Qadın "ağılsızlığının" səbəbi

Публицистика

 
 
Ümumiləşdiriciliyi, aldadıcı dəqiqliyi və məsuliyyətdən yayındırmaqla verdiyi rahatlıq səbəbindən stereotiplər hələ də çox sayda insanların düşüncələrinə hakimdirlər. Diqqətlə baxıldıqda hər bir stereotipin bir qrupun digəri üzərində üstünlük hiss etmək və bu üstünlüyü qəbul etdirmək üçün düşünüldüyü görünür.
 
Hər dezavantajlı qrupa - qadınlar, zəncilər, yəhudilər,- hər zaman bir və ya bir neçə stereotip yaraşdırılıb. Dünyanın bir hissəsində təhsil və qanun yoluyla stereotiplərə qarşı insanların bərabərliyi prinsipilə mübarizə aparılsa da, insanlar açıq müzakirələrdə stereotiplərə istinad etməkdən çəkinsələr də, onlar zehinlərdə yaşayır və qeyri-rəsmi söhbətlərdə və insanlar təkbaşlarına qaldıqda təsir göstərməkdə davam edirlər.
 
Dünya əhalisinin təxminən yarısının qadın olduğunu nəzərə alsaq, qadınlara aid stereotiplər ən geniş yayılmış stereotiplərdir. Bütün tarix boyunca qadınların kişilərdən intellektual bacarıq baxımından geri olduğu düşünülüb. Son dövrlərdə bu stereotipi elmdən yarımçıq anlayışı olanlar “elmi” səbəblə də “açıqladılar”-qadınların beyni həcm olaraq kişi beynindən daha kiçikdir. Kişi beyni qadın beynindən 10% daha böyük olsa da, əsas faktor ayrılıqda beynin çəkisi deyil, beyin kütləsinin bədən ağırlığına nisbətidir. Qadınların bədəni nisbətən kiçik olduğundan, kişi və qadının beyin-bədən nisbəti eynidir və beyin həcmindəki fərq hər hansı intellektual fərq yaratmır. 
 
Digər bir “arqument” isə qadınların emosional olmalarıdır, halbuki qadına görə başını itirən kişilərə xeyli misal çəkmək mümkün olsa da, kişi ucbatından başını itirmiş bir qadını xatırlamaq asan deyil. Emosionallıq, təbiətdən gəlməkdən daha çox, mühit tərəfindən şərtləndirilir.
 
Yüksək mədəniyyət yaratmış Qədim Yunanıstan və Romada belə, qadınlar kişilərdən aşağı sayılır, onların ictimai həyatdakı fəaliyyətləri məhdudlaşdırılırdı. Orta Əsrlər, dinin həyatın bütün sahələrinə nüfuz etməsiylə təkcə qadını deyil, ümumiyyətlə fərdi və onun düşüncə və duyğularını yox sayırdı. Bu gün ənənəvi cəmiyyətlərdə qadına qarşı var olan iki zidd münasibət Orta Əsrlərdə tam institutlaşmışdı. İki qadın rolu var idi - Adəmi yoldan çıxaran, onu günaha sövq edən, günah mənbəyi qadın (Həvva) və müqəddəs, Tanrı anası qadın (Məryəm).
 
Orta Əsrlədə bu iki modelə uyğun olaraq qadın iki zidd ucdan birində yer alırdı. Bu qəlibə uymayanlar, müstəqil fəaliyyəti və gəliri olan qadınlar müxtəlif təzyiqlərə məruz qalırdılar. Bu qəlibə uymayan azad qadınlar anlaşılmaz və güvənilməz idilər, kişi hegemonluğuna və dinin avtoritetinə təhdid kimi görünürdülər. 
 
Tarixin ən sistematik işgəncə praktikasından biri olan İnkvizisiyanın əsas hədəflərindən biri iş sahibi olan türkəçarə qadınlar idi. Bu qadınlar ara həkimliyi edir, müxtəlif dərmanlar hazırlayır, bəzi xəstəlikləri müalicə edə bilir, paqan inancları yaşadır və mamaçalıqla məşğul olurdular. İqtisadi cəhətdən müstəqil qadın kilsə üçün qəbul edilməz idi, buna görə də minlərlə qadın İnkvizisiya tonqallarında yandırıldı. Ancaq cadugərlik ittihamı ilə yandırılan qadınların xalq təbabəti bilgilərini o dövrdə mövcud olan tibb fakültələrində istifadə etməkdən çəkinmədilər. İnkvizisiya məhkəmələrinin ən məşhurlarından biri yeni tarixdə - Amerikada 1692-ci ildə quruldu. Salem məhkəmələrində ittiham olunanların yarıdan çox yenə qadınlar idi.
 
Renesansın yaranması ilə dini obraz olmayan qadınlara diqqət artdı və rəssamlar onların portretlərini yaratdılar. Yeni qadın modeli Venera idi, rəsmlərdə qadınlar üzləri, saçları və bədənləri vurğulanaraq çəkilirdi. O dövrdə qadın gözəlliyi vəsf edilsə də, Renesana qadın və kişilərin intellektual bərabərliyini qəbul etmədi. Çox sayda xanım müəllif müxtəlif mövzularda və janrlarda kitablar yazdılar. Ancaq bir çox məşhur humanist xanımların əsərləri və fəaliyyətləri inadla görməzlikdən gəlindiyi üçün onlar ənənəvi, ailə daxilindəki həyatlarına geri qayıtmalı oldular. Hətta Renesans dövrü humanistlərindən qadınların ictimai həyata daxil olmalarına qarşı aktiv fəaliyyət göstərənlər də var idi.
 
Qadınların kişilərlə bərabərliyi mövzusu intensiv olaraq 18-ci əsrdə işləndi və uzun illər davam edən mübarizədən sonra onlara kişilərlə eyni hüquqların verilməsi olduqca yenidir.
 
Ancaq bütün təzyiqlərə, görməzdən gəlmələrə baxmayaraq, tarixdə ciddi uğurları olan xanımlar az deyillər. Bunlara bir neçə misal çəkmək olar:
 
Hatşepsut
 
Qədim Misirin qadın fironu, misirşünaslara görə bildiyimiz tarixin ilk böyük qadını. Hatşepsutun uzun idarəçiliyi zamanı Misirdə ticarət və tikinti işləri geniş vüsət alır. Sadəcə qadınlar arasında deyil, bütün fironlar arasında ən uğurlu hakimiyyətə sahib olmuş fironlardan sayılır. Hatşepsutdan sonra taxta çıxan firon onun adını yazılı mətnlərdən sildirir və mumiyasını gizlədir. 1903-cü ildə Hovard Karter tərəfindən tapılan bir məzardakı mumiyanın 1990-cı ildə müasir metodlarla araşdırılması onun Hatşepsutun itmiş mumiyası olduğunu aşkara çıxarır. 
 
Mariya Profetissima
 
Bizim eranın 3-cü əsrində yaşamış bu xanım kimyanın qurucularından sayılır, bir çox kimya laboratoriya cihazlarını ixtira etdiyi bilinir, onun icad etdiyi distillə, kondensasiya və istilik cihazları modern dövrlərə qədər laboratoriyalarda istifadə edilmişdi. Bəzi kimyəvi maddələri ilk dəfə Mariyanın sintez etdiyi bildirilir.
 
Emilia Şatle
 
Aydınlanma dövründə yazmış müəllif, fizik və riyaziyyatçı. Aydınlanma dövründə məşhur olan, elmə maraq göstərən insanların toplanıb müzakirələr apardığı ən məşhur salonlardan birinin sahibəsi. Volterlə yaxın dostluq etmiş və Nyutonun “Principia” əsərini fransız dilinə çevirmişdi. Hələ də standart tərcümə sayılan bu əsərin riyazi və fiziki olaraq anlaşılması çətin olan hissələrinə açıqlamalar yazmışdı.
 
Mari Vellstonkraft
 
Aydınlanma dövrünün məşhur qadın müəlliflərindəndir, “Qadın hüquqlarının müdafiəsi” kitabı feminist nəzəriyyənin ilk kitablarından sayılır. Vellstonkraft bu əsərində qadınlara təhsil vermənin, onları “arvad” deyil, həyat yoldaşı olaraq görmənin cəmiyyət üçün vacibliyindən bəhs edir. Bir millətin uşaqlarına tərbiyə və təhsil verən gücün qadınlar olduğunu müdafiə edən Vollstonkraft qadınların bəzək əşyası, ya da evlənmə vasitəsilə kimi, yox cəmiyyətin bərabər hüquqlu üzvləri kimi görülmələrinin vacibliyini vurğulamışdı. Onun qızı Mari Şelli, ilk elmi fantastik əsərlərdən olan “Frankenşteyn”-in yazarıdır. (Özü həmin qızı dünyaya gətirərkən ölmşdü).
 
Emma Noter
 
Məşhur riyaziyyatçı, cəbr və fizika səhəsində fundamental kəşflər edib. Uzun müddət Göttingen Universitetində dərs verməsinə universitet rəhbərliyi qadın olmasını əsas gətirərək izin verməmiş, böyük riyazıyyatçı Hilbert, “hamamda deyilik, universitetdəyik” deyə etiraz edərək, öz mühazirələrində onun da çıxış etməsi üçün şərait yaratmışdı. Bu gün Emma Noter ən önəmli alimlərdən sayılır və “Noter teoremi” ilə xatırlanır.
 
Noter teoreminə görə hər simmetriya bir qorunma qanununun manifestidir, zamanda homogenlik enerjinin saxlanma qanunundan irəli gəlir. Təbiət qanunları dünən də, bügün də eynidir, dəyişməzdir. Əgər belə olmasa idi, məsələn həftənin tək günləri yerin cazibə qanunu cüt günlərdəkindən az olsaydı, tək günlər yüksəyə qaldırdığımız bir yükü cüt günlər endirib, artıq enerji əldə edərdik. Ancaq bu, mümkün deyil çünkü enerjinin saxlanma qanunu hər zaman eynigüclüdür. 
 
 
Bu siyahını uzatmaq mümkündür. Qadınların cəmiyyət həyatından sıxışdırılmalarının səbəbi kişilərin qeyri-kompetent olmalarıdır. Sosiologiyada “özü özünü doğruldan kəhanət” (self-fullfilling prophecy) anlayışı var. Bir stereotipə uyğun olaraq bir qrupun bacarıqsız olduğu apriori qəbul edilir, bu qəbula əsaslanaraq, onlar fürsətlərdən məhrum edilir və bunun nəticəsi olan geriqalmışlıq, stereotipin qurbanı olan qrupun və ya şəxsin fikrinə sübut kimi göstərilir. Halbuki, o qrupun geridəqalmışlığı başqalarının lap əvvəldən onların inkişafına mane olmaq istəyidir.
 
Məsələn, bir valideyin uşağının qabiliyyətsiz olduğunu düşünüb, onun təhsil alması üçün lazımi fədakarlıq etmir, sonra savadsız uşağı öz yanaşmasının sübutu kimi qəbul edir. Halbuki, problem uşağın əvvəlcədən qabiliyyətsiz olması deyil, buna məhkum edilməsidir.
 
İş yerində idarəetmədən kənarda tutulan işçiləri sonralar passivlikdə ittiham etmək də başqa misal sayıla bilər. Oxşar bir davranış “heç nə düzələn deyil” düşüncəsi ilə əlini ağdan-qaraya vurmayan, işlər normal getmədikdə isə “mən demişdim” deyən insanların “kəhanətləri”dir. Əksəriyyət bu düşüncə qəlibinə məhkum olarsa nəticə gözləniləndir, ancaq onlar bildikləri üçün yox, stereotiplərlə düşündükləri üçün bu baş verir.
 
İnsanlar aydınlanmadıqca, stereotiplərin, ayrı-seçkiliyin qanunla qadağan olunması vəziyyəti tam dəyişmir. İnsan düşüncəsinin hər mərhələsi qanunlar tərəfindən tənzimlənmir, təşəbbüsün əlində olduğu, qərar vermə məqamında bir çox insan hətta bilmədən stereotiplərin təsiri altında qalır. Bir bank heyəti, zənci iş adamının biznes planını rədd edərkən, ya da işə müraciət edən xanım sırf xanım olduğu üçün işə qəbul edilərkən və ya sırf qadın olduğu üçün müraciəti rədd edilərkən stereotiplər iş başındadırlar. Stereotiplər görünməsələr belə, davranışlarda sosial stiqma olaraq özlərini göstərirlər.
 
Biz qadına seçmə hüququnu hələ 1918-ci ildə versək də, reallıqda qadına münasibətə son bir neçə ildə ciddi geriləmə müşahidə olunur. Aqressiv mühitdə qadının hər addımını kontrol etmək arzusu anlaşılandır, ancaq o aqressiv mühitdəki aqressiyanın mənbəyi də elə kişilərdir.
 
Halbuki, azad və təhsilli qadının necə böyük güc olduğunu anlamaq üçün öz tariximizdən Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşırın xatirələrini oxumaq yetərlidir. Həmidə xanımın belə möhtəşəm xanım olmasının sirri hər halda, atası Əhməd bəyin tərbiyə anlayışından qaynaqlanırdı. Həmidə xanım yazır:
 
- Qardaşımla mən bir az böyüyəndən sonra atam bizə silah işlətməyi öyrətdi. O, hesab edirdi ki, oğlanlar və qızlar eyni tərbiyəni almalıdır. O, deyirdi: "Qızları öz təbii haqlarından mərhum etmək, onları güclü cinsin əyləncəsi üçün kukla kimi yetişdirmək lazım deyil. Bütün haqlarından mərhum olmuş belə qadınlar sonradan zəlil, dilsiz-ağılsız, hüquqsuz bir köləyə çevrilirlər”.
 
Həmidə xanım kimi tərbiyə olunan bir xanımın dünyagörüşü və fəaliyyətinin miqyası ilə tanış olmaq üçün onun xatirələrini oxumaq lazımdır.
 
Yalçın İslamzadə
 
AzVision.az 
Kultura.az | Developed by Samir Yahyazade