Keçmişə nəzərən gələcək zaman

Публицистика

 
 
Fikrən zamanda səyahət hamımızın tez-tez yaşadığı bir haldır və haqqında danışılacaq, tənqid ediləcək, təəccüblənəcək bir yanı yoxdur. Çünki təbiət qəddarcasına bizi indiki zamana məhkum etsə də, keçmişin xatirələri və gələcəyin planları olmadan bugünün bir anlamı qalmır. Necə deyərlər, sabah olmasaydı, bu gün çoxdan bitmişdi. 
 
Lakin tez-tez zaman səyahətində yolunu azanlar var və onlar əvvəlcə öz şəxsi uğursuzluqlarının, sonra da məxsus olduqları toplumların çöküşünü ilk körükləyənlərdəndir. Düşüncə, xəyallar sərhəd tanımır və bir gün təcrübəsiz səyyah zaman səyahətində yolunu azır, vurnuxur, geri qayıda bilmir və sonda olduğu yerdə qalmağa, orada ömürlük yaşamağa qərar verir. Tanıdığımız, tanımadığımız nə qədər insan var ki, yır-yığış edərək köçüb keçmişdə yaşayır. O qədər xoş, o qədər məmnundur ki, onu oradan qoparmaq mümkün deyil. Təbii, səbəbsiz olmur belə azmalar, belə qapılmalar. Adətən, keçmişində yüksək mövqeyə sahib olmuş, keçmişində daha yaxşı həyatı, şiddətli sevgisi, geniş dost çevrəsi olmuş, bu gün bunların hamısını itirmiş və gələcəkdə yenidən qazanmaqdan əlini üzmüş insanlar olur keçmişin əbədi sakinləri. Yaxud, keçmişlərində elə bir önəmli hadisə yaşamasalar da, bu günün dəhşətli reallıqları və gələcəyə olan ümidsizlik insanları tutunmaq üçün kiçik da olsa, bir şey tapmaq ümidi ilə keçmişlərini didik-didik etməyə vadar edə bilər. Eyni şey toplumlarda da yaşanır.  Kiçik və uğursuz xalqların qədimlik axtarışını xatırlayın. Tənbəllər üçün də keçmiş yaxşı arqumentdir. 
 
Bugününə ilişib qalanlar var. Onlar keçmişə laqeyd, gələcəyə vecsizdirlər. Bir də, keçmişə qapılmağın mənasız, gələcəyi çox düşünməyin məyusedici ola biləcəyini düşünən insanlar var ki, onlar da bugünlərindən daha çox zövq almağa, hər anın dəyərini bilməyə çalışırlar. Laqeydlər və vecsizlər toplum üçün gərəksiz olsalar da, ikinci tip “bugünçü”lər daha çox iş görmüş olurlar. Çünki keçmişə arxayın olmur, sabaha da ümidlənmirlər, edə biləcəklərini bu gün edirlər.
Başqa bir qrup insan da keçmişdən əllərini üzüb, bugünə həvəsləri yoxdur, yalnız gələcəyi düşünmək, xəyal və planlar qurmaqla məşğuldurlar. Əlbəttə ki, xəyal qurmaq, plan qurmaq gərəkli məsələdir, amma bəzən gələcəyə o qədər saplanırıq ki, bu günə qayıdıb ətrafa boylanmaq yaddan çıxır. Gələcəyə yönələnlərin durumu toplumların səviyyəsinə görə dəyişir. Geridə qalmış toplumların gələcək planları, xəyalları daha çox məişətlə, daha doğrusu, məişətin də ən alt qatında dayanan məsələlərlə əhatələnir. Bəzən xarakter, bəzənsə də həyat şəraiti məcbur edir belə xəyalları qurmağa. Gələcək xəyallarımız vəzifə, qonşudan daha böyük ev, “əlimə bir az pul keçsəydi” kimi epizodlarla aşıb-daşır. İnsan tanıyıram, on ildir hər dəfə görüşəndə deyir, əlimə bir az pul keçsəydi, filan şeyi edərdim. O pulun əlinə hardan və necə keçəcəyi haqda zərrə qədər anlayışı olmadığına əminəm. Birisi soruşsa ki, bu bir az pul dayandığın yerdə əlinə haradan keçəcək, get bir işlə məşğul ol, deyəcək, imkan ver, plan qururam, nə çox əlinə qəfil pul keçən adam... Haqq üçün, bu yerdə adam haqlıdır; ölkə doludur təsadüfi zənginlərlə. Hər işləmək istəyən iş tapırmı, hər işləyən də haqqı ilə əvəzini alırmı? Əlbəttə ki, yox! Bu da ayrı bir mövzudur. 
 
Bu tiplərdən sonra gələk mövzumuzun qəhrəmanlarına. Qeyd olunan zaman səyyahlarından fərqli, daha uğursuz, daha bədbəxt bir qrup insan var. Onlar keçmişə nəzərən gələcək zamanda yaşayırlar. Onlar üçün nə keçmişin şirin xatirələri, nə də gələcəyin təmtəraqlı planları var. Bu gün də bir iş görməkdən söhbət gedə bilməz. Onlar yalnız keçmişdəki uğursuz planlarının, arzularının həsrətindədirlər. Ötürdükləri qatarların arxasınca əl yelləməkdən əlləri başqa bir işə yatmır. Danışarkən əsas sözləri “kaş, gərək, mərdiməzarlar olmasaydı, imkan vermədilər, mən də belə istəyirdim, -əcəkdim, - acaqdım...” və s. Həmişə gileylənirlər, başqalarında günah axtarırlar. Ən çox da zəmanədə və talelərində. Tanrıya girişməyə ürək etmirlər. “Qurbanolduğumun məsləhəti” deyib, yüngülvari köks ötürürlər. Günah keçiləri onlar üçün əvəzedilməz hədiyyədir. 
 
Yetər ki, bircə kəlmə öz işindən, uğurundan, ya da gələcək planlarından danış, dərhal mühərrik işə düşəcək, çarx fırlanacaq. Onun da keçmişində belə planları varmış. Amma mərdiməzarlar imkan verməyib. Bir az da irəli gedib, ağıl verməyə başlayırlar, “məndən sənə əmanət, filan şeyi elə, filan şeyi eləmə...”  Bu gün belə insanlar daha tez-tez qarşımıza çıxır. Xüsusilə də, sosial şəbəkə deyilən məkanlarda. İstənilən mövzudakı bir cümlənin altında dərhal peyda olub öz aqressiyalarını süfrəyə tökmək onlar üçün adətə çevrilib. 
 
Belə xüsusiyyətlər topluma da sirayət edir. Bəzən bütöv bir xalq yüzillərlə keçmişə nəzərən gələcək zamanda yaşayır. Bütün dünyanı fəth edəcəklərmiş, düşmənlər qoymayıb. Hər il ən azı iki nobel mükafatı alacaqlarmış, xristianlar və yəhudilər imkan verməyib. Belə toplumlar bu cür xəyallarla yaşayaraq, nə keçmişdən nəticə çıxarırlar, nə də gələcəyə dair normal bir planları olur. Nəticədə daha da geriyə gedirlər, uğursuzluq uğursuzluq dalınca gəlir. Problemləri həll etmək əvəzinə, hər gün yeni hədəf axtarıb kəşf edirlər. Sonda yenə özlərini haqlı çıxarırlar: demişdik də, bizə imkan verməzlər.  
 
Bəzən insanların bu zaman formasında yaşamasına gözlənilməz faciələr səbəb olur. Müharibələr, imperiyaların çöküşü, təbiət hadisələri, fərdi qəzalar insanların arzularını, planlarını alt-üst edir. Bütün xəyallar artıq keçmişə aid arzulardan ibarət olur. Belə insanlar tez-tez sənətin - əsas da kinonun və ədəbiyyatın mövzusuna çevrilirlər. Axı dəyərli sənət əsərlərinin əksəriyyəti insan ağrılarının, iztirablarının üzərində qurulmuş əsərlərdir...
 
 
Rəşad Səfər
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade