post-title

Əli Əkbər. Qlamur düşüklük

Sovetlərin çöküşü ilə, kütlə kültürünün qarşısındakı ən böyük sədd yox oldu.

 
 
Yadımdadır ki, “Edemə qayıdış” filmi və ikicildliyi, 90-ın başında bütün rekordları vurmuşdu.
 
Sovet vətəndaşları üçün Rozalin Maylz imzası dünya ədəbiyyatının nəhənglərini kölgədə qoymuş, “Edem” əfsanəyə çevrilmişdi. Sovetin Ostrovski, London, Qorki, Bulqakovla tərbiyələnmiş adamları belə, ağızlarını ayırıb bu bayağılığa tamaşa edirdilər. 
 
Bakıda isə rusdilli “Kokteyl” qəzeti çıxırdı, ağzına gələni yazırdı. Yalan deməyəcəm, mən özüm də bu pop-kültürə aludə olmuşdum. Sovetlərin ciddiyəti, sanbalı, ağırlığından sonra “seks” haqqında yazan “Kokteyl” qəzeti, bir udum təmiz hava kimi idi. Amma bu aludəçilik uzun sürmədi – “pop”dan doyub, ciddi ədəbiyyata geri dönməyim cəmi beş-altı ilimi aldı.  
 
Bu günlərdə, düşüklüyün ikinci dalğasını yaşayırıq. Söhbət tək Azərbaycandan yox, bütün dünyadan gedir. Müasir dünya ədəbiyyatına baxıram, trendi izləyirəm, rəyləri oxuyuram. Bunun bir adı var – dəhşət! 
 
Sürixdə kitab mağazalarını gəzmək, özü özlüyündə bir istirahətdir. Bu işi çox sevirəm. Özü də tək gəzirəm, yanımda heç kəs olmamalıdır. Dalırsan üç-dörd mərtəbəli mağazaya, bir də üç saat sonra çıxırsan.
 
Zövqlüdür, amma bu mağazalar da günü-gündən supermarketi xatırladırlar. Elə bil rəflərə xiyar turşusu yerinə, kitab düzüblər.  
 
Ən görkəmli yerlərə “bestseller”lər yığılıb, üz qabığından təqdim olunurlar. İlk onluqlar, iyirmiliklər, otuzluqlar... Kitablar da MTV-dəki kliplər kimi “TOP”laşdırılıb. Kitab da kitab, roman da roman ola! 
 
Buyurun, məsələn, Erika Ceyms adlı arvadın, “Bozun əlli çaları” adlı makulaturası. Bu kitab niyə bestseller olub, niyə bütün dünyanın arvadları göz yaşlarını burun seliyinə qata-qata bu arvadın debil kitabını oxuyurlar – baş açmaq olmur.  
 
Əslində “heç nə deməyən yüngül oxu”nun özü də ciddi bir janrdır. Bu janrda yüz minlərlə kitablar yazılır və milyonlarla tirajlarla satılır. Bu kitablarda nəsə bir hipnoz var, rəğbət görürlər. Olsun, janrın özünə etirazım yoxdur. Amma ilk dəfədir ki, “heç nə deməyən yüngül oxu” janrında yazılan kitablar bestsellerə çevrilir. Niyə belə olur, nə məsələdir – baş aça bilmirəm. 
 
Ya da götürək Yanuş Vişnevskinin “Şəbəkədə yalnızlıq” romanını. İnsan ədəbiyyata, kitaba, roman janrına nə qədər nifrət etməlidir ki, Yanuş Vişnevskini oxusun. 
 
Yox, mən özüm də oxumuşam. “Bozun əlli çaları”nı da, “Şəbəkədə yalnızlığı” da, hətta Paolo Koelyonun “On bir dəqiqə”sini də. Mühakimə edə bilmək üçün oxumuşam. Oxumazdan əvvəl necə bədgüman idimsə, oxuyandan sonra nifrətim daha da artdı. Yəni budurmu ədəbiyyat? Den Braunun yazdıqları heç olmasa ekrana yatır, əyləncə sektoruna maraqlı material verir,
 
Tom Henksin baş rolda oynamağı da nəyə desən, dəyər. Ən azı ekran qarşısında ayaqlarını uzadıb, bir-iki saat istirahət edə bilirsən. 
 
Belə görünür ki, trenddə olan yazıçılar üçün “qlamurka” fanatların təmin etdiyi tiraj və pul ədəbiyyat missiyasından vacibdir. Bayağılıq, zövqsüzlük pul qazandırır. Ştampovka kitablar ciddi ədəbiyatdan çox rəğbət və hörmət görür. Bunlar günümüzün gerçəkliyidir. 
 
Pelevin deyir ki “Qlamurluq anonim diktaturanın ideologiyasıdır”. Biz də bu gün bu anonim diktatura şəraitində yaşayırıq. Müasir ofislərdəki arakəsmələr, tövlələrdə mal-qara arasındakı arakəsmələrin eynisidir. Müasir insan tövlədəki heyvan kimi, qabağına nə qoyulsa yeməyə, əlinə nə verilsə oxumağa razıdır. İyirminci əsr hər şeyin, bütün dəyərlərin ölümünün elan edildiyi əsr oldu. Deyəsən, indi də növbə ədəbiyyata çatıb – artıq fatihəsini verə bilərik. Ədəbiyyat da öldüsə, daha nə qaldı? 
 
Qlamur - müasir dünyanın kütləvi imha silahıdır. Qlamur müsəlmanlar, qlamur solçular, qlamur sağçılar, qlamur ateistlər, qlamur deistlər peyda olub. Qlamur hər kəsi birləşdirir. İŞİD də qlamurdur. O gün baxıram ki, İŞİD Hollywood üslubunda bir reklam çarxı hazırlayıb. Amerikanı hədələyən reklam çarxında 3D effektlərdən bolluca istifadə olunub. Elə bil terror təşkilatının filmi yox, “Terminator-4”-ün təqdimat rolikidir.  
 
Qlamur ədəbiyyat üzərində qələbə çalıb. Artıq bundan sonra “ştampovka romanlar və digərləri” ayırımı olmaycaq. İndi bir meyar var – bestseller və qeyri-bestseller. Ştampovka roman anlayışının özü yoxa çıxıb, sərhədlər silinib. Ayda bir roman yazmaq yazıçıların normasına çevrilib. Bir aya yazılan romanların da hamısı “Dorian Qreyin portreti” olmur. Bunu ancaq Oskar Uayld bacara bilmişdi. 
 
Bütün məsuliyyətimlə deyirəm - Azərbaycanın altmışıncılarının, səksənincilərinin, doxsanıncılarının, müasir yazıçıların yazdıqları, bu gün dünya trendi olan “Bozun əlli çaları” tipli kitablardan qat-qat dəyərli və səviyyəli əsərlərdir. Hətta aramızdakı ideoloji mübahisələri bir kənara qoyub demək istəyirəm ki, AYB sədri Anarın ən pis hekayəsi belə, Paolo Koelyonun romanlarından qat-qat səviyyəlidir. Çağdaş dünyanın ədəbiyyat adına sırıdığı və çağdaş insanın “cahil” görünmək qorxusu ilə susduğu, söz deyə bilmədiyi bu kitablar, oxucunu debilləşdirməkdən savayı bir iş görmürlər.  
 
Bu kitabların tərcümə edilməsi, insanlara oxutdurulması da zövqsülüyün təbliğidir. Paolo Koelyo kimi dələduzlar, müasir insanın tələblərini, mifologiyalara meylini bilir və bundan uğurla istifadə edirlər. Onun saxta əxlaqçılığı milyonlarla oxucunun qəlbinə yol tapıb. Debilliyin təntənəsi olan “On bir dəqiqə”, hətta kultlaşmış “Kimyagər” əslində diqqətlə oxunduğunda adamın ətini tökməli olan kitablardır. Amma insanlar oxuyur. Oxuyanlardan biri də Nursultan Nazarbayevdir. 
 
Əslində Nazarbayev Koelyoya pul ödəyib, ona “Zair” romanını yazdırmaqla, bu yazıçıya layiq olduğu qiyməti vermişdi.
 
 
Yeni Müsavat
Yuxarı