Xəsis milyonçu Musa Nağıyev və Bakının “qızıl bina”sı

Наследие

 
 
Binanın memarlıq layihəsinin müəllifi mülki memar İ. K. Ploşkodur. Polyak əsilli İosif Ploşko 1895-ci ildə Peterburqda Mülki Mühəndislər İnstitutunu bitirib. O, iki il Kiyevdə işlədikdən sonra Bakıya dəvət olunur. 1925-ci ilə qədər Bakıda yaşayıb. Bu gün də şəhərə yaraşıq verən bir çox memarlıq abidələrinin müəllifidir. 
 
Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hal-hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir. Amma bu günə qədər bu tarixi və ictimai əhəmiyyətini qorumağı bacaran binanın başı nələr çəkmədi…
 
Bu binada vaxtilə Azərbaycanın ən tanınmış insanları, görkəmli alimlər çalışıb. 1924-cü ildə burada Əbdürrəhim bəy Haqverdiyevin sədrliyi ilə “Azərbaycanı tədqiq və tətəbbü” cəmiyyəti yerləşib. Sonralar bu cəmiyyət elmi-tədqiqat institutuna, 1932-ci ildən isə SSRİ EA-nın Zaqafqaziya filialına çevrilib. 1945-ci ildən isə Elmlər Akademiyası kimi fəaliyyət göstərib. 
 
Böyük kimyaçı alim Yusif Məmmədəliyev də  bu binada işləyib. Akademik Mirəsədulla Mirqasımov, şair Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti kimi bu binada çalışıb. Bir sözlə, uzun illər boyu Azərbaycanda elmin inkişaf istiqamətləri bu binada müəyyənləşdirilib. 
 
Binanın iclas salonunda tez-tez elmi konfranslar, ədəbi disputlar keçirilib. Vladimir Mayakovski, Maksim Qorki, Nazim Hikmət kimi ədiblər Azərbaycan oxucuları ilə bu binanın iclas salonunda görüşüblər. Bu bina bütün dövrlərdə elm və maarif mərkəzi olub. Müxtəlif illərdə “Maarif evi”, “Maarif sarayı”, “Türk mədəniyyəti sarayı” adlanıb. 
 
Bakıda qotik üslublu ilk memarlıq abidəsi olan “İsmailiyyə” binasının, əslində, yerində Cümə məscidini tikilməsi nəzərdə tutulmuşdu, amma bu təklif  Çar Rusiyası hakimiyyəti nümayəndələri tərəfindən qadağan edilir. Səbəb isə qonşu küçədə dəbdəbəli Aleksandr Nevski kafedralının tikilməsi idi. 
 
Bakı milyonçuları Novruz bayramı münasibəti ilə təşkil olunmuş ziyafət məclislərinin birində Musa Nağıyevə təklif edirlər ki, oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Məlumat üçün qeyd edək ki, Qurban Səidin “Əli və Nino” romanında “İsmailiyyə” sarayını “İslam Xeyriyyə Cəmiyyətinin binası” kimi təqdim edilir. 
 
Əməkdar memar, professor Nəriman Əliyev binanın tarixindən, memarlıq üslubundan danışdı: “Nağıyevin oğlu vərəm xəstəliyinə tutulanda təxminən 14 yaşı olardı. O vaxt həkimlər məsləhət gördülər ki, onun müalicəsi ancaq Sankt Peterburqda baş tuta bilər. O vaxt Nağıyev buna çox da əhəmiyyət vermədi, amma zamanla xəstəlik daha da irəliləyirdi. Və növbəti ildə müalicənin Avropada aparılmasını məsləhət görürlər. Musa Nağıyev yenə də buna əhəmiyyət vermir. Növbəti ildə isə artıq heç bir tibb ocağında xəstəliyə çarə tapılmır. Artıq gec idi. İsmayıl dünyasını dəyişir. Musa Nağıyev milyonçuların, xüsusən də Hacı Zeynalabdin Tağıyevin təklifi ilə uşağın xatirəsinə nəsə yaratmağı qərara alır. İsmayılın adını daşıyan həmin bina müsəlmanların xeyir-şər binası olur. 
 
Bu şəhərdə ən çox bina tikdirən milyonçu Nağıyev olub. O, hər qəpiyinin qədrini bilirdi. Nağıyev maddi baxımdan çox dəqiq adam idi. Kimsəyə də çox da güvənmirdi deyə, “İsmailiyyə”nin tikilişi üçün dəqiq məbləğ tələb edir. Dostları ilk olaraq Nağıyevə bina üçün böyük məbləğ demirlər. Xüsusilə də H.Z.Tağıyev memara tapşırır ki, Nağıyevə binanın dəyərinin yarısından da az məbləğ desin. “O dəyərə bina ərsəyə gəlməz” – deyə memar razılaşmır. Amma Tağıyev deyir ki, çatışmayan nəsə olsa, o da əlavə kömək edəcək.  Müəyyən qədər maddiyyatı Tağıyev öz üzərinə götürür. Binanın tikintisinə başlanılır, təbii ki, yarısında pul qurtarır. Çatışmayan məbləğin müəyyən qədərini Hacı Zeynalabdin ödəyir. Əslində, həmin məbləğ də kifayət etməyəcəkdi. İki mərtəbə tamamlananda bina yarım qalır. Nağıyevə deyirlər ki, tamamlanmasa, yağış-qar binada çəkilən zəhməti məhv edəcək. Nəhayət ki, tamamlanma işlərini Nağıyevin pulu ilə başa çatır. O binada olsanız, görərsiniz ki, iki mərtəbədən sonra binanın hündürlüyü, eləcə də, otaqlar da balacalaşır. Binada sizi qarşılayan daş pilləkən əvvəl taxtadan ibarət olub. 1918-ci ildə bolşeviklərlə ermənilər gələndə bina yandırıldı. Sovet vaxtında yenidən bərpa etdilər. Görünüşündə də dəyişikliklər edildi. Avropa və İtaliya memarlığından daha çox üstünlük verilsə də, yerli memarlıq üslubuna da yer verilmişdi”. 
 
Bəli. Memar Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının layihəsini qısa vaxtda hazırlayır və 1908-ci ilin dekabrında binanın özülü qoyulur. O vaxtkı “Kaspi” qəzeti yazırdı: “Dekabrın 21-də, bazar günü Nikolayevsk küçəsində Müsəlman Xeyriyyə Cəmiyyətinin yeni binasının – mərhum İsmayıl Nağıyevin adına olan “İsmailiyyə” binasının təməli qoyulmuşdur. Tədbirdə cəmiyyətin sədri Hacı Zeynalabdin Tağıyev, onun həmkarı, binanın tikintisini maliyyələşdirən Musa Nağıyev, idarə heyətinin üzvləri və müsəlman ziyalıları iştirak etmişlər. Bünövrə daşının qoyulması zamanı Quberniya qazısı axund Mirməmməd Kərim Hacı Mircəfərzadə xeyir-dua vermişdir”. 
 
M.Ə.Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında bu bina haqqında yazırdı: “Bəlkə də, islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir”. 
 
1912-ci ildə nəşr olunan “Bakinski sputnik” adlı məlumat kitabında yeni binanın layihəsi çap olunmuşdu. Orda məlumat verilirdi ki, bina birinci dərəcəli Bakı taciri Musa Nağıyevin vəsaiti hesabına, vəfat edən oğlu İsmayılın xatirəsinə ucaldılır. Layihə Venesiyadakı “Dojlar sarayı” üslubunda hazırlanmışdı. 
 
Binanın fasadı Venesiya qotikası üzrə tərtib olunsa da, interyerin üslub proqramı Avropa klassikasına daha yaxındır və bu ikinci mərtəbənin nəfis memarlıq həllində zalın üçölçülü ictimai foyesini əhatə edən biçimli korinf sütunlarında qabarıq şəkildə özünü göstərir. Birinci mərtəbədə tağların arasında akant yarpaqlı, heraldik emblemli və taclı çələng formasında relyef formasında təsvir olunmuş iri dairəvi dekorativ motivlər yerləşib. Ağa Musa Nağıyev əsilzadə ailəsindən olmasa da, sahib olduğu milyonlar ona bu cür üslub elementlərini tələb etməyə imkan vermişdi. İkinci mərtəbəyə keçid üfüqi hissələrin geniş zolağı ilə müşayiət olunur. Bu, fasadın kompozisiya quruluşunda yeni bir səhifə açmağa imkan yaradır. Burada “Contarini delle Figure” sarayından bir hissə öz əksini tapmışdır. 
 
Bina hazır olduqdan sonra birinci olaraq ora xeyriyyə cəmiyyətinin idarəsi köçür. Sonra Bakıda mövcud olan bütün maarif cəmiyyətlərinə orada yer verilir. Lakin bir il sonra Birinci Dünya müharibəsinin başlanması bu binanın təyinatına və fəaliyyətinə təsirsiz qalmır. “İsmailiyyə” binası xəstəxanaya çevrilir… 
 
Sonralar repressiya qurbanı olmuş yazıçı Seyid Hüseyn 1919-cu ildə yazırdı: “Böyük müharibə başlandı… Özünün hüsn və lətafəti ilə Bakının birinci dərəcədə binalarından olan İsmailiyyəni əsgəri bir xəstəxana halına salmağa qərar verdilər. ...Qars və Ərdəhan çöllərində bir çox sahibsiz qalmış çocuqları İsmailliyyə binası müşfiq bir ana kimi ağuşi-şəfqətində bəslədi. Bütün müavinətə möhtac olanların nəzəri İsmailiyyədə idi. Hər kəs üzünü o tərəfə tutsa idi, naümid qayıtmazdı...”
 
“Kafkazskiy teleqraf” qəzetinin 1915-ci il fevral tarixli nömrələrində müharibədən zərər çəkən müsəlmanlara yardımla bağlı bir-birinin ardınca elanlar verilib. 
 
Hər zaman özgədəki müsbət cəhətləri gözü götürməyən ermənilər bu dəfə də Mart soyqırımı ilə ölkəmizə hərtərəfli ziyan vurmağı bacardı. Və bu ziyan “İsmailiyyə”dən də yan keçmir. Bəlkə də, əsas hədəf idi “İsmailiyyə”.
 
Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, burada fəaliyyət göstərən qurumlar, o cümlədən, sarayın arxivi yanaraq məhv olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra dağılmış “İsmailiyyə” sarayının uçma təhlükəsi olmasına görə sökülməsinə qərar verilir. Lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan vermir və yalnız bundan sonra sarayın bərpasına başlanılır. Binada bərpa işlərini memar Vartan Sarkisov həyata keçirib. Bərpa zamanı sarayın ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişiklərə yer verilib, vaxtilə Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilib. 
 
Ermənilər bu binanı dağıdarkən o vaxtkı Metropol Mehmanxanası, indiki Nizami adına Ədəbiyyat Muzeyinin damından binanı gülləbaran edirlər. Məqsəd şah əsər hesab olunan binanı məhv edib, zirzəmidə olan ziyalıların arxivlərini ələ keçirmək idi. Ən əsası isə çəkisi 6 kiloqram olan binanın üzərindəki “İsmailliyyə” sözünü götürmək istəyirdilər. Çünki həmin yazı qızıldan idi. Arxivi ələ keçirə bilməsələr də, yandırmaqla məhv etməyi bacarırlar.
 
Binanın zirzəmisində görkəmli ziyalıların, klassiklərin arxivi olub. Ermənilər həmin arxivi ələ keçirmək istəyiblər. Ona görə də 1918-ci il 31 martda bina yandırılıb. İsmayılın şərəfinə sarayın foyesində ucaldılan möhtəşəm heykəl də məhv edilib. Ermənilər təkcə binanı yandırmır, həm də binanın üzərində qızılı hərflərlə yazılmış “İsmailiyyə” sözünü qoparır, sarayı talan edirlər. Nə qədər qəribə olsa da, hətta bir arada bu binaya Vladimir Leninin adı verilib. 
 
“İsmailiyyə”nin yandırılması, dağıdılması, təbii ki, hamıdan çox onun əsl sahibini – Musa Nağıyevi “yandırmışdı”. Deyilənə görə, milyonçunun bu hadisələrdən bir il sonra vəfat etməsinin əsas səbəblərindən biri də “İsmailiyyə” dərdinə dözə bilməməsi olub... Milyonçu 1918-ci ilin martında dünyasını dəyişir. Onun atasının vəsiyyəti olub ki, “100 bina tik , bir o qədər də ömrün uzanar”. Elə bu səbəbdən də o, 100 bina və 100 il ömür sürməyi qarşısına məqsəd qoyur. Amma taleyin oyunu ona 70 yaşdan çox yaşamağa imkan vermir. Ölüm zamanı dilində təəssüf qalır: “Heyf ki, 98 bina tikdirməyi bacardım” sözləri ilə dünyadan köçür”.
 
El arasında belə bir deyim var: “El üçün ağlayanın gözü kor olar”. Milyonçu olmaqla deyildi, Bakıda 98 memarlıq binasının inşasında imzası olan bir milyonçu öz oğlunu qoruya bilmir. Maraqlısı budur ki, “İsmailiyyə” sarayının aqibəti elə Nağıyevin oğlunun aqibətinə bənzədi. Amma əminliklə deyə bilərik ki, bina bu gün həm tarix, həm ictimai, həm də memarlıq ənənələrini qoruyub saxlamağı bacarır. 
 
Dürrə Həsən
 
Kult.az
Kultura.az | Developed by Samir Yahyazade