“Televiziyadakı o qadın” – İkinci Mahmud

Публицистика

 
 
Amma və lakin bir azcana pessimizmə qapılmaq niyyətindəyəm. Görünür, təqvimdə əlamətdar günlərimiz o qədər çoxdur ki, əlac iki əlamətdar günü bir xanaya soxuşdurmağa qalıb. Zarafat edirəm, Milli Həmrəylik gününün nə ilə əlaqədar qeyd edildiyindən xəbərim var.
 
Əvvəlcə ordan başlayaq ki, əlamətdar günləri sevmirəm. Banal və standart bayram təbrikləri, istəkdən çox məcburiyyətə, müəyyən mənada ənənəyə, mənası çoxdan unudulmuş rituala çevrilmiş bayram mesajları adamı iyrəndirir. Bir mesaji “kopyalayıb” telefonun yaddaşındakı bütün nömrələrə göndərən adamları görəndə ətim tökülür. Bu nə mənasızlıq, bu nə mahiyyətsizlik?! Bayramlarda, əlamətdar günlərdə təbrik etmədiyinə görə səndən inciyən adamları da anlamıram. Ümumiyyətlə, tipik azərbaycanlıların məşhur “itirib-axtarmaq” fəlsəfəsi mənə yaddır. Fikir vermişəm, təsadüfi qarşılaşmalarda “Niyə itirib-axtarmırsan!” gileyini ilk dilə gətirən adam haqlı kimi görünür. Onlar bu xoş təsadüfdən yararlanaraq hal-əhval tutmaq əvəzinə bir-birini ittiham etməyə, qınamağa tələsirlər: “Niyə itirib-axtarmırsan!”
 
Tipik azərbaycanlı özünə qiymət vermək bacarığından məhrum. Onun özünə verdiyi dəyər başqalarının ona münasibətilə ölçülür. Səbəb isə bəsit və aydın: dəyər meyarı yoxdur. Bizim adamların daxili aləmi o qədər kasad, ətraf dünya haqqında təsəvvürləri o qədər nisbidir ki, bütün bu vurnuxmalar içində hansısa sarsılmaz dəyər, mütləq meyar tapmaqda çətinlik çəkirlər. Məsələn, gəlin aydınlaşdırmağa çalışaq: rüşvət alan adama yaxşı adam demək olarmı? Birmənalı şəkildə yox! İndi gəlin baxaq, bizim cəmiyyətdə bu məsələyə münasibət necədir. Rüşvətə haqq qazandırmağa çalışan insanlar var ətrafımızda. Onlar müxtəlif bəhanələr uydururlar: “Neyləsin e, maaş azdır”, “Guya sən rüşvət almamaqla nə düzələcək ki?! Onsuz da, hamı alır” və s. Bunların hamısı günah duyğusundan irəli gəlir. Həmin adamlar vicdanlarının ləkələndiyini çox yaxşı anlayırlar, ürəklərinin dərinliklərində başa düşürlər ki, bu doğru deyil, məhz ona görə də müxtəlif bəhanələr uydurmağa, öz daxili məhkəmələrindən yaxa qurtarmağa çalışırlar. Öz günahlarını başqalarının günahı kimi təqdim etməkçün, insanları, əslində, onlardan asılı olmayan səbəblərin mövcudluğuna inandırmaqçün dəridən-qabıqdan çıxırlar. Bu çox primitiv bir misal idi, müasir Azərbaycan cəmiyyətində bu tip misallar yüzlərlədir. Onsuz da, hər şeyi özünüz məndən də yaxşı bilirsiz. Həmin tipik azərbaycanlı ən alçaq davranışa belə haqq qazandırmağa hazırdır, o, bu işin öhdəsində bacarıqla gəlir. Məhz buna görə də, bizim adamlar üçün başqalarının onlar haqda düşüncələri, fikirləri maraqlıdır. Mənə elə gəlir ki, hər bir adam bütün dünya nemətlərində imtina edərək də xoşbəxt ola bilər. Puşkin deyirdi ki, mənim ən böyük sərvətim mənim xəyallarımdı, çünki onu heç kim mənim əlimdən ala bilməz. Yadınıza salın, Defonun qəhrəmanı Robinzon kimsəsiz bir adada, bütün insanlardan uzaqda, tək-tənha, özbaşına xoşbəxt deyildimi… Bizim insanlar üçün isə “itirib-axtarılmaq” çox vacib cəhətdir. Onlar istəyirlər ki, hamı onlara yaltaqlansın, hamı onların xoşuna gəlməyə çalışsın, bayramlarda hamı zəng vurub hal-əhval tutsun, onlar da bu vəziyyətdən zövq alaraq amiranə tərzdə desinlər: “Ha-ha-ha, bacıoğlu, itirib-axtarmırsan ha!”
 
Amma işə bax ki, doğrudan da, axtarmaqçün əvvəlcə itirmək lazımdı… 
 
Hələ mən hədiyyə mədəniyyətindən danışmıram. Bizimkilər elə bilirlər ki, hədiyyə nə qədər qiymətli olsa, bir o qədər yaxşıdır. Nədən ki, bizim mədəniyyətdə hədiyyə anlayışı yerli-dibli mövcud deyil? Dönüb tariximizə, folklorumuza nəzər salın: orda hədiyyə adlı kulta rast gəlməyəcəksiz. Orda yalnız “peşkəş” var. Ondandır ki, indi bizimkilər “xala-xala” oynamaqla məşğuldular. Adamlar hədiyyə etməkçün qızıl alırlar, satıcıdan xahiş edirlər ki, əşyanın üstündəki qiyməti bir az da artıq yazsın. Halbuki hədiyyənin üstündə qiymətlə vermək ən azı, etik sayılmamalıdır. Nə isə bunları keçək…
 
İnsan həyatında cəmi ikicə əlamətdar gün var: insanın doğulduğu və öldüyü gün. Qalan hamısı uydurmadır. Amma görünür, insan oğlu sevinmək, şadlanmaq üçün səbəb (daha doğrusu, bəhanə) axtarışında. Nolar, qoy olsun. Bunun nəyi pisdir ki?! 
 
Tanıyanlar bilirlər, həyat haqda düşüncələrim pessimist ruhda. Lakin həyatdan zövq almağı bacaran adamam. Burda heç bir ziddiyyətdən söz gedə bilməz. Pessimizm anlayışına iki cür yanaşmaq lazım: 1. Pessimizm ruhi hal kimi və 2. Pessimizm dünyagörüşü kimi. Həyat həqiqətlərini dərk edən adam optimist ruhda ola bilməz. Həyatın adicə bir təsadüf (gəlin buna “xoş təsadüf” deyək) olduğunu qəbul ediriksə, burda hansı nikbin yanaşmadan söz gedə bilər?! Məhz bu pessimist yanaşma bizə “həyatdan zövq al!” deyir. Necə? Bax belə: həyat fani və mənasızdır. Məhz ona görə də heç bir problem qalıcı deyil. Vecinə alma! Nə qədər ki cənab Əzrayıl başının üstünü kəsdirməyib, ye-iç, şənlən-seviş. Pessimist dünyagörüşünə malik olan adam pessimist ruhi vəziyyətdə ola bilməz. Adam pessimist ruhi vəziyyətdədirsə, demək dayazdır, həyatı dərk edə bilmir. Qoy getsin özünü həkimə göstərsin, anti-depresantlar qəbul etsin, arağa qurşansın, heç biri kömək etməsə, gedib özünü Koroğlu körpüsündən atsın. Nə isə, bunu da keçək… 
 
Yeni il sevdiyim bayramlardan biridir. Adamlar yeyib-içirlər, oxuyub-oynayırlar, şadlanırlar. Ondan geriyə doğru sayıb bir anın içindəcə bütün arzularının gerçəkləşməsini gözləyirlər. Adamlara elə gəlir ki, bir gecənin içindəcə dünya daha da gözəlləşəcək, bütün pisliklər köhnə ildə qalacaq, yanvarın 1-də hər şey yenidən başlayacaq. İnsanlar həmin gecə qeyri-adi, mistik bir şey baş verəcəyinə inanırlar. Əslində isə heç nə baş vermir, lap elə dekabrın 30-undan 31-nə keçən gecədə olduğu kimi Yer öz oxu ətrafında sutkalıq dövrünü başa vurub yeni dövrə başlayır, vəssalam. Qurtardı-getdi! Bu qədər adi və mənasız! Bütün bu özünüaldatmalar və özünəaldanmalar insan oğlunu necə də aciz və gülünc göstərir!
 
Hələ hər il televiziyada görünən o yaşlı qadını demirəm. Necə də sevinclidir! Əminəm ki, bu il də saat 12-yə az qalmış televiziya ekranında görünəcək və hər il olduğu kimi deyəcək: “Arzum budur ki, gələn Yeni ili Şuşada, Cıdır düzündə qeyd edək!” Arzuya bax, sevgilim, belə də arzu olar?! Nə isə bunu da keçək… 
 
31 Dekabr həm də Dünya Azərbaycanlılarının Milli Həmrəylik günüdür. Bircə sual verib gedirəm: Bütün dünya azərbaycanlılarını, 50 milyonluq bir xalqı sözün əsl mənasında, birləşdirə bilən bir ideya, bir amal varmı?! 
 
Bayramınız mübarək!
 
Kult.az
Kultura.az | Developed by Samir Yahyazade