post-title

Nərmin Kamal. Evdə yatmışdım, külək əsdi

"Məni də bu külək yaxaladı. Bir gün Charles Dickens-in Londondakı ev muzeyinə, səhəri günsə onun uşaqlığını və ömrünün son illərini keçirdiyi Kent əyalətinə apardı..."

 
 
Yeni ilin gəlməsinə bir neçə gün qalmış, nə kitab oxumaq, nə muzeyə getmək, nə də başqa bir şəhərə səfər etmək mənim fikrimdə yoxkən birdən-birə bunların hər üçünü etdim.
 
Hər yeni il qabağı ingilisdilli ölkələr Charles Dickens-i xatırlayır, onun kitabları gündəmə gəlir.
 
Qapını bağlayıb evində xorhaxor yatsan da, bu yazıçının adı, bioqrafiyası, yaratdığı xarakterlərin adları, qaldırdığı məsələlər külək kimi bir yer tapıb evinə girir, səni yerindən qaldırır, küçəyə çıxarır, Çarlz Dikkensin iz qoyduğu yerlərə doğru çəkir.
 
Məni də bu külək yaxaladı. Bir gün Çarlz Dikkensin Londondakı ev muzeyinə, səhəri günsə onun uşaqlığını və ömrünün son illərini keçirdiyi Kent əyalətinə apardı.
 
Belə məlum oldu ki, ingilisdilli ölkələr heç də həmişə Mövlud (25 dekabr), Yeni il (31 dekabr) bayramlarını bugünkütək şən qarşılamayıblar. 17-ci əsrdə elmi-texniki tərəqqi, sənaye inqilabı kimi böyük hadisələrin astanasındaykən dinin özü kimi Mövlud, Yeni il bayramları da onların gözündən düşüb.
 
Yeni Dövrün istehsal müəssisələrinin sahibləri dini kökənli belə bayramların kasıb-kusub üçün tənbəllik etməyə bəhanə olduğunu bəyan ediblər. Əlində zəka, elm bayrağı tutan Yeni Dövrün maarifçi filosofları, mədəni elitası bu bayramları tənqid atəşinə tutub. Zəngin, savadlı qərblilər bu bayramları qeyd etməyi özlərinə ayıb bilib. Yallnız təhsilsiz kasıblar, qulluqçular gizlicə, ürkə-ürkə qeyd ediblər həmin bayramları.
 
ABŞ-da, Britaniyada Mövlud, Yeni il bayramlarını qeyd etmək, yoxsa etməmək mövzusunda tərəddüd dərinləşib. Belə bir vaxtda cəmiyyətdə güclü nüfuzu olan Çarlz Dikkens “Christmas Carol” novellasını yazıb.
 
Orada bu bayramdan zəhləsi gedən yekəxana bir mülkədara yeni il qabağı üç xəyali varlıq baş çəkir, onlarla söhbətlərdən sonra mülkədar dəyişilir, xeyirxah bir adama çevrilir. Roman Mövlud bayramını keçirməyi təbliğ edir, üstəlik yolkanı necə bəzəmək haqda yollar da göstərir.
 
Kitab tərəddüdlü cəmiyyətdə bomba kimi partlayır. Ondan sonra bayram nəinki keçirilməyə, əvvəlkindən də güclü təmtəraqla keçirilməyə başlanır. Dikkensin adı bu bayramlarla elə sıx bağlanır ki, o, vəfat edəndə bir ingilis uşağı sual veribmiş: “Şaxta baba öldü?”
 
***
 
Yeni il qabağı mağazaların, restoranların işi yaxşı gedir, muzeylərin işi öləziyir, tək Çarlz Dikkensin ev muzeyindən başqa.
 
Muzeyin bir küncünə yolka, qozalar, yapışqan, lent qoyublar və təlimat yazıblar ki, mənim kimi bura gələnlər əyləşib Dikkensin “Christmas Carol” novellasında göstərdiyi üsulla qoza bəzəsinlər, aparıb öz evlərindəki yolkadan assınlar.
 
Dikkensin həyatında bu evin böyük əhəmiyyəti olub. Onun iki böyük qızı burda doğulub, “Oliver Twist” də daxil olmaqla, ən sevilən romanları burda yazılıb, dünya şöhrəti onu bu evdə yaşayanda tapıb.
 
Dikkensin əsas romanlarını yazdığı yazı masası və bəşər tarixində bir yazıçının yazıyla yox, sözlə, canlı çıxış etdiyi ilk tribuna olan onun tribunası kimi əşyalar gördüm bu muzeydə. Muzeyin içi haqda geniş danışıb başınızı ağrıtmaq istəmirəm.
 
Yalnız iki kiçik detalı xatırlamadan da keçə bilmirəm.
 
Birincisi, bu üçmərtəbəli evin zirzəmisində yerləşən mətbəx. Mətbəx təkcə yemək bişirilən yer deyil, həm də qulluqçuların sosial həyatının mərkəzi olub o dövrdə, ordan-burdan eşitdiyimizə görə.
 
Çarlz Dikkens də kasıbların yazıçısı olub, bütün əsərlərində onların həyatına işıq salıb, onların sükutunu haraya çevirib, necə deyərlər. Mənəvi məsuliyyət və bir də sosial ədalət, - bunlar onun əsas iki mövzusu olub.
 
Onun qulluqçuları bütün ölkənin qulluqçuları kimi çox sevərmişlər Dikkensi. Amma Viktorian dövrünün ev quruluşuna görə mətbəx və qulluqçular yaşayan hissə evin ən pis, hisli-qoxulu, havasız, az işıqlı, ucqar, gizlədilən yeri olarmış.
 
Həm buna görə, həm də qonaqlarla qulluqçular üzbəüz gəlməsinlər deyə, mətbəx zirzəmidə yerləşirmiş, qulluqçuların yataq otaqları isə evin ən son mərtəbəsində.
 
Çarlz Dikkens kimi kasıbları, muzdluları, az yaşında işləməyə məhkum olan uşaqları ədəbiyyatın göylərinə qaldıran, sosial ədalətsizliyin bir nömrəli tənqidçilərindən olan yazıçının da evində mətbəx zirzəmidə, qulluqçuların otağı üçüncü mərtəbədə olub.
 
Dikkensin də evində qonaqlar gələndə onlar gözə dəyməməliymiş, o dövrün bütün evlərində olduğu kimi.
 
İkincisi, Dikkensin düz on uşağı olub arvadı Ketrinlə birlikdə və onuncu uşaqdan sonra onlar boşanıblar. Nə qədər geniş yayılmış ibrətamiz bir nümunədir, elə deyilmi.
 
Gənc jurnalist Çarlz gənc yazıçı və musiqi tənqidçisi Ketrinlə qəzet redaksiyasında tanış olub evlənir, Ketrin ard-arda on uşaq dünyaya gətirməkdə ikən Çarlz kitablar, səfərlər, çıxışlarla milyonların sevgisini qazanır, həyatına başqa qadınlar girir, nəhayət, Ketrini on uşaq dünyaya gətirməkdə ittiham edir, sonda boşanırlar, şöhrət Dikkensin tərəfində olduğuna görə Ketrinin bacısı belə, onu yox, Dikkensin evində yaşamağa davam etməyi seçir. Bunları yataq otağının divarlarındakı lövhələr yazır...
 
***
 
Yeni il qabağı Dikkens təbliğatı o qədər çoxalır ki, bir “Christmas Carol” romanının sorağına gəlib iki yüz il əvvəl yaşamış adamların şəxsi həyatına qədər girdim, üstəlik, burda da bitmədi. Səhəri gün Kent əyalətinə - Dikkensin uşaqlığını və ömrünün son illərini keçirdiyi yerlərə yola düşdüm.
 
Dikkens “Böyük gözləntilər” romanında bu yerləri təsvir edib, onu Roçester şəhəri və onun ətrafında yoxsulluq, ağır əmək şəraitində keçən uşaqlıq xatirələri əsasında yazıb.
 
Oxumamışam, deyilənə görə, gözəl bir romandır. Axırda vəfat edəndə də onu burda təvazökar qaydada dəfn etmələrini vəsiyyət edib, əməl etməyiblər. Bu şəhərdə Dikkensin öz əllərilə düzəltdiyi quyu da var.
 
Melanxolik Roçester şəhərinin bir özəlliyi insanlarıyla, çay sahililə Dikkensin romanlarında təsvir olunmasıdırsa, o biri özəlliyi İngiltərənin ən böyük ikinci əl kitablarının satış mərkəzi olmasıdır.
 
Dikkensin bir vaxtlar uşaq-fəhlə işlədiyi binanı indi son dərəcə gözəl bir muzeyə çeviriblər. İçəridə həm bu əyalətin keçmişinə, həm də Dikkensin yaradıcılığına aid möhtəşəm izlər saxlanır.
 
Muzeyin mərtəbələrilə yuxarı qalxanda bir mərtəbənin əsl köhnə taxta gəmi şəklində inşa olunduğunu görürsən. Bu gəmi çox kədərli gəmidir. Burda yorğun, sısqa əsirlər havada mıxdan mıxa yelləncək kimi çəkilmiş mələfələrdə ağızları açıq, boyunları əyri yatıblar.
 
Adətən muzeyə keçmiş, nadir və bir də əsla olmayacaq şeyləri qoyurlar. Bu əsirlərə baxanda insanın insan tərəfindən bu hala salınmasının da artıq keçmişdə qaldığına, bir də belə iztirabların olmayacağına inanırsan. Buna səni ədəbiyyatın və incəsənətin gücü inandırır.
 
Roçesterdə bir neçə böyük ikinci əl kitab dükanı var. Onları xəritəylə tapmağa ehtiyac yoxdur, kəsif kitab iyi küçəyə yayılır. “Baggins Book Bazaar” onların arasında lap nəhəngidir. Vaxt və cibdəki bütün pulları udmaq qüdrətinə sahibdir.
 
Ordan çıxanda sənə səhvən elə gələ bilər ki, indi bir kafe, restoran tapıb ədəbiyyatı unudacaqsan, amma restoranın da adı “İki şəhərin hekayəti” (Ç.Dikkensin eyniadlı romanı var), kafenin də adı “Kar pişik”, dükanın da adı “Dünənin sabahı”.
 
Mənim sözüm bu qədər. Dekabrın ən son günləri sağdan-soldan Dikkens küləyi əsməsəydi, mən də bu qədər maraqlı aləmdən xəbərsiz yaşayacaqdım. Gör nə qədər yaxşıdır hər hansı bir ölkədə sadə camaat arasında belə mədəniyyət, ədəbiyyat küləklərinin əsməsi.
 
Oxu Zalı
Yuxarı