Cəlil Məmmədquluzadə: Ətiqə

Наследие

 
 
Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. Amma camaatın çoxluğundan yaxına gedə bilmədim. Axırda bir həmşəridən xəbər aldım ki, “qardaş bu nə xəbərdi?” Həmşəri tütün çubuğunu ağzından çıxarıb bir neçə kərə çitfit elədi. Tüpürüyü düz səyyahın üstə düşdü. Biraz sonra mənə böylə cavab verdi: “Zalım uşağı itlər gəlib kababçıların ətlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar”. 
 
Sonra qandım ki, həmişəki müsəlman mitinqlərindəndir. İstədim ki, dalınca gedəm. Gördüm ki, həmşərinin tüpürdüyünə acıqlanıb gedən səyyahın əlində ətiqə (köhnə əski) mallar və bir çox müsəlman qəzetləri var. Əcnəbilərin məmləkətlərimizdə ətiqə mallar aldıqları məlum. Lakin bu müsəlman qəzetlərini yığmaları nə üçün? Bizim təzə qəzetələr onların nəyinə lazım?
 
Doğrusu bu iş mənə dərd oldu. Yanlarındakı dilmancdan soruşdum ki, bunlar bizim müsəlman qəzetlərini nədən ötrü alırlar? Dilmanc hazırlaşırdı ki, cavab versin, o yandan səyyahın biri türkcə dedi ki, “əfəndim, bunlar bizim üçün ətiqədir”. 
 
Bir yevropalının gözəl türkcə danışması və bizim qəzetələrə ətiqə deyib əziz və möhtərəm tutması mənim külli hissimi oyandırdı. Mən də razılıq üçün dedim:
 
-Çox sevindim ki, siz bizim qəzetələri ətiqə kimi möhtərəm saxlayıb, bizim Qafqazı həmişə yada salmaq istəyirsiniz. 
 
Mənim bu razılığıma qarşı səyyah yavaşca gülüb dedi:
 
-Əfəndim, bizdə riyakarlıq və yalançılıq olmaz. Sizin qəzetələrin ətiqələri özgə cəhətlədir, nəinki Qafqaz müsəlmanları qəzetələri olduğu üçün. Əgər özgə qəzetələr də varsa, mərhəmət edib bizim üçün tapınız. 
 
Səyyahın bu acı və rümuzlu (rəmzli) sözü mənim başıma su tökülən kimi oldu. Çox pozuldum və dedim:
 
- Taparam, lakin bizim qəzetələrə nədən ötrü ətiqə deməyinizi qanmadım.
 
Səyyah:
- Kömək edəcəyinizdən razıyıq. Ətiqə bəhsi uzundur. Vaxtınız varsa, buyurun bizim mənzilə gedib danışaq. 
 
- Çox əcəb dedim və “Yevropa” mehmanxanasına doğru getməyə başladıq. Yoldakı söhbətimizdən duydum ki, məimlə danışan ingilis Misirdə, İstanbulda 10-15 il qalıb. Çox gözəl ərəbcə, türkcə bilir. Otağa girib oturandan sonra mən başladım:
 
- Bizim qəzetələrə sizin nədən ötrü ətiqə deməyinizi bilmək istəyirəm, bəlkə bizim tatar şivəsi sizə ətiqə kimi gəlir?
 
İngilis:
- Xeyr, onlar bizə çoxdan məlum. Bizim bilmədiyimiz ancaq qəzetələrinizin məzmun və mündəricatı idi. İndi oxuyub gördük ki, doğrudan ətiqədirlər. Budur ki, alıb məmləkətimizə götürürük və muzeylərdə saxlayacağıq. 
 
Mən:
- Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetələri köhnə mallar, paslanmış paxır pullar ilə bərabər tutursunuz? Halbuki, bizim qəzetələr də qonşularımızın qəzetələri kimi hər şeydən yazır, hər şeydən bəhs edirlər. Bəs nədən ötrü bizimkilər sizə köhnə görünüb, belə şeylərdə də din və millət təəssübü çəkirsiniz?
 
İngilis:
- Əfəndim! Təlaş etməyiniz. Təəccüb yeri yox. Budur “Yeni həqiqət”in 3-cü ömrəsi, oxuyum qulaq asınız: “idarədən: bütün ülamə və sair mühərrirlərə təklif ediriz ki, “Kişabimübin” məsələsinə müdaxilə etsinlər. Bu xüsusda yazılan məqalələrə qəzetimizin sütunları açıqdır”. 
 
Mən:
- Çox yaxşı, bunda nə var ki?
 
İngilis:
- Əzizim, daha nə olacaq. Qafqazlıların bu sıxıntı halətində osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsləri ilə vaxt keçirirsiniz. Belə bəhsləri özgə millətlər 300 il əvvəl eləyirdi. Halbuki, siz bu gün, özü də  bu fəlakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il əvvəlki qəzetələr bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetələrinizi (ingilis bu həngamədə çamadandan 5-10 müsəlam qəzeti çıxarıb mənə göstərdi) oxuyursunuz, baxınız bu təzə dediyiniz qəzetələrə. Allah üçün deyiniz: bunların yazdıqları ilə 500 il əvvəlki adamların fikirləri, əqidələri və adətləri arasında nə fərq var? Ha... bir fərq var, bağışlayınız, bu fikirlər, bu əqidələr, bu bəhslər əski zamanda din kitablarında yazılırdı, amma indi müsəlman qəzetələrində... 
 
Mən bu həqarətə dayanmayıb dedim:
- Səhviniz var, əfəndim! Bizim dinimizin qoşulları (şərtləri) sizinki kimi boş dua, quru əxlaq, adi iman və vicdan hisslərindən ibarət deyil. Biz hər bir addımımızı 1300 il əvvəl gələn şəriətimizin öyrətdiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyb olmasın, bağışlayınız: döşəkdə yatıb qalxmağı, hətta ayaq yoluna getməyi də gərək şəriətdən öyrənək. Bu səbəblə din bəhsləri və nəsihətləri bizim üçün eyni nemət və böyük səadətdir. 
 
İngilis:
- Şəriətinizə sözüm yoxdur. Lakin mən bilmirəm Quranın “kitabimübin” olub-olmadığından camaat üçün nə nəf və səadət var? Gözünüzü diqqətlə açıb özünüzə bir baxınız: Nəsiniz, nəyiniz var? Hanki haqqa, insanlığa, müsavata maliksiniz? Qafqazı başdan-başa gəzdim. Sizdən cahil, sizdən fəqir, sizdən səfil, sizdən qate (möhkəm), sizdən yazıq bir camaat görmədim. Qonşunuz ermənilərin, gürcülərin də dinləri var. Həm sizinkindən də köhnədir. Qəzetələrinizə baxınız. Sizinki kimi boş dini bəhslər ilə camaatlarını məşğul edirlərmi? Onlar sizdən 2-3 qat az olduqları halda, hüquqda, maarifdə, ticarətdə sizdən 2-3 qat yuxarıdırlar. Bu sözlərimdən inciməyiniz. Mən bitərəf bir ingilisəm. Arxayın olunuz ki, siz mühərrirləri istədiyim üçün bu sözləri söyləyirəm. 
 
Mən:
- Bizi istəyən bizi, bizim qəzetələri pisləyərmi?
 
İngilis:
- Qanıram ki, sizin indiki halınız lap köhnə yəhudilərin və qədim bizans rumluların halına oxşayır. Siz öz xeyirxahlarınızı da tanımırsınız!
 
Mən:
- Yaxşı tanıyırıq. Bizi heç vaxt qədim yəhudilərə də bağlamayınız!
 
İngilis:
- Tam onlar kimisiniz. Bilirsiniz ki... əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlular Aya Sofiyaya doluşub din bəhsləri ilə bir-birlərini boğurlardı. Kimsədə vətən qeydi, millət qeyrəti, insanlıq hissi qalmamışdı. O idi ki, osmanlılar az bir müqavimətdən sonra qoca Bizans impertorluğunu çürük ağac kimi devirdilər. Sizin bugünkü halınız da o dağılmış millətlərin halına oxşayır. Öz gününüzü, öz dərdinizi buraxıb şeytanın, kövhi-məhfuzun (ilahi kitabın), zülcəlalın (hörmət sahibinin) qeydinə qalırsınız. İslam günbəgün irəli getdiyi halda siz hələ 500 il əvvəlki din bəhsləri ilə geri-geri qaçırsınız. İndi deyiniz: belə bir vaxtda camaatı faydasız din bəhsləri ilə məşğul edən müsəlman qəzetələti “ətiqə” deyillər də, nədir?
 
Mən:
- Bir qəzetəmiz necə olubsa, elə bir zad yazmış.
 
İngilis:
- Bir qəzetənizmi? Hamısı belədir. Bu həngamədə çantasından bir çox qəzetə çıxarıb qabağıma tökdü və başladı oxumağa:
“Burhani-Tərəqqi” nömrə 131; “Qəzetə oxuyan adamın imaməti caizmi?”
 
“İşıq” nömrə 1; “İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzü açıq şəklini çıxartmaq istəmiş. Lakin polis döyüb fotoqrafxananı dağıtmış və xanımı divanı hərbiyə vermiş. İdarədə: islam xanımlarının şəriəti – islamdan kənara çıxmamaları əlzəmdir (çox gərəkdir)”.
 
“Bəyanül-həqq”. Bizim nicat və səadətimiz təməssük edib (birləşib) ondan bir qıl qədər ayrılmamaqla olacaqdır...
 
İngilis:
-Deyiniz görək: bunlar 500 il əvvəlki fikirlər, yazılar deyil də nədir? Belə yazılara bizim və sizin nəvələriniz “ətiqə” deməz də nə deyər? 
 
Lağlağı “Molla Nəsrəddin” N5
29 Yanvar 1911-ci il.
 
Hazırladı: Nurlan
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade