Cəfər Cabbarlı haqda xatirələr

Наследие

 
 
Kultura.az məşhur Azərbaycan yazıçısı Sabit Rəhmanın Cəfər Cabbarlı haqqındakı xatirələrini təqdim edir. 
 
 
1923-cü ilin payızı idi. Mən Bakıya oxumağa gəlmişdim. Bu böyük şəhər öz əzəmətilə məni sarsıtmışdı. Hər gün yeni şeylər, adını eşidib üzünü görmədiyim maraqlı və qəribə şeylər görürdüm; dəniz, elektrik işığı, kinematoqrafiya və nəhayət teatr... Əsl mənasında professional və böyük teatr, o zamanlar Dadaş Bünyadzadənin adını daşıyan Azərbaycan Dövlət Dram Teatrı. Mənim Cəfər Cabbarlı haqqında xatirələrim bu teatrdan başlayır. 
 
Cümə idi. Gündüz “Aydın” oynanırdı. Bu əsəri yoldaşlarım əzbər bilirdilər, ona dəfələrlə baxmışdılar. Amma mən ilk dəfə tamaşa eləyirdim. Pərdə açılandan “Aydın” pyesi məni valeh elədi, elə bil tamamilə yeni bir aləmə daxil oldum. “Aydın” ondan qabaq gördüyüm səhnə əsərlərinin heç birinə bənzəmirdi. Dil təzə, dialoqlar təzə, təsvir olunan həyat – hamısı təzə və orijinal idi. Hələ aktyorlar!.. Aydın - Abbas Mirzə Şərifzadə, Gültəkin - Mərziyə xanım, Dövlət bəy - Süleyman Səlimbəyov... Yadımda qalan bunlardır. Abbas Mirzə, Aydın rolunu elə məharətlə ifa edirdi ki, bu sənətkarlığı təsvir etmək çətindir. Mərziyə xanımın Gültəkini də elə parlaq və gözəl idi ki, aradan otuz yeddi il keçməsinə baxmayaraq, hələ indiyə kimi yadımdadır. 
 
Tamaşa qurtaran kimi aktyorları görmək üçün teatrın arxa qapısının yanında dayandıq. Xeyli gözlədikdən sonra, nəhayət, Abbas Mirzənin çıxdığını gördük. Yanımdakı bələdçi danışmamış Abbas Mirzəni tanıdım, çünki onun elə xarakterik sifəti vardı ki, tanımamaq mümkün deyildi. 
 
Abbas Mirzənin yanında üç nəfər də vardı; teatrın arxa qapısından çıxan kimi sola burulub, indiki Maligin küçəsilə getməyə başladılar. Biz də sair tamaşaçılarla bərabər onların arxasınca yollandıq. 
 
Yolda mən Abbas Mirzə Şərifzadənin yoldaşlarının kim olduğunu uşaqlardan soruşdum. Məlum oldu ki, lap qabaqda gedən və nə isə danışıb yanındakıları qəhqəhə ilə güldürən gödək, arıq, qaraqaş, qaragöz oğlan həm artist, həm də rejissor müavini İsmayıl Hidayətzadədir. (Mən onu "İblis" tamaşasına Arif rolunda görmüşdüm.) Onun yanındakı ucaboy, enli kürək kişi Rza Təhmasibdir, üçüncüsü isə, üzünü görmək üçün həsrətini çəkdiyimiz Cəfər Cabbarlı idi. 
 
Cəfərə o zaman 24-25 yaş yox, 20 yaş ancaq vermək olardı.  Lap uşaq görünürdü. Özü xasiyyətcə utancaq idi; gözündəki çeşmək onu daha da utancaq göstərirdi. Bu qədər cavan bir adamın o cür güclü bir qələmə sahib olması, bizim ona olan marağımızı qat-qat artırırdı. 
 
Biz üç-dörd tələbə yaxınlaşmağa utanır, bir az kənardan gedirdik. Söhbətləri çox şirin idi, nə barədə isə danışır və gülüşürdülər. Abbas Mirzənin qəhqəhəsi xüsusilə seçilirdi. 
 
Parapetdən keçib Əzizbəyov küçəsilə getdilər, nəhayət, Quba meydanında bir kababçı dükanına girdilər. Biz onları kababçıya “təhvil verdikdən” sonra geri döndük. 
 
Mənim o zamanlar çox qüvvətli hafizəm vardı. Bir adamı bircə dəfə görsəm, həmişəlik yadımda qalardı. Odur ki, Cəfər  Cabbarlını yenidən görəndə, tamamilə başqa kostyumda olmasına baxmayaraq, o saat tanıdım. Teatrda, ikinci yarus lojaların birində oturmuşdu. Mən yoldaşlarıma xəbər  verdim, ortalığa pıçhapıç düşdü, gözümüzü ona zillədiyimizi görüb utandı və haraya isə getdi. 
 
“Oqtay Eloğlu” əsərinə baxırdıq. Salon ağzına kimi dolu idi. Tamaşaçıların demək olar ki, doxsan faizi tələbə idi. Baş rolları yenə Abbas Mirzə ilə Mərziyyə xanım oynayırdılar. 
 
Biz, inqilabın ilk illərinin böyük pafosu ilə yaşayan, burjua dövrünün ikiüzlülüyünü, yalan və iftiraçılığını ifşa etməkdə iştirak eləyən gənclər idik. Cəfər Cabbarlı bu dram əsərlərilə elə bil ürəyimizdən xəbər vermişdi. Hər səhnə, hər epizod, hər söz bizə təsir eləyirdi, həyəcanlanırdıq, gülürdük, mütəəssir olurduq, əl çalırdıq. Abbas Mirzə Şərifzadə , “Həqiqət istəyirəm, həqiqət”, deyə gur-gur guruldadıqca, biz səhnəyə sıçramaq, onu qucaqlayıb öpmək istəyirdik. 
 
Tamaşa qurtaran kimi bütün salon ayağa qalxıb əl çalmağa və müəllifi səhnəyə çağırmağa başladı. O gün “ Oqtay Eloğlu” nun nə bilim neçənci tamaşası idi. Ona görə də bizim: “Müəllif, müəllif”, - deyə çağırmağımız qəribə görünürdü. Xeyli əl çaldıq, nəhayət, bir nəfər pərdənin qabağına çıxdı və müəllifin teatrda olmadığını elan etdi. Biz Cəfər Cabbarlını bir az əvvəl lojada gördüyümüzdən, bu sözə inanmadıq və “ Həqiqət istəyirik, həqiqət”, - deyə çağırmağa başladıq. 
 
O gün tamaşa salonunda Cəfər  Cabbarlı istedadının təntənəsini göstərən bir nümayiş əmələ gəldi. 
 
Orta məktəbdə oxuduğum zaman Cəfər Cabbarlını yalnız ikicə dəfə görə bilmişdim. Ancaq aramızda onun haqqında hər gün söhbət olurdu. Cəfər yaradıcılığı hamımızı maraqlandırmağa başlamışdı. Onun əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. Belə bir istedadın meydana çıxması ürəklərimizdə qəribə bir sevinc doğurmuşdu. Tələbə konsertlərində “ Aydın” dan, “Oqtay” dan monoloqlar oxunurdu. Elə gecə olmurdu ki, orda Cəfərin “ Şərq” və ya “ Ana” şeiri deklamasiya  deyilməsin. 
 
O zamanlarda həm Bakıda, həm də rayonlarda teatrın xüsusi azarkeşləri  vardı. Bu adamlar çalışırdılar ki , bütün tamaşaların ilk gecələrində iştirak etsinlər. O vaxtlar teatr çox tez-tez yeni tamaşa göstərirdi. Ona görə də bu azarkeşlər daim hərəkətdə idi.  
 
Yaxşı yadımdadır ki, “Od gəlini”nin ilk tamaşasına bizim rayondan gedənlər çox oldu. Onlar elə qəribə xəbərlərlə qayıtdılar ki, Şəkinin bütün məscidləri vəlvələyə düşdü. O vaxtlar Şəkidə mövhumat çox güclü idi. Elxanın allahın varlığına şübhə etməsi, səhnədən: “ Yoxdur  allah, mənəm allah!” – deyə gür səslə bildirməsi dindar və mövhumatçı adamların arasında nə qədər söz-söhbətə səbəb olmuşdu. 
 
Məscidlərdə aparılan bu qədər güclü dini təbliğat qarşısında Şəkidə çox cəsarətli və mübariz teatr dəstəsi vardı. Eyni zamanda həm gözəl aktyor, həm də rejissor olan Baxşəli Axundovun rəhbərliyi altında bu teatr dəstəsinin repertuarında din və mövhumat əleyhinə olan pyeslər əsas yer  tuturdu. Məsələn, Molla Nəsrəddinin “Ölülər”i bu teatrın göstərdiyi əsas pyeslərdən idi. Sonralar “Od gəlini” də bu siyahıya daxil oldu. 
 
Bayramla istirahət gününün yan-yana düşməsindən istifadə eləyib mən də bir neçə yoldaşımla bərabər “Od gəlini”nə baxmaq üçün Bakıya gəldim. Baxdıq. Çox çalışdıq. Tamaşa qurtarandan sonra teatrın ətrafında nə qədər hərləndik, nə qədər “pusduqsa”, bu gözəl pyesin müəllifinə rast gələ bilmədik. 
 
“Sevil” tamaşasının rayonlarda əks-sədası daha gurultulu oldu. Xəbər yayıldı ki, bu tamaşaya baxmağa çadralı gedən qadınlar ondan çadrasız çıxırdılar. Qadınların çadra və mətbəx əsarəti əleyhinə rayonlarda böyük hərəkat başladı. 
 
İşimizin çox ciddi vaxtı olduğundan, Bakıya gəlmək və “Sevil”ə baxmaq üçün imkan tapa bilmədik. Odur ki, bekar bir adam tapıb öz xərcimizlə Bakıya “ezam elədik”  və “Sevil”in sürətini çıxarıb gətirməyi ona tapşırdıq.
 
Bir neçə gündən sonra o adam geri qayıtdı və şagird dəftərlərinə köçürtdüyü “Sevil”i bizə verdi. Şəhərin yuxarı hissəsində yerləşən “Marif evində” bu əsəri oxuduq. Heç kəs mane olmasın deyə, səhnənin arxasında oturmuşduq. Mən oxuyurdum, yoldaşlar dinləyirdilər. Gah kədərlənirdik, gözlərimiz yaşarırdı, gah da qəhqələ ilə gülürdük. “Sevil”  bizə elə güclü təsir bağışladı ki, axırda Cəfər Cabbarlıya bir təşəkkür məktubu yazmağı qərara aldıq. Yoldaşlar bu işi mənə tapşırdılar. Mən o gecə oturub bir məktub yazdım, səhər durub məktubu oxuyanda xoşuma gəlmədi, uzunçuluq eləmişdim, lazım olmayan yerdə mətləbi uzatmışdım. Odur ki, yenidən yazdım və çox qısa olaraq böyük yazıçıya kiçik adamların təşəkkürünü bildirdim. Biz o məktubu göndərdik, ancaq Cəfər Cabbarlıya çatıb-çatmadığını bilmirəm. Sonralar onunla yaxından tanış olanda, bir-iki dəfə bu barədə soruşmaq istədim, ancaq nədənsə cəsarət eləmədim, utandım. 
 
Cəfər iclaslara gəlməzdi, böyük yığıncaqlarda olmazdı. Teatrda əl çalmaqdan yorulardılar, səhnəyə çıxmazdı, tamaşaçıların, oxucuların qarşısında özünü nümayiş etdirməzdi, onların gözlərini yormazdı. Cəfər Cabbarlı son dərəcə təvazökar bir adam idi. Hamı onunçün tamarzı idi, onu bir dəfə görməkçün hamı həsrət çəkirdi. 
 
Mən dağlı məhəlləsində yaşayırdım, Cəfərgilin qonşuluğunda. Düzdür, o qədər də qapıbir qonşu deyildik, bir-iki palan aramız vardı, ancaq onu bəzən uzaqdan təsadüfən görürdüm. 
 
Mənə elə gəlirdi ki, o məni qətiyyən tanımır, kim olduğumu bilmir. Olsa-olsa “Əlisəttargilin kirayənişin”i kimi tanımış olardı. 
 
1932-ci ilin axırı idi. Bir gün iki nömrəli tramvayla evə gəlirdim. Bilet almaq istədikdə konduktor dedi: 
 
- Səninçün bilet alıblar.
-  Kim alıb? – deyə təəccüblə soruşdum.
Konduktor yavaşca bildirdi:
- Lap ayaq tərəfdə oturmuş çeşməkli kişi ...
 
Dönüb baxdım. O göstərdiyi yerdə Cəfər Cabbarlı oturmuşdu. İri, qara haşiyəli çeşməyinin altından mənə baxıb gülümsünürdü. Cəld durub onun yanına getdim. Görüşdük. İlk sözlərimin nə olduğu yadımda deyil, çünki yəqin “nə zəhmət çəkirsiniz, mən sizi görməmişdim” kimi üzrahlıqdan ibarət idi. Cəfər isə mənə heç bir cavab vermir, yalnız gülürdü. Duracaqda ikimiz də düşdük. Yüngül xəzri əsirdi. Onun əynində iri damalı palto vardı, tramvaydan düşən kimi mənimlə vidalaşmaq istədi. 
 
- Xeyr, xeyr—deyə etiraz etdim, - icazə versəniz, sizi evə qədər ötürərəm. 
- Deyirlər bizimlə qonşusan, harda olursan ? 
 
Mən öz evimi nişan verdim. Dağla yuxarıya qalxdıq, evlərinə qədər dinməz getdik. Bayaqkı şən halı yox idi, birdən-birə düşüncəyə dalmışdı. Onun bu xasiyyətini mən sonralar da müşahidə etdim. Əhvalı gözlənilməz şəkildə dəyişirdi. Deyib-güldüyü yerdə birdən qəmginləşir, ya da əksinə, tamamilə kefsiz olduğu zamanda, birdən fikrində nə isə tapıb güməyə başlayırdı.
 
Bütün yolu bir kəlmə danışmadıq. Onu da qeyd edim ki, Cəfər  ümumiyyətlə çox az danışan adam idi.
Qapılarının ağzında məni evə dəvət elədi. Getmədim. Ayrıldıqda dedi:
 
- Sənin hekayələrini oxuyacağam. 
 
Bu barədə aramızda heç bir söhbət olmamışdı. Mənim hekayələrim hardan onun yadına düşdü?
 
 
Bu ilk tanışlıqdan sonra mən onunla uzun zaman yalnız salamlaşa bildim. Cəfər şöhrət pilləkənini yuxarı qalxdıqxa gözə görünməz olur, yəni bar verdikcə başını aşağı dikirdi. “1905-ci ildə” , “Almas” , “Yaşar”, “ Dönüş” tamaşaları bir-birinin ardınca teatrda oynanır və hər əsərlə Cəfər istedadının yeni tərəfi meydana çıxırdı. Onun təkcə orijinal əsərləri yox, tərcümələri belə tamaşaçıları sevindirirdi. “Otello”nu, “Hamlet”i Cəfər Cabbarlı qədər gözəl, səlis, bədii tərcümə edə biləcək başqa müəllifi mən təsəvvür eləyə bilmirəm.
 
Əlbəttə, yaradıcılıq yolu Cəfər Cabbarlı üçün o qədər də asan yol deyildi. Ona siyasi ittihamlar vermək, böhtan atmaq istəyənlər də var idi. Bu adamlar hər zaman onu ləkələməyə, yolundan azdırmağa, teatrdan, sənət aləmindən uzaqlaşdırmağa çalışırdılar. Belə məclislərdə Cəfər susurdu, dinməz, sakit oturub ciddi qulaq asırdı və o cür də çıxıb gedirdi.  Demaqoqlar bəzən buna da etiraz edirdilər. “Niyə susur, bununla nə demək istəyir?” – deyə qışqırırdılar. 
 
Bu, əlbəttə, o demək deyildi ki, Cəfər danışmağı bacarmırdı. O, çox gözəl nəzəriyyəçi və mübahisəçi idi. Teatrda, aşağı mərtəbədə, rejissor otağında onun mərhum rəssam Rüstəm Mustafayevlə etdiyi bir mübahisə mənim yaxşı yadımdadır. Söhbət “1905-ci ildə” tamaşasının yeni quruluşunun tərtibatından gedirdi. Cəfər Cabbarlı möhkəm dəlil-sübütla tərtibat eksizlərinin formalistcəsinə çəkildiyini Rüstəmə göstərdi və eskizlərin bir çoxunu yenidən çəkməyə onu məcbur etdi. 
 
Yeri gələndə  Cəfər  tutarlı danışmağı bacarırdı, ancaq heç bir məclisdə özünü müdafiə nitqilə çıxış eləməzdi. O yığıncaqların bəziləri mənim yaxşı yadımdadır. Onlardan yazmaq, böyük yazıçının altmış illik yubileyi  haqqında qeydlərimi mənfi hadisələrin təsviri ilə korlamaq istəmirəm. 
 
Mənimlə əlaqədar olan iki epizodun təsviri ilə qeydlərimi bitirmək istəyirəm. 1933-cu ilin sonu idi. Yazıçılar İttifaqında idim. Xidmətçi qadın qulağıma pıçıldadı ki, məni aşağıda bir nəfər çağırır. Kim olduğunu soruşduqda bilmədiyini söylədi. Xidmətçi qadın hətta bizləri – cavan yazıçıları belə adımızla tanıyırdı, məni çağıranın Cəfər Cabbarlı olduğunu isə bilməmişdi, çünki onu bir dəfə də olsun Yazıçılar İttifaqında görməmişdi. 
 
Aşağıda Cəfərin gözlədiyini gördükdə məndən təəccüb və sevinc qarışıq bir səs çıxdı. Görüşdüm. Sual dolu baxışlarıma gülümsənərək, cavab verdi:
 
- Gedək, iş var. 
Yazıçıların İttifaqı o vaxt  Fioletov küçəsində, indi Uşaqgəncnəşr yerləşən binada idi. Cəfər məni teatra tərəf apardı, arxa qapıya çatanda, dayanıb üzümə baxdı:
- Mənim sözümdən çıxmazsanki?
- Xeyr!..- deyə cavab verdim.
- Qəti?
- Qəti!
 
Arxa qapıdan girdik və foyeden keçib yuxarıya qalxdıq. Mudirin kabineti qarşısında bir neçə adam vardı. Onlar Cəfər Cabbarlını görən kimi görməklə kənara çəkildilər. Biz içəri girdik. 
 
O vaxt teatrın müdiri yazıçı Hacıbaba Nəzərli idi.
 
Mənimlə görüşdü və nə əcəb gəldiyimi soruşduqda, Cabbarlı məndən əvvəl cavab verdi:
Onu mən gətirmişəm, razısan?
Cəfər mənə işarə edərək ayağa qalxdı:
- Dur gedək. 
Mən durdum. Ayrılanda Nəzərli dedi:
- Əmrin veriləcək, sabahdan işə gələrsən.  
 
Mən bu sözlərdən heçnə başa düşmürdüm, çıxan kimi Cəfərdən soruşdum; onun cavabından məlum oldu ki, mən sabahdan burda ədəbi işçi sifətilə işləməliyəm. (Adı çox təntənəli idi: “Ədəbi hissə mudiri”.)
 
Neçə illərdir teatrda bu vəzifədə işləyən Cəfər kinostudiyada çox məşğul olduğundan, çatdıra bilmirdi. Çox fikirləşdikdən sonra, nəhayət, mən onun yadına düşmüşəm. Buna da səbəb hekayə və povestlərimi oxumağı olmuşdu. 
 
O, mənim qarşımda yalnız bir şərt qoydu:
-Teatrda nə olub-keçdiyini hər gün mənə bildirməlisən, mən tetrsız bir gün belə yaşaya bilmərəm. Studiyadan çıxanda, sənə zəng eləyərəm, evə bir yerdə gedərik və yolda söhbət edərik, yaxşı ki qonşuyuq.
 
 Hər gün olmasa da, həftədə iki-üç dəfə evə bir yerdə gedirdik. Bəzən iki nömrəli tramvayla, çox zaman da piyada. 
 
Hami ilə - teatrla əlaqədar olan hər şeylə maraqlanırdı. Repertuar, yeni əsərlər, yeni quruluşlar haqqında cürbəcür suallar verirdi. O zamanlar mərhum aktyor Bağır Cabbarzadə ilə zarafat eləmək bir mərəz idi və bu mərəz Cəfərə də sirayət eləmişdi. Bağırla əlaqədar olan hər şeyi soruşurdu və hər məzəli sözdən uğunub gedirdi. 
 
O qədər yorğun olurdu ki, yolda bu zarafat söhbətlərilə bir az istirahət eləmək istəyirdi. Ancaq söhbət istər-istəməz kinodan, ədəbiyyatdan düşürdü. Kinodakı işindən çox narazı idi. Yaxşı aktyor, xüsusən aktrisa tapılmamasından şikayətlənirdi.
 
O, neftçilərin həyatından bir pyes və “Əfqanıstan” adlı bir tarixi drama yazmağı boynuna götürmüşdü.  
 
Bu barədə qəzetlərdə yazmışdılar. Mən bu əsərlərin nə vəziyyətdə olduğunu soruşduqda o, cavab verməyib susurdu. Bir gün vaxtının olmadığından, materialı öyrənmək imkanı olmadığından şikayətləndi. Bir dəfə də Əfqanıstan haqqında nə əsər əlimə keçsə, ona verməyimi məndən xahiş etdi. Məlum olurdu ki, bu barədə danışmağı sevmirdisə də, fikri həmişə bu əsərlərlə məşğul idi. 
 
 
1934-cü il dekabrın29-u ...
 
Yazıçılar İttifaqının sədri Kazım Ələkbərli eyni zamanda Azərbaycan Dövlət Universiteinin rektoru vəzifəsini daşıyırdı. Mənim dağlı məhəlləsindəki otağım çox yöndəmsiz idi. Yaşamaq mümkün deyildi. Bu barədə mən Kazım Ələkbərliyə demişdim. O da mənə tapşırmışdı ki, ayın 29-da universitetdə olacağam, gəl, dövlət telefonu ilə zəng edib sənin otaq məsələni danışım.
 
Getdim. Cəfər Cabbarlı Kazımın yanında oturmuşdu. Məni görüb hal-əhval tutdu və gəlməyimin səbəbini soruşdu. Kazım ona “otaq məsələsi”ni danışanda Cəfər gülüb dedi:
 
- Heç yerə zəng eləmək lazım deyil. Onun otağı məndə.
Mən, Cəfərin yaşadığı mənzilin yanındaca yeni ev tikdirdiyini bilirdim. Elə bildim, o yeni evində mənə otaq vermək istəyir, odur ki, etiraz eləmədim. Ancaq məlum oldu ki, söhbət ayrı ev haqqında gedir. O vaxtlar Cəfərə erməni kəndində üçotaqlı bir mənzil vermişdilər. Köçmək istəmirdi. İndi o mənzili mənə vermək niyyətində idi. Ancaq qarşımda bir şərq qoyurdu: otağın biri onun olaraq qalacaq, lazım olanda gəlib işləyəcək. 
 
Bütün şərtlərinə razı idim. Yeni mənzilin bu qədər nəqd olması məni qanadladırmışdı. Cəfər ayın otuz birində səhər saat onda həmin bu kabinetdə (Kazım Ələkbərlinin kabinetində) mənimlə görüş təyin elədi, dedi ki, gəl açarı verim, sonra orderdə sənin də adını yazdırım. 
 
Dekabrın otuz birində saat ona iyirmi dəqiqə qalmış universitetin pillələrindən qalxdıqda, qabağıma yazıçı Qafur Əfəndiyev (Kantemir) çıxdı. Yaylığı gözünə sıxmışdı, ağlayırdı. Nə olduğunu soruşduqda, hıçqırıqlar içində cavab verdi. 
 
-- Cəfər Cabbarlı ölüb.
 
Dünya gözümdə qaraldı. Pillələr, divarlar bir-birinə qarışdı. Kantemir qolumdan tutmasaydı, yıxılacaqdım. Yaş gözümdən sel kimi axmağa başladı. Yağışlı bir gün idi. Kantemirlə mən tramvaya minib yuxarıya, Dağlı məhəlləsinə qalxdıq. Cəfərin evinə getdik. 
 
İlk gözümə çarpan İsmayıl Hidayətzadənin kədərli sifəti oldu. O zaman cavan olan Sona xanım qucağında üç-dörd yaşlı qızı Gülara, hönkürtü ilə ağlayaraq eyvandan keçdi. Həyətə təzə adamlar gəldi, Ülvi, Abbas Mirzə, Mirzağa Əliyev... Hamı kədərli, tutqun...
 
 Ürəklərdə Cəfər  Cabbarlının matəmi başlandı.
 
Son dəfə mən onu akademiyanın salonunda gördüm. Fəxri qarovulda dayanmışdıq, yoldaşlarım kimdi yadımda deyil, cavan yazıçılardan bir dəstə düzəltmişdilər. Mən gözlərimi onun üzünə zilləmişdim. Öldüyünə inana bilmirdim. Mənə elə gəlirdi ki, indicə tərpənəcək, yenə də həmin məsum təbəssümlərlə gülümsəyəcək.
 
Sonra daha tabutu da görə bilmədim. Adamlar onu yüksəklərə qaldırdılar və öz başları üzərində apardılar. Cəfər ürəklərə elə girmişdi ki, heç bir ölüm onu öldürə bilmədi. 
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade