post-title

Səbr etmək sənəti

Günlərin bir günü qəfildən dərk etmişdim ki, mən öz ölkəmi müsəlman coğrafiyasıyla, xüsusilə Yaxın Şərqlə müqayisələndirmirəm. Aydınlanma anı idi: qəfildən bir məkan hissimin olduğunu və bu məkan hissinin insanın taleyində necə həlledici rol oynadığını qavramışdım. Burada deyil, orada doğulsaydım; burada deyil, orada böyüsəydim, tərbiyələnsəydim, formalaşsaydım, dostluqlar qursaydım, aşiq olsaydım, tamamilə fərqli bir insan olardım. Bizi biz edən şey həm də yaşadığımız məkan, özümüzü aid etdiyimiz coğrafiyadır. 

Heç fikir veribsinizmi, müqayisə etməli olduqda, bizim insanlar ölkələrini əsasən Gürcüstanla, Ukraynayla, MDB-nin qərb hissəsiylə, Avropa ilə müqayisə edirlər. Bu müqayisələrin əksəriyyətindən biz “nə gündəyik” kimi bir damğayla çıxsaq da, dərindən götürəndə, ürəyimizdə ən azından həmin ölkələrin sırasında olmağı arzulamaq kimi bir yanğı da var. Bizdə çox nadir hallarda insanlar ölkələrini Yaxın Şərq coğrafiyasıyla, İraqla, İranla, Suriyayla, Ərəbistanla və digərləriylə müqayisələndirirlər. Biz ənənəvi müsəlman coğrafiyasından, həmin o problemli, xaotik, qatı məkandan çoxdan qopmuşuq çünki. Bunun bir səbəbi yüz illər boyunca təbəəsi olduğumuz dövlətlərin bizi bu coğrafiyadan fiziki şəkildə qoparması idisə, digər səbəbi də intellektual və kültür müstəvisində qoparılmağımız idi. Ta Mirzə Fətəli Axundovdan Rafiq Tağıya qədər intellektual və kültür tariximizin əsas qayəsi bu qoparılmanı həyata keçirmək cəhdindən ibarət olub və bu ənənə hələ də davam edir.  

Bizdə tək-tük istisnalar xaric, intelligensiya daim Azərbaycanı ənənəvi müsəlman cəmiyyətlərinin xaricində təsəvvür edib – həmçinin müstəqillikdən bəri dövlət də birbaşa və ya bilavasitə bu dünyagörüşə sadiq qalmağa çalışıb, hələlik. Sekulyarlığa, mütərəqqi modern dəyərlərə və modern kültürə canatma azərbaycanlı identikliyinin, məxsusiliyinin ən ümdə cəhətlərindən biri olub. Nə qədər ki, biz bu məxsusiliyimizin üzərində prinsipiallıqla dayanacağıq, tərəqqi imkanlarımız da çox olacaq; nə zamankı bu yoldan çıxacağıq, ənənəvi bir Şərq cəmiyyəti olmaq təhlükəsi də bir o qədər artmış olacaq. Və belə bir təhlükə hər zaman var. 

Zaman heç də həmişə bütün dərdlərin dərmanı deyil, zamanın özü də bəzən bir xəstəlik ola bilir. Azərbaycanda yüzminlərlə insanın keyfiyyətli təhsil almaq imkanı yoxdur, universitetlərin diplom satdığı, azad akademik mühitin əngəlləndiyi, ifadə azadlığının və digər azadlıqların boğulduğu basqıçı mühitdə yaşayırıq, belə olan təqdirdə zaman əleyhimizə işləyir. Zaman keçdikcə, cəmiyyət daxilində keçmiş kodlar oyanır, bir vaxtlar üstü tələm-tələsik örtülmüş, görməzdən gəlinmiş ziddiyyətlər gün işığına çıxır, din, məzhəb, keçmiş adət-ənənələr, atalarının yaşayış tərzi və davaları insanların yadına düşür və başqa alternativlər olmadığından, keçmişin həsrəti çəkilməyə başlanır. Bu mənada indiki dövrdə xüsusilə mürtəce görünən ideyalara rəğbətin artması da təəccüblü olmamalıdır: məzhəbpərəstlik, ura-patriarxallıq, misoginiya (qadınsevməzlik) genişlənir, İran generalının ölümünə yas saxlayanların və edam hökmünün bərpa olunmasını tələb edənlərin sayı artır. 

Bir mənada bu ola bilsin, başadüşüləndir, nə də olsa, Salman Rüşdünün təbirincə desəm, “əndazəsizlik kültürü”nün yayğın olduğu coğrafiyadan - o coğrafiyakı əndazəsiz emosionallıqdan, hay-küydən, kütləvilikdən, qeyri-fərdiyyətçilikdən, irrasionializmdən boldur - bizim də payımıza nələrsə düşüb. Zaman keçdikcə, bizdə də bu “əndazəsizlik kültürü”nün nümayəndələrinin hay-küyü ucadan çıxmağa başlayacaq. Bəlkə də təbiidir bu. Amma təbii olmayan və insanı ən azından yerində nigarançılıqla qurcuxmağa vadar edən bir məqam var: bu da intellektualların, oxumuşların özlərini bu əndazəsizlik axınına qapdırmalarıdır. 

Şairanə mürtəce ideyaların təəssübünü çəkən, məzhəbpərəst, İran generalının ölümünə yas saxlayan və edam hökmünün bərpasını tələb edən intellektuallar, oxumuşlar boy göstərməyə başlayır. Halbuki bu keçilmiş yol olmalı idi, bu barədə nə danışılmalı idisə, danışılmış, nə yazılmalı idisə yazılmış, nə çəkilməli idisə çəkilmişdi. Görünür, mürtəce quruluşun mövcud olduğu bir cəmiyyətdə mütərəqqi ideyalardan dəm vurmağın mənası yoxdur,  diskurs dəyişməyəcək, mürtəce quruluşda mütərəqqi ideyalar ayaq tutub yeriyə bilməz çünki. 

Nə etmək olar, çətin zamanlardan keçirik. Amma indiki məqamda tələsmədən, təkcə səbrlə müşahidə etməyin, gözləməyin özü də bir fəzilət ola bilərdi. Bizim mütərəqqi modern dünyadan götürdüyümüz dəyərlər – kültür, sənət, dünyagörüş – hər halda təkcə ağıllı danışmaq, ağıllı görünmək üçün deyil, həm də ağılla baxmaq, dinləmək, müşahidə etmək üçün lazımdır.  

Bizlərdən çoxumuz hər gün Bakının Avropai memarlıq üslubundakı binaların, heykəllərin, abidələrin, sərgi, səhnə salonlarının yanından anlaqsızca o tərəfə, bu tərəfə keçir, bir dəfə başımızı qaldırıb diqqətlə baxmağı (lap elə Azad Qadın heykəlinə!), müşahidə etməyi bacarmırıq, halbuki bunu etməyi bacarsaydıq, görərdik ki, keçilən yol nə qədər qiymətlidir. 

Təmkinlə dayanıb baxmağı, müşahidə etməyi, birazca gözləməyi bacarsaydıq, məlum olardı ki, qanlı bir generala simpatiya bəsləməyə, yas saxlamağa başlamazdan əvvəl, təmkinlə gözləməkdə, müşahidə etməkdə nə böyük fayda var, çünki heç 3-4 gün keçməyəcək, məlum olacaqdı ki, qanlı generalın təmsil etdiyi rejim qaranlığı təmsil edir, o dərəcədə ki, gecənin qaranlığında sərnişin təyyarəsini gözünü qırpmadan vurub sala bilər. 

Buna şahid olmaq üçün təkcə müşahidə etmək və səbrlə gözləmək kifayət edərdi. Səbrlə gözləyib, diqqətlə müşahidə edəndə, məlum olacaqdı ki, doğrudan da qaranlığı təmsil edənlər işıqlı işlər görə bilməzlər.

Cavid Ramazanov
Azlogos.eu
Yuxarı