post-title

Seymur Baycan: Təbii olmamağın fəsadları haqqında

Atın ayağına nal vururlar, eşşək də ayağın qaldırır.
Atalar məsəli.
Günəşli, yağışlı, qarlı, hətta şaxtalı havaların mənim üçün hərəsinin öz yeri, öz romantikası, öz əyləncəsi var. Təkcə küləklə heç cürə dil tapa bilmirəm. Küləkli havada əlim heç bir işə yatmır, özümdən asılı deyil qəzəblənirəm, küləyin sürəti artıqca qəzəbim də aşıb-daşır, tutmağa, qapmağa adam axtarıram, bir sözlə quduz itə dönürəm. Əlimdə əlac olsa külək əsən günlərdə məmnuniyyətlə girərəm yerin altına, bir də külək tam kəsəndə yerin üstünə çıxaram…
Tərslikdən həmin gün çox güclü olmasa da külək əsirdi və mən vacib bir işlə əlaqədar olaraq evdən çıxmaq, şəhər mərkəzinə getmək məcburiyyəti qarşısında qalmışdım. Üstəlik, həmin gün səhər gözümü açandan başımda bir cümlə dayanmadan fırlanırdı: “Yaxşı ki, restoran müdürü özünü vaxtında çatdırdı”. Bu cümlənin hardan, hansı mənbədən gəlib başıma girməyini tapa bilməməyim də bir tərəfdən məni əsəbləşdirməkdə idi.
Rezo Qabriadze teatrına çatmağıma on beş-iyirmi addım qalmış, uzun, taxta kimi qupquru, saçları pırtlaşıq, gözləri xırda bir qadın mənə yaxınlaşdı. Onun yaşını müəyyən etmək mümkün deyildi. Otuz, əlli, yüz otuz yaşı da ola bilərdi. Sifətindəki dərin qırışların arasında toxumlar cücərmişdi. Əgər desəydi cəhənnəmdən indi gəlmişəm, buna bir qram da şübhə etməzdim. Qaşlarını sanki sapla deyil, paslı dəhrəylə almışdılar. Mən ömrümdə o cürə kobudcasına alınmış qaş görməmişdim. Qarnı bayquş dimdiyinə oxşayan qırmızı burnuna dəyirdi. Eybəcər arvadları boğaz görəndə adamın özünü asmağı gəlir. Eybəcər arvadları boğaz görəndə istər-istəməz bu suallara cavab tapmaq istəyirsən. Görəsən bu eybəcər arvadlarla kimlər yatır, necə yatır? Axı bu qədər necə içmək olar? Bu suallara cavab axtarmaq əsl işgəncədir.
– Ay kişi, on beş lari ver falına baxım.
– Nəyə baxacaqsan? Baxmağa daha heç nə qalmayıb. Hər şey aydındı.
– Sən bilirsən ailəsini atan kişini nə gözləyir?
– Allah xətrinə əl çək! Ailəsini atan kişi…
– Bir siqaret ver.
– Vermirəm.
– Niyə xəsislik edirsən.
– Hə, xəsislik edirəm. Mən dünyanın ən xəsis adamıyam. Get kimə istəyirsən şikayət et.
Bu zaman heç gözləmədiyim, heç hazır olmadığım mənzərəylə qarşılaşdım. Falıma baxmaq istəyən arvad ayaqlarını aralayıb, sol əlini belinə qoyaraq, davakar görkəm aldı. Hinduşka ayağına oxşayan sağ əlini qasığının üstünə vura-vura dedi:
“Görmüsən bunu? Bunu görmüsən?”
Heç bir qırmızı xətti olmayan, hər bir sözü deyib, hər bir hərəkəti edə biləcək bir əcinnəyə tuş gəlməyim iki-üç saniyədə mənə məlum oldu. Bilmirəm niyə orda ölmədim. Ən azı qorxudan ürəyim getməli, tirtap yerə uzanmalı idim. Məni ən çox dəhşətə gətirən əcinnənin “görmüsən bunu? bunu görmüsən?” sözlərini inamla deməsi idi. Əcinnənin duruşundan, təhər-tövründən, hikkəsindən belə başa düşdüm ki, sanki doğrudan da “onu” görsəydim, bütün həyat fəlsəfəmi, həyata baxışlarımı, bu günə qədər düşündüklərimi alt-üst edən kobud, amansız, qəddar bir həqiqətlə tanış olacaqdım. Həqiqətən insan beş dəqiqə sonra başına nə gələcəyini, kimlə, hansı hadisəylə qarşılacağını bilə bilməz. Hardan rast gəldim bu əcinnəyə? Bu boyda şəhərdə, bu qədər adamın arasında bu əcinnə gərək elə mütləq mənim qarşıma çıxaydı? Belə də tale olar? İddiasız həyatını yaşadığın yerdə qəfildən əcinnəyə rast gəlirsən. Görəsən bu nə qədər belə davam edəcək? Bütün gücümü səfərbər edərək əcinnədən uzaqlaşdım.
Qədim kilsənin ətrafında xeyli turist toplaşmışdı. Orda dəhşətli tünlük hökm sürürdü. Sözün birbaşa mənasında iynə atsaydın yerə düşməzdi. Kilsənin ətrafına toplaşmış adamlardan kimisi siqaret sümürür, kimisi şəkil çəkdirir, kimisi söhbət edir, kimisi də dondurma yeyirdi. Bu küləkli havada dondurma yeyən adamlara baxanda adamın canına üşütmə düşürdü. Eniylə uzunluğu bir olan, sir-sifətindən incəsənət xiridarlığı yağan gombul bir qadın dəstədən azacıq aralıda, bulağın yanında dayanıb, dodaqsız ağzını açıraq, domba gözləri ilə saat qülləsinə maraqla baxırdı. Qadın dodaqsız ağzını elə açmışdı ki, elə bil kimsə bu dəqiqə onun ağzına konfet qoyacaqdı. Lovğalığından az qala cırılan qara bir qarğa “Teatr” kafesinin damında oturub ədayla etrafı seyr edirdi. Onun lovğalığına yalnız ölüm son qoya bilərdi. Belə mənzərələr sonralar başqa fikirlərə, hisslərə qarışaraq adamın yaddaşına əbədi həkk olunur və ölənə qədər yaddaşdan silinmir.
Qədim kilsənin ətrafına yığışmış, həmin anlar gözümə sonsuz dərəcədə mənasız, darıxdırıcı görünən adamların arasından, bəxtimə lənətlər, ən ağır söyüşlər yağdıra-yağdıra min bir məşəqqətlə, min bir əzabla ötüb keçdim. Bilmirəm həmin an o boyda güc mənə hardan gəldi, buna necə iradəm çatdı.
“Gürcü arzusu”nun qərargahının yaxınlığında, qocalıb əldən düşmüş hinduşkaya oxşayan, burnu bir tərəfə, ağzı isə başqa tərəfə əyilmiş bir məxluq qarşıma çıxıb, kamali-ədəblə məndən pul istədi. Onun əynində demək olar ki, paltar yox idi. Nəsə palaza oxşayan, rəngarəng, cod bir parçaya bürünmüşdü. Boynuna doladığı sarı rəngli ipdən müxtəlif ölçüdə mismarlar, açarlar, kilidlər, quş lələkləri, at nalları, sür-sümük və bu kimi digər zir-zibil asılmışdı. İndi zəhmət olmasa bu mənzərəyə dodaqlara, qaşlara, qulaqlara, buruna keçirilmiş xeyli sayda dəmir-dümürü də əlavə edin.
– Pulu çox rahatlıqla istəyirsən.
– Bəs necə istəyim?
– Mən sənə niyə pul verməliyəm?
Pul istəyən məxluq dodaqlarını yaladı, əlini yolun kənarına tərəf uzadıb cavab verdi:
– Biz səyahət edirik.
Əlini uzatdığı tərəfə baxdım və gördüm ki, özü kimi beş-altı avara divarın dibində, balaca döşəkcələrin üstündə oturublar. Aralarında bir qız da vardı. Qız indiyə qədər görmədiyim simli bir aləti dizlərinin üstündə tutmuşdu. Arada simli aləti dınqıldadır, guya həm özünün, həm də ətrafdakıların ruhunu təmizləyib göylərə qaldırırdı. Onun saçı seyrək idi, qaz yumurtasına oxşayan başını bir az sərt tərpədəndə tükləri qopub yerə tökülürdü. Avara dəstəsinin qarşısında, yerə uzadılmış iri bir karton parçası da vardı. Karton parçasının üstünə yekə, bir-birindən aralı hərflərlə ingiliscə sözlər yazılmışdı. Help, travel sözlərinin sayəsində belə başa düşdüm ki, dəstə səyahət etmək üçün adamlardan, gəlib-gedəndən pul toplayır. Tutmaq, qapmaq, ürəyimi boşaltmaq üçün münbit şərait tapmışdım. Bu fursəti heç cür əldən buraxa bilməzdim. Və başladım:
– İndi guya siz fərqlisiniz? İndi guya siz fərqli həyat yaşayırsınız? Sizin bu elədiyiniz əməllər mədəni dilənçilikdi. Səyahət etmək istəyirsinizsə, gedin, adam kimi pul qazanıb səyahət edin. Camaatdan nə istəyirsiniz? Sizdə heç olmasa bir qram vicdan varmı?
Onlar sözlərimə saxta təbəssümlə cavab verdilər. Guya onlara qarşı bu sərt münasibətimə çox tolerant münasibət bəsləyirdilər. Guya hər kəsin özünü ifadə etmək haqqı var, bu sözləri də onlara demək bir insan kimi mənim haqqımdır və bu haqqı əlimdən almaq olmaz.
Halbuki, onların təbəssümündə tolerantlığın əsər-əlaməti görünmürdü. Onların təbəssümündən puxtələşmiş sırtıqlıq yağırdı. Məhz həmin an bundan artıq sırtıqlığın hökm sürdüyü başqa bir yer tapmaq qeyri-mümkün idi. Onların sırtıqlıq yağan təbəssümü məni daha da əsəbləşdirdi, dabanımdan tüstü çıxdı və ürəyimi daha cəsarətlə boşaltmağa davam etdim. Danışdıqca, deyindikcə yüngülləşdiyimi hiss edirdim. Bədənimə səmavi xoşbəxtlik dalğaları yayılırdı. Mənə bir an elə gəldi ki, bir az da deyinməyə davam etsəm, xoşbəxtlikdən tam əriyib yoxa çıxacam. Nə qədər çətin olsa da özümü birtəhər saxlamağa məcbur oldum, nəhayət, təsirini bir az da artırmaq üçün səsimi aşağı salıb çıxışımı bu sözlərlə bitirdim: “Gözəlliyini ərə gedəndən sonra başa düşən qadın ər evinə bənd ola bilməz”. Elə sözümü təzəcə bitirmişdim, hardasa, yəqin yaxınlıqdakı həyətlərin birində xoruz banladı, lakin bu xoruzun səsinə səs verən olmadı. Ətrafımızda nə qədər qəribə hadisələr baş verir. Fikirləşəndə dəhşətə gəlirsən.
Şüşə körpüyə çatanda acdığımı hiss etdim. Tərcübədən bilirəm, yeməyimin vaxtı bir az ötsəydi bütün bədənim əsməyə başlayacaqdı. Deyilənə görə şəkərin əlamətidir. İfadə edilməsi mümkün olmayan bir aclıqdan xilas olmaq üçün tez özümü Leselidze küçəsində yerləşən, lap çoxdan müştərisi olduğum zirzəmi-kafeyə çatdırdım. Əvvəlcə tualetə gedib əl-üzümü həzz ala-ala, yaxşı-yaxşı yudum. Sonra boş masalardan birinin arxasında oturub, ofisianta qozlu tərəvəz salatı, imeruli pendiri, çörək, limon limonadı, iki yüz qram armud arağı, qırmızı çaxırda qızardılmış it qulaqları sifariş verdim. Sizə bir söz deyim, yer üzərində elə bir yer tapılmaz ki, qırmızı çaxırda qızardılmış it qulaqları özlərini mədəmdə olduğundan daha yaxşı hiss eləsinlər. Son vaxtlar yaman arıqlamışam. Qarnım belimə yapışıb. Şalvar əynimdə güclə durur. Yeməyimə-içməyimə fikir verməliyəm.
Qonşu masada qurumuş hörümçəyə bənzəyən qoca bir kişi oturmuşdu. Qalstuku həddən artıq alabəzək idi. Ümümiyyətlə, o, öz xarici görünüşü haqqında heç düşünməyən adamlar kimi geyinmişdi. Qoca kişi kipriksiz, ətrafı qara ləkələrlə örtülmüş gözlərini divardakı bayağı rəsmə zilləyib nə barədəsə dərin fikrə getmişdi. Qarşısındakı yemək isə dəyəsən çoxdan soyumuşdu.
Bu zirzəmi – kafedə dost-tanışlarla nə qədər məclislər qurmuşuq. Burda nə qədər yeyib-içmişik. Bu kafedə keçirdiyim bir gün xüsusən xatirimdədir…
Bir qış günü gürcü jurnalisti İrakli Çikladze ilə həmən bu zirzəmi – kafeyə girdik. Xeyli yemək sifariş verdik. Çoxdandır görüşmürdük. Vurmaq üçün əla şərait vardı. Yedik, yedik, içdik, içdik. Gələcək planlardan danışdıq. Bəzən susaraq sakitcə siqaret çəkdik. Kafedə neçə saat oturduğumuzu bilmirəm, amma onu bilirəm ki, çox oturduq. Özü də lap çox. Hər ikimiz bərk kefləndik. O vaxtlar Tiflisə, ümumən Gürcüstana turistlərin ayağı kütləvi surətdə açılmamışdı. Gürcülər şəhərdə, kafedə yad adam görəndə sevinirdilər, öz qonaqpərvərliklərini nümayiş etdirməyə fürsət axtarırdılar. Kafedə yad adam görmək onlara sovet vaxtı Tiflisdə (başqa paytaxtlarla, şəhərlərlə müqayisədə) uzun illər hökm sürmuş ifrat bolluğu, il boyu bütün respublikalardan paytaxta gələn saysız-hesabsız qonaqları, günlərlə davam edən şən məclisləri xatırladırdı. O vaxtlar, yəni turistlərin kütləvi surətdə ayağı açılmazdan əvvəl, Tiflisdə yad adam gürcülərin gözünə bir növ baharın gəlişini mujdələyən qaranquş kimi görünürdü. Budur, doxsanıncı illərin dəhşətli qıtlığından, müharibələrindən, ictimai-siyasi təlatümlərindən, xeyli arzuların məhv olmasından sonra yenə də azdan-çoxdan asayiş yaranıb. Qıtlıq, kasıbçılıq yavaş-yavaş aradan qalxır. Bir-birlərini uzun müddət eyni paltarda görməyə adət eləmiş adamların əyin-başı yavaş-yavaş qaydasına düşür, təzə kafelər, restoranlar açılır. Deməli, həyat davam edir. Necə deyərlər, su gələn arxa, bir də gələr.
Həmin gün kafedə mehriban, çox gözəl bir abı-hava vardı. Belə hallar olur. Kafenin müştəriləri birdən-birə bir-biriylə tanış olur, bir-birlərini nəyəsə qonaq edirlər. Bu mehribanlıq ofisiantlara da sirayət edir. Onlar da müştərilərə çox həvəslə qulluq edirlər. Zarafatlar zarafat kimi qəbul olunur. Adamlar bir-birlərinə xoş sözlər, təriflər deyirlər. Zalda yaranan bu gözəl ab-hava, bu xoş enerji mətbəxdəki aşpaza da gedib çatır. Bu xoş enerji aşpazı mətbəxdən zala gətirir. Müştərilər aşpazın ünvanına da təriflər söyləyirlər. Aşpaz mətbəxə qayıdıb öz bacarığını daha həvəslə, sevə-sevə göstərir. Həyatımda bir neçə dəfə belə gözəl anların iştirakçısı, şahidi olmuşam və hər dəfə də dillə ifadə edilməyəcək dərəcədə həzz almışam. Kaş adamlar hər zaman belə mehriban yaşaya biləydilər. Belə anlarda qəfildən beyninə girən sual adamı bir az da kədərləndirir: Axı niyə biz hamımız xoşbəxt deyilik?
Kafedən çox gec çıxdıq. Bütün şəhəri ağ qar bürümüşdü. Bu şəhər beş-altı saat əvvəl gördüyümüz şəhər deyildi. Kafedə oturub yeyib-içdiyimiz müddətdə qar yağmış və bütün şəhərin siması tamam dəyişmişdi. Birdən-birə rast gəldiyimiz bu gözəl mənzərə bizi tamam çaşdırdı. Çox içməyimizə baxmayaraq şəhərin dəyişmiş siması bizi susmağa vadar etdi. Yoxsa, yəqin ki, biz harasa gedib təzədən vurmağa davam etmək və vurmağa davam etməmək üstündə bərk mübahisə edəcəkdik. Söhbət hər zamankı kimi uzanacaqdı. Kefli adamlar adi bir sözü, adi bir məsələni uzun-uzadı müzakirə etmək bacarığına malik olurlar. Bu dəfə belə olmadı. Qar bizi susdurdu. Qar bizi tərki-silah etdi. Şəhər hərəkətsiz halda öz yerində dayanıb duran, dərin fikrə dalmış ağ paltarlı bir asketin görkəmini almışdı. Nəfəslərini içlərinə çəkmiş ağaclar qarla örtülmüş quru və əyri budaqlarını göyə tərəf uzatmışdılar. Küçədə çox az adam vardı. Maşınlar isə yoxa çıxmışdı. İçkinin təsirindən qar basmış şəhər gözümüzə daha cazibədar, daha vüqarlı, daha gözəl görünürdü. Nə qədər diqqətlə baxırdımsa, bu gözəllik daha da artırdı. Ətrafda tam bir səssizlik hökm sürürdü. Bu səssizliyi pozmaq böyük bir günah olardı.
***
Təxminən bir il hosteldə yaşadım və əcaib-əcaib paltarlar geyinib dağda-daşda, dərədə-təpədə musiqi ifa edənləri, mahnı oxuyanları, “ruh ovçularını”, “dünyada məna axtaranları” çox yaxından, diqqətlə müşahidə etmək fürsətim oldu. Sizə deyim ki, onların çoxu, doxsan doqquz faizi sırtıq, fürsətcil, avara, müftəxor, bic, kələkbaz, yalançı adamlardır. Fərqliliyə, intellektuallığa iddia etsələr də çox mənasızdırlar, fikirləri səthidir, uzaqbaşı fors, blef naminə adları təntənəli səslənən iki-üç kitab vərəqləyiblər. Onlar sadəcə obıvatelləri aldada, obıvatellərdə maraq doğura biləcək davranışları yaxşıca mənimsəyiblər. Bəli, onlar məhz obıvatellərə maraqlı görünə bilərlər, onlar məhz obıvatelləri aldada bilərlər. Bir az ciddi intellektual yükü, həqiqi sənətdən azdan-çoxdan anlayışı olan adamlarda onların davranışları, hərəkətləri, söhbətləri dərin ikrah, ən yaxşı halda gülüş doğurur.
Hələ Belçika, İsveçrə, Danimarka kimi ölkələrin pasportları ilə üçüncu ölkələrdə sülənənlər, ekzotika axtaranlar, şərqlə qərbi birləşdirmək istəyənlər, “kasıbsınız, amma ürəyiniz genişdir,” deyərək sadə insanların cibinə girən, süfrəsinə qonan, sadə insanların səmimi hisslərindən, adət-ənənələrindən sui-istifadə edən qəpişnik, yumurtadan yun qırxan avropalı juliklər adamı lap cinləndirirlər. Tutub, Belçika, İsveçrə, Danimarka pasportunu əlindən alsan, büküb soxasan gözünə, sonra da deyəsən ki, ay julik, ay yumurtadan yun qırxan, get sən də kasıb, amma ürəyiaçıq ol görüm, necə olursan.
Çeslav Miloş “Kölə edilmiş ağıl” əsərində yazır ki, geyimi, davranışları ilə illah da sənətkar olduğunu ətrafdakılara bəyan etmək istəyən adamlar adətən istedadsız olurlar. Doğrudan da, orjinallığın gözə girməsi çox pis haldır. İndi, hal-hazırda bu cümlələri yazarkən gözlərim qarşısında müxtəlif dövrlərdə, müxtəlif məkanlarda gördüyüm obrazlar canlanır. Orjinallığını daima gözə soxan obrazlar lap nimdaşlaşmış tərzdə ifadə etsəm, kino lenti kimi gözlərim önündən bir-bir keçirlər. Onların hamısını ayrı-ayrılıqda, bir-bir təsvir etmək mümkün deyil. Buna vaxtım, gücüm çatmaz. Gəlin vəziyyətdən çıxmaq üçün belə edək. Belə bir optimal varianta əl ataq. Mən onlardan bir-ikisini təsvir edim, siz zəhmət olmasa, ümumiləşdirmə apararaq, qalanlarının necə ola biləcəyini özünüz təsəvvür etməyə çalışın. Əminəm ki, indi təsvir edəcəyim obrazlara oxşayan adamları sizlər də görmüsünüz.
Birinci obrazımızı illər əvvəl görmüşdüm. O, özünün quruluğundan, istedadsızlığından bərk əziyyət çəkirdi. Nə qədər maraqlı və istedadlı görünməyə çalışırdısa, bir o qədər də quruluğu və istedadsızlığı daha aydın görünürdü. Bu bilirsiniz nəyə bənzəyir? Tutaq ki, bir insan birdən –birə zövqlə geyinmək istəyir və nəticədə zövqsüzlüyünu daha açıq formada ortaya qoyur. Halbuki, o, birdən-birə zövqlə geyinməyə çalışmasaydı, bəlkə də elə öz əvvəlki geyimində qalsaydı, həm özü, həm də ətrafı üçün daha yaxşı olardı. Doğrudan təbii olmaq çətindir?
Elə adamlar var ki, çatışmayan hesab etdikləri tərəfləri bəzən onların obrazlarına kolorit qatır və belə adamlar çatışmayan hesab etdikləri cəhətlərinə müharibə elan etməklə, özlərini koloritdən məhrum edirlər. Misal üçün, bəzi adamlara yekə, əyri burun yaraşır. Bəs onlar nə edirlər? Gedib burunlarını kəsdirərək sifətlərinə məna verən yeganə orqanın başına min oyun açırlar. Nəticədə, sifət tamam mənasızlaşır, boşluqdan savayı heç nə ifadə etmir.
Başım çıxmır, adamlar niyə istəyirlər onların hər şeyi düz olsun. Harda yazılıb ki, bir insanın hər şeyi düz olmalıdır? Yaxud harda yazılıb ki, bir adam hərtərəfli, universal olmalıdır? Özü də əksər hallarda adamların istədikləri, arzuladıqları şeylər tamamilə onların təbiətinə yad olur. Məsələn, adam allahın kartofunu qızarda bilmir, amma cürəbəcürə qazanları, mətbəx əşyalarını alıb doldurur evə. Guya nə vaxtsa yaxşı yeməklər bişirəcək. Ərə getməyə heç bir şansı olmadığı halda təmtəraqla, əminliklə cehiz tədarükü görən adamları da başa düşə bilmirəm. Təsəvvür edə bilməzsiniz bütün bunlar məni necə narahat edir. Nə bilim, bəlkə də onlar niyyətin hara, mənzilin ora sözünə həddindən artıq inanmaqdadırlar.
İkinci obrazımız gənc, kifayət qədər istedadlı, qanacaqlı, mərifətli bir adam idi. Əgər zəhmətə qatlaşsaydı, yanını yerə qoyub oxusaydı, öyrənsəydi, tər töksəydi öz sahəsinin peşəkarına çevrilə bilərdi. Bunun üçün onun hər cür potensialı var idi. Amma o nə etdi? Heç nə, məşğul olduğu, peşəkarına çevrilə biləcəyi sahəni atdı, girişdi hindistan-mindistan söhbətlərinə. Yolun asanını, ucuzunu tutdu. Başladı həyatın mənası, xoşbəxtlik, bədbəxtlik, sevinc, kədər haqqında səthi, gülməli, məsuliyyətsiz fikirlər söyləməyə. Həyat bir çəmənlikdi, biz də arıyıq zad… İstedadına inandığıma, personasına hörmət bəslədiyimə görə onun belə ucuz yol tutması, şəxsən məni məyus etdi. Adam rəsmən özü öz əli ilə peşəkarına çevrilə biləcəyi sahənin üstündən xətt çəkib, mədəni formada təlxəklik etməyi seçdi. Bəli, həyat, həyatın mənası haqqında məsuliyyətsiz, ucuz, intellektə, həyat təcrübəsinə söykənməyən fikirlər səsləndirmək, mədəni formada təlxəkliklə məşğul olmaq deməkdir.
Bəylər, həyat, xoşbəxtlik, bədbəxtlik haqqında fikirlər üyütmək qıraqdan-qırağa sizə doğrudan belə asan görünür? Axı bu anlayışlar haqqında fikir söyləmək adamdan dərin intellekt, həm də güclü həyat təcrübəsi tələb edir. Hətta dərin intellekti, güclü həyat təcrübəsi olan adamlar belə çox vaxt həyat, həyatın mənası haqqında fikirlər səsləndirməkdən çəkinirlər, qorxurlar, söhbəti qəsdən absurda atırlar. Çünki, mövzunun ağırlığını, məsuliyyətini dərk edirlər. Bəs siz niyə arxı tullanmadan hop deyirsiniz? Burda yadıma bir əhvalat düşür. Deməli, yaşlı tanışlarımdan biri institutda oxuduğu zaman yersiz hoqqa çıxarır. Belə deyək, şitlik edib özünə qarşı diqqət yaratmağa çalışır. Lakin çıxartdığı hoqqanın nəticəsi gözlədiyindən də pis olur. İş böyüyür. Onu institutdan qovulmaq təhlükəsi gözləyir. Adamı aparırlar rektorun hüzuruna. Rektor da belələrindən N qədər görüb. Rektor buna deyir: “Gəl sən vaxtından əvvəl faciə axtarma, lazım olanda faciə özü gəlib səni tapacaq”. Yəni, uzun sözün qısası, hər şeyin öz vaxtı var. Xəstə tələsər, armud vaxtında yetişər.
Atalar üçdən deyib, gəlin üçüncu obrazımızı da təsvir edək və yavaş-yavaş yazını yekunlaşdıraq. Üçüncu obrazımız yazıçılarda səhvlər, zədələr, ruh pozuqluğu tapmaq kimi şeyləri özünün sevimli məşğuliyyətinə çevirmişdi və bununla cool göründüyünü zənn edirdi. Filan yazıçı, filan əsəri ona görə yazıb ki, onda, bax bu xəstəliklər, zədələr, komplekslər olub. İş elə gətirdi ki, obrazımızın qabağına həyatın yüngülvari bir döngəsi çıxdı və həyatın yüngülvari döngəsi yazıçılarda xəstəliklər, zədələr, komplekslər tapmağı özünün sevimli məşğuliyyətinə çevirmiş obrazımızı elə çaşdırdı, elə karıxdırdı ki, o, uzun müddət özünə gələ bilmədi. Dəyəsən, rahatlıqla mühakimə etdiyi adamların hansı keşməkeşlərdən, hansı çətinliklərdən keçdiyini başa düşdü.
Milan Kunderanın “Ölümsüzlük” əsərində maraqlı bir hissə var.
Pol adlı bir vəkil Heminqueyi yıxıb-sürüyür. Heminquey haqqında ağzına gələni danışır. Müəllif, Milan Kundera isə Pol adlı vəkilin Heminquey haqqında belə qəzəblə danışmasına çox tutarlı cavab verir. Deyir ki, əgər siz vəkil olaraq, pul müqabilində bir qatili, ən qatı cinayətkarı müdafiə edirsinizsə, onda nəyə görə kitab yazmaqdan savayı heç bir günahı olmayan adamın üzərinə düşürsünüz.

Azlogos.eu
Yuxarı