post-title

Dinin həqiqətdən və yalandan kənar mənası

Dini məsələlərə doqmatik yanaşmırsınızsa yəqin ki, özünüzə sual verməmiş olmazsınız – yəni bütün bu ağlasığmaz möcüzələr doğrudurmu? Yəni məsələn, İsa peyğəmbərin tanrının oğlu olduğu və ya yenidən dirildiyi, Nuh peyğəmbərin 1000 il yaşadığı, Musa peyğəmbərin dəryanı ikiyə böldüyü və sair.

 
 
Bura islam dinində də iddia edilən möcüzələri daxil edə bilərik. Əlbəttə ki, bütün bunlara müasir insan zəkası ilə düşündüyündə məntiqi çərçivə tapmaq mümkün deyil. Əgər bütün bunlar dinin o müqəddəslik, qorxu və bir az da təşviq pərdəsi altında özünə yer tapmasa, sən yəqin ki, “yox bir” deyib gülüb keçərdin. Ancaq bu, dinin rolunu bütünlükdə inkar etmək üçün əsas deyil. Ədəbiyyat özü də uydurmadır, amma sən onun əhəmiyyətini dana bilməzsən. Beləliklə din, yalnız möminlərin öhdəsinə buraxılmayacaq qədər maraqlı, müdrik və təsəlliverici fenomendir. 
 
İsa peyğəmbərin çarmıxa çəkilməsini götürək. Xristianlar bu hadisəyə insanlığın ən böyük cinayəti, az qala dünyanın sonu kimi baxırlar. Çox həzin və kədərli bir hadisədir: o, çox xeyirxah, mərhəmətli, səmimi və müdrik insan idi. Yoxsulların və tənha insanların hamisi idi, anasını və dostlarını sevirdi, sevgiyə və mərhəmətə inanırdı. Ədalətli dünya qurmaq istəyirdi. Amma bütün bunların axırı alçaldılma, xəyanət və dözülməz ağrı-acı ilə bitdi. Ən yaxın dostu onu satdı, uydurma ittihamlarla mühakimə olundu, insanlar onu tək buraxdı, kütlə ələ saldı, təhqir etdi. Nazaretli İsa dirəyə mismarlandı və ölümə tərk edildi. Günlərlə dəhşətli əzab içində can verdi.   
 
Bütün bunların həqiqətən də məhz belə baş verdiyini heç kim əminliklə söyləyə bilməz. Ancaq məsələ onda da deyil, yəni bu hadisənin gerçəkliyi müəyyənedici faktor deyil. Aydındır ki o, “Allahın oğlu” deyildi, bununla belə bu əhvalat müasir dünyamızı aydınladır və bizə nə isə bir şeylər anlatmağa çalışır.  
Gəlin buna bir az fərqli aspektdən yanaşaq. İsa burada simvolik xarakterdir, insan övladını təmsil edir. Əslində onun əzablı hekayəsi biz insanların qəm-qüssə dolu həyatının bir qədər şişirdilmiş versiyasıdır. Günümüzdə nələr baş vermir ki, nə qədər sınaqlardan keçməli oluruq. Kimisi öz doğmasını itirir, kimisinə xərçəng diaqnozu qoyulur, ailələr dağılır. Adi səhvlərimiz belə, nə qədər müsibət və fəlakətlər doğurur. İsanın çarmıxa çəkilmə əhvalatı bütün bu insani müsibətlərə qarşı bir dözüm və bağışlanma üfüqü açır. İnsanlar ümidsizcəsinə bu üfüqə doğru irəliləməkdə davam edirlər.    
Bu hala elə öz nümunəmizdə, Kərbala faciəsinə şiələrin münasibəti fonunda da baxa bilərik. İnsanlar əslində burada təkcə imam Hüseynə deyil, öz ağrı acılarına ağlayırlar və bağışlanmaq istəyirlər. Kərbala hadisəsi onların kədərinin, ümidsizliyinin, ədalətə olan inamının obrazlı şəkildə ifadəsidir. Bu həm də dindəki kimi mücərrəd də deyil, insanın özünü tapdığı, öz yaşantısından alıntılar ala biləcəyi bir hadisədir. Bu onu göstərir ki, bizim cəmiyyət olaraq ağrı-acının öhdəsindən gəlib həqarət və xəyanətlərə dözməkdə bizə  bələdçi olacaq, bizi aydınlatan və bizə təsəlli verən nümunələrə ehtiyacımız var. Din bunun öhdəsindən çox gözəl gəlir.     
 
Dinlərin dahiliyi, həmçinin ondadır ki, bütün bu dini əhvalatların mərkəzində adi insan dayanır. İdeallaşdırılmış, hər şeyə qadir olan insan üstü varlıqdan söhbət getmir. İsa peyğəmbərin nümunəsində o, insanlar tərəfindən həqarətlərə məruz qalır – ancaq eyni zamanda öz statusunu saxlayır: Həm hökmdarlar hökmdarı, həm də adi məğlub insan. Bu inanılmaz dərəcədə insanlara təsəlli verir. İnsanlar düşünür ki, bəzən əzab çəkməklə, yıxılıb ayağa qalxmaqla, bir çox şeyləri itirməklə də həyatda qalib gəlmək olar.  
 
Digər tərəfdən bu dəhşətli hadisə çox müdrik bir şəklidə sonda qisas alınmasını deyil, bağışlamağı, əhv etməyi təşviq edir. Ona qarşı edilən bunca həqarətlərə rəğmən o, vəhşilikdən gözü dönmüş kütlənin zərər görməsini istəmir. İsa peyğəmbərin ölümündən əvvəl son ricası belə olur: Bağışlayın onları, onlar nə etdiklərini bilmirlər. O, inanırdı ki qəddarlıq - sevgi və xoşgörünün çatışmazlığından irəli gəlir. Kütlə içərisində həqarət edən, vurub sındıran, vəhşilikdən gözü dönmüş fərd, həmin an düşdüyü kütləvi davranış psixikasının təsiri altında fəaliyyət göstərir. İsa peyğəmbər hesab edirdi ki, bu insanlar düşdüyü həmin mühitin qurbanıdır. Bütün varlığımızla onları anlamağa çalışsaq qəzəb hissindən daha çox təəssüf hissi keçirmiş olarıq. 
 
İslam dinində də mərhəmət və bağışlamaq fenomeni mərkəzi yerlərdən birini tutur. Amma xristianlıqdan fərqli olaraq burada tanrının özünün tükənməz mərhəmətindən, günahları bağışlamasından söhbət gedir. İnsanın özünə gəldikdə isə onun qisas almaq hüququ, onunla savaşanlara qarşı savaşmaq hüququ tanınır.  
Nəticə olaraq biz bu qənaətə gələ bilərik ki, din harda ki, ruhi sferadan kənara çıxmır əsil dəyərini orda göstərir. Ruhi sferada olduğu müddətdə də burada hər hansı bir məntiq axtarılmamalıdır. Biz dini əhvalatların doğru olub olmadığının o qədər də qayğısına qalmaya bilərik. Əhəmiyyətli olan bu əhvalatların nə dərəcədə faydalı, ibrətamiz olmasıdır. Din sevda, eşq kimi ruhi bir anlayışdı və bu çərçivədə baxıldığı müddətdə faydalıdır.  Hər halda biz onu asanlıqla başqa bir dəyərlə əvəz edə bilmirik. 
 
Amma din, sosial, iqtisadi, siyasi sferaya sirayət etdiyi andan cəmiyyətə zərər vurmağa başlayır. Əgər din sosial sahəyə müdaxilə edib sənin öz həyat yoldaşınla necə münasibət qurmalı olduğuna aydınlıq gətirməyə qalxarsa və ya xeyli dərəcədə mürəkkəb olan mülkiyyət, vərəsəlik kimi məsələlərin hüquqi tənzimləməsinə çalışarsa, ya da heç nə ilə əsaslandırılmayan faizssiz bankçılıq modelində israr edərsə və ya siyasi idarəetmə alətinə çevrilərsə, o andan etibarən o öz əsl təyinatını itirmiş olur. Eyni zamanda o öz ilahi mahiyyətini də ititrir. Çünki sadaladığımız məsələlər artıq dünyəvi, məntiqi sferadır, siz bütün bunları bir doqma kimi, ilahi bir göstəriş kimi cəmiyyətə təqdim edə bilməyəcəksiz, məntiqi bir izah tapmalı olacaqsınız. Dinin sosial sahəyə təsirinə bir nümunə olaraq din və iqtisadi inkişaf arasında asılılığa dair statistikaya baxa bilərik. Belə ki, dünyanın ən varlı 19 ölkəsində əhalinin 70 faizindən çoxu dini özü üçün əhəmiyyətli hesab etmir. Əksinə dünyanın ən kasıb ölkələrində isə əhalinin mütləq əksəriyyəti dinə inanır. Bu həm də onunla izah olunur ki, kasıb ölkələrdə insanlar bir şeyləri dəyişmək iqtidarında olmadıqlarını düşünüb və bu dünyada hər şeydən əlini üzüb o dünya üçün fokuslanırlar. Əksinə dinin hakim olmadığı varlı ölkələrdə isə insanlar öz bacarıqlarına bel bağlayırlar və öz taleyini səy və istedadları ilə dəyişə biləcəklərinə inanırlar. Belə nəticəyə gələ bilərik ki, zülm və səfalətin olmadığı ölkələrdə din az yada düşür. 
 
Sonda dini fundamentalizmin tüğyan etdiyi müasir dövrümüzdə dinə münasibət necə olmalıdır, orta yolu necə tapmalıyıq?  Cavab sadədir: dinləri bir sosial fenomen kimi öyrənməliyik. Ayrıca götürülmüş hər hansı bir dini yox, bütün dinləri öyrənməliyik və sual verməkdən, sorğulamaqdan və müqayisə  etməkdən qorxmamalıyıq. Bilgi, dini mövhumat və cəhalətə qarşı ən yaxşı silahdır. Əksinə, əgər sizin insanın və dünyanın mənşəyi, insanın təyinatı, cəmiyyətdə rolu və s. bu kimi fundamental suallara artıq hazır cavablarınız vardırsa və mütləq qəbul etdiyiniz dini həqiqətləri sorğulamaq imkanından mərhumsunuzssa, onda çətin ki siz bütün bu məsələləri alternativ qaydada təhlil edən və çoxlu suallar qoyan elmi inkişafda maraqlı olmaq istəyəcəksiniz. Bəşəriyyət minillər boyunca elm, incəsənət, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrdə çox dəyərlər yaratdı. Din də bu dəyərlərdən biridir və onlarla birlikdə öyrənilməlidir. Son nəticədə nağılları sevib oxumağınız, nağıllara inanmağınız anlamına gəlmədiyi kimi, dinləri öyrənməyiniz də dindar olmağınız anlamına gəlməz. 
 
Nurlan Babayev
 
Məqalə “Philosophers Mail” portalının materialları əsasında hazırlanıb
 
Kultura.az
Yuxarı