurmaqda xeyli tərcübə toplamış, peşəkarlaşmış adamlardı. İstər-istəməz bu məqamda, bu anda Koroğlu operasından Keçəl Həmzənin sözləri adamın yadına düşür :

Sənətim atlara baxmaqdır,
Bu yolda çox mahirəm.

Əslində bu 4 faizə aid qismən məmnun adamlar da ölkədəki vəziyyətdən tam məmnundurlar, sadəcə bunu açıq ifadə etməyə utanırlar, daha doğrusu vəziyyətdən tam məmnun olduqlarını açıq ifadə etməyə eqoları mane olur. Bu dörd faizə aid adamlar öz yaltaqlıqlarına, məddahlıqlarına dövlətçilik, vətən, xalq adı qoyublar. Reallıqda isə Azərbaycanda artıq xalq, vətən, dövlət anlayışı yoxdu. Bu kobud faktı birdəfəlik qəbul eləmək lazımdı. Azərbaycanda yalnız hakimiyyət var. Real, həqiqi düstur belədir: xalq, üstəgəl dövlət, üstəgəl vətən, bərabərdi hakimiyyət. Yəni bu gün xalqı, dövləti, vətəni tərifləyən adam əslində hakimiyyəti tərifləməkdədi.

Bu dörd faizə aid olan qismən məmnun adamlar özlərini intellektli, savadlı hesab etməkdədirlər. Özlərini intellektli hesab etdiklərinə görə vəziyyəti mürəkkəbləşdirirlər, işləri dolaşdırırlar, yollarını əbəs yerə uzadırlar, nəticədə 93 faiz tam məmnun adamlara birbaşa qoşulmaqda əziyyət çəkirlər. İntellekt vəziyyəti mürəkkəbləşdirməyə deyil, vəziyyəti sadələşdirməyə xidmət etməlidir. Deməli, 93 faiz tam məmnun adamla 4 faiz qismən məmnun adam mahiyyətcə eyni adamlardı, onların arasındakı fərq özlərini formaca başa cür ifadə etməklərindədir.

Burda 93 faizə aid olan tam məmnun adamların öz arzularında, istəklərində, yaşayış tərzlərində, özlərini ifadə etməklərində 4 faiz qismən məmnun adamlardan daha səmimi olduqlarını ədalət naminə mütləq qeyd etmək vacibdir. Hansı istiqamətdə, həyatın hansı sahəsində olursa olsun səmimiyyət alqışlanmalıdı. Beləliklə, 93 faiz tam məmnun vətəndaşlarımızın üstünə gəlirik 4 faiz qismən məmnun vətəndaşlarımızı, bu da eləyir 97 faiz. Yerdə qalır üç faiz. Bu üç faizə daxil olan adamlar kimlərdi, onlar nə istəyirlər, məqsədləri, məramları, niyyətləri nədir? Bu üç faizə aid olanlar mövcud vəziyyətlə razılaşmayan, qısası məmnun olmayan adamlardır. Bu üç faiz qeyri-məmnun adamlar, 93 faiz tam məmnun, 4 faiz qismən məmnun adamların bu və ya digər formada daima teroruna məruz qalmaqdadır. Bu məsələdə də 93 faiz tam məmnun olan adamlar, 4 faiz qismən məmnun olan adamlardan xeyli səmimi görünməkdədir.

93 faiz tam məmnun adamlar 3 faiz qeyri məmnun adamlara “palaza bürün elnən sürün”, “ağa deyir sür dərəyə, sür dərəyə”, “nəyinə lazımdı, başını sal aşağı, həyatını yaşa”, “hökumətlə hökumətlik etmək olmaz”, “bunlar yeyib doyublar”, “özü yaxşıdı, ətrafı pis”, “kim gəlsə oğurlayacaq”, “sən olsan oğurlamazsan?”, “özünə yazığın gəlsin” kimi azərbaycansayağı, xəlqi direktivlərlə terror edirlərsə, 4 faiz qismən məmnun adamlar ictimai- siyasi, hüquqi, sosial, sosial-iqtisadi, iqtisadi-sosial, tarixi-psixoloji, beynalxalq siyasət, nə bilim dövlətçilik, vətəndaş millətçiliyi elementlərindən, müxtəlif terminlərdən, siyasətə, tarixə aid kitablardan geniş istifadə edərək 3 faiz qeyri – məmnun adamlara qarşı terorlarına “bayrağımız düz asılmayıb”, “düşmənlərlə əhatə olunmuşuq”, “bu il Qarabaq probleminin həll etmək fürsətimiz var, bu fürsətdən istifadə etməliyik”, “siyasi baxışlarımız fərqli olsa da hakimiyyətin filan addımını vətən, dövlət, xalq, doqquz iqlimli təbiətimiz naminə dəstəkləməyə məcburuq”, “Ermənistan hakimiyyətini ilə Rusiya hakimiyyəti arasında soyuqluq yaranıb, bundan yararlanmalıyıq”, “Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə catdırmalıyıq”, “azadlıq nisbi anlayışdır”, “demokratiyanın da öz problemləri var” kimi cəfəng adlar qoymağa çalışırlar.

İşin tərsliyindən 3 faiz qeyri-məmnun adamların çoxu kasıb adamlardı. Bu da vəziyyəti xeyli ağırlaşdırır. Mərhələ aşmaq haqqında bədii-fəlsəfi essedə qaldırdığım bir sualı burda məmnuniyyətlə təkrar etmək istəyirəm. Siz mənə Azərbaycanda üç adam göstərin ki, pulu və vəzifəsi yoxdur, amma camaat arasında hörməti var. Siz mənə Azərbaycanda üç adam göstərin ki, pulu və vəzifəsi yoxdur, amma hansısa yaxşı hərəkətlərinə, hansısa cəhətinə görə yaşadığı küçədə, qəsəbədə, rayonda camaatın rəğbətini qazanıb. Çətindir. Xeyli düşünməli, fikirləşməli, axtarmalı olacaqsınız. Amma mən sizə birnəfəsə, çox da düşünmədən, beynimə çox da əziyyət vermədən azı üç yüz adam göstərə bilərəm ki, bioqrafiyası başdan-başa ləkəlidir, yaltağın yekəsidir, oğurlayır, rüşvət alır, şər atır, cəlladlıq edir, saxta ittihamlar çıxarır, lakin puluna və vəzifəsinə görə camaat arasında böyük hörmət sahibidir. Niyə? Ona görə ki, pul və kreslo azərbaycanlılar üçün müqəddəsdir, sakraldır.

***

Zaman-zaman Azərbaycan mətbuatında Turkmənistana aid xəbərlər, məlumatlar dövriyəyə buraxılır.

Azərbaycan vətəndaşlarının azsaylı aktiv hissəsi tərəfindən Turkmənistana aid xəbərlərə münasibət müxtəlif olur. Bəziləri turkmən qardaşlarımızın halına həqiqətən acıyır, bəziləri kobudluq edərək türkmənləri düşdükləri vəziyyətə görə lağa qoyurlar, bəziləri isə türkmənlərin halına baxıb Azərbaycanın halına şükr edirlər. Burda bəzilərinə lazımlı, bəzilərinə lazımsız görünəcək kicik bir haşiyəyə çıxmaq istəyirəm.

Dünən əlim dinc durmadı Vitali Manskinin Şimali Koreyadan çəkdiyi “Günəş şüaları altında” filminə növbəti dəfə baxdım. Tam səmimi deyirəm özümü çox pis hiss etdim. Bir insan kimi utandım. Nə olsun o adamlar bizdən çox-çox uzaqda yaşayırlar. Nə olsun şimali koreyalılarla heç bir tarixi-mədəni bağlılığımız, əlaqəmiz yoxdu. Şimali Koreyadakı vəziyyət insanlıq adına ləkədi, Şimali Koreyadakı vəziyyət insan adının təhqir olunması deməkdi. İnsan o vəziyyətə düşməməlidir. Ayıbdır. Bu heç. Bunu qoyaq kənara. Vitali Manskinin “Günəş şüaları altında” filminə baxarkən qorxurdum. Məni qorxudan bilirsiniz nə oldu? Mən ondan qorxuram ki, Şimali Koreyada vəziyyət düzəlsə ordakı adamların çoxu rəsmən dəli olacaqlar.

Şimali Koreya ilə əlaqəli daha bir qorxum var. Bu qorxu olduqca məkrli, insana yaraşmayan qorxudu. Amma nə etməli yazmaya bilmirəm. Mən qorxuram ki, Şimali Koreyada vəziyyət düzəlsə “xalq günahkardı, yoxsa hakimiyyət” mövzusunda mübahisə gedəndə hakimiyyətin gunahkar olduğunu iddia edən səmimi adamlar Şimali Koreyanın timsalında yağlı bir nümunədən məhrum olacaqlar. Şimali Koreya düzəlsə biz nə edəcəyik, haranın daşını başımıza tökəcəyik, hardan təsəlli tapacağıq? 

Qayıdaq Türkmənistana. Türkmənistan da elə aşağı-yuxarı Şimali Koreya kimi bir yerdi. Əslində bir az geniş götürsək Azərbaycanın orginalı Türkmənistandı. Türkmənistan səmimi Azərbaycandı. Azərbaycan Türkmənistan olmalıdı. Bunun üçün hər cür münbit şərait mövcuddur. Azərbaycanın Türkmənistana çevrilməsini hakimiyyət də, xalqın böyük hissəsi də səmimi qəlbdən istəyir. Hakimiyyətlə məsələ aydındı. Bəs xalqın böyük hisəsi niyə Türkmənistan olmaq arzusundadı? Ona görə ki, xalqın böyük hissəsi suyun, işığın, qazın pulsuz olması müqabilində bütün azadlıqlarından keçməyə hazırdır. Zarafat etmirəm. Tam ciddiyəm. Mən «n» qədər Azərbaycan vətəndaşının Türkmənistanda suyun, qazın, işığın pulsuz olması haqqında həvəslə, bəlağətlə, heyranlıqla, həsədlə, qibtəylə, ağzının suyunu axıda-axıda danışdığının şahidi olmuşam. Hamilə qadının ürəyi turş alçanı necə şiddətlə arzulayırsa onların da ürəyi Türkmənistanı, Türkmənistan vətəndaşı olmağı elə arzulayırdı. Onlara deyəndə ki, axı Türkmənistanda heç bir azadlıq yoxdur, çox maraqlı, maraqlı olduğu qədər də səmimi bir sualla qarşılaşmışam: Azadlıq bizim nəyimizə gərəkdi?

Maraqlı sualdır. Doğrudan da azadlıq bu adamların nəyinə gərəkdir? Özləri öz dilləri ilə deyirlər ki, azadlıq istəmirik, bizə pulsuz qaz, su, işıq versinlər və əvəzində nə istəyirlərsə etsinlər. Bu cür düşünən adamlar üçün azadlığın nə demək olduğu haqqında danışmağın bir mənası varmı? Bilmirəm.

Əgər hakimiyyət Azərbaycanı Türkmənistana çevirmək istəyirsə, Azərbaycan vətəndaşlarının böyük bir hissəsi də Türkmənistan vətandaşı olmağı hamilə qadının ürəyi turş alçanı şiddətlə arzuladığı kimi arzulayırsa bəs o zaman Azərbaycan niyə tam olaraq Türkmənistana çevrilmir? Bu qeyri-səmimi ab-havanı yaradan səbəb nədir? Belə baxanda hakimiyyət də, xalqın böyük bir hisəsi də Türkmənistan arzusundadı, deməli, Azərbaycanın Türkmənistana çevrilməyində maneə olmamalıdır.

Günahkar lənətə gəlmiş coğrafiyadır

Qonşulardan əsən yellər, qonşularda, xüsusən Gürcüstanda, Ermənistanda baş verən hadisələr azsaylı azərbaycan vətəndaşlarını dingildədir, onları yuxudan oyadır və beləliklə oyun qaydaları pozulur. Amma qonşuların təsiri ilə dingildənən, yuxudan oyanan adamların vəziyyəti dəyişməyə hec cürə gücü çatmır. Pul qurtarmalıdı. Klassik vəziyyət yaranmalıdır. Aşağılar pul istəməlidir, yuxarılar isə daha əvvəlki illərdə olduğu kimi pul vermək iqtidarında olmamalıdır.

Azərbaycanlılarla bu hakimiyyət arasında dava ancaq və ancaq qarın müstəvisində ola bilər. Qalan bütün müstəvilərdə mövcud hakimiyyət Azərbaycan vətəndaşlarını tam qane etməkdədir…

Seymur Baycan

Azlogos.eu
Yuxarı