Cəlil Məmmədquluzadə: Təzə təlim kitabı

Наследие

 
 
Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb  idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək;  amma bu şərtlə ki, şagird adının axırında "of" ola. 
 
Yazdığımız kitab ibarətdir hesab məsələlərindən ki, ruslar "zadaça" deyirlər. 
 
Kitabın əvvəlinci hissəsi
(Mübtədilərdən ötrü) 
  
1. Bir külfətdə dörd nəfər uşaq var və hər bir uşağın ayrıca anası. Ev sahibinin neçə arvadı var?
 
2. Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətdə uşaq həmin kitabı qurtara bilər?
 
3. Balaxanada Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir. Bu hesabla dörd min fəhləyə gündə nə qədər muzd gərək verilə?
 
4. Yeri buynuzları üstə saxlayan öküzün bir buynuzu Şamaxı zəlzələsində dibindən qırıldı. İndi həmin öküzün neçə buynuzu qalır?
 
5. Uşaq on dörd yaşına çatana kimi, gündə ona iki girvənkə xurma verirlər. Dörd ilin müddətində həmin uşaq nə qədər xurma yeyər?
 
6. Rusiyada camaat vəkilləri iki aydır çalışıb bir iş görə bilmirlər. Bu hesabla on iki il çalışsalar, nə qədər iş görə bilərlər? 
 
7. Molla bir uşağın ayaqlarını fələqqəyə qoyanda on bir çubuq sındırır. Yeddi uşağa nə qədər çubuq gərək hazır edə ?
 
8. Təbriz bazarında satılan çörəyin bir hissəsi un və üç hissəsi torpaqdır. Bu hesabla Azərbaycan vilayətinin çölləri  və dağları neçə ilin müddətində fövt ola bilər?
 
9. Ayda Qafqazda bir milyon müsəlman və erməni bizə ömrünü bağışlayır. Bu hesabla beş ildən sonra Qafqazda neçə müsəlman və erməni qaldı?
 
10. Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci. Əkinçinin özünə nə qədər buğda qaldı?
 
11. Bir kişi evinə üç dənə alma gətirdi, birini verdi oğluna, birini qızına və birini özü yedi. Arvada neçə alma yetişdi?
 
12. Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəznəsinin suyu yeddi ildə bir dəyişilir. İndiyə kimi bu hamamların suyu neçə dəfə dəyişib?
 
13. Ehsana dəvət olunan molla, xan və bəylər cəm olan kimi küçə qapıları bağlanır ki, fəqirlər həyətə dolanmasınlar. İldə iki min dəfə belə ehsan verilsə, neçə fəqirin qarnı doyar?
 
14. İrəvan qubernatoru on dörd ildir ki, bu mənsəbdədir, hər il on dörd müsəlmanı qulluğundan kənar edir. Bu müddətdə qubernator neçə müsəlman çıxardıb ?
 
15. Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq?
 
16. Qafqazda təzə müsəlman mühərriləri yazdıqları hər bir sətirdə beş dəfə "şu" və yeddi dəfə "iştə" kəlməsi işlədirlər. Bu hesabla mətbəələrdə gündə neçə dənə "ş" hərfi tərtib olunur?
 
17. Tiflisdə "Svyataya Nina" adlı qız məktəbinin təzə məscidində müsəlman qızları namazı rus dilində qılırlar. Neçə müddətdən sonra Qafqazda müsəlman qızları millətin tərəqqi və təməddünu yolunda çalışmağa qabil olacaqlar?
 
18. Şəhərlərdə "Molla Nəsrəddin" məcmuəsini satan vəkillərimizin hər birinə on dörd dəfə kağız göndərilib ki, ələ gələn pulları hər həftə idarəyə yetirsinlər. Bu hesabla otuz iki vəkilə indiyə kimi nə qədər marka verilib?
 
Molla Nəsrəddin.
 
Molla Nəsrəddin, 9 iyun, 1906, N10 və 12.        
Kultura.az | Developed by Samir Yahyazade