post-title

Heç hara aparmayan yol



...Yolun üstündən köndələn keçən paslı məftildən üstünün boyası tökülmüş girdəşəkilli nazik dəmir lövhə asılmışdı. Görünür, həmin lövhədə qırmızı fonda sarı rəngli düzbucaqlı təsvir olunubmuş.
«O nədir? – Anka laqeyd halda soruşdu.»
«Yol nişanı, - Paşka cavab verdi. - “Giriş yoxdur”.
“Kərpic”,  - Anton izah etdi.»
«Axı o nə üçündür? - Anka maraqlandı.»
«Yəni, bax, o tərəfə getmək olmaz, -Paşka dedi.»
«Onda yol nəyə lazımdı?»
Paşka çiynini çəkdi:
«Axı bu lap kohnə yoldur.»
«Anizotrop şosedir, - Anton bildirdi. Anka arxası ona tərəf dayanmışdı. – Hərəkət birtərəflidi.»
«Əcdadlarımız müdrük olublar, - Paşka fikirli-fikirli qeyd etdi. – Beləcə, gedirsən, gedirsən, hardasa iki yüz kilometr və birdən – şarp! Kərpic! Yola davam edə bilməzsən, soruşmağa bir adam da yoxdur.»
«Təsəvvür edirsənmi, nişandan o yanda nə ola bilər? - Anka ətrafa göz gəzdirdi. Hər tərəf meşə idi, bir kimsə yox idi ki, nişandan o yanda nə olduğunu soruşasan. – Bəlkə, o heç “kərpic” deyil? Axı boya tamam qopub tökülüb...»

Arkadi və Boris Struqatski qardaşlarının “Allah olmaq çətindir” əsərindən


Ziyalı Mövqeyi

Qəfildən ölkədə axmaq bir hadisə baş verir. Kimisə tuturlar, kimisə həbs edirlər, kiminsə cibindən narkotik maddə çıxarırlar, hansısa təhlükəli məkanın qapısına möhür vururlar… Bu zaman bir dəstə “aktivist” və bu qəbildən olan digər insanlar,  müxtəlif vasitələrlə, müxtəlif yollarla, bəzən yumşaq, bəzən də sərt formada, adamın yaxasından yapışıb, səndən hadisəyə münasibət bildirməyi, yazıçı, publisist, ziyalı mövqeyi göstərməyi tələb edirlər. Hal-hazırda ölkənin ictimai-siyasi həyatında nisbi sakitlik hökm sürməkdədir, yaranmış fürsətdən, şəraitdən istifadə edib, gələcəkdə də azacıq əvvəl yuxarıda qeyd olunan hadisələrin, halların böyük etimalla baş verəcəyini nəzərə alıb, bu vacib, həssas məsələyə öz münasibətimi bildirmək istəyirəm.

Əvvala, ondan başlayaq ki, özümün ata bilmədiyim, müxtəlif səbəblərdən atmağa hazır olmadığım, atmaqda məna görmədiyim addımların başqaları tərəfindən atılmasına bacardığım qədər yazılarımda çağırışlar etməməyə çalışmışam. Məsələn, ay insanlar, niyə başınızı polis dəyənəyinin altına soxmursunuz, ay insanlar, niyə icazəsiz mintinqlərə getmirsiniz, ay insanlar, niyə küçələrə tökülüşüb azadlıq, bərabərlik, qardaşlıq şüarını var gücünüzlə qışqırmırsınız cümlələrini yazdığım, belə çağırışlar etdiyim yadıma gəlmir.

Bəs nə yazmışam? Yazmışam ki, kitab alın, kitab oxuyun, övladlarınızla, ailənizlə bərabər teatrlara gedin, xarici ölkələrdə olanda muzeylərə, sərgi salonlarına, panteonlara baş çəkin, yalançı yox, həqiqətən böyük insanların, yalançı yox, həqiqətən də böyük şəxsiyyətlərin heykəlləri qabağında dayanıb şəkillər çəkdirin. Həmin şəkilləri çərçivəyə salıb iş stolunuzun üstünə qoyun. Yazmışam ki, kim hansı ölkənin vətəndaşıdırsa öz təbiətinə, düşüncələrinə uyğun partiya tapıb həmin partiyaya üzv olsun ki, heç olmasa sosial aktivliyi olsun.  

Nə yazmışam? Yazmışam ki, yaşadığınız ölkənin ictimai-siyasi-mədəni həyatı ilə imkanlar və şərtlər daxilində maraqlanın. Yaşadığınız ölkənin tarixini, ədəbiyyatını, kinosunu mümkün qədər öyrənin. Harda, hansı ölkədə yaşayırsınızsa, həmin ölkənin qəzet və jurnallarını müntəzəm oxuyun. Övladlarınızı onların təbiətinə uyğun olaraq rəsm, musiqi, rəqs, idman dərnəklərinə göndərin. Heç bir uşaq istedadsız deyil, sadəcə uşağın istedadını axtarıb, üzə çıxarıb, dəqiq müəyyən edib, onu düzgün tərəfə istiqamətləndirmək lazımdı. Əfsuslar olsun ki, valideynlər çox vaxt kobud desəm, əgər təbiri caizsə, atın qabağına ət, itin qabağına ot qoyurlar.

Yaxınlarda Henri Fordun “Həyatım və işim” adlı kitabını oxudum. Henri Fordun atası fermer idi və oğlunun da fermer olmasını arzulayırdı. Henri Ford qətiyyət göstərir, ortaya mövqe qoyur, öz arzularının, istəklərinin ardınca inamla, inadkarlıqla, ardıcıllıqla addımlayır. Təsəvvür edin, əgər Henri Ford iradə, qətiyyət cəhətdən bir az axsasaydı, yəqin ki, atasının istəyinə boyun əyib, atasının yolunu davam etdirib fermer olacaqdı. Lakin bu çox nadir bir bioqrafiya, olduqca nadir bir istisnadır. Hər adamdan, hər uşaqdan Henri Ford qətiyyəti, Henri Ford iradəsi tələb etmək olmaz. Yəni sözümün canı ondan ibarətdir ki, uşağın istedadını düzgün müəyyən etmək valideynin borcudur.     



Nə yazmışam? Yazmışam ki, toyda mahnı üstündə dava salmayın, oynamağa görə bir-birinizi bıçaqlayıb, oynamağa görə bir-birinizi qanına qəltan etməyin. Əgər ciddi bir statistika aparılsa, son iyirmi ildə toy və nişan, ad günü mərasimlərində mahnı, oynamaq üstündə bir-birini bıçaqlayıb öldürənlərin sayının Qarabağ müharibəsində ölənlərdən çox olduğu məlum olar. Yazmışam ki, kreditlə telefon, maşın, mebel, geyim, pal-paltar alıb, kreditlə istirahətə gedib özünüzü və ailənizi bankların əsirinə çevirməyin. Az pulla mənalı vaxt keçirməyin, az pulla zövqlə geyinməyin, az pulla həyatınıza məna qatmağın yollarını axtarın. Ağac əkin, bağ salın, güllər-çiçəklər bəsləyin. Vaxtınızın qədrini bilin, bütün günü oyunlar oynamayın, saatlarla sosial şəbəkələrdə avaralanmayın.

Nə yazmışam? Sevdiyim, bəyəndiyim, bir çox cəhətlərdən faydalı hesab etdiyim kitablar, əsərlər haqqında yazılar yazaraq bu kitabları, əsərləri əlimdə olan vasitələrlə, imkanlarla tirajlayaraq, başqalarının da oxumasına, faydalanmasına, feyzyab olmasına, bədii-estetik zövqlərinin formalaşmasına, bədii-estetik zövqlərinin cilalanmasına çalışmışam. Göydəki kişi şahiddir ki, heç kimin istedadına, zəhmətlə, alın təriylə qazandığı uğura qısqanclıqla yanaşmamışam. Təbiətim belədir, həm də özümə, qurbanolduğumun bəxş etdiyi istedada, qarışqa kimi öz üzərimdə işləməyimə arxayınam, bu cəhətdən ürəyim çox geniş və rahatdı. Kimdə bir balaca istedad, bir balaca qabiliyyət, zərrə qədər işıq görmüşəmsə onu daima oxumağa, yazılar yazmağa, öyrənməyə səsləmişəm. Bir balaca istedad, bir balaca qabiliyyət gördüyüm adamların tənbəlliyinə, öz üzərlərində işləmədiklərinə möhkəm əsəbləşib onların zəhləsini tökdüyüm, hətta buna görə qınanıldığım, haqq etmədiyim sözləri eşitdiyim  məqamlar da olubdur. Qazandığım biliyi, tərcübəni gizlətməmişəm. Qazandığım biliyi, tərcübəni yazılarımda bacardığım qədər paylaşmışam. Bundan qoxmamışam. Həqiqi bilik, həqiqi tərcübə təmənnasız paylaşdıqca daha da çoxalır.

Nə yazmışam? Yazmışam ki, hər kəs olduğundan bir balaca yaxşı olmağa cəhdlər etməlidir. Get qulaq gətir tapşırığı alanda, ta gedib baş gətirməməlidir. Get qulaq gətir tapşırığı alanda mümkünsə, imkan varsa, gedib qulağı yavaşca, yüngülvari dartmalıdır. Yazmışam ki, əgər olum və ya ölüm dilemması qarışısında qalmamısansa, xüsusi bir ehtiyac, zərurət yaranmayıbsa yaltaqlıq, məddahlıq eləmə və sairə və ilaxır. Bütün bu yazılanlar da hər kəs tərəfindən aşağı-yuxarı həyata keçirilməsi mümkün olan məsələlərdir.

Elə şey yoxdu

İkincisi, ayrı vaxt, adi günlərdə səni “məişət mövzularından, mentalitetdən səviyyəsiz yazılar yazıb tanınan adam” kimi qələmə verən insanlar, əjdahanın ağzına qurban atmaq lazım gələndə, səni bir ziyali, yazıçı, publisist kimi qiymətləndirirlər.

Adi vaxtı səni bəyənməyən, yazılarına ağız büzən adamlar xüsusi günlərdə səndən ziyali, yazıçı, publisist mövqeyi tələb edirlər. Adi günlərdə adamı bəyənməyib, xüsusi günlərdə bəy deməyiniz bir az riyakarlıq deyilmi? Ümumiyyətlə, hər cür mənasız işlərə, hər cür zir-zibilə rahatlıqla pul xərcləyib, kitab almağa gələndə beş manat, on manat xərcləməyə canı çıxan, beş manat, on manat verib kitab almamaq üçün utanmadan, qızarmadan hər cürə bəhanələr, səbəblər uyduran adamlar hansı haqla, hansı üzlə məndən ziyali mövqeyi tələb edirlər? Kitablarımı almayan, kitablarımı oxumayan adamların məndən hadisələrə yazıçı, publisist mövqeyi göstərməyimi tələb etməsi bir qədər həyasızlıq deyilmi? Qonaqlıq yaxşı şeydi, bir gün sizdə, üç gün bizdə. Yox, əgər sizə doğrudan da ziyalı mövqeyi lazımdırsa, doğrudan da ziyalı mövqeyi olmadan hec cürə keçinə bilmirsinizsə, o zaman zəhmət çəkin dilindən vətənim, xalqım, millətim, dövlətim, bayrağım, əsgərim, təbiətim sözləri düşməyən adamların, ətək-ətək pul xərcləyib toya, nişana gətirdiyiniz muğənnilərin, meyxanadeyənlərin yaxasından bərk-bərk yapışıb, onlardan ziyalı mövqeyi tələb edin.

Deməli yüz minlərlə adam yaltaqlıq, məddahlıq etməlidi, yüz minlərlə adam günün günorta çağı əlində çıraq, sabunsuz filansız girməyə deşik axtarmalıdı, yüz minlərlə adam rahatca rüşvət almalıdı, mən də bambılı kimi ortaya düşüb ziyalı mövqeyi qoymalıyam. Yazmalıyam ki, bilirsiniz, əslində siz çox yaxşı insanlarsınız, siz çox yaxşı camaatsınız, amma bu sistem sizi belə pis günə qoyaraq, eybəcərləşdirib.

Elə şey yoxdu. Azərbaycanlılar bu sistemdə özlərini çox rahat hiss edirlər. Azərbaycanlılarla bu sistem arasında hal-hazırda heç bir problem görünmür. Sistemdən narazı olan camaat ayağa qalxır və sözün deyir. Camaat ayağa qalxmırsa və sözün demirsə, deməli, camaat sistemdən razıdı.

Qərəz, ünvanı səhv salmısınız, gedin başqa yerdə özünüzə ziyalı mövqeyi axtarın. Mən heç kimin qarşısında hec bir öhdəlik götürməmişəm. Heç kim məndən hansısa məsələyə, hansısa hadisəyə münasibət bildirməyi tələb edə bilməz. Heç kimin buna mənəvi haqqı çatmır. Bu səlahiyyəti heç kimə verməmişəm. Hansısa məsələyə, hansısa hadisəyə münasibət bildirməyi mən özüm müəyyən edirəm. Axı ziyalı mövqeyi nəyə lazımdır? Kimə lazımdır? Lap dərindən götürəndə azərbaycanlılara ziyalı mövqeyi zad lazım deyil. Onlar sadəcə tum çırtlaya-çırtlaya, zarafat edə-edə, mırtlaşa-mırtlaşa baxmağa tamaşa axtarırlar.

Mirzə Cəlilin inəyi

Üçüncüsü, ilkin yeniyetməlik dövrümdən bu və ya digər formada bu haq-hesabların, bu söz-söhbətlərin içindəyəm. On beş ildən artıqdı yazılar yazmaqdayam. Bu ötən illərdə ta görmədiyim sifət qalmayıb. Əgər şairlik qabilliyyətim olsaydı məmnuniyyətlə “Bu cavan ömrümdə nələr görmədim” adında bir poema yazardım. Deməyim odur ki, hansı hadisəyə münasibət bildirməyi, hansı hadisəyə münasibət bildirməməyi, nə vaxt susmağı, nə vaxt danışmağı çox gözəl bilirəm. Xahiş edirəm dünən yumurtadan çıqq eləyib çıxanlar, yüz ilin toyuğuna cip-cip öyrətməsinlər.

Dördüncüsü, azərbaycanlılarda minnətdarlıq hissi yoxdur. Məişət mənasında demirəm. Məişət mənasında əsla və əsla belə söhbətlər eləmək, belə söhbətlərə girmək lazım deyil. Əgər bir adama yaxşılıq etmisənsə və qarşılığında eşşəklik görmüsənsə, nə qədər çətin olsa da, bunu udmalısan, dilə gətirməməlisən. Bu barədə danışmaq bütün hallarda sənin özünü kiçildəcək.

Azərbaycanlılarda minnətdarlıq hissi yoxdur dedikdə ictimai-siyasi-mədəni mənada minnətdarlıq hissinin olmadığını nəzərdə tutmaqdayam. Adam qanını qaşığa qoyub bunlar üçün jurnal nəşr edib, felyetonlar, hekayələr, pyeslər yazıb, indi biri durub deyir Mirzə Cəlil plagiatlıq edib, biri deyir Mirzə Cəlil xalqı təhqir edib, biri deyir Mirzə Cəlil xalqa şər atıb. Hə də, xalq dəhşət mədəni, dəhşət savadlı, dəhşət sivil imiş Mirzə Cəlil də boşluqdan əziyyət çəkirmiş, işi-gücü yox imiş, darıxdığından durub xalqa şər atırmış.

1895-ci ilin sentyabrdan 1898-ci ilin iyuluna qədər Nehrəm kənd məktəbində müəllim işləmiş Tiqran Sergeyevic Smbatyan xatirələrində yazır: “…Bizim Nehrəmdə yaşadığımız müddət ərzində süd tapmaq çətin idi. Mirzə Cəlil bir gün məndən xahiş etdi ki, Naxçıvandan otuz verstlik məsafədə, dağlarda olan Nors kəndimdən bir inək gətirtdirim.

Bir neçə gündən sonra kənddən Naxçıvana sağmal və yaxşı bir qara inək göndərdilər. Mirzə Cəlil və mən inəyi Naxçıvandan Nehrəmə gətirdik. İlk dövrdə biz inəyi məktəb yanındakı tövlədə saxlayırdıq. Mirzə Cəlil hər gün onu özü sağırdı. Bir az sonra biz hiss etdik ki, inək günü-gündən südünü azaldır. Sonra məlum oldu ki, ev sahibi Kərbəlayi Teymur bizdən xəlvət inəyi sağırmış. İnəyi otlağa göndərməli olduq və əvvəlcədən naxırçıya inəyə xidmət etmək üçün pul boyun olduq. Evin sahibi Kərbalayi Teymur bir neçə gündən sonra bizim yanımıza gəldi və bildirdi ki, kənd əhalisinin qərarına görə inəyi kənddən çıxartmalıyıq, çünki o, erməniyə mənsubdur və müsəlmanların mal-qarasın murdarlayır. Mən və Mirzə Cəlil bir neçə gündən sonra inəyi Naxçıvana, ordan isə kəndimizə göndərməli olduq.”

Müqəddəs Çavçavadze və biz

Bir neçə ay əvvəl qaloş pirində baş verən rüsvayçılığı hamı gördü. İndi, hal-hazırda xalq bu gündədirsə, gör yüz il əvvəl nə gündə olublar. Yaxşı yadıma düşdü! Üç-dörd il əvvəl, günlərin bir günü, Tiflisdə, Rustaveli prospektində yerləşən kilsəyə girdim. Çox ağır bir sınaq qarşısında idim. “İlahi bu imtahanı məndən keçir, amma bu mənim yox, sənin iradən olsun” duası oxuyub, şam yandıracaqdım. Kilsədə diqqətimi bir portret çəkdi. Bu gurcü mütəffəkkiri İlya Çavçavadzenin portreti idi. Amma portretin İlya Çavçavadzenin portreti olduğuna tam da əmin deyildim. İlya Çavçavadzenin portretinin kilsədə nə işi var? Axı o həvari deyil! Kilsədən çıxanda bir gürcü dostuma zəng etdim. Dedim İlya Çavçavadzenin portretini kilsədə görmüşəm, bu nə məsələdir belə? İlya Çavçavadzenin portreti kilsədə nə edir, onu ora kim qoyub, bəlkə mən nəyisə səhv başa düşmüşəm? Dostum dedi heç nəyi səvh başa düşməmisən. O doğurdan da Çavçavadzenin portretidi. Sualımı təkrar etdim. İlya Çavçavadzenin portretinin kilsədə nə işi var? Məlum oldu ki, gürcü kilsəsi Çavçavadzeni müqəddəs elan edib. Uzun sözün qısası, gürcülərin İlya Çavçavadzeyə olan hörməti və minnətdarlığı ilə azərbaycanlıların Mirzə Cəlilə olan hörməti və minnətdarlığı arasında müqayisəedilməz dərəcədə böyük fərq var.



Bu və bunun kimi başqa nüanslar hazırkı ictimasi-siyasi vəziyyəti yaradan səbəblər barədə geniş və hərtərəfli düşünmək, real, həyati nəticə çıxarmaq baxımından çox qiymətli nüanslardı. Toyuq su içib Allaha baxır. Zatən azərbaycanlılarda ictimai-siyasi-mədəni mənada minnətdarlıq hissi olsaydı indiki zəlil və gülünc vəziyyətlərində olmazdılar.

Tiflisə bu qədər azərbaycanlı gəlir. Sadəcə maraqlıdı, görəsən Tiflisə gəlib–gedən azərbaycanlılardan neçə faizi Botanika bağına gedərək Axundovun, Mirzə Şəfinin qəbirlərini ziyarət edirlər? Ümumiyyətlə, görəsən Tiflisə gəlib-gedən azərbaycanlıların neçə faizi bilir ki, Axundov bu şəhərdə yaşayıb və yaradıb? Min bir əziyyətlə dramaturgiya, qəzet, teatr, opera, jurnal, dövlət yaradaraq Azərbaycan xalqına bəxş edən adamlara lazımi qədər minnətdar olsaydılar vəziyyət bu həddə gəlib çatmazdı. İctimai-siyasi-mədəni cəhətdən minnətdarlıq hissi olan xalqı heç bir hakimiyyət uzun müddət əzə bilməz. Bir atalar məsəli bütün mənzərəyə aydınlıq gətirir: “Yetimdən soruşdular kimi minərsən, dedi mənə çörək verəni”.

Azərbaycanlılar çox ədalətsizdirlər, fərd halında etdikləri ədalətsizliklər də haqlı olaraq küll halında birləşib özlərinə qayıdır. Başqa cür desək bu gün azərbaycanlıların düşdükləri vəziyyət, bütün cahanda gülüş hədəfinə çevrilməkləri çox ədalətlidir. Hətta deyərdim ədalətsizdir. O mənada ki, ictimai-siyasi-mədəni baxımdan minnətdarlıq hissi olmayan xalq daha zəlil günə qalıb, daha da gülünc vəziyyətə düşməlidir. 

Beşincisi, məna görmürəm. Elmar Hüseynov öldürüləndə neçə-neçə adamdan bu sözləri eşitdim: “Deyirlər növbədə Orxan Fikrətoğludu”. Həmin vaxtlar Orxan Fikrətoğlu efirdə rəsmən boş-boş danışırdı. Yox, həmin vaxtlar Orxan Fikrətoğlunun efirdə danışdıqlarına “boş-boş danışırdı” adı qoymağın özü belə onun danışdıqlarına daha yüksək qiymət verməkdi. Orxan Fikrətoğlunun həmin vaxtlar efirdə danışdıqlarına ad qoymaqda çətinlik çəkirəm. Onun danışdıqları səydəşliyin, səviyyəsizliyin, mənasızlığın, bilmirəm nəyinsə son həddi idi. Tam səmimi deyirəm Orxan Fikrətoğlunun səsi qulağıma gələndə ürəyim bulanırdı. İndi vəziyyəti özünüz təsəvvür edin. Elmar Hüseynov qətlə yetrilib və sən adamlardan bu sözləri eşidirsən: “Deyirlər növbədə Orxan Fikrətoğludu”.

Bu sözləri müxtəlif adamlardan eşitdikcə sarsılırdım. Elmar Hüseynova dəhşət yazığım gəlirdi. Adam blokda güllələnib, uşağına aldığı yoğurt qanının içinə düşüb, sən də durub deyəsən ki, «deyirlər növbədə Orxan Fikrətoğludu”. Bir siyasi qətli, bir ölümü, bir faciəni necə belə asanlıqla gözdən salmaq, necə belə asanlıqla mənasızlaşdırmaq olar? Nə deməkdir bu? Buna nə ad qoymaq olar? Nə bilim vallah, hər şeyin, həmçinin, sinizmin də bir həddi olmalıdı.

Seymur Baycan 
Azlogos.eu
Yuxarı