post-title

Narsistin viruslu bağı

Yaponiyalı avanqard qadın rəssam Yayoi Kusamanın “Narsistin bağı” adlı bir sənət əsəri var. Qədim yunan əsatirindəki Narsistin əhvalatından ilhamlanaraq yaradılan kürə şəklindəki güzgülərdən ibarət əsər ilk dəfə 1966-cı ildə Venesiya Biennalesində nümayiş olunub, o vaxtdan bəri də dünya muzeylərini gəzməkdədir. Əsərin ən cəlbedici installyasiyalarından biri Braziliyanın “İnhotim Muzeyi”ndəki gölün içində qurulub: güzgü kürələr gölün səthində üzür, külək və digər iqlim şərtlərindən asılı olaraq yerlərini dəyişirlər.

Kusamanın əsərində incə bir yumor gizlənib: cənnətməkan bağın içindəki göldə çimən narsist güzgü kürələrin sayəsində ha yana baxsa, ancaq özünü görəcək. Bir narsist üçün dünyada bundan gözəl nə ola bilər?

Bir bağdakı göldə qəfildən öz əksini gördükdən sonra özünə aşiq olan və əriyib gedən Narsistin obrazı ilə bağlı Mikeleancelo Karavacconun da “Narsist” adlı məşhur bir rəsm əsəri var, amma bu obraza dünya şöhrəti gətirən təbii ki, Freyd olub, onun sayəsində artıq Narsist kimdir deyə bilməyən yoxdur: özünə vurğun, ancaq özünü düşünən, özünə pərəstiş edilməsini gözləyən, özünü dünyanın mərkəzi sanan adamlara biz indi Narsist deyirik.

Deyilənə görə, hazırda biz həm də narsissizmin qızıl dövrünü yaşayırıq, o dərəcədə ki, bəziləri bu dövrü “Mən, mən, mən” dövrü adlandırırlar.

Narsistlər hər yandadır indi – Qərb demokratiyasında siyasi hakimiyyətləri belə ələ keçirə biliblər. 

Müasir narsissizmin xəyali simvolu da biraz mübaliğəyə varmalı olsaq –bəzən həqiqəti üzə çıxarmaqdan ötrü mübaliğə qaçılmaz olur – yəqin ki, silahlandığı smartfonun kamerasını daim özünə tuşlamış vəziyyətdə poz verən müasir narsistdir.

Günlərin bir günü isə qəfildən elə bil hadisə baş verdi ki, əksəriyyətin yalnız özünü gördüyü, yalnız özünə aludə olduğu müasir dünyada başqalarına da diqqət yetirmək və göz qoymaq qaçılmaz bir zəruriyyətə çevrildi.

***

Bugünlərdə Bakıda səhər çağı avtobusa minmək üçün dayanacağa gedərkən, dayanacaqdakı hər kəsin hər kəsə diqqət kəsildiyini, şübhə ilə baxdığını gördüm. Adətən dayanacaqda və avtobusda əksəriyyət yalnız özü ilə məşğul olur, ətrafdakıları yad baxışlarla bir anlıq süzə bilərlər, amma bunlar əksərən anlaqsız baxışlardır, çox vaxt da nəyisə müqayisələndirmək xatirinə edilir. Bu dəfə isə vəziyyət fərqli idi və əksəriyyət bir-birinə sayıq və anlaqlı baxışlarla baxırdı. Bütün dünyanı cənginə alan yeni növ virus Azərbaycana da gəlib çatmışdı, hamını bir-birinə diqqətlə göz qoymağa vadar edən də həmin bu virus idi.

Səhiyyə Nazirliyinin Baş epidemioloqu açıqlamasında “nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur” desə də, təzəlikcə xəbər çıxmışdı ki, Azərbaycan-Gürcüstan sərhədində gürcü sərhədçiləri bir nəfərdə koronavirus aşkar ediblər. Gürcü vətəndaşı olan həmin şəxs İrandan gəlirmiş və Gürcüstana Azərbaycan boyunca avtobusda səyahət etdikdən sonra keçibmiş.

Başqa bir xəbər də yayılmışdı, daha doğrusu video. Videonu çəkən şəxs İrandan gələn Azərbaycan vətəndaşlarının koronavirus təhlükəsinə görə, toplu şəkildə karantinə alındıqları Astara rayonundakı tibb məntəqəsindəki şəraitsizliyi, adicə sabunun olmaması kimi gigiyenik çatışmazlıqları göstərirdi.

Videoda həkim qiyafəsindəki bir şəxs şəraitsiz yerdə saxlanılan vətəndaşları inandırmağa çalışırdı ki, yuxarıdan əmr gözləyir, əmr gələn kimi onları müvafiq yerə göndərəcəklər. Onun əmrini gözlədiyi yuxarıdakı şəxs çox güman, ondan yuxarıdakının, ondan yuxarıdakı ondan yuxarıdakının, ondan yuxarıdakı ondan yuxarıdakının, ondan yuxarıdakı da yəqin, ondan yuxarıdakının əmrini gözləyirdi – ən yuxarıdakı şəxs müvafiq əmri verənə, əmr bürokratik mərtəbələr boyunca aşağıya düşənə qədər vətəndaşlar çar-naçar gözləmək məcburiyyətində idilər. Vətəndaşlar isə heç bir gigiyenik normanın gözlənilmədiyi tibb məntəqəsində gözləməkdən yorulmuşdular, bu zaman ərzində virusu olan şəxslərin virusu olmayanları yoluxdurması ehtimalı da böyük idi.

Yerli mətbuata baxanda belə məlum olurdu ki, ölkədə hər zaman olduğu kimi güllük-gülüstanlıqdır, amma Prezident Administrasiyasından mətbuat orqanlarına virusla bağlı xəbərlərin məhdudlaşdırılmasına dair xüsusi əmr verildiyinə, virusa yoluxanların sayının qatbaqat çox olduğuna, xəstəxanaların xəstələrlə dolub-daşdığına dair qorxulu konspirologiya nəzəriyyələri baş alıb gedirdi.

Dünyada da ürəkaçan xəbərlər yox idi. Son xəbərlərə görə, Suriyada rus hərbiçiləri türk hərbiçilərini bombalamışdı; Türkiyə hökuməti sərhədlərini açıb suriyalı qaçqınları Avropa Birliyinə göndərməklə hədələyirdi; İranın uranı zənginləşdirmək üçün gizli fəaliyyətini intensivləşdirdiyi deyilirdi; Trampın ABŞ-da koronavirus hadisələrinin sayını az göstərməyi tapşırdığı, İtaliyada virusa yoluxanların sayının getdikcə artdığı, dünyada isə yoluxanların sayının 100, 000 nəfərə çatdığı bildirilirdi. Virusun mutasiya keçərək, daha ölümcül formaya düşməsi ehtimalı da səsləndirilirdi.

Gün bu cür xəbərlərlə açılmışdı, narsistlərin bağında vəziyyət heç də ürəkaçan deyildi, qısası.

Avtobus gələndə mindim. Bir xeyli adamın sifətində maska var idi, bəziləri onlara günahkar kimi, bəziləri isə qorxu qarışıq həsədlə baxırdılar.

Avtobusdan düşüb şəhərdə də hara gedirdimsə eyni mənzərə ilə qarşılaşırdım. İndiyəcən Bakıda bu qədər dərin müşahidə altında olduğumu xatırlamıram. Əhval-ruhiyyədən elə zənn edərdin ki, hansısa horror filmin setinə düşmüsən, amma bu, çəkiliş meydançası filan deyildi, paytaxtın adi günlərindən biri idi və bunları görəndə, ürəyində “bir bu əskik idi…”deməyə bilmirdin.

Amma doğurdan da, bir bumu əskik idi ki?

Bəlkə də elə ən çox gözləniləni bu idi.

Hadisələrə başqa gözlə də baxmağı öyrənməyin vaxtıdır: nə bilmək olar, bəlkə də bu virus özümüzə aludə olmaqdan qurtulub, başımızı qaldırıb ətrafımıza nəzər yetirmək üçün göndərilib.

Keçmiş əyyamlarda insanlar cızığından çıxanda, Tanrı onlara və digərlərinə ibrət dərsi vermək üçün ümumdünya daşqını törədər, ya da Lut qövmünün başına gətirdiyi kimi göydən od-alov yağdırardı. İndi isə bəlkə də “Tanrı öldüyündən”, ya da ölüm ayağında olduğundan gücü ancaq virus göndərməyə çatır – ki bəlkə bu virusun sayəsində biz özümüzə aludə olmaqdan qurtulub, dünyada, ətrafımızda, insanlarda nə baş verdiyinə baxmağa, diqqət yetirməyə başladıq.

Hər bir halda bu virus artıq bizi başımızı güzgüdən qaldırmağa müvəffəq olub, bundan sonrası necə olacaq, zaman göstərəcək…

Cavid Ramazanov

Azlogos.eu

Yuxarı