post-title

Biz nə haldayıq

Bu yaxınlarda Abdulla Şaiqin Məhəmməd Hadi ilə bağlı kədərli bir xatiratını oxudum. Yəqin bilirsiniz ki, Hadi ömrünün son illərində şeirlərinin əlyazmasını sataraq dolanırdı. Şaiq yazır: “Bir gün Hadi küçədə sərxoş halda mənə təsadüf etdi. ”Hərarətli şeirlərim" adlı mənzuməsini mənə uzadaraq, “Al, beş manat ver!” dedi. Mən cibimdə olan on manatımın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. “Şaiqciyim, bağışla, tanımadım”, - dedi. Nə qədər israr etdim, pulu almadı".

 
 
Uzun müddət bu ağrılı əhvalatın təsiri altından çıxa bilmədim. 
 
Əksəriyyətimizin ən yaxşı halda, sadəcə adını eşidib haqqında çox şey bilmədiyimiz Hadi ilə bağlı yazmağa, onun əzablı həyatının maraqlı, daha çox da iztirablı məqamlarını sizinlə bölüşməyə də bundan sonra qərar verdim.
 
***
 
Hadi 1879-cu ildə Şamaxının Sarıtorpaq məhəlləsində dünyaya gəlib. Atasını erkən yaşda itirir. Anası başqasına ərə gedir. Bacıları ilə nənəsinin himayəsində yaşayır. 
 
Bir müddət sonra nənəsi də vəfat edir. Bundan sonra o, yaxın qohumu Mustafa Lütfinin himayəsində yaşamağa başlayır. 
 
Hadinin arzusu yaxşı təhsil almaq, dünyəvi elmləri öyrənmək idi.
 
Amma bu arzusu gerçəkləşməyincə ticarətlə məşğul olmağa qərar verir. Ancaq qısa vaxtda tacirlik ona yad bir iş kimi görünür. 
 
1902-ci ildəki Şamaxı zəlzələsinin ardından Kürdəmirə köçüb burada müəllimliyə başlayır.
 
 ***
 
Yenə Abdulla Şaiqin yazdığına görə, Hadi yaxın qohumlarından birinin qızına vurulur. Amma qız başqasına ərə gedir və Hadi bundan möhkəm sarsılır. 
 
Ən əsası isə bir daha evlənməməyə qərar verir.
 
Şaiq yazır: “Evlənmək haqqında söhbət etdikdə:
 
- Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürəkmi var?"
 
***
 
Məhəmməd Hadi kifayət qədər mütərəqqi bir insan idi. Məsələn, onun şeirlərində qadın azadlığını qızğın bir ehtirasla müdafiə etdiyini görürük.
 
Bəlkə bu, indi bir çoxlarına adi gəlir. Amma nəzərə alın ki, biz 20-ci yüzilin əvvəllərindən danışırıq.
 
Hadinin 1905-1906-cı illərdə çap olunan ilk şeirlərindən tutmuş sonrakı yaradıcılığına maarifçilik amalı hakim idi. O, dinin cəmiyyətin tərəqqisinə mane olan qaydalarını, tələblərini amansız şəkildə qamçılayır, yalnız dünyəvi təhsilin, elmin işıqlı gələcək vəd etdiyini yazırdı.
 
***
 
Əli bəy Hüseynzadə Hadini “Füyuzat”da çalışmağa dəvət edir. 
 
Hadi “Füyuzat”dakı yazıları ilə digər müəlliflərdən xeyli fərqlənirdi. 
 
O, həyatın içindən yazır, naqisliklərin dəqiq ünvanını göstərirdi.
 
***
 
Hadinin həyatında əsas iztirablı dönüş onun 1910-cu ildə Istanbula getməsi ilə başlayır.
 
Bu, Osmanlıda bir siyasi-ictimai oyanış dövrü idi.
 
Başqa ölkələrdən Osmanlıya gələn aydınlara şübhə ilə yanaşan hökumət Hadidən də quşqulanır, onu həbs edib Səlanikə sürgün edirlər.
 
Şübhələr burada da azalmır və Hadini incidirlər. 
 
4 il sonra Hadi burada yaşadığı məhrumiyyətlərdən bezib Bakıya qayıda bilir.
 
Bir il sonra - 1915-ci ildə feldşer sifəti ilə Qafqaz ordusunda xidmətə başlayır, Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra edir.
 
Ilk dünya savaşının bitməsindən sonra Gəncəyə, oradan da yenidən Bakıya dönür. 
 
Beləcə, onun həyatının ikinci məşəqqətli dövrü başlayır.  
 
Maddi ehtiyaclar onu sıxır. Hadinin tərəqqipərvər ruhuna bədbinlik hakim kəsilir. 
 
O, şeirlərinin əlyazmasını sataraq yaşamağa başlayır.
 
Şərab ən yaxın sirdaşına çevrilir. 
 
Həmin vaxt Xalq Cümhuriyyəti hökumətinin Hadiyə laqeyd münasibətini vurğulamaq da yerinə düşər.
 
Onunla bir-iki ən yaxın dostundan başqa, demək olar, heç kim maraqlanmırdı.
 
1920-ci ilin yazında Hadinin bütün yaşamaq gücü, həyat eşqi tükənir. 
 
O, ağır xəstələnir.
 
Ölümünün gerçək tarixi bəlli olmasa da, 1920-ci ilin mayında dünyasını dəyişdiyi güman edilir.
 
20-ci əsrin əvvəllərinin ən maarifpərvər, mütərəqqi simalarından biri kimsənin umurunda olmadan, sahibsiz şəkildə, xəstəxana divarları arxasında gözünü yummuşdu.
 
Bu əcəl deyildi.
 
Bu artıq qətl idi.  
 
Eldar Baxışın çox sonralar yazdığı kimi:
 
Bir şairi öldürdülər
 
bir ölkənin ortasında,
 
ölkə bilmədi...
 
***
 
Hadinin şeirlərinin dili ərəb-fars tərkibləri ilə dolu olduğundan onlar oxucuya bir xeyli dərəcədə mürəkkəb, çətin anlaşılan görünür.
 
Amma bu, sadəcə, ilk baxışda belədir. 
 
Indi onun təqdim etdiyim şeirindən də bunu görəcəksiniz.
 
Bu şeir Hadinin dünyagörüşü, həyat baxışları haqqında hər şeyi  deyir və günümüz üçün də az aktual deyil.
 
“Biz nə haldayıq?” - şeir belə adlanır və göründüyü kimi,  adı belə indinin özündə də çox düşündürücüdür, cavabını yaxud cavablarını gözləyir. 
 
 
Biz nə haldayıq?
 
Canib qıldı hər bir karın itmam, 
Biz isək əski tasdır, əski həmmam.
 
 
Nələr icad edir ərbabi-sənət, 
Sənayelə qılır təhsili-sərvət.
 
 
Tutub sənətlə dünyanı əcanib, 
Fəqət biz qalmışıq məhrum, xaib.
 
 
Əfəndim söyləyir-minbərdə hər an: 
“Bizə lazım deyildir elmi-əbdan.
 
 
Deyir: “Üqba gərək, dünya fənadır, 
Cəhan islamə zindani-bəladır".
 
 
Siz etdiz bizlərə dünyanı zindan, 
Yıxılsın xanəniz, ey kəmşüuran!
 
 
Sənaye rahını kəsdiz həmişə, 
Dediz lazım deyil islamə pişə.
 
 
Sənaye nolduğundan bixəbərsiz, 
Həqiqət, meyvəsiz, bərsiz şəcərsiz.
 
 
Ağac bom-boş olursa kəmbəhadir, 
Kəsib yandırmağa ancaq səzadır.
 
Elnur Astanbəyli
 
Azadlıq qəzeti
Yuxarı