post-title

Apokalipsis bu gün: Polkovnik Kurts və əl-Bağdadi...

İncəsənət diaqnoza və proqnoza çevrilə, istər Xeyrin təbliğçisi, istərsə də qlobal Şərin öncəgörəni ola bilər. Əsərlər var ki, manifestdir, sabahın bəlalarını cərrah dəqiqliyi ilə analiz edib göstərir. Və İncəsənətin ictimai həyata təsir gücünü şişirtmək nə qədər zərərlidirsə, kiçiltmək də bir o qədər təhlükəlidir.

 
 
Bizim dövrümüzdə utopiyalar yox, antiutopiyalar gerçəkləşir. Ədəbiyyat da, kino da bəşəriyyəti çulğamış həyəcan hissinin gücləndiricisinə çevrilir. 18-ci əsr ensiklopedistləri elmin və humanizmin gücünə, hər-şeyə-qadirliyinə aludə olmuşdu - halbuki, yanıldılar və sonrakı əsrlər arxaik aqressiyanın təcəssümü oldu. Platonun “Dövlət”i, Kampanellanın “Günəş adası”, Tomas Morun “Utopiya”sı, Sen-Simonun mətnləri, Çernışevskinin “Nə etməli”si neçə-neçə nəsillərin parlaq simalarının mübarizəsi üçün stimul, yaşamı üçün dərslik oldu - ancaq heç biri doğrulmadı. Əvəzində isə Nitsşenin “Antixrist”dəki hayqırtısı, Orteqa-i-Qassetin “Kütlələrin üsyanı”ndakı narazılığı, Kafkanın “Proses”indəki sayrışan qorxuları reallaşdı. “Biz Kafkanı gerçəkləşdirmək üçün doğulmuşuq” deyənlərin sarkazmı həyata vəsiqə qazandı. 
 
20-ci əsr Zamyatinin “Biz”i, Oruellin “Heyvan ferması”, Bredberinin “451 dərəcə Farengeyt”inin ulduzu altında keçdi. 21-ci əsrdə Xakslinin “Gözəl yeni dünya”sı öz realistikliyi ilə Vayner qardaşlarının arzuladığı “şəfqət erası”nı yaddaşlardan və arzulardan silib atdı. Və aşağı aparan pillələrlə yuxarı qalxmağa cəhd belə etmədən, az qala məmnunluq içində sürətlə, dəlicəsinə aşağı qaçışı davam etdirməkdəyik. 
 
Romanlardakı antiutopiyalar öncəgörmələrə çevrildi, hətta yeni reallığa yeni detallar da qatdı. Təkcə ədəbiyyatmı? Yox, kino da qara, depressiv gələcəyin (artıq bu günün) xəbərvercisi rolunda çıxış etdi. Əvvəl-əvvəl heç kəs inanmadı, “Rəngləri tündləşdirmək nəyə gərək?!” dedilər, təsvir olunanlar isə rejissorların qarabasmaları, qorxulu əyləncəsi, fərqlənmək və təxəyyülünü sınamaq fəndi sayıldı. Ancaq sonunda ən qara proqnozlar doğruldu. Ağlımızın qəbul etmədikləri başımıza gəldi. Həm də kütləvi şəkildə, qlobal miqyasda, get-gedə adiləşərək.   
 
*** 
 
İraq və Suriyada özünü “İslam dövləti” (İŞİD) adlandıran başkəsənlər ordusunun ekzekusiyaları qəfilliyi və miqyası ilə hamını dəhşətə gətirəndə, kiminin “Cəhənnəm tonqalının köpəkləri”, kiminin psixopatlar və sadistlər ordusu, kiminin də təbliğatın güdazına gedən zombilər saydığı bu vəhşilərin önündə bir-birinin ardınca şəhərlər çökəndə mədəniyyətin və humanizmin nə demək olduğunu hələ unutmamış çoxluq ritorik sual verdi: “Bunlar haradan və necə peyda oldular?” 
 
Barbarlığı orgiyaya çevirən, ifrat aqressivlikdən ekstaza düşən, dünyanı ən arxaik düzənə daşıyan “İslam dövləti” cəlladlarının motivsiz, həzz mənbəyinə çevrilmiş vəhşiliklərinin öncəgörməsini isə biz kinoda tapa bilərik. Sanki Frensis Ford Koppolanın “Apokalipsis bu gün” filmindəki polkovnik Kurtsun qurduğu “dövlət” indi Yaxın Şərqdə dağıdıcılıq və dəhşət saçan “İslam dövləti” üçün şablon, etalon, nümunə rolunu oynadı. Bu cəhətdən rejissor özünü öncəgörən saya bilər. Ancaq bu titula nə özü sevinərdi, nə də ətrafdakılar. 
 
“Apokalipsis bu gün” öz adı ilə Alber Kamyunun “Enmə”dəki məşhur cümləsini xatırladır: “Məhşər gününü gözləməyin. O, hər gün baş verir”. Yer mənşəli məhşəri biz hər gün TV-də izləyir, saytlarda oxuyuruq. Və gündən günə də o, adiləşir, banallaşır. Adiləşdirilir, banallaşdırılır. Tiraja, oxucu və seyrçi sayına çevrilir. İyrənc və dəhşət saçan videoların yayılmasında mətbuat bir-biri ilə yarışa girir. Koppola üçün təxəyyülün məhsulu olan o Apokalipsis bizim dövrümüzdə az qala məişət hadisəsinə çevrilir. Bəşər isə bunu vecinə almayaraq sevinməyində, sevməyində, arzulamağında, məqsədlər qurmağında, bir sözlə, obıvatel həyat tərzini davam etdirməyindədir. Əcəl zəngi guya başqaları üçündür. İraq və Suriya çox uzaqdadır - səfeh nəticə. Əslində isə o, artıq beyinlərdədir, gündəlik reallığa çevrilib, mədəniyyətin və elmin, etikanın və humanizmin obskurantizmə uduzdurulduğu Yer planetində o, Kamyunun “Taun”undakı siçovullar kimi hər yerdədir. Haradasa tez, haradasa gec üzə çıxacaq, küçələrə daraşacaq və evlərə soxulacaqlar. Əgər doktor Rie və Tarru ilə, kollektiv müqavimətlə qarşılaşmazlarsa...   
 
*** 
 
35 illik uzaqlıqdan rejissor Koppola bizə indi yaşananların həm rüşeymlərini, həm də mexanizmini göstərir. O, vur-tut Vyetnam müharibəsinin təbliğatdan və qlamurdan uzaq, əsl sifətini göstərmək istəmişdi. Az qalsın 4 ilə başa gələn filmin müharibə əleyhinə yönəldiyindən narahatlıq keçirən ABŞ-da çəkilişlərə yardımdan imtina filmin əsas səhnələrinin Filippində lentə köçürülməsi ilə nəticələnmişdi. Banal səbəbdən - həmin vaxt Vaşinqton ilə diktator Markosun münasibətləri sərin idi. 
 
Sonralar Koppola çəkilişlər barədə deyəcəkdi: “Bizim filmi çəkmək tərzimiz amerikalıların Vyetnamda apardıqları müharibənin tərzini təkrarlayırdı - biz çox idik, çoxlu pul sərf edirdik və yavaş-yavaş dəli olurduq”. Eynilə, Kambocada öz qeyri-insani “cəmiyyət”ini bərqərar edən polovnik Kurts kimi. 
 
Dünənindən əl çəkən, sabahı olmayan, dinc həyata qayıtmaq üçün tamamilə yararsız Kurts müharibənin çoxsaylı qurbanlarındandır. Ancaq sakit qurbanlardan fərqli olaraq, o, mülki həyata uyğunlaşmaq, ailəsinin yanına qayıtmaq ehtimalının üstündən birdəfəlik xətt çəkib. Onun insani olan hər şeydən imtinasında qisas və zülmətin heç bir ideoloji bəraəti yoxdur. Sadəcə, onu Tanrı kimi ilahiləşdirən, ona sözsüz itaət edən aborigenlər, bir də bu itaəti terror və xaos səltənəti qurmaq üçün tikinti materialı kimi istifadə edən ağlını itirmiş keçmiş hərbçi var. Onun qan və qisas üzərində qurduğu bu dəhşət səltənəti artıq onun öz ölkəsinə qarşı çevrilib - robot nəzarətdən çıxıb. Və deyin, polkovnik Kurtsun “dövlət”i ilə əl-Bağdadinin “İslam dövləti” arasında nə fərq var ki?! Heç bir - hər 2 personaj özlərinə biət tələb edir və bu biəti alır. Hər ikisi “demokratiya uğrunda müharibə”nin - imperializmin qanlı savaşının, suveren ölkənin jandarm tərəfindən işğalının qurbanlarıdır. Və qurbanlar motivsiz cəllada, xəstə beyinli əclafa çevrilərək öz keçmiş sahiblərinə diş qıcayır. Marionet tamaşanı özü qoymaq istəyir. 
 
Uolter Kurts 10 illik “demokratiya ixracı”nın yetirməsidir. Əl-Bağdadi 10 illik digər “demokratikləşdirmə planı”nın övladıdır. İraqda illərdir ABŞ rəsmiləri ölkənin çiçəklənməsindən, azad seçki yolu ilə ədalətli seçkilərin baş tutduğundan, hətta 10 ildə cəmisi 1 dəfə toplaşmış parlamentin belə mövcudluğundan dəm vururdu. Səddamdan sonrakı İraq Qərb demokratiyasının övladı kimi qələmə verilirdi. Və bütün bu illər ərzində didik-didik olan ölkədə ziyalılar, intellektuallar, humanistlər yoxa çıxdıqca, qandan və terrordan başqa heç nə görməyən, ağlını itirən, nifrəti əndazədən çıxan, bütün dünyanı qırmızıya bələmək arzusu ilə mövcud olan psixlər, nevrotiklər, manyaklar günbəgün çoxalırdılar. Onlar bütün dünyaya nifrət edir, Uolter Kurts kimi təmiz iradəni peyvənd olunmuş uşaqların qollarını kəsməkdə görürdülər. Onların yaşadığı cəmiyyət sadəcə zorakılığa hamilə deyil, artıq zorakılıq özü övlad doğurdu. 
 
Koppolanın filmindəki aborigenlərə o kobud iradənin daşıyıcısı lazımdı ki, qorxu qarışıq sevgi ilə ona bağlanıb birləşsinlər, hətta həmin yalançı Tanrı öldürüləndə, onun qatilini onun xələfi kimi qəbul etsinlər. İraq və Suriyada da endemik polkovnik Kurtsa ehtiyac vardı - analoji qəddarlıqla, amansızlıqla, barbarlıqla silahlanmış mizantrop və sadist peyda olmalıydı. Oldu. Və Kurtsu Vyetnamın işğalı, əl-Bağdadini isə İraqın işğalı yetirdi. 
 
“Apokalipsis bu gün” ekranlara 1979-cu ildə çıxdı - həmin vaxt artıq Kambocada “Qırmızı kxmerlər” - ABŞ-ın Vyetnamda apardığı müharibənin digər övladları hakimiyyətə gəlmiş, genosid törətmiş və sonunda Vyetnam kommunistləri tərəfindən devrilərək cəngəlliklərə qaçmışdılar. Bu kütləvi qatilləri ABŞ və Fransa 1996-cı ilə qədər bəsləməkdə və qorumaqda davam edəcəkdi. Beləliklə, xronoloji cəhətdən Koppolanın filmi Kamboca genosidi ilə üst-üstə düşərək ifrat realizm təsəvvürü yaratmış olurdu. 
 
Üstəlik, filmin süjetinə görə, polkovnik Kurtsun cəhənnəmi də Kambocada yerləşmişdi. Təsadüfdürmü? Çətin ki. ABŞ-Vyetnam savaşında tamamilə kənar, üçüncü ölkə olan, savaşda iştirak etməyən Kambocaya amerikan aviasiyasının həmin illərdə atdıqları bombaların miqdarı və çəkisi 2-ci Dünya Savaşında amerikan və ingilis aviasiyasının 4 ildə nasist Almaniyasına atdığı bombalardan çox idi. Və bu vəhşət Kambocada geci-tezi Pol Pota, İenq Sariyə “yaşıl işıq” yandırmalıydı. 
 
Qərbin İraqa qarşı “humanitar işğalı” 1 milyondan çox insanın qətli, milyonların isə mühacirəti ilə müşayiət olunub. Bu cür xaos və terror şəraitində indi Qərbi hədələyən bütöv bir başkəsənlər ordusunun yaranışı bir vaxt məsələsiydi. Vaxt yetişdi, İraqın öz polkovnik Kurtsu peyda oldu (Onun Qərbin marioneti kimi yaradılması artıq məsələnin məğzini dəyişmir. Çünki, amansız sadistin sərsəmləmələri məhsuldar torpağa düşüb. Təkliflə tələbat qovuşub). 
 
Kamboca cəngəlliklərinin ortasında, zülmətin mərkəzində polkovnik Kurts yaddaşdan və idrakdan məhrum olan terror məmləkəti qurur. Burada yalnız qan orgiyaları, insan kəllələrindən təpəciklər, istənilən bəşəri qanunu rədd edən təmiz iradə hökm sürür. Polkovnik Kurts zorakılığın müqəddəs idoluna çevrilir. O, buraya öz dövləti tərəfindən müharibə tanrısı kimi göndərilmişdi, ancaq onun üçün Tanrının əməllərinə görə məsuliyyət hissi gərəksiz bir yükdür. O, bu yükdən azaddır. Qətlə yetirdiklərinin qayğısını və dərdini çəkməməlisən. Terror yarımçıq olmur: bir insani sərhədi keçdinmi, artıq bütün sərhədləri keçəcəksən. Qəlb şikəst qalmasın deyə onu - qəlbi öldürməlisən. Kurts öz icması üçün rəhm tanımayan bütdür, sirrin, zülmətin və iradənin vəhdətidir. Müasir “İslam dövləti”nin mənzərəsi...   
 
***
 
Koppola filmi yazıçı Cozef Konradın (1857-1924) “Zülmətin ürəyi” povestinin süjeti əsasında çəkmişdi (Baxmayaraq ki, povest ilə ssenarinin oxşarlığını tapmaq çətindir). Ad simvolikdir - Zülmətin ürəyi elə polkovnik Kurts və əl-Bağdadi kimi ola bilərdi. Onların icmaları da bir-birinə yaraşır. Kurtsun son sözləri “Dəhşət! Dəhşət!” olur. Özündən sonra qoyduğu kağızda isə ölüm axtaran polkovnik son istəyini yazır: “Bombalayın! Hamısını məhv edin!” O, öz icmasını, adeptlərini, qurduğu murdar “cəngəllik dövləti”ni nəzərdə tuturdu. Qan və işgəncə vakxanaliyası bu rəhmsiz personajı da sonunda iyrəndirir. Əlbət, bu qara eksperimentlər mütləq məhvolma ilə bitməlidir, ancaq ödənən qiyməti kim hesablaya bilər ki?! Zülmətin ürəyini məhv edənlər isə yeni zülmət yaratmağa hazırdırlar...   
 
P.S. Frensis Ford Koppolanın “Apokalipsis bu gün” (1979) filminə buradan baxın - http://tfilm.tv/1857-apokalipsis-segodnya.html  
 
Məmməd Süleymanov
 
Kult.az
Yuxarı