post-title

Pişəvəri Rəsulzadəyə qarşı

Bakı qırğını Pişəvərinin gözü ilə

 
 
1893-cü ildə Güney Azərbaycanın Xalxal mahalında anadan olan Cavadzadə Xalxali tarixdə Mir Cəfər Pişəvəri kimi tanınır.
 
Pişəvərinin Cənubi Azərbaycanda hökumət qurması, daha sonra İran və SSRİ tərəfindən avtomobil qəzasına salınaraq öldürülməsi bilinən olaylardır. Ona görə də bu yazıda biz Pişəvərinin gənclik illəri, xüsusilə Azərbaycanda Cümhuriyyətin qurulması ərəfəsində baş verən hadisələrdə hansı mövqedə dayanması barədə yazacağıq.
 
İrandakı ağır sosial-iqtisadi vəziyyət 1905-ci ildə Pişəvərinin ailəsinin neftə görə sənaye şəhərinə çevrilən Bakıya gəlmələrinə səbəb olur. Mircəfər ilk təhsilini Bülbülə kəndində alır. 1913-cü ildə – 20 yaşında ikən Xırdalanda məktəb təşkil edir, 1917-ci ilə qədər orada dərs deyir.
 
Pişəvəri xatirələrində yazır ki, həmin dönəmdə Bakının neft mədənlərində ucuz işçi qüvvəsinə böyük tələbat vardı. Xüsusilə bu mədənlərdə Arazın o tayından gələn fəhlələr daha həvəslə işləyirdilər, çünki dil, din ayrıseçkiliyi yox idi, üstəlik, vətənlərinə daha yaxın yer hesab edilirdi. Amma onlar tez-tez fəlakətlə üzləşirdilər: “Bu quyularda hər gün neçə nəfər bədbəxt iranlı boğulub ölürdü...”
 
Pişəvəri yazır ki, Bakı Amerikanın Çikaqo və digər şəhərləri ilə rəqabət çıxmışdı. Bakıda bütün millətlərin nümayəndələrinə rast gəlmək olurdu. Yerli əhalinin və mühacirlərin əlinə düşmüş çoxlu pul və sərvət onları Avropa mədəniyyətinə yaxınlaşdırırdı.
 
Kapitalist sistem inkişaf etdikcə fəhlələri daha məşəqqətli günlər gözləyir, onlar hər an bu düzənə son verməyin fürsətini gözləyirdi.
 
Nəhayət, 1905-ci il inqilabı yetişir. Bakıya Arazın o tayından gələn fəhlələr də bu inqilaba öz töhfələrini verməyə çalışırlar. Onların prosesləri anlamalarına bir səbəb də Bakıdakı anadilli mətbuat idi.
 
Pişəvəri yazır: “Molla Nəsrəddin”, “İrşad”, “İqbal” kimi qəzetlər və məcəllələr öz ciddi, cəsarətli yazıları ilə milləti ayıltmağa çalışırdılar...”
 
Amma bu inqilabın nəticəsi 12 il sonra bilinəcəkdi…
 
 
***
 
1917-ci il… Artıq Çar Rusiyası inqilabın ağuşundadır. Belə bir təlatümlü dönəmdə Pişəvəri də olayların içinə atılır, inqilabçıların tərəfində yer alır. O, özü sonralar bu barədə yazacaqdı: “Mən bilirdim ki, Rusiyada şanlı Lenin bayrağından başqa bir bayraq yüksələrsə, İran xalqlarının istiqlaliyyəti və azadlığı həmişə təhlükə altında olacaq”.
 
Bu ərəfədə isə Bakı üç qüvvənin mübarizə meydanına çevrilmişdi. İngilislər, Bakı Soveti və Bakını bunların hər ikisindən azad edəcək Qafqaz İslam Ordusu.
 
Pişəvəri yazır ki, Bakı türklərin əlinə keçdikdən sonra Nuru paşanın əsgərləri daşnaklar tərəfindən öldürülmüş azərbaycanlıların intiqamını almaq bəhanəsi ilə şəhəri qarət edib, çoxlu adam qırdılar.
 
Pişəvəri bunun mühüm bir səbəbini də qeyd edir:
 
“Mən 1918-ci il mart ayının 18-də daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdur. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdiyi cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”.
 
Ona görə də Pişəvəri Bakıya daxil olan türklərin daşnakların törətdiyi cinayətlərin qisasını aldıqlarını yazır:
 
“Lakin türklər də onlardan geri qalmamışdır. Bunlar da qətl-qarət, cəlladlıq və rəhmsizlikdə həddini aşmışdılar. Onlar şəhəri üç gün əsgərlərin ixtiyarına verib, əllərinə düşən qoca, cavanı qırır, könülləri istədikləri kimi hərəkət edirdilər. Mən yalnız üçüncü gün şəhərə gələ bildim. Bütün küçələr, mağazalar, evlər – bir sözlə, bütün şəhər qarət edilib, qana bulanmış idi. Küçələrin bəzisindən keçmək belə mümkün deyildi”.
 
Pişəvəri yazır ki, üçüncü gündən sonra Nuru paşa qaydanı pozaraq qarətə davam edən bir neçə əsgəri teleqraf dirəklərindən çarmıxa çəkmək əmri verir.
 
Pişəvəri haqlı idimi? Müəyyən qədər hə. Amma məsələ tamam başqa cür idi.
 
Belə ki, Nuru paşa Ənvər paşaya göndərdiyi raportda yazır ki, Bakı ələ keçirilərkən bir neçə erməni və rus öldürülmüşdü, ancaq bu ölümlər 18 martda öldürülən müsəlmanların yüzdə biri qədər deyildi. Xəlil paşa da yazırdı ki, 18 martda öldürülən müsəlmanların intiqamı 14-15 sentyabrda alınmaq istənilib, amma bu döyüşlərdə bəzi ermənilər öldürülmüşdü.
 
Üstəlik, Nuru paşa raportunda yazır ki, həmin ərəfədə şəhərdə soyğunçuluq baş vermişdi, bu soyğunu törədənlər isə azərbaycanlılar deyil, iranlı işçilər idi. Buna görə də ordu təhlükəsizliyi bərpa etmək üçün yüzdən çox soyğunçunu edam edib.
 
 
Nuru paşa geri dönür
 
Pişəvəri həmin dönəmdə ideyaca müsavatçılara qarşı idi. İran sosial-demokratlarında təmsil olunan Pişəvəri Bakı Sovetinə rəğbət göstərirdi. Onun Nuru paşaya və türk ordusuna münasibəti də buradan qaynaqlanırdı.
 
I Dünya müharibəsində Türkiyənin məğlubiyyətə uğramasından sonra türk qoşunları Bakını tərk etməli olmuşdu. Pişəvəri bununla bağlı yazırdı:
 
“Bu “fateh” qoşunlar məhzun payız gecələrindən birində hərbi vəziyyətdən istifadə edərək səssiz-səmirsiz şəhəri boşaltdılar... Sabahı gün səhər şəhərin küçələrində nümunə üçün olsa da, bir türk əsgəri tapmaq mümkün deyildi”.
 
 
 
Pişəvəri Müsavata qarşı idi
 
Adətən, Güney saytlarının bannerlərində Pişəvəri ilə Rəsulzadənin fotoları bir verilir. Təbii, daşıdığı görüşlərdən asılı olmayaraq hər iki şəxs ötən əsrin ilk 50 ilində mühüm işlər görüblər. Amma Pişəvəri Rəsulzadəyə və Müsavata qarşı idi. Pişəvəri yazır ki, Müsavat üzvlərinin mövqeyinə, proqram və taktikasına görə tam burjua partiyası idi. Onun fikrincə, mühit Müsavatda üç qanad formalaşdırmışdı:
 
1.Digər xırda burjua ünsürləri ilə birlikdə mərkəzi mövqe tutmuş Məmməd Əmin Rəsulzadənin dəstəsi;
 
2.İnqilabi hərəkatın təsiri nəticəsində sol təmayül göstərən Mirzə Məmmədzadənin dəstəsi;
 
3.Sağ cinaha mənsub olan Nəsibbəyovun mülkədar və kapitalistlər dəstəsi.
 
Rəsulzadə haqqında da yazan Pişəvəri onun vaxtilə sosial-demokrat olmasından, fəhlələrin 1905-ci il hərəkatında iştirak etməsini, məşrutə hərəkatına qoşulmasını, “İraninöv” qəzetinin baş mühərriri olmasını qeyd edir.
 
Amma qəribədir ki, onun ilk yazısı 1917-ci ilin fеvral ayında Məhəmməd Əmin Rəsulzadənin başçılıq еtdiyi “Açıq söz” qəzеtində çap еdilib…
 
Dilqəm Əhməd
 
1937.az
Yuxarı