İlham Əkbərli - Çox adam var

Литература

(HEKAYƏ)


İstanbulda heç olmamışam. Düzü başqa şəhərdə də olduğum görülməyib. Ona görə yox ki, şəhərlərə gecəylə gedib-qayıdıram və məni heç kim görmür, ya da ona görə yox ki, şəhərlərdə ancaq gecələr baş verən qeyri-adi hadisələri çözən və kimliyi bilinməyən superqəhrəmanam. Başqa şəhəri bilmirəm, amma Bakı üçün, əslində, elə superqəhrəman kimi bir şeyəm. Badımcan Adam!

 

Bizim taksilərə də niyə badımcan deyirlər, bilmirəm. Guya hər şeyin adını öz rəngiylə çağırırlar?! İndi mən desəm ki, işıqfor pomidor göstərir, düzgün olmaz, axı. Öz aramızdır, bu danışan işıqforlar da özünü qonaq qəbul edən ev xanımı kimi aparır. Keçin, keçin, keçin, keçin, keçin. İşıqfor daha çox söz bilsə, yəqin deyərdi ki, “uşaqları niyə gətirməmisiz, bizimki iki gündür həvəslə onları gözləyir.” Dayanın! Yox, nəsə kəşf eləmədim, bunu da işıqfor deyir. Bu dəfə adamlar dayanırlar. İşıqfordan da söz götürmək, bir az, bilmirəm…

 

İşıqforu keçən kimi dayanacaqda bir xanım əl edir. Deyəsən, mənə əl edir. Ya məndən xoşu gəlir, ya hər gün bu dayanacağa çıxıb gəlib-gedəni yola salır, ya da harasa tələsir deyə taksiyə minməlidir. Taksini dayanacaqdan bir metr irəlidə saxlayıram. Bilmirəm, kimin sözüdü... Deyir, kasıb adam rahatlığa o qədər öyrəşməyib ki, taksini də avtobus dayanacağına çağırır. Xanım tələsə-tələsə taksiyə əyləşir. Açıq yaşıl tonlarda yay donu geyinib, ayağında dabansız ayaqqabı, qolunda isə əqrəbsiz qol saatı var. Belə donlar mənə həmişə yayın sonunda mağaza vitrinlərinə vurulan endirim elanlarını xatırladır. Mən yay fəslini o qədər xoşlayıram ki, bu elanlara kədərlənirəm. “Yayın son endirimi!” ifadəsi qədər kədərli çox az şey eşitmişəm. 

 

Bu arada radio aparıcı sualı bir də təkrarlayır. Heç İstanbulda olmusunuzmu? Mən artıq cavab vermişəm. Yəqin bu dəfə xanımdan soruşur. Deyəsən, Bibər xanım da sualı öz üstünə götürüb cavabını verir: “İstanbul daha əvvəlki kimi deyil”. Əvvəlki halını görməsəm də, Bibər xanımdan niyəsini soruşuram. “Çox adam var” – deyir. Radioda mahnı başlayır. Badımcan Adam və Bibər xanım yenə pomidorda dayanır. Lap üç bacı dolması olmuşuq. Ard-arda qırmızı işıqlarda qala-qala irəliləyirik. Rəşid Behbudov küçəsini Bakının “qırmızı fənərlər” küçəsi adlandırmaq lazımdır. 

 

Radioda musiqi davam edir. Bibər xanım isə qulaqlıqlarını taxıb öz seçdiyi musiqini dinləməyə başlayır. Yəqin radioda gedən mahnını bəyənmədi, amma dalğanı dəyişə bilmərəm. Şəxsi mənafeyim üçün Məna FM-də qalmalıyam, çünki hədiyyəsi İstanbul bileti olan müsabiqənin seçmə sualına qısa mesajla cavab göndərmişəm.


Radioda yeni mahnı başlayır. Mən dairəvi yoldan çıxanlara yol verirəm, radio aparıcısı isə bizi yola verir. Kaş adamlar da danışmağa həvəsləri olmayanda özlərində mahnı qoşa biləydilər. Görən Bibər xanımın qulaqlıqlarında hansı mahnı səslənir. Nə fərqi var? Yəqin ki, onun sözləri də ya sevgidən, ya da ayrılıqdandır. Elə bil, nəğməkar şairlər başqa heç bir hiss keçirmirlər. Mən də nəğməkar şair olmaq istəyərdim. Arada yol gedəndə mənim də ağlıma mahnılar gəlir. Gələcəkdə nəğməkar-taksist olaraq bütün bu mahnılardan ibarət “Öz-özümə zümzümə” adlı albom buraxmaq istəyirəm. 

Yolun sağını götürüb bir az qabaqdakı Karusel Tavırs-ın önündə saxlayıram. Dayanacaqdan xanımın iş yerinə beş mahnılıq məsafə var imiş. Bibər xanım pulu uzadır və düşüb qaça-qaça tavırsa girir. Tələsir. Amma onlar heç yerə tələsmir: Elektrik naqilinə düzülmüş göyərçinlər kimi binanın qabağında düzülüb siqaret çəkən dörd-beş ağ köynəkli gənci deyirəm. Elə dayanıblar ki, elə bil, siqaret çəkəndə zamanı dayandırmağı bacarırlar. Onlara kömək olmaq üçün maşını sağa çəkib bir siqaret də mən yandırıram. Elə zamanı dayandırmaq üçün yeni-yeni öz töhfələrimi verməyə başlamışdım ki, telefonum zəng çalır, radio aparıcısının səsi eşidilir. Salamlaşırıq və bir daha o sualı soruşur. 

 

-       Heç istanbulda olmusunuzmu? 

-       Bilirsiz, İstanbul daha əvvəlki kimi deyil...

-       Niyə?

-       Çox adam var… 

 

Badımcan yolda gərək. Təzədən yola çıxıram. Yay sonu endirimlərindən xəbər verən avqust günəşinin son şüaları düz gözümə düşür. Hava get-gedə qaralır. Deməli, zamanı dayandıra bilməmişdik. Bu gecə də şəhərin Badımcan Adama ehtiyacı olacaq. 


Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade