post-title

Sənətkara dövlət qayğısı

“Bununla belə, onlar fövqəladə uğur qazanırlar, tamaşaçılar da tam məftunluqla əl çalırlar. Ay uşaq, davam elə, heç kəsə də qulaq asma, qoy mənim bu tamaşamda dənizin dibindəki qədər ağlabatmazlıq olsun, - mən bircə şeyin qayğısındayam: kisəmi doldurmaq”

(Servantes, “Lamançlı Don Kixot”)

Rusiyada bu yaxınlarda Moskva şəhər parlamentinə seçkilər keçirilmişdi, demək olar, müxalifətdən heç kəsi ora buraxmadılar. Buna etiraz edən adamları isə tutub dama salmışdılar. Ancaq qəribə əhvalatlar bundan sonra oldu: camaat türməyə salınanların azadlığını tələb etməyə başladı, özü də kütləvi şəkildə! Təsəvvür edin, aktyorlar, rejissorlar tamaşa bitəndən sonra səhnəyə çıxıb “Filankəsi haqsız tutublar, siyasi dustaqlara azadlıq!” şüarı səsləndirirdi, tamaşaçılar alqışlayırdı. Dustaqlardan bir-ikisi də elə aktyorlar idi. Uzun sözün qısası, Putin həmin dustaqların çoxunu azad eləməyə məcbur oldu.

Mən bu mərəkəni müşahidə edərkən öz-özümə düşündüm ki, ey dadi-bidad, görəsən bizim aktyorlar, rejissorlar, ümumiyyətlə sənət adamları hansısa haqsızlığa, zorakılığa etiraz edərmi, yoxsa onları tərpətmək üçün ancaq şəxsi dükanlarını, misal üçün, Şamaxıdakı üzüm bağını, “Kino Evi” restoranını və sairəni əllərindən almalısan? Çətin sualdır. Üstəlik bizdə tarixən “şair hökmdarın hüzurunda” olmuşdur. Sənətkarın ənamı həmişə yuxarıdan gəlmişdir, aşağılar isə sənətkara mütrüf, təlxək gözüylə baxmışdır.

Eyni zamanda bizim iqtidarın müdrikliyi, dünyaya örnək olması da bütün çılpaqlığı ilə ortaya çıxır. Əgər Putinin bir qram ağlı olsa Azərbaycan təcrübəsini ətraflı öyrənməli idi. Özümüzlə heç yana aparası deyilik, indi də gec deyildir. Örnək üçün, sən o etiraz piketlərinə çıxan artistlərin hərəsinə niyə bir xalq artisti adı, Moskva ətrafında bağ evi, nə bilim, Sankt-Peterburqda şadlıq sarayı-filan bağışlamırsan? Axı bizim milli kino nümunələrindən birində bu tip qımıldaşmaların, cippildəşmələrin mənəvi-iqtisadi kökləri gözəl formada ifadə edilmişdir: “Acından belə eləyirlər”. Bəli. Mükafatını, haqqını ver, qoy danışmasınlar. Ac qılınca çapar. Ac bəydən tox it yaxşıdır. Ac acı aldı, ləlöyün törədi. Ac toyuq yuxuda özünü darı anbarında sanar və sairə. Düzdür, ədalət naminə qarşı tərəfin də mövqeyini dərc etməliyik: Ac ol, kişi ol. Ac başım, dinc başım. Ancaq bunlar mənasız söhbətlərdir, bəlkə də xaricdən maliyyələşən qara atalar tərəfindən neçənci əsrdəsə milli folklorumuza süni şəkildə calaq edilmişdir. İnsanları qiymətləndirmək lazımdır. Bax, bu dəqiqə bizdə teatr, kino, incəsənət, ədəbiyyat sıfır kimi bir şeydir. Riyaziyyat diliylə yazsaq, boş çoxluqdur. Ancaq xalq artistləri, xalq şairləri, xalq rəssamları, xalq siyasətçiləri (bunlar Pənah bəyin partiyasının üzvləridir) doludur. Hər kvadrat santimetrə düşən əməkdar artist sayına görə biz bu dəqiqə Banqladeşi ötüb keçmişik. Böyük sıxlıq var. Lakin iqtidar hamısını çatdırır. Hər kəsi vaxtında görür, aşkar edir, tərəfimizdən götürür və qiymətləndiririk. Nəticədə etiraz edən də yoxdur. Necə deyərlər, sən razı, mən razı, qələt eləyir qazı. Vəssalam. Ya da şair nə təhər yazmışdı? “Sağlığında qiymət verək insanlara”. (Hərçənd öləndən sonra Fəxri Xiyabana salmaq da preyskuranta daxildir). Əlbəttə. Bizim Narxozda qiymətin əmələ gəlməsi kafedrasına Xanhüseyn Kazımlının başçılıq etməsi təsadüfi deyildir. Hökumət onun qiymətləndirmə sahəsində biliklərini deputat vəsiqəsi ilə qiymətləndiribdir. Sözgəlişi, 90-ların əvvəlində bu dərsdən imtahanın qiyməti 50 manat idi, indi bilmirəm.

Mən məqalə yazdığım müddətdə bizim müğənnilər və başqa sənətkarlar da hökumətə müraciət edib dustaq həmkarları Fədayə xanıma azadlıq istədilər, buna nail oldular. Yaxşı haldır, ancaq üzərində düşünməyə dəyər. Görünür hələ də xalq artisti adı almayan müğənnilərimiz qalıbdır. Bəzilərinin isə ola bilsin heç fəxri fərmanı verilməyibdir. Təqaüd, Yasamalda ev, evin təmiri, bulvarda gəzinti, televizora çıxış, klipə nağara, maşının təkərinə hava və sairə dövlət qayğıları da vaxtlı-vaxtında olmalıdır. Sənətkar elə şeydir ki, ovcunun içində saxlamasan isti ölkələrə uçar gedər. 

Zamin Hacı

Musavat.com
Yuxarı