Azərbaycanlılar həqiqətənmi memuar yazmır?

Публицистика

Günel Mövludun Azərbaycanda memuar janrı haqqında fikirlərini oxuduqca qarışıq hisslər keçirməmək olmur. Bir tərəfdən, Günelin vəziyyəti dəyərləndirməsində xeyli haqlı məqamı görməmək üçün gərək açıq-aşkar kor olasan; digər tərəfdən isə “axı məsələ dolaşıqdır, bu qədər sadə deyil” qışqırmaq istəyirsən.

Azərbaycanda memuar janrında ədəbiyyat kifayət qədərdir, heç də Günelin dediyi kimi “bir neçə şəxsiyyət, bir neçə hadisə barədə tək-tük memuar” şəklində deyil. Yeri gəlmişkən, bizdə bu janrda dünya səviyyəsində ən nəfis və klassik əsəri mənim kətdim, həm də AzLogos saytının yazarı Toğrul Maşallının babası, sovet yazıçısı Süleyman Vəliyev qələmə alıb.

Həmçinin son illərdə nəşr olunan Həmidə Cavanşirin və Sabir Əhmədlinin monumental xatirələri bizdə bu janrın heç də tərcümeyi-hal səviyyəsində qalmadığının göstəriciləri deyilmi?

Bir sözlə, Azərbaycanda memuar janrı, Günelin dediyi kimi, Rusiya və Avropa ilə müqayisədə inkişaf etməyə bilər, amma məsələ heç də gözlə göründüyü qədər sadə deyil.

Siyasətin çəkilməz yükü

Başlayaq Günel Mövludun ən haqlı iradından – bizdə siyasi janrda memuar ədəbiyyatının faktiki olaraq yoxluğundan. El dilində desək, niyə İsa Qəmbər memuar yazmır?

Mən bu sualı İsa bəyə vermişəm, özü də iki dəfə.

İlk dəfəsində İsa bəy hələ Müsavat partiyasının sədri idi. Sərrast cavab atəşi ilə məni dərhal susdurdu. İsa bəy belə söylədi ki, memuar adətən müəyyən bir dövrün, mərhələnin, karyeranın sonunda yazılır, mən isə hələ partiya sədriyəm, aktiv siyasətlə məşğulam, qarşıda görüləcək xeyli iş var.

İkinci dəfəsində İsa bəy artıq başqan deyildi. Onun vəzifədən getdiyini deyib bu dəfə nə bəhanə gətirəcəyini gözləyirdim. İsa bəyin dəqiq cavabını xatırlamıram, amma dediklərindən təxminən belə bir məna çıxdı: “Deməli siz mənim hələ də Müsavatı idarə etdiyimi, əsl başqan olduğumu iddia edən qərəzli tənqidçilərimin fikirlərini bölüşmürsüz? Bunu öyrənmək çox xoş oldu.”

Məncə məsələ gün kimi aydındır, İsa bəy heç zaman memuar yazmayacaq. Səbəbi isə təkcə İsa bəyin şəxsi keyfiyyətlərində axtarmaq düzgün deyil. Azərbaycanda siyasi memuar janrının yoxluğunun daha dərin kökləri var. Nə qədər ki, biz bu kökləri qazıyıb atmamışıq, Zərdüşt Əlizadənin kitabından başqa oxumağa yeni bir şey də tapmayacayıq.

Azərbaycanda vəzifəlilər adətən vəzifə başında ölür, təqaüdə çıxanlar isə ona görə təqaüdə çıxa bilir ki, onların memuar yazmayacaqları barədə hakim elitada möhkəm bir əminlik var.

Müxalifətin adlı-sanlı simaları isə az qala ömürlərinin axırlarına kimi həyata keçirə bilmədikləri möhtəşəm planların solğun işığına tutunurlar. Onlar üçün memuar yazmaq təslim olmaq deməkdir. Məğlubiyyətin, siyasi uğursuzluğun tarixçəsini yazmaq üçün insanda gərək müstəsna qətiyyət olsun. Məğlub olan şəxs məğlubiyyətini zahiri və batini etiraf etmədən həmin məğlubiyyəti kağıza da tökməyəcək.

Zərdüşt müəllim öz illyuziyaları ilə çoxdan vidalaşıb, siyasət meydanında məğlub olması faktı ilə barışıb. “İkinci respublikanın sonu” da bu məğlubiyyətlə barışmağın əyani nəticəsidir.

İsa bəyə “niyə memuar yazmırsız” demək faktiki olaraq “siz məğlub olmusuz, çıxın gedin” deməkdir. Mən iki dəfə özüm də bilmədən bu səhvi etmişəm, ümid edirəm üçüncü dəfəsi olmayacaq.

Azərbaycanda siyasi memuarla bağlı son bir-iki qeydi deyim, sonra keçərik ədəbi memuarlar məsələsinə.

“İkinci Respublikanın sonu” kitabı əslində iki hissədən ibarətdir, amma mənim üçün qeyri-müəyyən qalan səbəbdən hər kəs bu kitabın Rasim Ağayev tərəfindən yazılmış ikinci hissəsini unudur. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da memuar yazıb – “7 ilin 70 anı”. Həmçinin keçmiş dövlət müşaviri Vəfa Quluzadə ölümündən bir neçə il əvvəl öz xatirələrini nəşr etmişdi. Biz o zaman Azad Fikir Universitetində həmin kitabın təqdimatını keçirmək istəyirdik, ən son anda Vəfa müəllim çəkindi, imtina etdi. İndi arxa tarixlə anlayırsan ki, keçmiş dövlət adamı kimi onun da bir bildikləri var imiş.

Ədəbiyyat meşəsində fərəhsiz gəzinti

Bir az iddialı səslənəcək, məncə Azərbaycanda ədəbi memuarlar kifayət qədərdir.

Bizdə ədəbi memuarların sayı ilk baxışdan az görsənə bilər, amma unutmaq da olmaz ki, biz əslində çox gənc xalqıq. Münfərid varlığımızın cəmi 150 il yaşı var – hələ heç qatı ateist və avropapərəst Mirzə Fətəli Axundov da özünü geniş müsəlman və İran coğrafiyasından kənarda təsəvvür edə bilmirdi. Bizim yeni ədəbiyyatımızın yaşı da təxminən elə o qədərdir. Lakin bu ədəbiyyatın köklərində memuar janrının rüşeymləri mövcuddur: Axundovun arxivində öz dəsti-xətti ilə yazdığı bir neçə tərcümeyi-halı durur.

XIX əsrin sonları, XX əsrin əvvəllərində çiçəklənən yeni ədəbiyyatımız memuar janrında xeyli qiymətli material qoyub – təkcə AzLogos saytında Elnur Astanbəylinin yazılarını izləsək, bu ədəbi xatirələrin nə qədər geniş çeşidli olduğunu görə bilərik.

Bəzi ədəbiyyat və mədəniyyət xadimləri özləri yazıb, yazmaq istəməyənləri isə Sovet İttifaqı az qala silah gücünə məcburən yazdırıb. Xüsusən də sovetin ilk dövrlərində bu məhsuldar fəaliyyət nəticəsində Mirzə Cəlilin və Abdulla Şaiqin xatirələri, “Sabir haqqında xatirələr”, Hüseynqulu Sarabskinin “Bir aktyorun xatirələri” və “Köhnə Bakı” əsərləri, Cəfər Cabbarlının və Mikayıl Müşfiqin həyat yoldaşlarının kitabları, eləcə də Həmidə Cavanşirin uzun illər sonra nəşr olunan xatirələri ərsəyə gəlib. Hətta Zərdabinin qardaşı oğlu Rəhim Məlikovun qəzet yazılarını da sovet vaxtı toplayıb kitab formasında buraxıblar.

Bir sözlə, “ayağı çarıqlı kiçik bir ölkə” üçün heç də pis göstərici deyil. Dəftərxana çinovniki Axundovun fəlsəfi traktatlar qələmə alması, aqronom Məlikovun qəzet buraxması, meşəbəyi Vəzirovun pyeslər yazması və orta məktəbdə rus dili və arifmetika müəllimi Hacıbəyovun opera bəstələməsi nəticəsində meydana çıxan bir xalq üçün heç pis deyil. Üstəlik sayımız da ancaq bu yaxınlarda, Dövlət Statistika Komitəsinin məşəqqətli hesab-kitabından sonra 10 milyona çatıb – İrandakıları özüm saymıram, çünki onlar bizim mədəni sferanın yox, İranın mədəni sferasının iştirakçısıdır.

Sovet dövrünün sonrakı mərhələlərində yazılmış nümunələri də nəzərə alsaq, həm öz miqyasımız, həm də milli ədəbiyyatımızın miqyası üçün memuar sahəsində pis çalışmamışıq. Qələm tuta bilən hər kəs yazıb. İndi biz nə edək ki, savadlılarımızın sayı az olub?

Azərbaycanda ədəbi memuar janrında problem əslində başqadır – bunu bir dəfə mən də yazmışam. Bizim üçün hər şeyin müxtəsər tarixi var, təfərrüatları heç prosesin öz iştirakçıları da xatırlamır. Bu yaxınlarda Rasim Qaracanın AYO haqqında dərc etdiyi xatirələr buna daha bir bariz misaldır. Hadisələrin üstündən cəmi on il keçib, amma Rasim bəyin xatirələrində faktiki material, detallar, tarixlər yox dərəcəsindədir.

Təəssüf ki, mixi yazılardan rekonstruksiya olunan qədim Beynəlnəhreyn tarixi bizim beş-altı il əvvəl yazılmış memuarlardan daha çox təfərrüata malik olur.

Bizdə xatirə ədəbiyyatının məzmunca kasad olmasının təməl bir səbəbi var – hətta ədəbiyyat və mədəniyyət adamlarımız şəxsi gündəliklər aparmır. Yazıçılar öz arxivinə laqeyd münasibət sərgiləyir, onların çevrəsi də bu laqeydlikdə onlardan heç geri qalan deyil.

İndi dəqiq xatırlamıram, Professor Rəhman Bədəlov repressiya qurbanlarından olan məşhur rus şairlərindən birinin hətta diş həkiminə getdiyi saatların da məlum olduğunu deyirdi. Adam hamısını gündəliyində səliqə-sahmanla qeyd edirmiş. Bizdə isə Mikayıl Müşfiqin şeirlərini reabilitasiyadan sonra təkrar nəşrə hazırlayanda köhnə Bakı məhəllərini qapı-qapı gəzib yaşlı adamların hafizəsindən köçürməli olublar. Hətta həyat yoldaşı da onun əlyazmalarını gələcək üçün gizlətməyib.

Bu günlərdə mətbuatda xəbər yayıldı, iki il sonra amerikan yazıçısı Patrisia Haysmitin şəxsi gündəlikləri ABŞ-da nəşr olunacaq. Haysmit fasiləsiz düz 60 il gündəlik tutub. Peşəkar fəaliyyəti haqqında məlumatları başqa dəftərlərə qeyd edirmiş, məhrəm fikirlərini və seksual fantaziyalarını isə tamam başqa dəftərlərə. Gündəliklər Haysmit öləndən sonra çarpayı dəstlərini saxladığı siyirtməsində tapılıb. 56 dəftər, ümumilikdə 8 min səhifə. Görəsən analoqu olmayan ölkəmizdə bu kimi hadisələrin analoquna rast gəlmək mümkündürmü?

Əlbəttə, gündəlik yazmayan adamın yazdığı memuarlar da zəif, bəsit və ümumi olacaq. Buna görə də bizim memuarları oxuyanda məyus olursan. Elə bil meşəyə gəzməyə çıxırsan, amma gözlədiyinin əksinə, nəticədə fərəhsiz bir gəzinti alınır.

Zavod və manufaktura

Nəhayət, Günelin yazısında ən çox razılaşmadığım məqama gəlim: hətta Pablo Eskobarın məşuqəsi də memuar yazıb. Ola bilər, fakt olaraq etiraz etmirəm. Bəs əlahəzrət kontekst?

ABŞ və Avropa ölkələrinin nəşriyyat mexanizmi ən son avadanlıqlarla təchiz olunmuş zavodu xatırladır. Memuar janrı da bu zavodun ən çox satılan məhsullarından biridir. Maraqlı memuarların axtarışı üzrə ixtisaslaşan xüsusi ədəbi agentliklər var. Lap bu yaxınlarda atası qaradərili, anası ağdərili olan, ağdərili qadınla evlənən, uşaqlarının da gözləri göy olan bir adama memuar yazdırıb çap ediblər. Trampın işdən qovduğu məmurlara memuar yazdırıb bazara çıxaran xüsusi ədəbi agentlik də fəaliyyət göstərir.

Azərbaycanın nəşriyyat mühiti bu zavodla müqayisədə əl əməyi ilə işləyən manufakturadan başqa bir şey deyil. Bizdə indi yaradıcı adamın nəinki memuar, ümumiyyətlə hər hansı kitab yazması üçün sıfır motivasiya var. Kitab yazmaq istəyən adam ancaq maddi və mənəvi məhrumiyyətlərlə üzləşir.

Azərbaycanda xatirə ədəbiyyatına sistemli maraq göstərən təkcə Xan nəşriyyatı var, bir xeyli yaxşı kitab buraxıb, mən də onların çap etdiyi hər yeni memuarı alırdım, amma sonra bir mərhum yazıçımızın xatirələrini varislərindən xəbərsiz və icazəsiz, həm də özbaşına ixtisarla çap etdiklərini öyrəndim – çox və çox məyus oldum.

Seksizmə görə dəfələrlə üzr istəyirəm, belə bir mühitdə, təbii ki, Pablo Eskobarın məşuqəsi memuar yazmaq əvəzinə özünə yeni oynaş axtaracaq.

Əli Novruzov

Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade