post-title

Polemika tariximizdən

“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından (1906-cı il) bir müddət sonra Azərbaycanda yeni dalğa yarandı: bir-birinin ardınca müxtəlif satirik dərgilər – o dövrün təbirincə desək, gülgü məcmuələri meydana çıxdı.

Onların arasında 1907-ci ildə ilk sayı işıq üzü görən “Bəhlul”, 1910-cui ildə nəşrə başlayan “Mirat” və “An”, sonralar isə “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-Partan” (1918), “Şeypur” (1918-1919) vardı.

Mən hələ rus dilində nəşr olunan satirik nəşrləri demirəm: “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskiye strelı” (1910), “Baraban” (1912-1913)…

Belə satirik jurnallardan biri də 1909-1910-cu illərdə işıq üzü görən “Zənbur” idi. Çox sonralar –Azərbaycan Cümhuriyyəti dövründə yenə eyni adlı satirik dərgi nəşr olunmuşdu.

Həftəlik nəşr olunan “Zənbur” məcmuəsi xüsusilə böyük bəstəkar və publisist Üzeyir Hacıbəyliyə qarşı amansız hücumları ilə məşhurdur.

Bu hücumlar o həddə çatmışdı ki, Üzeyir bəy axırda tamam özündən çıxmış, “Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəxsi aləti edənlərə, nifrət!” yazmalı olmuşdu.

“Zənbur”un sahibi və naşiri Mirzə Əbdülxalıq Axundov idi. O, 1888-də Almaniyanın Erlangen şəhərindəki Fridrix Aleksandr adına Universitetin tibb fakültəsini bitirib. Burada göz bəbəyinin klinik tədqiqi mövzusunda yazdığı əsərə görə tibb doktoru alimlik dərəcəsi alıb (əsər həmin şəhərdə 1890-da kitab kimi nəşr edilib). Bakıya dönərək burada ilk göz xəstəlikləri məntəqəsi açıb.

Bakıda Şərq və Qərb əczaçılığının (farmakologiyasının) tarixini araşdırıb, klassik yunan və ərəb alimlərinin əczaçılığa dair əsərlərini almancaya çevirərək Leypsiq şəhərində çıxan “Tsaytşrift der Doyçen morgenlendişen Qazelşeft” (“Zeitshrift der Deutshcen morgenlendishen Geselshaft”) qəzetində dərc etdirib.

X əsrin ünlü əttarı (keçmişdə bitkilərdən və s. dərman hazırlayıb satan adama deyirdilər) Əbu Mənsur Müvəffəq bin Əli əl-Hərəvinin 466 bitki və 44 heyvan mənşəli dərmanın hazırlanmasına dair əsərini klassik ərəbcədən almancaya çevirərək ona geniş şərh yazmış, bunu 1892-ci ildə Derpt (hazırda Estoniyanın Tartu şəhəri) Universitetinə təqdim edib, tibb elmləri doktoru dərəcəsinə yiyələnib.

XIX yüzilliyin sonlarında Bakıda iki aptek açıb.

O, həm də həkim Məhəmmədrza Vəkilovla birgə Azərbaycanda ilk ruhi xəstəliklər müalicəxanasının yaradıcılarından biridir. 24 aprel 1892-ci ildə açılan bu xəstəxanada 1903-cü ilədək işləyib.

1914-1919-cu illərdə “Müalicə kitabı”, “Uşaq hifzi-sihhəsi”, “Həzm üzvlərinin azarları!” və b. kitabları nəşr olunan M.Ə.Axundov uzun illər Azərbaycanda universitet açmaq üçün mübarizə aparıb.

“Zənbur”un ilk 22 sayının məsul müdiri isə Rza bəy Səlimxanov idi. O, ixtisasca botanik idi, Azərbaycanda ilk dəfə çiçəkbecərmə ilə məşğul olan şəxs kimi tanınır. Sonradan jurnalın 20 sayı həm də “Zənbur”un əsas rəssamı sayılan Əzim Əzimzadənin müdirliyi ilə işıq üzü görmüş, 1910-cu ilin ilk sayından “Zənbur”un müdiri knyaz Murtuza Palavandov olmuşdu. Sonradan baş mühərrirliyi şair Əliabbas Müznib üzərinə götürmüşdü.

1910-cu ildə nəşri dayanan “Zənbur” Azərbaycan Cümhuriyyəti dövründə hökumətin orqanı kimi nəşrini davam etdirib, cəmi 24 sayı nəşr olunub. Həmin vaxt “Zənbur”un təsisçisi “Türk Nəşriyyat Cəmiyyəti” idi.

Bu dərginin ilk nəşri zamanı əməkdaşlar arasında Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Abbas Səhhət, Səməd Mənsur məşhur simalar vardı.

“Zənbur” Üzeyir Hacıbəylini hədəf aldığı vaxtlarda o, 1908-ci ildən Bakı milyonçularından Murtuza Muxtarovun vəsaiti ilə işıq üzü görən “Tərəqqi” qəzetinə rəhbərlik edirdi.

Belə ki, 1909-cu il iyunun 28-də o vaxtkı baş redaktor Əhməd bəy Ağaoğlu Türkiyəyə köçmüş, bundan sonra “Tərəqqi” Üzeyir bəyin baş redaktorluğu ilə işıq üzü görməyə başlamışdı. Daha doğrusu, bu işi ona elə Ağaoğlunun özü tapşırmışdı.

Maraqlı bir fakt: böyük rus yazıçısı Qoqolun məşhur “Şinel” hekayəsi dilimizdə ilk dəfə məhz bu qəzetdə, elə Üzeyir bəyin öz tərcüməsində işıq üzü görmüşdü.

Kifayət qədər irəli görüşlü insanların əməkdaşlıq etdiyi “Zənbur”un geriçi, mürtəce mövqeyini – mütərəqqi meyllərə və şəxslərə, o cümlədən, Üzeyir bəyə qarşı hücumları anlamaq, izah etmək çətin idi. Üstəlik, zaman keçdikcə xüsusilə Üzeyir bəyə münasibətdə bu hücumlar normal polemika sərhədlərini aşmış, həqarət həddinəcən gedib çıxmışdı. İş o yerə çatmışdı ki, “Zənbur” həmin vaxtadək “Leyli və Məcnun”u, “Ər və arvad”ı, “O olmasın, bu olsun”u yazmış, əsərləri uğurla tamaşaya qoyulan Hacıbəylini hətta yerliçilik müstəvisində hədəf alırdı: əslən şuşalı olan Əhməd bəyi hücumlardan qorumağa çalışan Üzeyir bəyin də qarabağlılığına diqqət çəkirdi. Xüsusilə Ağaoğlunun Bakıda üzləşdiyi təzyiqlərdən bezib şəhəri tərk etməsi, İstanbula mühacirətə yollanması ilə bağlı kəskin tənqidlər səslənirdi, bu tənqidlərə isə Hacıbəyli yazılarının birində belə cavab verirdi: “Əcəba Əhməd bəy nə iş görübdür ki, ondan camaata zərər gəlsin. Əhməd bəy o adamlardan deyilmi ki, camaatın ən müşkül və ya qorxulu bir halında, yəni erməni-müəslman cafieyi–mənhusəsində mərdü-mərdanə döşünü gərib qılıncdan kəskin bir müəssir qələmlə üzərimizə olan hücumları dəf edirdi. Bu yolda onun tək bir nəfər də köməkçisi yox idi…“.

Nəhayət günlərin birində Üzeyir bəy qarşı tərəfə açıq məktub – “Zənburçulara ciddi təklif” başlıqlı bir yazı qələmə aldı. Həmin yazıda deyilirdi: “”Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün “zənbur”çulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəənkiz məsələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyətimi millətin tərəqqisi yolunda sərf etməklə xain, paxıl «zənbur»çuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış, ləhvü-ləəb (eyş-işrət – E.A) aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə (burada “təqdim etmək” mənasında işlənib – E.A) çalışmaq və bunların əvəzində – deyil ev tikdirmək, banklarda pul saxlamaq,– bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq “zənburçu”lar nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli “zənburçu”ların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da min dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa “bakılı”, “qarabağlı” fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu bir ciddi təklifdir“.

“Zənbur”la Üzeyir bəy arasında ixtilaf karikatura olayı ilə daha amansız şəkil aldı.

Məşhur aktyorumuz, həmin vaxt Üzeyir bəyin tamaşalarında rol alan Mirzağa Əliyev çox sonralar (15 sentyabr 1945-ci ildə) “Kommunist” qəzetində işıq üzü görən xatirələrində həmin karikatura olayı barəsində belə yazacaqdı: “…Bu məcmuə (yəni “Zənbur” – E.A) “Leyli və Məcnun”, “Ər və arvad”, “O olmasın, bu olsun” kimi əsərlər yaratmış Üzeyir bəy Hacıbəyova bir karikatura çəkmişdi. Üzeyir bu şəkildə belə göstərilmişdi: ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok və sol tərəfində bir nəfər zurna tutub çalırdı. Karikatura demək istəyirdi ki, bir buna baxın, ha!.. Üzeyir Hacıbəyov zurnadan not yaratmaq istəyir! Mən arzu edirəm elə bir qüdrətim olaydı ki, Üzeyirə Hacıbəyova məcmuədə karikatura çəkənləri yarım saatlığa dirildib “Koroğlu” operasını onlara göstərəydim. Bu cənablar öz tutduqları əməllərindən, yəqin ki, çox xəcalət çəkərdilər…”  

Məlum karikaturadan sonra Əhməd bəy Ağaoğlu İstanbuldan Bakıya, Üzeyir bəyə ünvanladığı teleqramda isə belə yazmışdı: “Əzizim, Üzeyir! “Zənbur” jurnalının sənin əleyhinə icra etdiyi hücumlar müqabilində özünü müdafiə üçün yazdığın məqaləni oxudum.

“Zənbur”un nə yazıb, nə çəkdiyini bilmirəm. Amma belə şeylərə bundan sonra bir daha cavab verməməyini rica edirəm. Sən öz işinlə məşğul ol, bacardıqca millətə xidmət elə. Qoy, hər nə yazacaqlar, deyəcəklər, çəkəcəklər, yazsınlar, desinlər, çəksinlər. Bir gün olar, onlar da yorularlar, insafa gələrlər.

Sən sakit ol, cavab vermə. Əmin ol əhali nə qədər avam olsa da, hər kəsi gözəlcə bilir, tanıyır“.

1910-cu ildə “Zənbur” dərgisi nəşrini dayandırdı.

Bu eyni zamanda həmin məcmuə ilə Hacıbəyli arasındakı ixtilafın da bitməsi demək idi. Bəs qovğanın qalib kim oldu? Belə bir sual qoymaq nə qədər doğrudur bilmirəm, ancaq gerçəklik sadədir: o çağdan çox uzun zamanlar keçib, bu gün Üzeyir bəy bənzərsiz musiqisinə və publisistikasına görə xatırlanır, “Zənbur” isə uzaqbaşı Üzeyir bəydən söz düşəndə, ona qarşı haqsız hücumlarına görə…

Elnur Astanbəyli

Azlogos.eu
Yuxarı