Olga Tokarçuk - Səbinənin arzusu

Литература

2018 Ədəbiyyat  üzrə Nobel mükafatçısı polşa əsilli yazıçı və şair Olga Tokarçukun Fərqli Barabanlarda İfa adlı hekayələr kitabından “Səbinənin arzusu” hekayəsini sizə təqdim edirik.

İndi həftədə bir dəfə doktor M. və onun həyat yoldaşı pani Yoliyanın və qızı Kaziyanın evində təmizlik aparan Səbinə haqqında söhbət gedəcək. O ilk dəfə deyil ki, təmizlik apararır; yüzlələrlə eyni ilə bir-birinə oxşar belə təmizliklər aparıb. Doktorun kabineti, xəstələrin gözlədiyi gözləmə otağı, tualet. Sonra digər otaqlar, böyük bir mətbəx və yuxarıdaki yataq otaqları; biri M. cütlüyünün, ikincisi Kazinin. Bəzən – digərlərindən daha az, – qonaq otağı, əsasən bayramlardan, uzun tətillərdən, ad günlərindən sonra. Bir də biri üstüörtülü digəri açıq iki veranda var. Orada hamar kafel ilə döşənmiş döşəməni süpürmək və yumaq lazımdır. İl ərzində əllidən çox təmizlik; ildə beş altı dəfə Səbinə bütün pəncərələri yuyur; təxminən iyirmi dəfə terrakt döşəmələri süpürüb mastika ilə silir; üç-dörd dəfə xalçaları döyəcləyir. Hər guşə, hər əyşa Səbinəyə tanışdır – hətta çox yaxşı tanışdır. Bəziləri ( taxta mətbəx dəzgahı, vitraj abajurlu torşer) xoşuna gəlir, digərlərini görən gözü yoxdur (buxarının içinə yığılmış mis qablar, daim çirkli olan piltə), bəzilərini isə sevir ( Kazinin otağındaki çəhrayı xalça, hamamı döşəyən dümağ kafel). Səbinə cümə günü, evində oğulları özlərinə cümə axşamından qalma pankekləri isitdiklərində, gəlir. Həkimin evində həmin gün balıq bişirilir – sonra o yanmış tavanı təmizləyir. Səbinə erkəndən peyda olur. Doktor M.-in zərif villasına Podgajedən qırmızı şəhər avtobusu ilə yetişir.

Wałbrzych üzərindəki yol ona zövq verir – Səbinə ekskursiyaya getdiyini xəyal edir. Həmişə təəssüf edir ki, tutqun, ləkəli və iylənmiş Podgajedən kölgəli, yasəmən qoxulu Szczawnoya olan səyahət bu qədər qısa çəkir. O pəncərə tərəfdə oturur, insan çox olanda isə, “uşaqlar və əllillər üçün yer”ə əyləşməkdən çəkinmir. Çünki Səbinə hamilədir. O daim hamilədir; nəticədə onun beş oğlu var – yalnız oğlanlar!-, və Səbinənin hamiləliyi onun xarakteristik xüsusiyyəti, təbii vəziyyətidir. Heç vaxt ürəkbulanması, başgicəllənməsi, qəfil əhval dəyişikliyi, vəhşi iştahı olmur. Kökəlməyə və ya arıqlamağa çalışmır. Səbinə bədəni üçün narahat olmur. Səhər tezdən kətan idman kostumu və ya güllü çit paltar geyinib səhərdən axşama kimi elə dolaşır. Oralarda bir yerlərdə, çitin altında bədəni öz maraqları ilə yaşayır. Onun üçün narahat olmağa ehtiyac yoxdur. İndi bəzən Səbinə bədənini nəzərdən keçirmək üçün həkimin yoldaşının yataq otağındaki böyük güzgü qarşısında dayanır; qarnının həmişəkindən fərqli olub-olmadığını görmək üçün baxır. Axı, məlumdur ki, əgər qızdırsa, qarın günbəz kimi geniş və yumşaq olur. Oğlandırsa, əksinə sanki dünyanı yırtmaq istəyirmişcəsinə qabarıq və top kimi bərk olur. Bu yaxınlarda pani Yoli onu bu məşğuliyyət üstündə tutanda Səbinə karıxıb qaldı. O qızardı və özünü elə apardı guya güzgünü silir. “Hamiləlik sənin xeyrinədir – həkimin yoldaşı dedi. – Yaxşı görünürsən”. Səbinə xanımın kreslonun üstünə səpələnmiş əşyalarını ehtiyyat və səliqə ilə qatlayır. Köynək və donları qollarından elə götürür, elə bil onlar canlı varlıqlar, ev heyvanlarıdırlar. Onları dolabın içindəki taxta asmanın üzərindən asır. Orada hökm sürən və bütün əşyalara hopan qoxunu içinə çəkir. Bu açmış çiçəklərin qoxusudur, ancaq Səbinə bilmir hansı çiçəklərin qoxusudur. Qadınlığın ətri; zərif, cəzbedici, əlçatmaz. Daha az istəklə həkimin geyimlərini qatlayır. Köynək və gödəkçələr donlar və qadın kostyumları ilə eyni yumşaq parçalardan tikilsə də, onlara toxunmadan öncə Səbinənin əli bir anlıq tərəddüd içində donub qalır. Bu tərəddüd üçün heç xırda səbəb belə yoxdur, odur ki, Səbinə məşğuliyyətinə davam edir. Barmaqların toxunuşa müqavimət göstərdiyi bu yarım saniyəni necə adlandırmaq olar? 
Nədir bu? Tikanlı kişi yanağının hissi? Kişi əlinin kobudluğu? Qaşların dəqiq xətti? Pilləkəndən gələn ağır addımların əks-sədası? Xəfif spirtli içki qoxusu? Hər şeyi yığışdırdıqdan sonra Səbinə şkafın aynalı qapısındaki əksinə baxmamağa çalışaraq, onu bağlayır. Yataq otağının təmizliyini bitirdikdə balaca Kaziya məktəbdən qayıdır. Onun səsi artıq salondan eşidilir. Sanki Kaziyanın anasıymış kimi, Səbinə qızı salamlamaq üçün aşağı qaçır. Bir dəqiqəliyinə o qalan hər şeyi unudur. Kaziya döşəməyə oturub ayaqqabısının iplərini açır. Anasının suallarına cavab verir. Səbinəyə gülümsəyir. Kaziyanın sarışın, çiyinlərinə qədər uzanan qıvrım saçları, çilli üzü və parlaq, aydın gözləri var. Ağzı o qədər kiçikdir ki, sanki yemək yemək üçün deyil, quşlar kimi cəh-cəh vurmaq üçün yaradılıblar; dodaqları incə, solğundur. Onun böyük dişləri var – bu təsirlidir, Səbinə belə hesab edir. O yuxarı aparmaq üçün qızdan çantasını alır. Kaziyanın otağını yığışdırmağa onun çantasını yerinə qoyaraq başlayacaq. Kaziya hələlik nahar edəcək, sonra isə İngilis dili müəllimi və iki qonşu qız gələcək və dərs başlayacaq. Aşağıdakı qonaq otağından Səbinəyə yalnız kişinin və qızların səsi, bəzən televizorun, xarici dildə söhbətlərin parçaları, tamamilə anlaşılmayan boğaz səsləri eşidilir. Və sadəcə “yes” kəlməsini anlayır – bu ona böyük zövq verir. Elə bu vaxt Səbinə üçün ən xoş dəqiqələr gəlir. Kaziyanın otağı, Kaziyanın otağı – qoqol-moqol kimi, halva kimi şirin bu sözlər. Kaziyanın otağı çəhrayı rəngdədir, tamamilə çəhrayı rəngə boyanıb. Ayaqlarının altındakı yumşaq xalça Səbinədə ehtiram hissi oyadır. Heç vaxt ora ayaqqabı ilə çıxmağa cürət etməz. Dizlərinin üstündə dayanaraq xalçadan konstruktorun detallarını, peçenye qırıntılarını yığır. Sonra isə üzərini iki-üç dəfə tozsoranlayır. Olur ki, bəzən zəif və ya kədərli olduğu və ya necə adlanır bu hisslər – Səbinə belə şeylərə ad qoya bilmir-, ələxsus da elə dəqiqələrdə ki… ah, ən yaxşısı bu barədə düşünməməkdir, bir sözlə bəzən çəhrayı xalçanın üzərinə qarnı narahat etməyəcək şəkildə yan yatır və bir müddət eləcə qalır. Döşəmədən otaq ona daha təhlükəsiz, daha da rahat görünür. Yumşaq çəhrayı yunu yenidən və yenidən əlləri ilə oynadaraq uzun müddət belə uzana bilər. Xəyallara dala, içərisində istilik hiss edə, düşüncələrin bir birinin ardınca gəlib yer dəyişdirdikləri, dayaz yuxuya dala bilər. “Yes, yes” – aşağıdan qızların səsi gəlir. Səbinə ayağa qalxır, çünki hələ çox işi var. Uşaq yatağının döşəkağısını dəyişdirir; təmiz, günahsız döşəkağı. Uzun müddət yastığı döyür ki, Kaziyanın başı rahat olsun. Yorğanı silkələyir ki, pərqu hamarlansın. Bir müddət düşündükdən sonra isə, məmnuniyyətlə yastıq və yorğan üzünün rəngini seçir; Kaziyanın dolabında bir neçə seçim var; çətirlərlə bəzədilmiş çəhrayı rəngdə olan, fillərlə açıq mavi rəngində, ağ rəngdə, çəhrayı rəngli buz kimi hamar satindən və yasəmən budaqları ilə bəzədilmiş kloş parçadan olan dəst. Sonra Səbinə balaca qızın masasını qaydaya salır – rəngli qələmləri və karandaşçərtənləri, əyri-üyrü əl yazısı ilə yazılmış dəftərləri yerbəyer edir. Alma artıqlarını, konfetlərin sarğılarını, portağal qabıqlarını təmizləyir, tozları silir, səliqə ilə kuklaları beşiklərinə və arabalarına yerləşdirir. Kuklaların ayaqqabılarının hər tayının olmasına, donlarının arxadan düymə ilə bağlanmasına diqqət edir. Və bu məşğuliyyət də, cümə günü olan ən xoş dəqiqələrdir – kuklalara toxunmaq, saçlarını düzəldib, rəflərə yerləşdirmək. Səbinə heç bu barədə necə düşünüləcəyini bilmir, sadəcə öz içində gülümsəyir. Ancaq barmaqları artıq rahat qatlanmayacaq qədər şişdiklərinə görə o kuklaların paltarlarındakı bağların və qarmaqların öhdəsindən gələ bilmədiyini görür. Bu an həmişə pani Yoliya içəri girir. Nəyisə axtarırmış kimi özünü aparır, ancaq əslində Səbinə Kaziyanın otağında olanda narahat olur. Bir dəfə o ərinə “Səbinə infantildir”, dedi. “-Deyəsən, o orda kuklalarla oynayır.” “Özündən şey çıxartma – deyə əri laqeydcə cavab verdi. Və əlavə etdi – Ona de ki, hemoqlobinini yoxlatdırsın və onu gələn həftə müayinə edə biləcəyimi söylə”. Pani Yoliya: “Ona bir spiral qoyardın”. Əri: “Gördüyün kimi, macal tapa bilmirəm, elə ki hazır oluram – və budur, o yenidən hamilədir. Deyərsən USM-yə gəlsin”. 

Təmizlik bitdi. İndi Səbinə mətbəxdə çay içib peçenye yeyir. Şəkərli qlazurda və hindqozlu. Sıx leggins geyinmiş pani Yoliya demək olar ki yemir, çünki həmişə pəhrizdədir. Zaman-zaman onlar söhbət edirlər. Səbinə oğlanlarından danışır, danışır ki, ən böyüyü artıq texniki məktəbdə oxuyur, ən kiçiyi isə yeni-yeni gəzməyə başlayır. Pani Yoliya uşaqların adlarını qarışdırır, lakin elə davranır, sanki xatırlayır. Bir də xatırlayır ki, Səbinədən əri haqqında soruşmaq olmaz. Səbinənin yalan danışacağını bilir, hər şeyin qaydasında olduğunu, ərinin işlədiyini, evdə karnizləri asdığını, hətta keçən dəfə piroq bişirdiyini, dəmir yolunun yanındaki sahələrinə pomidor əkdiyini, bazar günü kilsəyə getdiklərini, uşaqların çimməsi üçün avtobusla şəhər kənarına gölə getdiklərini deyəcək. Ərinin içmədiyini deyəcək. Yox, içmədiyini deməyəcək. Nə sərxoşluqdan, nə də başqa bir çox şeydən bəhs etməyəcək. Axı, danışılmayan şey həm də yoxdur. Bu həmin söyləməmə təlimidir. Onlar yaranmadan, dildən çıxmadan evvəl sözləri nadir udmaq bacarığıdır. Belə anlarda pani Yoliya ona xəlvətcə baxır. Səbinə stəkanı dodaqlarına yaxınlaşdırır. Əlləri təəccüblü dərəcədə nazik, kövrək görünür. Çaydan sonra – ütüləmə. Bir yığın təmiz və yuyulmaqdan sərtləşmiş paltar. Mətbəx və hamam dəsmalları. Yataq dəstləri. Corabları bir birinə calayıb, yumşaq top şəklinə gətirmə. Döşəkağıları hamarlamaq. Yuyulma zamanı çıxan düymələri yerinə tikmə. Ütü taxtasının dayağından Səbinə axşamın necə keçdiyini izləyir. Qızlar müəllimlə vidalaşır və yuxarı qalxırlar. İkincisi qara saçlı, iri gözlüdür. Üçüncüsü açıq sarı saçlı və dolğundur. Pilləkəndə onlar oyun qaydalarını müzakirə edirlər. Dünyanı öz aralarında bölürlər. Bu gün məndə Blanka və qaraçıdır. Səndə – Şəhzadə və Susannadır. Sən müəllim olacaqsan, mən həkim. Sən uşaqlarla yanıma gəlirsən. Yox, yox gəl evcik-evcik oynayaq. Hərəmizin öz evi və uşaqları var. Bir-birimizi qrilə dəvət edərik. Tunisə gedərik. Səbinə həmişə onları göz ucu izləyir. Ütü hamar iz buraxıb, qırışları düzəldir. Qızlar oyuncaqları düzür, əlləri ilə hərə öz ərazisini cızır. İndi görünməyən xətti keçəndə “Salam” demək, adın önünə “pani” əlavə etmək lazımdır. Səbinə onların kuklaları necə çəhrayı xalçaya düzdüklərini, bayaq paltarlarını bağladığı kuklaların paltarlarındaki lentləri açdıqlarını və tamamilə çılpaq soyundurduqlarını seyr edir. Ah, yox, tamamilə çılpaq yox, kuklalar heç vaxt çılpaq olmur. Həşərata bənzər “Barbie”-lərin çəhrayı, gərgin dərisi. Çılpaq ola bilməz onlar, çünki içlərindəki ilə xaricləri arasında heç bir fərq yoxdur, bu onların mükəmməlliyidir. Onlar zinət əşyalarına bənzəyirlər. Qızlar dayanmadan danışırlar, lakin Səbinə onları dinləmir. Yəni o sözlərə qulaq asmır, ona bu ritmik, incə quş cəhcəhinin melodiyası özü bəsdir. Ütünün hərəkəti yavaşlayır, mexaniki hala gəlir. Ağ döşəkağıya onun altında sıxıcıdır. Səbinə qəfildən ütünü qırağa qoyub sevinclə sıçrayaraq qızların yanına qaçsaydı nə baş verərdi?  Əgər onlarla birgə çəhrayı xalçaya uzansaydı, plastik incəliyin, etibarlı, uydurulmuş ana sevgisinin onu ovsunlamağına icazə versəydi? Kiçik tavalarda nahar bişirib və bir düymə böyüklüyündə boş qablarda yeməyi servis etsəydi? Nə olardı? Dünya alt-üst olardı? Ay, Səbinə diqqətli olmalıdır, az qalsın həkimin köynəyinin yaxasını yandırırdı. Hər dəfə ütüləyəndə Səbinə bir oyun oynayır. Belə, məsum bir əyləncə. Bunu qıraqdan heç kim hiss edə bilməz, çünki oyun təxəyyülündə, düşüncələrində baş verir, üstəlik onu təsvir etmək də çətindir. Lakin yenə də cəhd edim. Beləliklə, Səbinə xalçanın üzərində olan həmin kukla olduğunu təsəvvür edir. Xalçanın üzərində yatmağın necə bir hiss olduğunu bildiyi üçün, belinin altındaki yumşaq və eyni zamanda elastik döşəmənin hissiyyatını xatırlamaqda çətinlik çəkmir. Xalçanın necə qoxduğunu da bilir, ona görə indi hətta bu sintetik qoxunu da hiss edə bilir. Xalçadan nələrin göründüyünü bilir, buna görə qəfildən nəhəng hala gələn, stul və masanın ayaqları altına, kabinetin altındakı qutulara qədər uzanan bir dünyanı asanlıqla təsəvvür edə bilər. Və qızların ona tərəf əyildiyi hamar üzlərini görür, və onların söhbətlərini – danışıqlardan parçaları yox-, civiltilərini eşidir, necə bir-birlərini hirssiz çəkişdirdiklərini eşidir, məxməri ah çəkmələri eşidir, dodaqlarından gələn zərif alma qoxusunu hiss edir. Və ən əsası – əllərinin, balaca əllərinin, quş ləpirlərinə, yavaş oxşamaya bənzər, kiçik barmaqlarının yüngül toxunuşunu hiss edir. Bu barmaqlar xalatındaki düymələri bağlayıb açır, boynuna lentlər bağlayırlar. Onda dünyanın necə kiçilməyə başladığını hiss edir. Hər şey zədələnmiş krandan su kimi axırmış kimi, şərti, qeyri-sabit olmağa başlayır və görünüşünü dəyişir. Demək olar ki, heç nə baş verməsə də, hər şey ola bilər. Yəqin xoşbəxtlik elə budur. Uşaqların əllərinin yumşaq toxunuşları altında Səbinə qəflətən bədənini – sanki o dünya xəritəsidir, sanki onda çaylar, göllər, dağlar varmış kimi, sanki üzərində antilop, fil sürüləri dolaşır, səhra günəşi onu yandırır və hansısa antarktidaların soyuq küləkləri sərinlədirmiş kimi hiss etməyə başlayır. Dərisi canlanır – xoş bir titrəmə ilə cavab verir. Səbinənin ütünü tutduğu əli rahatlaşır, gücünü itirir (elədə ütünü etibarlı yerə qoyur), alnının üstündəki saçları sərtləşir, hər halda o onları hiss edir və təəcüblənir ki, insan öz saçlarını necə hiss edə bilər. Üç qızın əlləri kuklanı geyindirir. Ütüləmə – proqramın son maddəsidir. Xəbərlər başlayır. M. ailəsi indi şam yeməyi edəcək. Qapının zəngi qonşu qızların analarının onların dalıyca gəldiyindən xəbər verir. Onlar qapı ağzında söhbətləşirlər. Səbinə pulları idman kostyumunun cibinə gizlədir, plastik torbasını götürür – o hələ Bedronkda alış-veriş etməlidir. Şənbə naharı üçün toyuq, marqarin və bir neçə çörək alacaq.

“Onlar o qədər çörək yeyir ki” qapıda gülərək pani Yoliyaya o xəbər verir və bir dəqiqə sonra addımlarının gürultusu artıq çınqıllı yolda eşidilir. 

–  Səbinə, pani Yoliya ona səslənir. Tərəddüd etdikdən sonra əlavə edir:
– Səbinə, bir müddət sonra işləyə bilməyəcəksən(Səbinə qaşlarını çatır). Biz ərimlə düşündük ki…hər hansı bir arzu fikirləş, istər bayramsayağı olsun, istər olmasın. Biz onu yerinə yetirəcəyik. Özün üçün bir şey dilə. Ağlabatan bir şey- tez tələsik əlavə edir. Səbinə anlamır, başını bir tərəfə əyərək inamsızcasına baxır. 
– Yəni elə bir şey ki, ona sahib olmaq istəyirsən, elə bir şey ki, yalnız sənin üçün olsun, kişilərin üçün yox – pani Yoliya dəqiqləşdirir, Səbinə isə gülür və qızarır. Yaxşı ki, qaranlıq düşüb və bu görünmür. O lap xərçəng kimi qırmızıdır. Mən bu axşam nə baş verəcəyini danışmayacağam. Yalnız tələm-tələsik hazırlanan axşam yeməyini qeyd edəcəm. Pankeyklərdən sonra qalan tavanın yuyulmasını, uşaqların çantalarında yarımçıq qalan sendviçlərin axtarışını. Oğlanlar yerdə oturublar. Çəngəllərdən sanki sapandmış kimi bir birlərinə vururlar. Masa dama-dama süfrə ilə örtülüb, üstündə tökülmüş süddən gölməçə var. Və kifayətdir.

Sonrakı həftə Səbinə hamilələr üçün yeni paltarda gəlir. Yenilənmiş halda; ondan xoş ətir yayılır. Saçlarını qırmızı rəngə boyayıb, başdansovma toplayıb. Pani Yoliya ona qapını açır – bu gün nəsə təmtəraqlıdır. Səbinənin görünüşünə təəcüblənir. Onun stəkanına portağal suyu süzərək deyir: “Hə, arzu fikirləşdin?”. Lakin, Səbinə cavab verməyə tələsmir. O sonra deyəcək, təmizliyi edəcək və deyəcək. Hətta doktor M. əlində bir stəkan ilə qapıda görünür. 

– Biz artıq uşağının cinsini bilirik, pani Yoli sataşır, Səbinə isə çirkli qabları qabyuyan maşına yerləşdirir. – Bunu öyrənmək istəməməyin qəribədir. Mən sənin yerində olsaydım istəyərdim – pani Yoliya davam edir və Kaziyaya hamilə olduğu vaxtlardan danışmağa başlayır. Bütün qadınlar, gec-tez hamiləlikləri və doğuşları haqqında bir-birlərinə danışırlar. Onlar belə yaradılıblar. Səbinə hamamı təmizləyir və pani Yoliya nəhayət getdikdə, səs-sədası geniş otaqlarda azalanda, Səbinə qollarını qaldırıb qoltuqaltlarını qoxlayır. Sonra güzgüdə özünə baxır və parıldamasın deyə yumşaq tualet kağızı ilə alnını silir. O tələsir və həmişəkindən fərqli olaraq nə etdiyini düşünmür. Hamamı necə yuduğunun belə fərqində olmadı. Həmişə olduğu kimi Kaziyanın otağını şəfqətlə yığışdırır, ancaq bu gün elə bir hiss var sanki, o döşəyağını özü üçün dəyişir, elə bil o çəhrayı, şəffaf yataq dəstinin üstündə yatacaq. Ütü ütüləmə də yağ kimi gedir, çax-çax-şu-şu. Səbinə həkimin köynəyinin sərt yaxasının üstünə su püskürdürdərək mahnı oxuyur. Pssss – deyə yaxalıq şikayət edir. Təmizliyi istədiyi kimi bitirməyi bacarır. 

Pilləkəndə qızlar yenidən rolları paylaşdırır, öz dünyalarının qaydalarını müəyyənləşdirirlər. Səbinəyə yuxarıdan sadəcə onların başları görünür. Mələklər, bildirçinlər, fındıq ağacının yaz sırğaları, qovaq tükləri. İndi mətbəxə enir. Pani Yoliya siqaret çəkir və hansısa jurnal oxuyur. Bu xeyirxah sehrbaz sanki Səbinəni gözləyir. Bir dəqiqə sonra əri görünür. “Yaxşı, artıq mümkündür?” – pani Yoliya soruşur. Və Səbinə deyir. Birdən hündür və qamətli olub, cəsarətlə, hər keçən dəqiqə inamla deyir. Siçanlar – pani Yoliya düşünür-, hamilə qadın rədd edilməməlidir, çünki rədd edilən şey siçanlar tərəfindən yeyiləcək. Səbinənin arzusu. O qızlarla oynamaq istəyir, kukla olmaq istəyir, xalçada uzanmaq, qızlar isə qoy onun saçlarını darasınlar, ona toxunsunlar, saçlarını hörsünlər, boynundan lentlər və dəsmallar bağlansınlar, onu soyundurub yenidən geyindirsinlər (baxın, özü xüsusi köynək gətirib), əllərini oxşayıb-sığallasınlar, bir də qulaqlarını qarnına qoyub onun orada necə nəfəs aldığını dinləsinlər istəyir. “Bilirəm ki, yenə oğlan olacaq” – doktor M.-ə deyir. Səbinənin qız nəvazişinə ehtiyyacı var, o onların ciggiltisini uzaqdan yox, qulağının dibindən eşitmək istəyir, onların  böyük, hamilə “Barbi” kuklası olmaq istəyir, belələri mağazalarda satılmırsa da. Və istədiyi başqa bir şey daha var: Səbinəyə elə gəlir ki, daha öncə də belə olub – hərçənd bunu təsvir etmək iqtidarında deyil , sanki o əvvəl də belə kiçik və müdafiyəsiz bir şey olub və yaşaya bilmək üçün bu təkrarlanmalıdır, kilsədəki arınma kimi. Axı cəmi bircə dəfə qurtuluşa zəmanət vermir. Daha sonra güclü ola bilmək üçün ən böyük zəifliyinə tabe olmalısan. Buna görə də, o çəhrayı xalçada uzanmaq və mebelə aşağıdan yuxarı baxmaq, divan və masanın altına göz gəzdirmək, əşyaların göyə qədər böyüyüb ucalmasına, insanlarınsa başmaq içində iki ayağa çevrilməsinə və yenidən onların nə dediklərini anlamamasına icazə vermək istəyir. Bir də son olaraq o istəyir ki, heç kim onun bu arzusuna təəcüblənməsin, heç kim bu arzuya gülməsin, və əgər bu arzunu yerinə yetirmək çətindirsə, o dərhal onu unudacaq və “İmpuls” dezodarantını və ya qalın corab ya da gümüş üzük ya da “İndia Shop”-dan don istəyəcək. Doktor M. (əlində stəkanla) oflayır. Pani Yoliya əsəbi halda onu dartır. Uzun bir müddət üzündə çox ciddi bir ifadə ilə Səbinəyə baxır. Dodaqları biraz sıxılıb və titrəyirlər. Səbinənin əlindən tutur və bir söz demədən yuxarıya aparır. Yalnız indi Səbinənin üzü allanır – pion kimi, qızıl gül kimi, lalə kimi, şərab kimi, öz dili kimi, daxili kimi al-qırmızıya boyanır.

Tərcümə: Sədəf Əliverdi
Edebiyyat.az
Kultura.az | Developed by Samir Yahyazade