Dünyanın ən böyük filosofları: Jan Pol Sartr

 
Sartr fəlsəfi cərəyan olan egzistensializmin (varolma) aparıcı fiqurlarından biri kimi məhşurlaşmışdı. O, fəlsəfəni ən cəlbedici sahələrdən birinə çevirməyi bacarmışdı. “Varlık və Heçlik” adlı qalın, oxunması son dərəcə ağır kitabı yazdıqdan sonra Sartrın məşhurluğu xeyli dərəcə artmışdı. Ancaq nə qədər qəribə olsa da, kitab daha çox anlaşılmazlığı ilə ona məşhurluq gətirmişdi. İnsanlar onun kitabda ifadə etmək istədiyi ideyaları tam dərk edə bilmirdilər. İyirminci əsrin sonları insanların qeyri-müəyyən, mistikaya bürünmüş ideyalara olan marağı Sartrdan da yan keçmədi və o, bu əsrin gətirdiyi imkandan karlı çıxan yazar oldu. 
 
Egzistensializm fəlsəfəsi bir neçə dərin düşüncəni özündə əks etdirməkdədir: 
 
 
Bir: Şeylər biz düşündüyümüzdən daha qəribədir
 
Sartr dünyanın özünü bizə qəribə və əsrarəngiz formada nümayiş etdirdiyi anlara daha çox diqqət yetirir. Biz gündəlik məntiqimizlə həmin anları anlaya bilmir və baş verənlər bizə gözlənilməz, absurd və hətta qorxulu gəlir. Sartrın ilk kitabı olan “Ürəkbulanma” - əsər 1938-ci ildə nəşr olunub – belə anlar haqqında xatırlatmalarla  boldur. Məsələn, əsərin qəhrəmanı 30 yaşlı yazıçı Rakuentin uydurma bir Fransız şəhərində qatarla səyahət edir. O əlini oturacağa söykədikdən sonra qəfil geri çəkir. Son dərəcə adi, bəsit quruluşda yaradılmış, diqqətə belə layiq olmayan bu  oturacaq ona dəhşətli dərəcədə qəribə görsənir. “Oturacaq” sözü həmin anda ona öz ilkin mənasından qopmuş görünür, sanki bu sözlə əvvələr heç bir zaman qarşılaşmayıb. Bu oturacaq ona ölmüş eşşəyin iyrənc formada qabarmış qarnını xatırladır. Raquetin bu anı özündən qovmaq üçün, özünü məcbur edir ki, oturacığın sadəcə insanların oturması üçün yaradıldığını düşünsün. Həmin bu dəhşətli anda Raquentinin gördüyünü Sartır “dünyanın absurdluğu” adlandırır.
 
Həmin bu an Sart fəlsəfəsinin özəyini təşkil edir. Sartrçı olmaq, rutin yaşantımızın bizdə yaratdığı stabil baxış bucağından və önyarğılardan tamamilə arınmaq, azad olmaq və ən önəmlisi bu varolma şəklini dərk etmək deməkdir. Sartrçılığın perspektivindən biz həyatımızın bir çox aspektlərinə də baxa bilərik. “Sevgilinlə axşam yeməyi” deyərkən ağlınıza gələn mənzərəni düşünün. Ağılnıza gələn mənzərədə hər şey məntiqi və normal şeylər kimi görünür, amma Sartrçı baxış bucağı, bu üzdə olan normallığı yoxa çıxardaraq, aşağı qatda gizlənən qəribəliyi üzə çıxardır. Bu axşam yeməyi, əslində sənin doğranmış və formaya salınmış ağacın üstündə oturaraq, ölü heyvanın üzvlərini və bitkiləri çeynəyərək yediyin mənasını verir. Sənin qarşında duran, bəzən cinsiyyət orqanına toxunduğun, sevgilin də – digər məməli – eyni şeyi etməkdədi. Və yaxud, sənin işinə Sartrçı gözlərlə baxmağa çalışaq: sən və sənin kimi digərləri bədənini paltarla sarıyıb, böyük bir qutunun içərisində toplaşaraq bir-birinə acıqlı səslərə müraciət edir. Sən bir parça kağız üçün cəldliklə plastik düymələrə basırsan. Sonra dayanır və çıxıb gedirsən. Növbəti dəfə səma işıqlanır və sən geri qayıdırsan.
 
 
2. Biz azadıq
 
Bu anlar sösüz ki, çaşdırıcı və qorxulu təsir bağışlayır. Ancaq Sartr bunları deməklə, bizim diqqətimizi əsas məsələyə yönləndirməyə çalışır: həyata bu baxış bucağı insanın azadlıq sərhədlərini daha da genişləndirir. Həyat bizim düşündüyümüzdən də qeyri-adidir. Həyat özündə geniş imkanlar daşımaqdadır. Şeylər heç də bizim onları görməyə öyrəşdiyimiz kimi deyillər. Biz gündəlik qayğılardan, məsuliyyətdən azad olduğumuz anlarda daha azad şəkildə xəyala dalır, düşünürük. Biz ya gecələr, ya xəstə yatarkən və ya  qatarla uzun səfərlərə çıxdıqda beynimizin düşünmək istədiyi şeylərə azadlıq verir, öyrəşmiş olduğumuz ənənəvi düşüncə formalarından qurtulur və qeydi-adi xəyallara dalırıq. Bu anlar insanı həm narahat edir, həm də ona  daha çox azadlıq hissi verir. Nəticədə, biz evimizdən çıxıb gedə, münasibətlərimizi sonlandıra, yaşadığımız insanı bir daha görməyə bilərik. Biz işdən çıxar və başqa ölkəyə gedərək, həyatımızı tamamilə yeni təməllər üzərinə qura bilərik. 
 
Bütün bu ssenarilərin baş verməməsi üçün bizim çox ciddi səbəblərimiz var. Ancaq Sartr bu çaşdırıcı anların təsviri ilə həyat haqqında fərqli düşünməyimizi  istəyir. Sartr bizi oturuşmuş, normal düşüncə formasından uzaqlaşdıraraq xəyal dünyamızı daha açıq və azad etməyə çalışır. 
 
Biz azadlığımızı tam anlamda dərk etdikdən sonra, Sartrın ifadə etdiyi kimi, egzistensializmin “iztirab”ına davam gətirə biləcəyik. Qorxulu da olsa, həyatda hər şey baş verə bilər. Belə ki, əvvəldən heç nə müəyyən olunmayıb. İnsanlar həyatı yaşadıqca onun yolunu müəyyən edir və onlar istənilən an zəncirləri qırıb ata bilərlər. Əslində “evlilik”, “iş” adlandırılan sözlərdə insanı məhdudlaşdıran heç nə yoxdur. Bunlar bizim şeylərə yapışdırdığımız etiketlərdir. Həqiqi varoluşçular istənilən an bu etiketləri qopardıb atmaqda azaddırlar. “İztirab” sözü qorxuncdur, ancaq Sartr iztirabın mahiyyətində yetkinliyi, bizim tam anlamıyla yaşadığımızı, reallığı - onun azadlığı, imkanları və seçim çətinlikləri  ilə birgə - düzgün qavradığımız görürdü. 
 
 
Üç: Biz “köhnəlmiş inancla” yaşamamalıyıq 
 
Azadlığı tam anlamıyla dərk etmədən yaşanılan həyata Sartr “köhnəlmiş inanc” adını vermişdi.  
 
Biz nələrisə məhz əvvəlcədən müəyyən olunmuş yolla etməklə, başqa seçim imkanlarına göz yumuruq və “köhnəlmiş inancın” təsirinə düşürük. Əgər biz müəyyən edilmiş işi görməkdə, müəyyən edilmiş insanla yaşamaqda, müəyyən edilmiş yerdə olan evdə yaşamaqda israr ediriksə, demək ki, köhnəlmiş inanca bağlıyıq. 
 
Sartr “köhnəlmiş inancın” ən məhşur təsvirini “Varlıq və Heçlik” əsərində verib. Sartr kafelərin birində olarkən ofisiantın həddən artıq rola girməsini heyrətlə müşahidə edir. Ofisant özünü elə aparır ki, elə bil o azad insan deyil, məhz ofisant kimi doğulub. Sartr yazır: “Onun hərəkətləri həddən artıq düz, dəqiq və çevikdir. O aşağıya doğru həddən artıq çox istəklə əyilir. Onun müştərinin sifarişinə olan marağı, müştəri ilə danışarkən səs tonu əndazəni keçir...”
 
Sartrın diaqnozuna görə bu ofisant köhnəlmiş inancdan əziyyət çəkməkdədir. Bu insan özünü inandırıb ki, o ancaq ofisant ola bilər. O, azad bir varlıq kimi cazmen, pianist və ya Şimal Dənizində balıqçı olmaq imkanını tamamilə inkar edir. Həmin bu daşlaşmış, seçim azadlığını inkar edən baxış bucağını müasir dövrdə İT menecerində və ya uşağını məktəbdən götürən valideyndə də müşahidə etmək olar. Bu şəxslərdən hər biri eyni duyğunu hiss edir: Mən etməkdə olduğum şeyi etməliyəm, mənim seçimim yoxdur, mən azad deyiləm, mənə biçilmiş rol məni məcbur edir ki, etməli olduğum şeyi edim. 
 
Hər kəsin varolmaq anlamında azadlığı ilə Amerikan sayaq özünə-kömək (self-help) səhv salınmamalıdır. Özünə kömək ideyası insanın əzab çəkmədən, heç bir qurban vermədən nəsə etmək azadlığını ifadə edir. Sartr bu mənada daha qaramat və tragik düşüncədədir. O sadəcə bildirmək istəyir ki, biz normalda düşündüyümüzdən daha çox seçim azadlığına sahibik. Hətta o dərəcədə ki, biz intihar belə etmək imkanına sahib olmalıyıq. Sartr intihar seçimini çılğınca müdafiə edirdi. 
 
 
Dörd: Biz kapitalizmi dağıtmaqda azadıq 
 
İnsanların azadlığı dadmaqda qarşısına çıxan ən böyük əngəllərdən biri puldur. Bir çoxumuz bir çox mümkün imkanları (xaricə gedib yeni karyera qurmaq, sevgilini tərk etmək və s.) məhz pul faktoruna görə rədd edirik. Biz deyirik: “Əgər pul problemi olmasaydı...” 
 
Pul qarşısında insanın bu acizliyi Sartrı ən çox hiddətləndirən məsələlərdən biri idi. O, bu problemi siyasi müstəviyə kimi çıxarmışdı. Onun zənnincə, kapitalizm sistemi bədheybət bir maşın kimi saxta, reallıqla səsləşməyən ehtiyac anlayışını yaradıb. Bu bədheybət bizə deyir: sən filan qədər işləməlisən, məhz bu əşyanı almalısan, insanlara əməyinə görə aşağı maaş verməlisən. Ancaq burada biz yalnız azadlığımızın və başqa cür yaşamaq imkanımızın inkarını görürük. Bu düşüncələr Sartrın həyatı boyunca Markisizmlə maraqlanmasına səbəb olmuşdu (Ancaq onun özü SSRİ və Fransız Komunist Partiyasının kəskin tənqidçisi idi). Markisizm nəzəri səviyyədə pulun, maddiyatın, xüsusi mülkiyyətin rolunu azaltmaqla insanlara azadlıqlarını doya-doya yaşamasına imkan verirdi. 
 
Bütün bu deyilənlər bizi əzabverici suallara doğru aparır: Fundamental azadlığımıza qovuşmaq üçün aparılan siyasəti dəyişə biləcəyikmi? Biz dünyaya baxışımızı kökündən necə dəyişə bilərik?  Bir insan bir həftə ərzində nə qədər işləməlidir? TV-də göstərilənləri, getdiyimiz tətil yerlərini, məktəb dərsliklərini yaxşıya doğru necə dəyişək? Zəhər saçan, propaqanda ilə ağzına kimi dolmuş mediamızı necə dəyişməliyik? 
 
Qalaq-qalaq yazmasına baxmayaraq (Hesablamalara görə, Sartr gün ərzində 5 səhifə yazırdı), Sartr özü bu fikirləri icra etmirdi. O, bizə imkanları göstərir, bizə qalansa bu verilən tapşırıqları yerinə yetirməkdir. 
 
 
Nəticə
 
Sartr bizə şeylərin düşündüyümüz kimi olmadıqlarını izah etməyə çalışır. O bizim bir canlı, fərd kimi böyük potensialımızın olduğunu yorulmadan vurğulayırdı. 
 
Sartr bizi varolmanın dəyişikənliyini qəbul etməyimizi, bu dəyişkənliyin bazisində yeni institutlar, ideyalar, vərdişlər, həyata baxışlar qazanmağımıza çağırırdı.  Əgər biz qəbul etsək ki, həyat öncədən müəyyən olunmuş məntiqi əsaslara dayanmır, mahiyyət etibari ilə mənalı deyil, o zaman, biz ənənənin, mövcud durumun əzici ağırlığından qurtular və rahat nəfəs alarıq. Sartr bizə ən çox cavan vaxtlarımızda yararlı olur. Çünki biz həmin dövrdə ailənin, sosial gözləntilərin basqısından cana doyuruq. Həmin bu qaranlıq anlarda biz anlayırıq ki, çox olmasa da, nələrisə dəyişməyə vaxtımız var. 
 
Mənbə: Philosophers Mail
 
İngiliscədən çevirdi: Emin Aslan
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade