Ağ-qara şəkil

Публицистика

Soldakı evin divarına vurulmuş xatirə lövhəsi utanmadan yalan danışır. Azərbaycanın Xalq Rəssamı, Professor Kamil Əliyev guya bu evdə yaşayıb yaratmışdır. Amma mən bu evin bünövrəsindən necə tikildiyini öz gözlərimlə görmüşəm axı!

Bir az qabaqda miniatür ölçülü Memar Əcəmi məqbərəsinə bənzəyən içməli su fontanına zəncirlə bənd edilmiş çuqun krujka da yoxa çıxıb.

Qədim karvanların izi ilə Buxara və Multanı karvarsaraylarının arasındakı iynə gözündən keçib Qız qalasının qarşısına çıxırsan və birdən burnuna yaş taxta və təzə lak qoxusu gəlir.

İndi bir daha xatırlayırsan ki, Elman dayı dünyasını dəyişib.

Əlimi gözümün üstünə tutub qapının şüşəsinə dayayıram. İçəridə təmir işləri hələ başa çatmayıb. Şkaflardan və kitablardan təmizlənmiş boş məkanın düz ortasında tək-tənha dayanan parketyonan aparat gözə batır.

Divardakı rəsmlərə toxunmayıblar. Elman dayı bu rəsmləri məşhur bir rəssamın çəkdiyini deyirdi, adı yaddaşımda ilişib qalmayıb. Deməli gələcək məkanın konsepsiyasında bu rəsmlərə hələ ehtiyac var.

Yeni quraşdırılmış markizlərin üstündəki Book and Coffee yazısı hər şeyin əvvəlkitək, hətta bir az daha üst səviyyədə olacağının müjdəsini verməyə tələsir. Elman dayının dükanında təkcə özü üçün dəmiryolçu stəkanında çay olurdu, müştəri üçünsə ancaq kitab. İndi isə müştəriyə kitabla bərabər qəhvə də təklif edəcəklər.

Amma həqiqətənmi bu yeni dünya bizim öyrəşdiyimiz və belə qəfil tamarzı qaldığımız köhnə dünyanın davamı olacaq?

unnamed (1)

Heç nə olmamış kimi yenidən bir də o qədrini bilmədiyimiz köhnə günlərə qayıtmaq mümkündürmü?

Elman dayı son vaxtlarda sanki həyata marağını tamam itirmişdi. Saatlarla yerində oturub ya klassikləri təkrar oxuyurdu, ya da qarşısındakı divara tamaşa edirdi. İçəri keçəndə ayaq saxlayıb piştaxtanın arxasına diqqətlə baxmasaydın, yumşaq kreslosuna yayxanıb fikrə dalmış balaca qocanı görməyə bilərdin. Deyəsən heç dükandakı kitab çeşidlərini də yeniləmirdi.

Elman dayının tanış dünyası çoxdan tarixə qovuşmuşdu. Elman dayı isə kreslosunda əyləşib yatmaq üçün gecənin düşməsini gözləyən XIX əsr adamı kimi sadəcə oturub gözləyirdi. Öz gecəsinin düşməsini.

Əlim gözümün üstündə qapının şüşəsinə dayanıb içəri baxıram.

Bax, burada, qapıdan girən kimi sağda Lion Feyxtvanger, Romen Rollan, Rabindranat Taqor kimi böyük ədiblərin sovet vaxtı nəşr edilmiş çoxcildlikləri yığılardı. Elman dayı heç cür qəbul etmək istəmirdi ki, yeni gələn dövr bu dahilərin yazdıqlarını artıq lüzumsuz görür. Ona görə qapıdan içəri keçən hər kəsin birinci onlarla təmasda olmağını istəyirdi – keçmişin nəhənglərinə bundan böyük köməklik göstərə də bilmirdi.

Solda, qapı ilə pəncərə arasındakı qaranlıq şkafda son sovet dövrünün rus dilində yazan azərbaycanlı yazıçılarının kitabları qərar tutardu. Vaxtilə aydın səmada günəş kimi parlayan, hər yeni kitabı Mərkəzi Komitədə narazılığa və söz-söhbətə səbəb olan, çoxtirajlı bu yazıçılar indi arxası günəşə oturub öz gəlməyən oxucularını gözləyərdilər.

Pəncərədə – vitrində Elman dayı satılmayacağından əmin olduğu, amma gözəl bədii tərtibatı ilə seçilən bir neçə kitabı onlara layiq fəxri kürsülərinə oturtmuşdu. Bu toy generallarının tək funksiyası bayırdan keçənləri buranın kitab dükanı olması barədə xəbərdar etmələri idi, onun da öhdəsindən layiqincə gəlirdilər.

Pəncərədən başlamış bütün künc və sol divar boyunca filologiya tələbələrinin son pənah yeri – klassik və müasir Azərbaycan ədəbiyyatı şöbəsi yerləşirdi. Köhnə və yeni nəşrlərdə, yaxşı qalmış və ya nimdaş nüsxələrdə, burada təkcə Nizami və Nəsimi yox, hətta Nakam və Nəbati də öz xoşbəxt oxucusu ilə əvvəl-axır görüşəcəkdi.

Küncdəki köhnə rəngli televizordan dayanmadan yağan ANS-in milli-vətənpərvər ruhda təbliğatına sanki həmahəng olaraq onun yanındakı şkaf da vətənpərvər və millətçi ədəbiyyatı fəxrlə sərgiləyərdi. Burada hansı kitablara rast gəlmək mümkün deyildi ki! Ermənilərlə münaqişəmizə dair ən obyektiv sənədlər toplusu və elmi ədəbiyyatdan tutmuş ermənilər barəsində inanılmaz irqçi iddialar irəli sürən propaqanda nəşrlərinə qədər hər kəsin zövqünə və tələbatına cavab verən kitablara rast gəlmək olardı. Çoxunun qatı açılmamış bu köhnə kitabları özü də xeyli nüsxədə görəndə Elçibəy hökumətinin bir illik xaotik hakimiyyəti dövründə bu qədər kitabı necə və nə cür imkan və vəsait tapıb çap etdirməsinə təəccüblənməyə bilmirdin.

6266d9ee1d83

İçəri otağa aparan qapının sağında dərisi süzülmüş iki köhnə kreslonun əhatəsindəki jurnal stolunun üstündə həmişə populyar psixologiyaya dair rusca bir neçə kitab gözə dəyərdi. Sovetin son illərində küyə düşüb necə gəldi tərcümə və çap olunan bu yenidənqurma optimizminə Elman dayı sanki öz layiqli yerini belə göstərirdi.

Ən sağda, rus dilində dünya ədəbiyyatı nümunələrinin yığıldığı, ildən-ilə balacalaşan və kasadlaşan şöbədən sonra bütün sağ divar boyunca qapıya qədər uzanan nəhəng piştaxtanın üstündə suvenir nəşrlər, açıqçalar və bir də bizim gənc yazarların kitabları düzülərdi. Bu piştaxtada Azərbaycanı tanıdan və təbliğ edən albomlar və suvenir nəşrlərlə yanaşı gənc yazarların kitablarının da yer alması mənə çox simvolik görünürdü – sanki Elman dayı deyirdi ki, bu gənc yazarlar da müasir Azərbaycanı təmsil edirlər, təmsil etməyə layiqdirlər. Hərçənd gənc yazarın 5 manatlıq kitabı üçün çox bahadır, yaman bahadır, kitab üçün bahadır tipli qaçılmaz şərhi də öz yerində.

Nəhayət, piştaxtanın qurtaracağında, qapının yanında, Elman dayının oturduğu kreslonun düz üstündə divara vurulmuş iri ölçülü ağ-qara şəkil.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əliyev və Bakı Kitab Evinin direktoru Elman Mustafayev yeni nəşr olunmuş bir kitabı diqqətlə nəzərdən keçirirlər.

Portretlərin kütləviləşdiyi, öz funksionallıqlarını itirdiyi, hətta siyasi təbliğat vasitəsi olmaqdan da çıxıb inventarın mexaniki tərkib hissəsinə çevrildiyi bir zamanda Elman dayı öz dükanında bu özbaşınalığa heç cürə yol verə bilməzdi.

Nahar fasiləsində gəlib dükanı içəridən bağlı görən, amma israrla qapını döyməyə davam edən müştərilər içəri otaqdan çıxıb onlara tənəli gözlərlə baxan və əlləri ilə nahar fasiləsidir deyib tez də yoxa çıxan Elman dayını yaxşı xatırlayarlar.

Əgər Elman dayının dükanında portret olacaqdısa, deməli portret olacaqdı.

Elman dayı rəhmətə gedib, ona görə də mənə danışdığı bir məsələni indi burada yaza bilərəm. Heydər Əliyev hələ Birinci Katib olanda kitab mağazasına baş çəkməzdən əvvəl onun ətrafından bir nəfər müştəri qismində həmin mağazaya gələrdi, özünü kitablara baxırmış kimi göstərərək bir neçə kitabın yerini gizlicə dəyişib tez də gedərdi. Sonra Heydər Əliyev özü mağazada olanda səhv rəfə qoyulmuş həmin kitabı təsadüfən tapardı. “Axı bu yazıçı gənclərdəndir, nə tez onu klassiklərə aid etmisiz?” tipli dostyana atmacaları təsəvvür etmək olar. Bu məqamda kitab mağazasının müdiriyyəti, satıcılar özlərini itirərdilər. Nöqsana yol veriblər axı! Şəxsən Birinci Katib onlara irad tutub!

Elman dayının – onda hələ 40 yaşını təzə haqlamış Elman Mustafayevin, Bakı Kitab Evinin gənc direktorunun Birinci Katiblə bir yerdə yeni nəşr olunmuş kitabı nəzərdən keçirdikləri fotoya baxıram. Fotonun rakursu həm Birinci Katibin, həm də gənc direktorun gözlərini görməyə imkan vermir – onlar kameraya yox, kitaba baxırlar. Birinci Katibin simasında Olimp sakitliyi var. Elman dayı isə bir az qaraqabaq görünür. Gənc olmasına baxmayaraq sifətini dərin qırışlar kəsib. Bu yaşında artıq ağır məsuliyyət daşıdığı aydın olur. Amma bu qırışlar, qaraqabaq, amma təmkinli sima həm də onu deyir ki, bütün kitablar rəflərdə öz yerlərindədir. Axıra kimi də öz yerlərində qalacaqlar. Elman dayının gecəsi düşənə qədər.

Əli Novruzov
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade