İslahat hekayəsi

Публицистика

Dünya atomlardan deyil, hekayələrdən ibarətdir. Şairə Muriyel Rukeyserin bu deyimini xüsusilə ədəbiyyatçılar tez-tez səsləndirməyi sevirlər. Bir az mübaliğəli səslənsə də, deyimdə həqiqət payı az deyil əslində, çünki mikrosikop dərinliyi ilə baxanda, pulun kağıza görə deyil, hekayəsinə görə dəyərli olduğu; aşura mərasimlərinin zəncir vurmağa görə deyil, hekayəsinə görə dolub-daşdığı; milyonluq millətlərin zövq aldıqlarına görə deyil, hekayələrə görə dəqiq sərhədlər daxilində yaşamağa razılaşdığı aydınlaşar.

“Sapiens” və “21-ci əsr üçün 21 dərs” kimi dövrümüzün kult kitablarının müəllifi Yuval Noah Harari öz arqumentasiyasında insanın hekayəquruculuq qabiliyyətini həmişə xüsusi vurğulayır və hekayələrin əhəmiyyətini sərrastcasına belə ifadə edir:

“Sapiens dünyaya ona görə hökmrandır ki, biz nəhəng saylarla rahatlıqla əməkdaşlıq edə bilən yeganə heyvanıq. Minlərlə, yüzminlərlə insan bir-birlərinə tamamilə yad olsalar da, ümumi məqsədlər naminə kütləvi əməkdaşlıq şəbəkələri qura bilirlər. Birə bir, ona on müqayisədə biz insanlar xəcil şəkildə şimpanzelərə bənzəyirik. Bizim dünyadakı unikal rolumuzu beynimizlə, bədənimizlə, yaxud ailə bağlarımızla başa düşmək üçün edilən istənilən cəhd uğursuzluğa məhkumdur. Bizimlə şimpanzelər arasındakı əsl fərq əslində milyonlarla insanın effektiv şəkildə əməkdaşlığına imkan yaradan sehrli tapmacada gizlənib.

Bu sehrli tapmacanın açması isə genlər deyil, hekayələrdir. Biz yadlarla ona görə əməkdaşlıq edirik ki, allah, millət, pul və insan haqları kimi məfhumlara inanırıq. Bununla belə, bu sadalananların heç birisi insanların yaratdığı və bir-birlərinə danışdıqları hekayələrdən kənarda mövcud deyil. İnsan məxluqlarının ümumi təxəyyülü istisna olmaqla, kainatda allahlar, millətlər, pul və insan hüquqları deyə bir şey yoxdur. Bir şimpanzeyə heç vaxt inandıra bilməzsən ki, əlindəki bananı sənə verərsə, şimpanze cənnətində saysız-hesabsız banana layiq görüləcək. Bu cür hekayələrə ancaq insanlar inana bilər. Ona görə də dünyaya biz hökmranlıq edirik, şimpanzelər isə zooparklara və tədqiqat laboratoriyalarına qapadılıblar”.

Təsirli və inandırıcı hekayələr quranların hakimiyyəti uzun olur.

Bir-biriylə rəqabət aparan insan cəmiyyətlərinin – millətlərin və düşərgələrin mübarizəsini əslində, hekayələrin mübarizəsi də adlandırmaq olar. Hər bir mübarizənin bir hekayəsi var. Hər bir tərəf öz hekayəsini bacardığı qədər inandırıcı və təsirli qurmağa çalışır ki, hökmran olsun, əgər hekayən inandırıcı və təsirli deyilsə, hakimiyyətin də uzun ola bilməz. Müvafiq şəkildə, rəqabət aparan qruplar da hər zaman qarşı tərəfin gücünü zəiflətmək üçün onun hekayəsini gözdən salmağa çalışıblar.

Təsadüfi deyil ki, tarix boyu hekayələrə, hekayə yaradıcılarına daimi bir nəzarət etmək istəyi olub, yaxşı hekayə yaradıcılarını ya ənamlarla yanına çəkiblər, ya da gözdağı ilə senzuraya məruz qoyublar, sözə baxmayanda, sürgün edilənlər, öldürülənlər olub. Çünki hekayələr əhəmiyyətlidir. Sənə qarşı olan hekayələrin təsir miqyası artırsa və artıq kuliminasiya nöqtəsinə yaxınlaşırsa, hakimiyyətini itirməyin labüd görünür. Və əgər senzura tətbiq etmək, qorxutmaq, öldürmək də artıq işə yaramırsa, sən özün artıq sağ qalmaq üçün yeni bir ideya ilə ortaya çıxmağa məcbursan.

Müasir Azərbaycanın hakim düşərgəsi də bu mənada görünür ki, təhlükəni hiss etdi və vaxtında tərpəndi. Ona qarşı olan hekayənin kuliminasiya nöqtəsinə çatmasına imkan vermədən, özü qəfildən hekayəsini dəyişdirmək qərarına gəldi və bu hekayənin adını da “İslahat” qoydu.  

Biraz uzunçuluq etsəm də, bayaqdan bəri mövzunu əslində bura gətirmək istəyirdim: “İslahat hekayəsi”nə.

Bizim narazı insanların əzəldən bəri hakim düşərgəylə bağlı əsas hekayəsi belə olub: “Bunlar ancaq özlərinin ciblərini, kreslolarını düşünürlər, xalqın malını, sərvətini talayırlar. Camaatı bir tikə çörəyə möhtac qoyublar. Təhsili, səhiyyəni, mədəniyyəti məhv ediblər. Özlərinə əl çalan manqurt ordusu yetişdiriblər. Qarabağı satıblar. Sovetdənqalma rüşvətxor qocalarla birləşib yezidlik edir və xalqı qəddarcasına uçuruma aparırlar və sair və ilaxır”.

Müxalifət, jurnalistlər, siyasi aktivistlər də bu hekayəni təşviq edir, tonqalın altını körükləyirdilər.

Hər hekayənin bir kuliminasiya nöqtəsi olur, Çexovun dediyi kimi, əgər divardan tüfəng asılıbsa, hansısa anda mütləq atəş açılmalıdır. Belə görünür ki, hakim düşərgə tüfəngdən atəş açılacağını hiss etdi və ona qarşı olan hekayənin kuliminasiya nöqtəsinə çatmasına imkan verməmək üçün “İslahat” adlı yeni hekayə ortalığa atdı və beləliklə, rəqiblərini tərk-silah edə bildi.

Hakim düşərgənin yeni “İslahat” hekayəsinin konturları belədir:

“Azərbaycan modernləşir. Modernləşən Azərbaycanın başında güclü, səriştəli və müasir bir lider dayanıb. Rüşvətxor qocalar kənarlaşdırılır, vəzifələrə xaricdə oxumuş, müasir dünyagörüşlü, perspektivli gənclər gətirilir. Bunu istəmirdiniz?! Dövlətçiliyin, milli kimliyin və sabitliyin əsasları möhkəmləndirilir. Rəhbərlik zalım deyil, əksinə mərhəmətlidir. Əqidəsindən asılı olmayaraq, hər kəs lazımi anda dövlətin qayğısını hiss edir. Bunu istəmirdiniz?! Xalqın sənətkarları dövlət hesabına müalicə edilir, sosial vəziyyətləri yaxşılaşdırılır. Nəsimi festivalı kimi təntənəli tədbirlərin timsalında beynəlxalq miqyaslı mədəni tədbirlər keçirilir. Məscidlər, tarixi abidələr, tarixi məkanlar təmir və bərpa edilir, UNESCO-nun siyahılarına salınır. Bunu istəmirdiniz?! Vizuallığa və reklama xüsusi əhəmiyyət verilir: rəhbərliyin siması yeni tikililər, parklar, gözəlləşən Bakıdır, yeni sosial layihələr və biznes markalarıdır. Qarabağda da heç bir güzəşt olmayacaq, düşmən hər yerdə sıxışdırılacaq və sair və ilaxır”.

Tərksilah olunan düşərgə indi çaşqın vəziyyətdə tərəfdarlarına ciddi-cəhdlə əslində islahatların aparılmadığını sübut etməyə çalışır: dəlillər, müqayisələr, statistikalar axtarır.

Amma əsas məsələ əlbəttə ki, statistikada, rəqəmlərdə deyil, əsas məsələ hekayədə, hekayə atmosferini yarada bilməkdədir. Bütün baş verənlər hakim düşərgənin bu atmosferi yaratmağa nail olduğunu göstərir. Hətta bəzi barışmaz radikallar da indi hakim düşərgənin addımlarına açıq simpatiya ifadə etməyə başlayıblar. Müxalifət düşərgəsində isə nizam pozulur, ittihamlar havada uçuşur, satqın, sadəlövh axtarışları güclənir. Belə görünür, hakim düşərgədən daha çox müxalifət düşərgəsində böhran yaşanır. Çünki müxalif düşərgə yaman yerdə axşamlayıb, hakim düşərgənin yeni hekayəsinin qarşısına çıxmaq və tərəfdarlarını inandırmaq üçün yeni bir hekayəsi yoxdur.

Müxalif düşərgə hekayə böhranı yaşayır.

Əvvəllər rahat idi. Müxalif düşərgənin əlində hökumətin necə arxaik, qeyri-demokratik, qəddar və görməmiş olduğuna dair işlək bir hekayə vardı. İndi sanki bu hekayənin havası pozulub. Bu mənada müxalif düşərgənin girinc qalması başadüşüləndir, çünki saysız-hesabsız insanı birləşdirən yeni bir hekayənin yaradılması olduqca müşkül məsələdir, bu, güclü təxəyyül, yaradıcılıq və vaxt tələb edir.

İkinci psoblem isə odur ki, insanlar inandıqları hekayələrin alınmamasına həmişə bərk əsəbləşirlər. Bir neçə gün əvvəl müxalifət liderlərinin Əli İnsanovla birgə toplantısını xatırlayın, müxalif liderlər rişxənd linçinə məruz qaldılar və bunu edənlər əksərən bir vaxtlar onlara simpatiya bəsləyən, onlara inanan adamlar idi. İş burasındadır ki, əgər daim tüfəngi göstərib sonda atəş açmayıbsansa və tərk-silah olunmusansa, əfəl yerinə qoyulmağın qaçılmazdır.

Hakim düşərgənin yeni “İslahat” hekayəsinin ömrünün nə qədər uzun olacağını zaman göstərəcək. Amma bütün bu vaqiələrin necə sonlanacağından asılı olmayaraq, bir məsələ dəqiqdir: hekayə və hekayəquruculuğu vacibdir. Hekayələrin vacibliyini başa düşməyənlər sağ qalmırlar.

Cavid Ramazanlı
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade