post-title

İndi hara gedirik?

Coğrafiya taledir. 

Xatırlaya bilmirəm kimin fikridir. Amma həyatının bu və ya digər vaxtlarında bu fikrə dönə-dönə qayıdıram. Bəzi şeyləri heç zaman seçə bilmirik və bilməyəcəyimizi unutmağa imkan vermir. Həyat bizə çox şeylərdə şans tanıyır, amma doğulduğun ailə, yaşadığın toplum, mənsub olduğun xalq, dövləti öncədən seçmək kimi şansımız heç zaman olmayacaq. Milyon illər keçsə belə, yenə də coğrafiyanın bizə qazandırdığı uğurları, uğursuzluqları həyatımız hansısa mərhələsində hiss edəcəyik. 

Livan əslli rejissor Nadine Labakinin çəkdiyi 3 uzun metrajlı filmin də əsas tezislərindən biri də məhz budur. Biz istəmədən yaşadığımız toplumun qaydalarını, onların həyat tərzini, sevincini, kədərini həyatımzın müxtəlif dövrlərində yaşayırıq. 

Nadine Labakinin uşaqlıq, gənclik illəri Livanın qaynar siyasi həyatına, vətəndaş müharibəsi dövrünə düşür. Labaki həyatın ona yaşatdığı bu anları da ustalıqla filmlərində göstərməyi bacarır. 

Bu həm "Caramel", həm "Where do we go now?", həm də bizim izləyicilərin də böyük marağına səbəb olan "Kefernahum" filmlərinin əsas qayəsidir. 

Nadin Labakinin də rol aldığı, melodrama janrında 2012-ci ildə çəkilən "Where do we go now?" (İndi hara gedirik?) filmində hadisələr Livanın müsəlman və xiristianlar yaşayan ucqar bir qəsəbəsində baş verir. 

Mərkəzlə sıx əlaqəsi olmayan, uzun zamandır, radio, televiziya işləməyən bu qəsəbədə insanlar zaman-zaman baş vermiş məzhəb davalarının acısını yaşayıblar. Amma baş verənlərdən nəticə çıxartmaq, sakit həyatlarını davam etmək sanki qəsəbənin kişiləri üçün bir əhəmiyyət daşımır. Əllərinə yenidən silah alıb bir-birlərinə güllə atmaq üçün kiçik bir bəhanə bu insanlara bəs edir. 

Qəsəbənin qadınları isə bunlardan usanıblar. Artıq həyatlarında olan heç kimi məzhəb davası üstündə itirmək istəmirlər və fim boyu bu mübarizə davam edir. 
Ətrafda başlayan, amma qəsəbə kişilərinin xəbərsiz olduqları döyüş xəbərlərini ağıllarına gələn, gəlməyən hər vasitə ilə qəsəbəyə gəlməsinin qarşısını almaq istəyirlər. 

Bunun üçün qəzetləri ilk əvvəl özləri oxuyub yandırmaqdan tutmuş, qəsəbə sakinlərinin baxdığı bir televiziyanı döyüş xəbərləri verməsin deyə sındırmağa qədər olan yolları sınaqdan keçirirlər. Hətta pul yığıb qəsəbəyə Ukraynalı modellər gətirməyə, qəsəbə kişilərinin başını qatmağa qədər olan yollara əl atan qadınlar yetərki müharibə olmasını istəmirlər. 

Baxdıqca bizi güldürən, məyus edən, sevindirən, çıxılmaza sürükləyən "İndi hara gedirik" filmində Labaki həyatının bütöv bir dönəmini insana yaşadır. 
Xiristian bir ananın oğlunun öldürüldüyü xəbərini qəsəbəyə bildirmək istəməməyi… 

Bu bilinəcəksə qəsəbədə yenidən döyüşün başlayacağı, bu dəfə sonuncu oğlunu da döyüşdə itirməkdən qorxan bir ananın məğrur dayanışığını görürük. Və ya fiziki məhdudiyyətli oğlu şiddətə məruz qalarkən ona bunu evdə danışmamağa yalvaran müsəlman qadının çırpıntısını da görə bilirik. 

Əslində, Labaki dünyada dini məzhəb üzərində baş verən müharibələri, münaqişələri kiçik bir kənd üzərində göstərərək, onu kiçik ümidləri ilə həll etməyə çalışır. 

"İndi hara gedirik?" filmi ssenarisi Livanda vəziyyətin gərginləşdiyi, Beyrut küçlərində bomba səslərinin eşidildiyi bir zamana təsadüf edir. Labaki müsahibələrin birində deyir ki, dini fikir ayrılığına görə illərdir tanıdığım dostlarım mənimlə düşmən mövqeyində idi. Mən isə hamilə idim. Və düşünməyə başlamışdım - müharibə olarsa, oğlumun əlinə silah alıb döyüşə getməməsi üçün nələr edə bilərəm? Və bu düşüncələr ilə "İndi hara gedirik?" filminin ssenarisi ortaya çıxdı. 

Yazının əvvəlində qeyd etdiyim "Coğrafiya taledir" ifadəsinə bir daha qayıtmaq istərdim. Bizim seçimimiz olmayan və olmayacaq şeylər kimi, hər zaman seçim edəcəyimiz hadisələr də var. Biz müharibə edib-etməyəcəyimizi, kiçik hadisələri qanlı qarşıdurmaya çevirməyəcəyimizi seçim edə bilərik. 

"İndi hara gedirik?" filmində olan qadınların etdikləri seçim kimi. 

Və nəhayət, mənə Nadine Labakinin filimləri sevdirən əsas cəhətlərdən biri də onun filmlərinə seçdiyi musiqilər olur. Həvəsiniz olarsa, filimlərə baxdıqdan sonra ayrıca olaraq bu musiqiləri dinləməyi tövsiyə edərdim.  

Elkin Xəlilov 
Kultura.az
Yuxarı