post-title

Şərif Ağayar: Cana yaxın hekayələr

Tam təsadüfdən Rasim Qaracanın özünün yubiley yaşına hədiyyə etdiyi “Mənim həyatımı yaz” kitabını çağdaş fransız yazar, Rasim Qaracadan 7-8 yaş gənc olan Maksans Ferminin “Qar” romanı ilə eyni vaxtda oxudum. Daha dəqiqi, “Qar”ı bitirib, keçdim Rasimə...

Bir-birindən tamamilə fərqlənən üslub və janrlarda qələmə alınmış bu iki kitab həmişəki qənaətimi bir daha dərinləşdirdi: Sadə yazmağı bacarmaq lazımdır!

Doğrudan da zaman-zaman “Mənim həyatımı yaz” deyən çoxlu insanlarla qarşılaşmışıq. Analoji halda şəxsən mənim cavabım belə olub ki, həyatı hekayə, roman olmayan insan yoxdur, əsas onu yazmaq, yaza bilməkdir. Məşhur deyimdəki kimi: maraqlı hadisə yoxdur, onu yaza bilən müəllif var.

Rasim Qaraca adi insanların ilk baxışdan adi görünən əhvalatlarını qələmə alıb və nəticədə nağıl dili ilə anladılan səmimi mətnlər ortaya çıxıb.

Rasim bəy kitaba topladığı hekayələri “postmodern hekayələr” kimi təqdim edib. Doğrudan da elə ilk hekayədəncə yeni yanaşmanın bir neçə keyfiyyətini görürük: obrazın təhkiyəni müəllifdən alması, müəllifin obraz kimi çıxış etməsi. Daha sonrakı mətnlərdəki gözlənilməz keçidlərqəsdən yaradılan primitivlik, xaotik vəziyyət, ötərilik, şübhəçilik, kəskin ironiya və s.

Mövzu rəngarəngliyi, sosial problemlərin qoyuluşu, yeni təsvirlər, kəndin və şəhərin tamamilə müasir effektə üzə çıxması kitabı bir az da cana yaxın edir.

Misal üçün, “Kəpənəkli günlər”, “Dördüncü sərnişin”, “Sevgilim yox olub”da qeyri-adi romantik əhval varsa, “Nilufər”, “Şahanə”, “Dünyanın ən qorxusuz yeri”, “Şair Mazan Şələqulaq”da sərt realizm adama tərs şillə kimi dəyir.

“Yağışla gələn qız”, “Çaqqalla görüş” kimi həm romantikanı, həm reallığı öz içində qovuşduran hekayələrə də rast gəlmək olur.

“Kor pişiyin qovulması”nı eynən məşhur “Balaca qara balıq” kimi sosial-siyasi alleqoriya kimi oxudum.

Kitab “Lazımı gözləyərkən” birpərdəli komediya ilə bitir. Samuel Bekketin Qodosuna zərif bir göndərmə edən bu kiçik pyesdə nələr yoxdur? Müasir Azərbaycan insanı, onun üzləşdiyi sosial və fərdi çətinliklər, ən qəliz anda zarafat hissini itirməmək, karnaval estetikası, qəsdən yaradılmış qarışıqlıq, söz oynatma, mübahisə-məşvərət və s.

Təbii, kitabdakı hekayələr kimi kiçik olan bu yazımda məqsədim tənqid və təhlil deyil, sadəcə təqdimatdır. “Mənim həyatımı yaz”ı mütləq oxumaq lazımdır.

Sözün yaxşı mənasında yazıçı iddiası hiss olunmayan bu mətnlər adını çəkdiyim Maksans Ferminin “Qar”ı ilə sadəliyinə və yığcamlığına görə səsləşsə də, onun kimi uzaq Yaponiyanın deyil, bizim hekayələrimizdir. Hər gün başımıza gələn, şahidi olduğumuz, eşitdiyimiz, lakin yazmaqdan çəkindiyimiz hekayələr. Sadəliyin içində düşündürən hekayələr...


Yuxarı