post-title

Ağ və qaranın 50 çaları

İki kitabın kiçik resenziyası

– Janusz Rybakowski, “Maniakal-depressiv pozuntunun simaları”

– Kay Jamison, “Narahat şüur. Bipolyar pozuntu üzərində qələbəm”

Polşa psixiatrik assosiyası prezidenti Janusz Rybakowski´nin monoqrafiyası affektiv xəstəliklərin klinikasına, patogenezinə və terapiyasına həsr olunub. Alimin fikrincə, maniakal-depressiv pozuntunun bünövrəsində beyin aktivliyinin qeyri-adi təşkili durur: xəstəliyin “ən yüksək piki”, yəni maniakal hal amfetaminlərin istifadəsindən yaranan impulsivliyi xatırladır. Pozuntu iki növbələşən qütbdən – “yuxarıdakı” maniya və “aşağıdakı” depressiyadan ibarət olduğuna görə bipolyar adlanır.

Rybakowski hesab edir ki, xəstəliyin kökünü homo sapiensin evolyusiyasında axtarmaq lazımdır: psixikanın bir çox xüsusiyyətləri təbii seçim nəticəsində formalaşırdı və yəqin ki, situasiyadan asılı olaraq aktiv və passiv psixofiziki mübadiləyə qadir olan individlər təbii seçimdən keçib genlərini bu günə qədər ötürə biliblər. Müəllif tarixə ekskurs edib göstərir ki, maniya və depressiya (Hippokrat melanxoliyası) anlamları insanlara hələ antik dövrdən məlumdur.

Maniakal-depressiv pozuntu barədə ilk məlumata Homerin “İliada”sında rast gəlinir. Axilldən sonra ikinci güclü döyüşçü olan Ayaks ədalətsiz hökmdən sonra özündən çıxıb (maniya) hallyusinasiyalar görür, qoyun sürüsünü düşmən bilib onu qırır. Bu hərəkətindən sonra Ayaks güclü utanc hissi keçirir (depressiya) və intihar edir. Elə həmin antik dövrdə Efesli Soranus litiy ilə terapiyanı 20 əsr qabaqlayaraq melanxoliyaya düçar şəxslərə tərkibində bu kimyəvi element olan mineral sulardan içməyi tövsiyə edirdi.

Bipolyar pozuntu

Bipolyar pozuntu “qeyri-adi xəstəlik” hesab edilir. Çünki xəstəliyin yuxarı registrində norma ilə maniya arasında yaradıcılıq və məhsuldar fəaliyyətə təkan verən hipomaniakal hal yerləşir. Bu xəstəliyin depressiv fazası isə yaxın insanın ölümündən, həyatın zərbələrindən yaranan adi qəm, kədər və qüssə deyil. Bu halı daha dəqiq “kədərli hissiyatsızlıq”, “hisslərin itməsi” terminləri ifadə edir. Depressiya zamanı xəstəlikdən əziyyət çəkənlərin yarısında intihar barədə fikirlər yaranır, intiharı həyata keçirənlər 15-20% təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə 2020-ci ildən başlayaraq işemiya və depressiya əlilliyin iki əsas səbəbi olacaq. Depressiyaya təkan verən amillər sırasında uşaqlıqda yaşanmış fiziki və seksual zorakılıq, valideynlərin ölümü, yaxud onlarla ayrılıq əsas yer tutur. Maniakal-depressiv pozuntu narkomanlar arasında ən yayğın psixi pozuntudur. Bir çoxları depressiyalarının endogen səbəblərini anlamayıb özlərini alkoqol və narkotiklərlə “müalicə” edirlər. Müxtəlif hesablamalara görə bipolyar pozuntudan əziyyət çəkənlərin sayı ümumi populyasiyanın 1-5% arası təşkil edir.

Xəstəliyin neyromediator nəzəriyyəsi hesab edir ki, maniyalar zamanı xəstədə dofamin ifrazı artır və bu sayıqlamalara, hallyusinasiyalara gətirib çıxarır, depressiyalar zamanı isə serotonin ifrazı azalır, bu da angedoniyaya, yaşamaqdan zövq almağın mümkünsüzlüyünə gətirib çıxarır.

Patoloji genlər

Genetik araşdırmalar göstərir ki, bipolyar pozuntunun və şizofreniyanın genləri eynidir (şizofreniyadan fərqli olaraq remissiyalar dövründə bipolyar xəstələrin şəxsiyyət strukturu demək olar ki, tam bərpa olur). Valideynlərdən biri maniakal-depressiv psixozdan əziyyət çəkirsə uşağının bu xəstəliyə tutulması ehtimalı 15% təşkil edir.

Müəllif “Patoloji genlərin hansı səbəbdən evolyusiyada qalması” sualını ABŞ-ın tarixinə nəzər salaraq cavablandırır. Amerikaya çox aktiv və riskli davranışlı hipomaniakal xasiyyətli (liderlik qabiliyyəti, enerjilik) emiqrantlar köcürdülər, onların övladları da bu keyfiyyətlərin daşıyıcısıydılar. Bu cür insanlar müxtəlif sahələrdə yüksək qiymətləndirilib genlərini qoruyub gələcəyə ötürə bildilər.

Maniakal-depressiv pozuntu və kreativlik

Kitabın ayrıca fəsli maniakal-depressiv pozuntunun və kreativliyin bağlılığına həsr olunub. Qeyd edilir ki, kreativliyin və şizofrenik cərgə xəstəliklərinin ümumi xassəsi koqnitiv səhvlərin yaratdığı düşüncə psixotikliyidir.

Affektiv patologiya daha çox şair və yazıçılarda aşkarlanır. Onlar digərlərinə nisbətən bipolyar xəstəlikdən 2-3 dəfə çox əziyyət çəkirlər. Hesab edilir ki, bipolyar pozuntu zamanı yaranan qiperqrafiya – yazıçılıq istəyi – verbal prosesslərə cavabdeh sol yarımkürənin idarəolunmaz aktivliyi ilə bağlıdır. Bipolyar pozuntudan əziyyət çəkən dahilərin sırasında Mark Rotko, Emily Dickinson, Virginia Woolf, Robert Schuman, Vincent van Gogh, Sylvia Plath, Ernest Hemingway, Charlie Parker´in adları çəkilir.

Narahat şüur

Rybakowski´nin “quru” tərzdə yazılmış elmi monoqrafiyasından fərqli olaraq Kay Jamison´un kitabı sadə və maraqlı dillə qələmə alınıb. Bu kitabın özəlliyi Jamison´un eyni zamanda həm psixiatr, həm də bipolyar pozuntudan əziyyət çəkən xəstə olmasındadır. Bu səbəbdən o, xəstəliyə həm kənardan, həm də içdən baxa bilir. Jamison yazır ki, əvvəl pozuntu ona sadəcə xasiyyətinin bir hissəsi kimi görünürdü və xəstəliyi məhz xəstəlik kimi qəbul edıb litiy ilə terapiyaya başlamaq üçün ona düz 10 il lazım oldu.

Kitabın yazılma səbəblərindən biri gizlindən işığa çıxıb problem barədə açıq danışmaq, cəmiyyətdəki stiqmanı qırmaq istəyidir. Hipomaniakal, maniakal və depressiv halların dəqiq təsviri çox təsiredicidir.

Jamison hipomaniyanı belə təsvir edir: “Şüurum tam aydın və iti idi. Beynimdə indi mənə dərkolunmaz görünən riyazi əməliyyatları həyata keçirirdim”. Bu isə maniyadan sonra qaçılmaz depressiyanın təsviri: “Düşüncəm dumanlanıb və sürətini itirib əzabverici oldu. Eyni səhifələri dönə-dönə oxuyub anlayırdım ki, onların nədən bəhs etdiyini xatırlaya bilmirəm. Hər bir kitab, hər bir sətir anlaşılmaz görünürdü. Heç nədə məna tapa bilmirdim. Düşünürdüm ki, yalnız ölüm məni bu sıxıcı qaranlıqdan xilas edə bilər”.

Medikamentoz və ya psixoterapevt müalicə

Maniakal-depressiv psixoz zamanı yaşanan maniya çox vaxt maddi israfçılıqla, lazımsız alış-verişlə bağlı olur. Məsələn, Jamison etiraf edir ki, iki maniakal epizod zamanı 30 min dollar xərcləyib. Bir çox abzaslar ürəkbulanma və qusma kimi yan təsirləri olan, amma depressiyaları və maniyaları aradan götürən, dolaşıq fikirləri açan litinin qəbul edilməsinə həsr olunub.

Psixiatrın medikamentoz müalicəsi ilə yanaşı, psixoterapevt müalicəsinin də vacibliyi qeyd olunur. Jamison bunu qısa və uğurlu kəlmələrlə ifadə edir: “beyin üçün dərmanlar, qəlb üçün psixoterapiya”. Həmçinin bu eniş və yoxuşlarda yaxınların dəstəyinin nə qədər vacib olduğu göstərilir. Müəllifin peşəkər təhsili ona içindən keçdiyi xaosu nizamlamağa və öz şüurunu tarazlıqda saxlamağa kömək edir. Bu keyfiyyətlər sayəsində Jamison xəstəliyi anlaşıqlı formada təsvir edib oxuculara kömək etməyə müvəffəq olub.

Nicat Məmmədov

Azlogos.eu
Yuxarı