Mirmehdi Ağaoğlu: Kiçik insanların hekayələri

Литература

Nə yalan deyim, oxuyanda ki, Rasim Qaracanın 60 yaşı tamam olur, gözlərimə inanmadım. Nədən ki, 60 yaş, adətən, qocalıqla assosiasiya olursa da, R.Qaraca haqqında bunu demək düz gəlmir. Göz dəyməsin, təkcə zahiri görkəmi ilə deyil, fikirləri, düşüncələri ilə (ən çox da düşüncələri ilə) hər zaman gənc qalmağı bacarıb, özünün zehni gümrahlığını qoruyub.
Bu gümrahlığın da bir əlaməti yəqin hər il kitab çıxarmağıdır ki, bu məsələdə də məhsuldarlığı ilə gənclərə nümunə sayılar. Özü də yaddaşım məni aldatmırsa son illərdə Rasim bəy hər dəfə ad günü ərəfəsində yeni kitabla oxucuların görüşünə gəlir. Yeri gəlib deyim ki, qələm adamının oxucu ilə təması kəsməməsi, davamlı şəkildə kitab çap etməsi olduqca vacib nüansdır. Bu həm müəllifi unudulmağa qoymur, daim oxucunun nəzərində diri saxlayır, həm də onu kitab sənayesinin parçasına, ayrılmaz hissəsinə çevirir. Bu baxımdan R.Qaraca məhsuldar və nümunədir. Fikir versək, görərik ki, son on il ərzində R.Qaraca demək olar hər il müxtəlif janrlarda kitabları (roman, şeir, hekayələr, esselər) ilə oxucularını sevindirib.
Elə 60 illik yubiley ərəfəsində də ənənəvi dillə desək, oxucuların qabağına əliboş çıxmadı R.Qaraca, "Mənim həyatımı yaz” adlı hekayələr kitabı ilə sovqat gətirdi.
Kitabda adından da göründüyü kimi hekayələr və pyes yer alır.
Əvvəla ondan başlayım ki, R.Qaracanın digər əsərlərində olduğu kimi bu kitabda yer alan hekayələrində də qəhrəmanların bəziləri Qarabağ iştirakçısıdır. Ümumiyyətlə, R.Qaraca əsərlərində hər zaman Qarabağ mövzusunu aktual saxlayan qələm adamlarındandır. İstər onun Qarabağdan bəhs edən şeirləri ("Əgər ən yaxın dostun müharibədə ölmüşsə” (2009-cu ildə nəşr olunmuş "Əyri evin qadını” kitabında "Əgər ən yaxın dostun müharibədə ölmüşsə” adlı hekayə də var) olsun, istərsə 2014-cü ildə çapdan çıxan "On bir gecə” adlı romanı olsun, istərsə də sonuncu kitabında yer alan hekayələr olsun, hər birində Qarabağ mövzusuna toxunur. Lakin müəllif Qarabağ müharibəsi mövzusunun üzərinə birbaşa getmir, onun fokus nöqtəsi Qarabağ deyil, orda iştirak etmiş insanların sonrakı acı taleləridir. Düzdür, "Kəpənəkli günlər” hekayəsinin baş qəhrəmanı Seymur ayaqlarını müharibədə itirib, lakin burada diqqət onun həyatının müharibə ilə bağlı hissəsinə deyil, qadınsız qalmasına yönəldilib. "Nilufər” hekayəsində də əsas mərkəzdə olan fiqurlar (təhkiyəçi və Səməd) müharibə iştirakçısıdırlar, lakin burda da diqqət mərkəzində onlardan çox adi bir qadın xəstəliyini dilə gətirməyə utanan Nilufərin acı sonu dayanır. "Əlibaba bacı” hekayəsinin qəhrəmanı da oğlunu müharibədə itirdikdən az sonra bu ayrılığa dözə bilməyib ölən "qızbibi” insandır. Hamının ələ salıb güldüyü, cəmiyyətdə xüsusi nüfuzu olmayan, həyat yoldaşının belə əlindən "zəncir çeynəyən”, ən böyük bacarığı yaslarda qadınlara qoşulub ağlamaq olan Əlibaba bacı birdən-birə oxucunun gözündə yüksəlib tamam ayrı obraza bürünür. "Dünyanın ən qorxusuz yeri” hekayəsinin sonunda Almazın sığındığı Nəsib də ailəsini müharibədə itirib.
Göründüyü kimi bu hekayələrin hər birini müharibə ab-havası, müharibənin təsiri dəlib keçir və onları muncuq kimi eyni sapa düzür. Hekayələrdə baş verən hadisələr döyüş bölgəsindən – Qarabağdan xeyli uzaqda baş versə belə yaşanan ağrılar müharibənin episentrində olan insanların yaşadığı ağrıların eynisidir.
R.Qaracanın əksər hekayələrindən xüsusi struktur, təhkiyə ummaq əbəsdir. İlk baxışdan bu müəllif səhlənkarlığı kimi görünür, axı elə xırda detallar – qüsurlar var ki, onu ikinci oxunuşda rahat şəkildə düzəltmək olardı. Lakin sonra fikirləşirsən, çox güman müəllif bunu qəsdən edir və beləliklə pərakəndəlik üsluba çevrilir. Doğrusu mənə qalsa, bununla razı deyiləm. Amma onu da deyim ki, həmin bu pərakəndəlik, struktursuzluq, belə ifadə edim – təhkiyə dağınıqlığı - hekayələrə nağıl ovqatı qazandırır və müəllifin xarakterindəki qəlibləri dağıtmaq xasiyyəti üsluba çevrilir, mətnin canına hopur. Kitabın adından da göründüyü kimi bu hekayələr yazılmır, danışılır, nəql olunur, bunlar hekayə yox, hekayətlər, nağıllardır. Amma və lakin bizim dövrün nağıllarıdır. Çox güman ki, bu xüsusiyyət də onların oxunaqlılığını artırır.
R.Qaraca elə bil hekayələri küçədən toplayır, ona görə də onların üzərində küçənin tozu, iyi, qoxusu, soyuğu, istisi qalmaqdadır. Bu əhvalatlar tanışdır, təzəcə eşitdiyimiz əhvalatın eynisidir, tanıdığımız birinin başına gələnlərin oxşarıdır. Hekayələrin baş verdiyi coğrafi məkanlar realdır ("Çaqqalla görüş”də "Elmlər Akademiyası” metrosunun həndəvəri, digər hekayələrdə Qara Şəhər, Passaj bazarı, "28 Mall”, "Road kafe”), bildiyimiz yerlərdir, misal üçün dünən keçdiyimiz küçədir, bu gün hekayədə qarşımıza çıxır. R.Qaraca bu hekayələrdə doxsanlardan – müstəqillikdən bu yana dəyişən, modifikasiyaya uğrayan Azərbaycan insanının taleyini, məruz qaldığı təbəddülatları göstərir. Hekayələrə ara-sıra sosial problemləri əlavə etməyi unutmur. Mən deyərdim ki, sosial problemlərin bu cür təqdimatı hekayəni günümüzlə bağlayan ip rolunu oynayır, onun gündəmlə təmasını təmin edir. Nümunə üçün, elə kitabda yer alan ilk hekayədə ("Kəpənəkli günlər”) olduğu kimi oxucu qəfildən personajın Sovetskidən Xırdalana köçməsindən şikayətlənməsi ilə qarşılaşır. Yeni həyata öyrənə bilməyən, ömrünü Sovetskinin dar küçələrində xırd eləmiş personaj Xırdalanda ekzistensial böhran yaşayır və müəllif də "çox da dərinə getmir”, problemi üzdən verir, lakin bu cür detalların verilməsi üzərinə qar qonmuş elektrik naqilinin qəfil küləklə çırpıınıb qarını tökməsinə bənzəyir.
R.Qaracanın əksər personajları miskin, depressiv, həyatı alınmamış qəhrəmanlardır. Hekayələri oxuduqca, sanki, kimsə qulağının dibində qəmli bir nəğmə səsləndirir və bu qəmli nəğmələr tez-tez müəllifin şairanə tapıntıları, sarsıdıcı cümlələri ilə özünün yüksək akkord zərbələrini endirir. Bir tərəfdən düşünürsən ki, bu personajlar tanıdığım, bildiyim adamlardır, qonşumdur, qohumumdur, əqrəbamdır, necə olub ki, bu vaxta qədər bu insanların taleyinin bədii dəyərinin varlığı ağlıma gəlməyib?
R.Qaraca qadın problemlərinə diqqət etməyi də unutmur. Son illərdə aktuallıq qazanan qadın mövzularını bir hekayəçi kimi işıqlandırır, Azərbaycan qadınının üzləşdiyi çətinliyi, qarşısındakı maneəni bədii boyalarla bəzəyir. İlk baxışda adi görünən bu problemləri ("Şahanə” hekayəsinin eyni adlı qəhrəmanının şəhərə ərə getmək istəyi) R.Qaraca bədii müzakirə səviyyəsinə qaldırır, ona bədii don biçir. Ayıblı (!) kəndində yaşayan Şahanə şəhərə köçmək, kəndin palçığından, soyuğundan, şaxtasından yaxa qurtarmaq niyyətindədir. O səbəbdən şəhərdən gələn hər kişiyə potensial ər gözündə baxır. Bu yüngüllüyünə görə əvvəlcə Nəcəf müəllimin şirin vədlərinə aldanır, şəhərli oğlanın bədənində dolaşan nəvazişli əllərini geri itələmir. Sonra məlum olur ki, müəllimin dərsdən sonra saxladığı qızların sayı bir deyil, iki deyil (gör şəhərə köçmək istəyən nə qədər qız var), hətta Solmaz adlı qız daha irəli gedərik, müəllimdən hamilə qalıb. İş böyüyür, müəllimi ölüm və həbsdən Solmazla evlənməsi xilas edir. Beləliklə bir qızın şəhərə köçmək arzusu gerçəkləşir. R.Qaraca bu ironik mənzərə ilə əyalət qadınının necə acınacaqlı bir durumda yaşadığını, onu yersiz əxlaq normaları ilə yanaşı ağır sosial həyatın sıxdığını da nəzərə çarpdırır. Müəllimdən sonra Şahanənin kənddə xoşbəxtlik tapması təbii ki, mümkün deyil, adı ləkələnmiş qızı əyalətdə heç kəs almaz. Lakin gözlənilmədən uğur onun üzünə gülümsəyir, şəhərdə yaşayan bir ailə kənd qızıdır, əxlaqlıdır deyibən Şahanəyə talib olur. Əslində, bildiyimiz, məişətdə şahid olduğumuz, eşitdiyimiz hadisə-əhvalatdır. Lakin R.Qaracanın nəqletməsində bu hekayənin üstünlüyü ondadır ki, o, yersiz sentimental ricətlərə varmır, mövzuya müasir yanaşma təqdim edir, kobud desək, Şahanəyə haqq qazandırır.
Şəhər həmişə xilas yeridirmi? Əyalətdən göründüyü qədər parıltılıdırmı? Qaçırılıb Bakıya gətirilən, sonra burada taleyin ixtiyarına buraxılan Almazın ("Dünyanın ən gözəl yeri”) timsalında biz kənddən daha qəddar bir məkanla qarşılaşırıq. Şəhərdə himayəsiz qalan qızı Oruc adlı tələbə Qara Şəhərdə kirayə qaldığı mənzilə gətirir. Burada Orucdan başqa üç tələbə həmkəndlisi də yaşayır. Almaz burada tələbələrin yeməyini bişirir, paltarlarını yuyur. Hər şey yaxşıdır. Lakin bir müddət sonra oğlanlardan birinin intim təklifini əlacsız şəkildə qəbul edir. Növbəti dəfə o biri tələbənin təklifinə boyun əyəsi olur. Bir müddət sonra üçüncü tələbə də bu silsiləyə qoşulur. Axşamlar isə Almaz Orucla yatır. Hamilə qaldığı məlum olanda isə oğlanların hamısı ondan boyun qaçırır. Oruc himayə edəcəyinə söz versə də sonradan Almazı körpəsi ilə birlikdə yiyəsiz qoyub itir. Çarəsi tükənən Almaz özü kimi sərgərdan həyat yaşayan Nəsibə (ailəsini müharibədə itirmiş qəhrəman!) rast gələndən sonra sabit həyata qədəm qoyur.
"Dünyanın ən gözəl yeri” hekayəsi kinematoqrafik cəhətdən də zəngin materiala malikdir: Rayondan qaçırılıb Bakıya gətirilmiş qız, kirayə mənzildə yaşayan dörd tələbə oğlan və bu oğlanların intim macəralarının fonunda cərəyan edən ictimai-siyasi hadisə. Necə deyərlər, içində həm həm dövrün aktual problemləri, həm də faktura. Pis çıxmasın, hər şeyi izah elədim, bircə qaldı bir rejissorun bunları oxuyub həyata keçirməsi.
Qeyd: Kitabda bizim bəhs etmədiyimiz "Tanya”, "Böyük insanla görüşlərim” "Yağışda gələn qız”, "Dördüncü yolçu” kimi müxtəlif səpkili hekayələr də yer alır. Onları qiymətləndirməyi də oxucunun ixtiyarına buraxaq. /artkaspi.az/
Kultura.az | Developed by Samir Yahyazade