post-title

Dağlar deyir ki, soyuqdur

"Əkrəm müəllim gec də olsa bu yuxu xəstəliyini tərgitsəydi və zəhmət çəkib hadisələri təqdim etmək üçün başqa vasitələr fikirləşib tapsaydı yaxşı olardı."

 
Əkrəm Əylisli bütün mənfi və müsbət cəhətləri ilə yaşlı nəslin arasında yeganə yazıçıdı.
 
Onun bədii təfəkkürü hadisələrə, baş verənlərə  əsl yazıçı kimi münasibət göstərməsinə imkan yaradır.
 
Hərçənd bu münasibət çox vaxt adamlar tərəfindən heç də yaxşı qarşılanmır.
 
Nədən ki, bizim insanlar hələ yazıçının nə demək olduğunu anlamayıblar və görünür yazıçının nə demək olduğunu anlamaq üçün bir xeyli vaxt keçməli, bir xeyli hadisələr baş verməli, xeyli dəyişikliklər olmalıdı. Adamları da qınamaq olmaz. Sovetdən qalma Yazıçılar Birliyi hələ də tam fəaliyyətdədi.
 
Orda  hələ də adamlara mükafat, təlimatlar verirlər, yeri gələndə tərifləyirlər, hərdən ərkyana formada danlayırlar. Sovetdən qalma bu birliyin yerləşdiyi binanın divarlarına həm sürgünə göndərilənlərin, həm də sürgünə göndərilənlərdən donos yazanların portretləri yanaşı vurulub. Adamların  anlamında yazıçı ya tamada olmalıdı, ya da məmur. Üstəlik yazıçı  nümunəvi ailə başçısı, qayğıkeş ata kimi özünü tanıtdırmalıdı.
 
Ən azı belə olmasa da televiziyada-zadda belə görünməlidi.  Həm də mütləq və mütləq vətənini sevməlidi. Hər yerdə xalqını dəstəkləməli, standart Azərbaycan həqiqətlərini hər fürsətdə başqalarına çatdırmalıdı. Yazıçının atası donos yazmalıdı. Hökümət deməlidir ki, yazıçı filankəsdir, camaat da xorla təkrar etməlidir: - bəli, əsl yazıçı filankəsdir.
 
Əkrəm Əylisliylə  söhbət edərkən məmurla, tamadayla  deyil, yazıçı ilə söhbət etdiyini anlayırsan. Bəs onu başqalarından seçdirən nədir? Bədii təfəkkürü. O bədii təfəkkür ki, Əkrəm Əylislini hələ də diri saxlayır. Onun bir müsbət cəhətini də qeyd etməliyik.
 
O, dayanmır və yazır.
 
Bu çox yaxşı nümunədir. Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” əsərini oxudum. Burda indi qeyd edəcəyim məqamları Əkrəm müəllimlə söhbətimizdə özünə (oxu uzunə) demişəm. Ona görə indi bu məqamları sadalamaq daha mənim üçün rahatdır. Əsərin sonluğunu heç bəyənmədim.
 
Əsərə rəng, maraq qatmaq naminə həddən ziyadə düşünülmüş, xeyli süni sonluq idi. Zamin Hacının təbirincə desəm, əsərin sonluğunu yemədim ( Zamin “Quqark”dakı bir məqam haqqında fikrini belə ifadə etmişdi - yemədim, yeyə bilmədim. 
 
Onun bu sözü xoşuma gəlmişdi), amma onu da bilirəm ki, yaşlı nəsil bu sonluğu çox sevəcək. Onların fikirincə, əsər mütləq hadisəylə bitməli, sonda hər şey oxucuya aydın və məlum olmalıdı. Onların fikirincə, əgər divarda tüfəng varsa, bu tüfəng mütləq açılmalıdı. Hərçənd əgər divarda tüfəng varsa, bu tüfəng elə sona qədər divarda lal-dinməz qala bilər. Vacib deyil ki, kimsə bu tüfəngi divardan götürüb ya özünü, ya arvadını, ya atasını, ya da qonşusunu, ya da hər hansı bir allah bəndəsini  vurub öldürsün.  
 
Sonra, Əkrəm müəllim bəzi sözləri işlətməsəydi yaxşı olardı. Məsələn, cüvəllağı sözünü. Bu sözün nə demək olduğunu, nə məna daşıdığını indi bilənlərin sayı çox deyil. Düzdü, adamlar indi xorla deyəcək ki, nə danışırsan, biz hamımız bu sözün nə demək olduğunu, nə məna daşıdığını çox gözəl bilirik.
 
Elə rəhmətlik babam, rəhmətlik nənəm uşaq vaxtı mənə həmişə cüvəllağı deyərdi. Bizim adamlar cığallıq etmək, boş yerə mübahisəyə girişmək  üçün fürsət axtarırlar. Kim nə deyir desin, cüvəllağı sözü indi işlək söz deyil. Mən şəxsən bu sözü axırıncı dəfə harda və  kimin dilindən çıxdığını xatırlaya bilmirəm.  Bu sözü işlətmək Əkrəm müəllimin özünün təbirincə desəm əşhəddü vacib deyildi. 
 
Bu iradımı müəllifə  bildirəndə, müəllif dedi ki, bu sözü işlədən qoca, yaşlı, köhnə kişilər var. Mən də o kişilərdən yazmışam, ona görə də əsərdə bu kimi sözlərdən istifadə edilməsi təbiidir.  Olsun. Yaxşı müdafiədir. Lakin mən də öz mövqeyimdə qalıram, cüvəllağı və bu kimi sözlərdən istifadə etməyə əşhədü ehtiyac yox idi. Əkrəm müəllim öz söz ehtiyatını, dili yaxşı bildiyini  nümayiş etdirmək üçün bəzən arxaikləşmiş sözlərdən yersiz istifadə edir.
 
Bəli, biz onun dili yaxşı bilməsinə şübhə etmirik.  Əkrəm müəllim özü də bu mənada gücünü anlayır, nəyə qadir olduğunu yaxşı dərk edir. Bununla belə daha diri, daha aktual, özündə daha çox mənaları daşıyan “cındır” sözü olduğu halda ,cüvəllağı sözündən istifadə edilməsini müəllifin artıq yaşlanması, qocalması kimi qəbul edək söhbət bitsin. 
 
Sonra, bu əsər də Əkrəm Əylislinin başqa əsərləri kimi yuxularla zəngindir. Bu isə yazıçının zəifliyidi. Qurtarmaq lazımdı bu yuxu söhbətini. Niyə? Yuxu bir dəfə olar. İki dəfə olar. Özü də yerində. Adamın yaddaşına hopar. Əslində “Dağlar deyir ki, soyuqdur” əsərində yuxuda görülənlər hadisə  kimi maraqlı olsa da  bu hadisələrin  yuxu kimi müəllif tərəfindən təqdim olunması hadisələrin maraqlılıq dərəcəsini aşağı salır.
 
Yəni Əkrəm müəllim elə bilir ki, bolluca yuxu yazmaqla yaxşı iş görür, amma əslində özü öz zəhmətini yerə vurur, gül kimi mövzuları  yuxu adıyla sözün həqiqi mənasında zay edir, bir nəsr nümunəsi kimi qiymətini aşağı salır. Şəxsən mən nəsrdə yuxunu sevmirəm. Tirajından, məşhurluğundan, yaşından, cinsindən aslı olmayaraq  bunu yazıçının qorxaqlığı və tənbəlliyi kimi qəbul edirəm.
 
Əgər nəsrdə  yuxudan söhbət gedirsə xoşladığım  çox az istisnalar var və bu istisnalardan biri də Qonçarovun “Oblomov” əsərindəki Oblomovun yuxusudu. Bu çox yerində və ustacasına işlənmiş yuxudu və bu yuxu əsərin ruhuna, süjetinə, mövzusuna, ümumilikdə əsərin qəhrəmanının ruhuna çox uyğundu. Bu o qədər gözəl və ustacasına işlənmiş bir yuxudu ki, oxucu  onu yuxu kimi yox qəhrəmanın həyatının ayrılmaz parçası kimi qəbul edir. 
 
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı yuxularla zəngindir. Az qala bütün obrazlar yuxu görürlər. Sanki yazıçılar hadisələrin real həyatda baş verdiyini yazmaqdan  ya qorxurlar, ya da utanırlar, ya da oxucuların  bu hadisələrin real həyatda baş verməsinə  inanacağına müəlliflərin özləri belə şübhə edirlər.
 
Yəni müəlliflər özləri öz yazdıqlarına inanmırlar. Bir sözlə, yuxu Azərbaycan nəsrinin ən böyük problemlərindən, bəlalarından biridi. “Kim yatmış kim oyaq” sualı bir qram da aktual deyil.  Məlum olur  hamı yatıb. Hətta Cırtdanın özü belə...  
 
Sanki bizim adamların həyatında, reallıqda heç bir əhəmiyyətli hadisə baş vermir, hər şey yuxuda baş verir. Hətta bizim nəsrdə obrazların gördüyü yuxularda sirlər və düyünlər açılır, məsələlərə, problemlərə birdən-birə aydınlıq gətirilir. Elə bil hekayə, povest, roman yox, sirlər dünyası üçün ssenari yazırlar.
 
Düzdü, azərbaycanlılar bir xalq olaraq sözün həm həqiqi, həm də məcazi mənasında yatmağı, əsnəməyi, mürgüləməyi, özünü yuxululuğa vurmağı  sevən xalqdır, amma bu o demək deyil ki, onların hamısı ucdantutma  maraqlı yuxular görürlər. Azərbaycan yazıçılarının əsərlərini oxuduqda adamda belə bir təəssürat yaranır ki,  bizim camaat dünyada ən maraqlı yuxular görən xalqdı.
 
Doğurdan da başa düşmək çətindi. Necə olur ki, maraqsız və mənasız bir həyat yaşayan adam başını yastığa qoyub gözünü yuman kimi maraqlı yuxular görməyə başlayır. Nədir bunun səbəbi? Necə baş verir bu? Xahiş edirəm psixoloqlar, sosioloqlar, antropoloqlar və digər LOQ-lar bu məsələyə aydınlıq gətirsinlər. Niyə yazıçılar zorla, süni olaraq adamların maraqlı həyat yaşadığını oxuculara sübut etmək, daha doğrusu sırımaq istəyirlər. Hardadı bu adamlar? Bu sünilik ümumiyyətlə nəinki bizim ümumilikdə şərq xalqlarına mənsub yazıçıların, rejissorların ən ciddi problemidi.
 
Türk və İran yazıçıları, rejissorları da bu xəstəlikdən əziyyət çəkməkdədirlər. Obrazların əvəzinə yazıçılar, rejissorlar özləri danışırlar. Tutaq ki, bir çobanın əslində dediyini yox, müəllifin ondan eşitmək istediyini yazırlar.  
 
Bunun özü bir növ senzuradı. Əgər çoban axmaq, mənasız bir söz deyibsə, çobanın dilindən səslənən  bu axmaq sözü mütləq və mütləq bir müdrik cümləylə, nəsihətlə əvəz etməli deyilik.
 
Məgər çoban mütləq şərq müdrikləri kimi danışmalıdı? Bu, müəllifin arzusudu, o istəyir ki, çoban şərq müdriki kimi danışsın.  Arzuda isə Viktor Hüqonun təbirincə desəm, iradə yoxdur. Nəticədə əsərdə dialoq yox, müəllifin monoloqu yaranır. Reallıqdan uzaq süni obrazlar adamın zəhləsini tökür. Bertolt Brext deyirdi ki, əgər həyatında böyük hadisələr baş verməyibsə, kiçik hadisələrdən yaz. Əl qərəz, Azərbaycan yazıçılarının yuxu xəstəliyi onların tənbəlliyinə, qorxaqlığına, qeyri- peşəkarlıqlarına dəlalət edir.  Əkrəm müəllim  gec də  olsa bu yuxu xəstəliyini tərgitsəydi və zəhmət çəkib hadisələri təqdim etmək üçün başqa vasitələr fikirləşib tapsaydı yaxşı olardı.     
 
Əkrəm Əylisli özü haqqında çox yüksək fikirdə olan bir adamdı. Bu yazdığım məsləhəti yüz faiz qəbul etməyəcək. Özü bilər, amma yazmaq mənim borcumdu.
 
Əkrəm müəllim növbəti əsərini zövqünə inandığı (yəqin ki, yoxdur) bir gəncə redaktə etmək üçün versə çox yaxşı olar. Bu onu lazımsız haşiyələrdən, lazımsız priyomlardan azad edər.  İnsan istər-istəməz qocalır. Zamanın nəbzini tutmaqda çətinlik çəkir.
 
Heç kim qocalmaqdan sığortalanmayıb. Bizim borcumuz bacardıqca gec qocalmaqdı. Əkrəm müəllim qocalıb, lakin yuxarıda da qeyd etdiyim kimi bədii təfəkkürü hələ də onu diri saxlayır.
 
Əgər insan ədəbi kodları bilirsə, bədii təfəkkürü varsa, o nə qədər qocalsa da, nə qədər zamanın nəbzini qaçırsa da ölməyəcək . Həmişə  sağ qalacaq. Bədii təfəkkürü olmayanlar isə min hoqqadan çıxsalar da, vəzifəsindən, pulundan istifadə edib özlərini harda gəldi reklam etdirsələr də, özləri haqqında yazılar yazdırıb, filmlər çəkdirsələr də, onlar diri-diri ölməyə məhkumdurlar. Bu mənada Əkrəm Əylisli bizim yaşlı yazıçılar arasında yeganə diri yazıçıdı.
 
Yuxarıda sadalanan iradlara baxmayaraq “Dağlar deyir ki, soyuqdur” əsərini çox sevdim. Əsəri iki dəfə oxudum. Müəlliflə görüşüb söhbət etmək ehtiyacı yarandı. 
 
Əsərin süjetini yazmayacam. Bu yazı əsəri oxuyan, əsəri oxuyacaq adamlar üçün yazılıb. “Dağlar deyir ki, soyuqdur” əsəri yazmaq xatirinə yazılmayıb. Con Apdayk deyirdi: - kim ki, iztirab çəkməyib, onun sənətdə deməyə sözü yoxdu.
 
Bu əsər həqiqi ovqatdan, iztirabdan doğulmuş bir əsərdi. Ağrının yaşı olmur. Aramızda böyük yaş fərqi olmasına baxmayaraq, Əkrəm müəllimin iztirablarını, ağrılarını bütün hüceyrələrimlə hiss etdim. 
 
Bu əsərdə başqa bir Əkrəm Əylisli gördüm. Əsərin mövzusu, insanın doğulduğu, böyüdüyü, uşaqlığının keçdiyi  yerə dönüşü, qayıdışı, yaxud insanın doğulduğu , uşaqlığını keçirdiyi yerlərə dönmək, qayıtmaq arzusu, istəyi  mövzusu ədəbiyyatda yetərincə işlənmiş mövzudu.
 
Özünü tərifləmək kimi çıxmasın (lap çıxsın) bu mövzuda bir xeyli əsərlər oxumuşam. Bu əsərlərin arasında mənə ən çox təsir edən əsərlərdən biri italyan yazıçısı Cezare Pavezenin “Ay və tonqallar” əsəri olub. “Ay və  tonqallar” əsəri Cezare Pevezenin şah əsəri hesab olunur. 
 
“Dağlar deyir ki, soyuqdur” əsərinin qəhrəmanları da doğulduğu yerə qayıtmaq istəyirlər. Biz bu əsərdə iki kənd görürük.
 
Biri ilahiləşdirdiyimiz, görmək istədiyimiz, arzuladığımız kənddir, o biri isə həqiqi, gerçək, real olan kənddir.
 
Bu iki kənd bir-birindən hədsiz dərəcədə fərqlənir. Əkrəm Əylisli bu əsərində kənd mövzusuna tamam başqa bir bucaqdan yanaşıb. Gəlin sözü müəllifin özünə verək:  
 
"O uşaqlıq uşaqlıq deyildi, əzizim Mamedov, xalis rəzalətiydi. İndi mən neynəyə bilərəm ki, rəzalətin nə demək olduğunu sən hələ də qana bilməmisən.
 
Müharibədən təzə çıxan Almaniyada biz yaşda uşaqlar hər səhər ət yeyəndə, yağ  yeyəndə bizim kəndin uşağının yediyi bir qulaq arpa lavaşı ilə bir barmaq pendir idi. Heç o da hər evdə olmurdu. Məktəbdən çıxan kimi kolxozun massivinə tökülüşüb, mal kimi otlayırdıq.
 
Yemliyi,  kilincanı, yağlıcanı – üzüm yarpağından tutmuş, heyva çiçəyinəcən - əlimizə keçəni qarnımıza təpişdirirdik.Alçanın, əriyin, badamın çağalasını tıxdıqca tıxıb, axşamı  gözləyirdik ki, bəlkə axşam evdə xörəyimiz olacaq. O da gah olurdu, gah olmurdu. Dədəmlə dədən kolxozdan canlarını qurtarıb, gedib qulluq işinə düzəlib, guya hökümət adamı olmuşdular: biri milisəner, o biri vergiyığan. Biri – “Sürtük Bağır”, o biri – “Sırtıq Məmməd”. Kənddə kim onları adam yerinə qoyurdu?
 
Heç birinin camaat arasında Səfərin o qara iti qədər də xətir-hörməti yox idi. Dədəmin aylıq maaşı çox olsa 4-5 pud una çatardı. Dədən Məmmədinki də qoy olsun bir o qədər. Hamı ac idi, Mamedov, kolxozçu da, qulluqçu da. Hökumət camaatın gözünün odunu necə almışdısa, heç kəs cınqırını da çıxara bilmirdi  – bu son sözləri Cəfər təzəcə yandırdığı siqareti külqabıya basıb, bərk-bərk əzişdirə-əzişdirə dedi. Çaşdığından, hirsləndiyindən, ya nədənsə təzə siqaret yandırdı. – Çer Muxtar yadındadı? Yetmiş yaşlı kişiydi, amma yenə qancıq eşşək saxlayırdı. Hamı da bilirdi ki, o eşşək Çer Muxtarın ikinci arvadıdır. Sənin o tərifli kəndin buydu, Mamedov. Elə bilmə ki, indi o kənd çox dəyişib..."
 
Müəllif bu sərt reallıqları əsərin başqa yerində davam etdirir:           
 
"Dünən axşamtərəfi yeməkxanadan çıxıb, evə gələ-gələ Mamedov xəyalında gedib kənddəki evinə də doyunca tamaşa eləmişdi. Kəndin tən ortasında, çiy kərpicdən tikilmiş, torpaq damlı, birmərtəbəli ev. Bir otaq və bir dəhliz. Otağın yuxarı başında –“evin gözü” - köhnə stol. Stolun üstündə yeddilik neft çırağı, qoşa dəftər varağı boyda dördkünc ayna, bir də evin ən dəyərli əşyası, anasının gəlinlik cehizi – qədim mis samovar.
 
Otaqdakı yeganə dəmir çarpayıda Mamedovun atası yatardı. Ailənin digər üzvləri yerdə, palaz üstə salınmış yorğan-döşəkdə böyür-böyürə uzanıb yatışardılar: yayda istidən boğula-boğula, qışda soyuqdan dona-dona.
 
Dünən axşamtərəfi yeməkxanadan evinə qayıdanda Mamedov kənddəki evlərini, o evin küçə qapısından tutmuş xırdaca həyətinəcən, həyətdəki yoğun gövdəli qoca tut ağacına, zirinc, sumax kollarına və o kolların dal tərəfindəki – köhnə faner taxtasından alçaq qapısı olan – ayaqyolunacan hər şeyi birbəbir yadına salmışdı.
 
Və özünün çoxdan unutduğu bu miskin mənzərədə evlərinin alaqaranlıq dəhlizi ona xüsusilə cansıxıcı təsir bağışlamışdı. Dəhlizin samanqarışıq palçıqla suvanmış soyuq, boz divarları, üstünə həmin palçıqdan suvaq çəkilmiş torpaq döşəməsi və o quruca torpaq döşəmənin üstündəki azuqə - evin var-yox yeməyi: bir az soğan, bir az kartof, bir-iki bişirimlik lobya və noxud, tut qurusu,  alça, albuxara, ərik qurusu.
 
Anasının dama sərib qurutduğu o əriyi, alçanı, albuxaranı – mövsümündə Mamedovun özü cib-cib,qoltuq-qoltuq kolxoz bağlarından daşıyıb gətirmişdi.Və bir vaxt oğurluq saymadığı bu əməlin əsl oğurluq olduğunu düşünəndə - içdiyi arağın ovqatında – Mamedov  az qala ağlamaq dərəcəsinə gəlmişdi..."
 
Bu sərt, acı mənzərələri oxuyarkən öz-özümə düşündüm. Bu, başqa Əkrəm Əylislidi, amma bu başqa Əkrəm Əylisli cəsarətsizlik nümayiş etdirib. Daha cəsarətlə, qorxmadan yaza bilərdi. Bunun üçün onun hər cür imkanı var. Həyat təcrübəsi, yazmaq bacarığı, yaddaşı... Bəs niyə yazmayıb? Bəlkə “heç kim özünü axıra qədər yaza bilmir” sözünü xatırlayıb müəllifə haqq qazandıraq?
 
Yuxarıda yazılan cümlələr kənd və şəhər davası üçün mövzu olmamalıdı. Yaxşı olardı ki, şəhərdə doğulmuş, şəhər mühitində böyümüş yazıçılar da ilahiləşdirdikləri məkanları həqiqətdə olduğu kimi yazmağa cəhd etsinlər. Nə qədər çətin olsa da həqiqətə qayıtmağa, baş verənləri olduğu kimi yazmağa cəhd etməliyik.  Gözümüzü yumub, sanki başqaları üçün deyil, yalnız özümüz oxuya biləcəyimiz gündəlik kimi yazmalıyıq.
 
İt zülmü çəkdiyimiz kəndləri, ağcaqanad əlindən bir dəqiqə rahat otura bilmədiyimiz bağ evlərini, qəddar atalarımızı, şöhrətpərəst, pulgir, qeybətcil analarımızı, cahil, mənfəətpərəst qohum-əqrəbalarımızı fetişləşdirməyək. Tolstoy deyirdi:- qənd yalnız  uşaqlar üçün şirindi. Bəli, biz oraları və onları arzuladığımız kimi görmək istəyirik(dik). Bəlkə də bu qəddar adamları, çürük məkanları ilahiləşdirmək  bizim bir insan kimi ürəyimizin açıqlığından, niyyətimizin xoş olmasından irəli gəlir. Amma nə etməli, onlar və oralar bizim arzuladığımız kimi olmayıblar.  
 
Bizim insanların səmimiyyət problemi var. Səmimi olub bir adamla dərdini bölüşürsən, bir balaca soyuqluq yarananda səni məhz səmimi olduğun yerdən vururlar. Xüsusən qadınlar.
 
Bu xaraba qalmış ölkədə bir adama ürəyini açmalısan, ya yox. Axı biz insanıq. Ətdən-qandan ibarətik. Dəmirdən yaranmamışıq.  Bir nəfər uşaqlığından nəsə həqiqi bir hadisə  yazır. Adamlar başlayır xorla oxumağa:- deyirdik də bunun travması var. Ay ədəbiyyatdan xəbəri olmayanlar, bəs yazıçı nədən yazmalıdı?
 
Elə danışırlar, guya hamısı çox belə səliqəli, nizam-intizamlı, nümunəvi ailələrdə böyüyublər, əsl belə sivil insan kimi tərbiyə alıblar. Elə danışırlar, özlərini elə aparırlar guya bunları tanıyıb-eləyən yoxdu. Guya nəinki bir ölkədə yaşamışıq, başqa-başqa planetlərdən gəlmişik. Yaxşı, tutaq ki, biz, şəxsən mən sizdən fərqli olaraq əxlaqsız ailədə böyümüşəm, normal ailə tərbiyəsi almamışam.
 
Tutaq ki, məndən fərqli olaraq  böyük çoxluq uşaqlıqda valideynləri tərəfindən  böyük qayğı görüblər, ailələrində dava-dalaş olmayıb, gözəl tərbiyə alıblar, bəs o zaman hanı bu gözəl tərbiyə alan adamlar. Hardadırlar? Bəs bu yaltaqlıq , təlxəklik edənlər , mahnı üstündə bir-birini bıçaqlayanlar, beş manata görə min sifətə girənlər, məddahlar kimlərdi? Onlar harda tərbiyə alıblar?  Əgər böyük çoxluq gözəl tərbiyə alıbsa, uşaqlıqda hər şey qaydasında olubsa, o zaman bu adamlar niyə o aldıqları gözəl tərbiyəni doğrultmayıblar? Hanı onlara verilən tərbiyə?
 
Axı reallıqda baş verənlər danışılanların və yazılanların tamam tərsini göstərir. Yalan danışmaqdan, yalan yazmaqdan  yorulmadınız? Beləliklə, bu böyük, total yalanların,adamların, məkanların, keçmişin  lazımsız və gərəksiz fetişləşdirilməsinin  fonunda  bir balaca nəsrdə səmimiyyət nümayiş etdirən adama qarşı onun səmimiyyətindən silah kimi istifadə olunur.
 
Bununla da səmimiyyət qapısı bağlanır. Başqalarının da səmimiyyət nümayiş etdirməsinin, cəsarətə gəlməsinin qarşısı alınır. Onların gözünü qorxudurlar, yalnız ən güclü adamlar bacardıqları qədər səmimiyyət nümayiş etdirə bilirlər. Mən demirəm hər şey olduqu kimi yazilmalidi. Yox. Həqiqətə 25%  sadiq qalsaq, baş verənlərin cəmisi 25 %-ini yazmağa özümüzdə cəsarət tapa bilsək bəsimizdi. 
 
“Dağlar deyir ki, soyuqdur” əsərində mənə ən çox təsir edən aşağıdakı hissə oldu. Bu hissə həm də mənə bir məsələni anlamağa kömək etdi. Bu haqda az sonra.
 
İndi isə əsərin qəhrəmanı Mamedovun bir vaxtlar tələbə ikən yaşadığı yataqxananı  xatırlamasından söhbət gedir: 
 
"Zavoda direktor  təyin ediləndən əvvəl o yataqxana, demək olar ki, həmişə Mamedovun yadında olmuşdu. Vaxt tapdıqca gedib, o yataqxananın yerləşdiyi binanın yan-yörəsində hərlənib, ötüb-keçən günləri yadına salmışdı. Zavodda direktor işlədiyi dövrdə buna vaxt tapmadı.
 
Sonra vaxt tapdı, ancaq yataqxananın yerləşdiyi evi tapa bilmədi. Şəhərin mərkəzindəki iki parallel küçənin arasında, insan  çoxluğundan və avtomobil səs-küyündən kənarda öz ayrıca həyatını tələsmədən, təntimədən rahatca yaşayan – hündürlüyü indiki binaların 7-8 mərtəbəsinə bərabər – o dördmərtəbəli, həyətli, eyvanlı, dolama pilləkənli Bakı evi aşağı mərtəbəsindəki o uzunsov, alaqaranlıq yataqxanayla birgə sanki yer üzündən silinib-süpürülmüşdü, uçmuşdu, itmişdi, qeybə çəkilmişdi.  Özünün harda olduğunu kəsdirə bilməyən Mamedov o evin yerində tikilmiş binaya hayıl-mayıl baxa-baxa qaldı.
 
Qorxdu, ancaq nədən və niyə qorxduğunu anlayıb-aşıra bilmədi. Çünki o binanın görkəmində insanı qorxuda biləcək heç nə yox idi. İşıqlı-yaraşıqlı uca binaydı. Qabağı – güllü-çiçəkli xiyaban, ətrafı abad, tərtəmiz... Yox, Mamedov o təzə  binadan qorxmamışdı, oradakı köhnə evin əbədi yoxa çıxmağından qorxmuşdu. O evdə yaşayanların səsi, sifəti, yerişi-duruşu bəlkə olduğundan da diri və dolğun bir şəkildə o gün Mamedovun xəyalında canlanmışdı. Və Mamedov ondan qorxmuşdu ki, o sifətlər bu yerlərdə bir də görünməyəcəkdi. O səslər buralarda bir də eşidilməyəcəkdi.
 
Allah bilir hansı zamanlardan bəri bir yerdə yaşayan, biri-birinin indisinə, keçmişinə bələd olan, rəftarına, xasiyyətinə, sözünə,  səsinə öyrəşən xeyli sayda insanın bu insani ehtiyacdan, ailəvi ünsiyyətdən həmişəlik məhrum olmağı Mamedovu əzmişdi, sıxmışdı, sarsıtmışdı. Hər küncünü-bucağını tanıdığı, hər daşına, divarına bələd olduğu o xudmani yurd yerinin, insan yuvasının əbədi yoxa çıxdığını gözlərilə görəndən sonra da o gün Mamedov o təzə binanın ətrafında, xəstə qoyun kimi gicələ-gicələ, o yox olmuş köhnə evin həyətini axtarmışdı.
 
O həyətdəki nar və əncir ağaclarını, üzüm tənəklərini bir-bir yadına salmışdı. Həyətin ortasındakı talvarı, o talvarın altındakı yaşıl rəngli, uzun stolu və o stolun ətrafına yığışıb, günuzunu deyə-gülə nərd oynayan, çay içən, küçədə-bazarda eşitdiklərini və televizorda gördüklərini həvəslə bir-birinə danışan insanları gözünün qabağına gətirmişdi və o həyətdən, o talvardan, o söhbətdən məhrum olanların sonrakı həyatı Mamedova o qədər cansıxıcı görünmüşdü ki, o yaraşıqlı təzə bina və o binanın ətrafındakı qüsursuz-qənirsiz abadlıq ona qorxunc və qəribanə qəbiristanlıq təsiri bağışlamışdı.
 
Və o abadlıqdan Mamedov elə bir çarəsizlik və çıxılmazlıq ovqatında ayrılıb-uzaqlaşmışdı ki, elə bil o evin, o həyətin, o yataqxananın yerində təzə bina tikilməmişdi, orada zorakılığın, amansızlığın və allahsızlığın insana meydan oxuyan canlı heykəli qoyulmuşdu".
 
Bu vaxta qədər, “Dağlar deyir ki, soyuqdur” əsərindəki bu hissəni oxumayana qədər bir məsələni başa düşmürdüm.
 
Bu mərmər döşənmiş parklar, bu mərmər təmtərağı, bu mərmər bər-bəzəyi niyə ürəyimizcə deyil?  Bəs bizi narahat edən, qorxudan nədir?  Bəlkə doğrudan da qərəzliyik?  Bəlkə yalandan dirəşmişik? Elə deyirik ki, yox e, nə düzəltsəniz də ürəyimizcə olmayacaq.  Nədir bu? Paxıllıq, gözügötürməzlik, məğlubiyyətlə barışmamaq, reallığı həzm etməmək? Bütün bu sualların bir cavabı olmalıdı, ya yox.
 
“Dağlar deyir ki, soyuqdur” əsərindəki bu hissəni oxuyandan sonra bu suala cavab tapdım.
 
Özü də çox asan.
 
Rahatlıqla.
 
Bu mərmər bər-bəzəyi, bu mərmər təmtərağı, məzarlıq bər-bəzəyi, məzarlıq təmtərağı, bu səliqə-səhman qəbiristanlıq səliqə-səhmanını xatırladır. Azərbaycan  böyük bir qəbiristanlığa bənzəyir.  
 
Seymur Baycan
Kultura.az
Yuxarı