Onuncu qarapaltarlı

Публицистика

 
 
Az yox, min il öncə islamın tüğyan elədiyi ölkələrdə bir cümlə yad fikrə görə insanı şaqqalayırdılar, dərisini soyurdular. İnsanlar ətrafa yığılıb həvəslə seyr edirdilər bu şaqqalanma, soyulma mərasimlərini. Lap çoxdan deyil, elə yaşadığımız bu illərdə, bu günlərdə yenə islamın tüğyan elədiyi ölkələrdə fərqli düşüncəyə, yad fikrə görə insanları kütləvi edam edirlər, uşaqlı-qadınlı hamı da yığılıb əcaib sevinc səsləri çıxarırlar. Ən sivil olanında belə, yazıçı bıçaqlanır, bəzisində yazıçının ölümünə fitva verilir, hətta öz məmləkətləri ilə doymayıb, başqa məmləkətlərin də fikir adamlarını öldürürlər. Kütlə də onları ürəklərində dəstəkləyir, “terrora qarşıyam, amma...” deyir. Öləndə günah axtarır. Dəyişməmək, yerində saymaq belə olur. Cəhalət belə olur. 
 
Müsəlman toplumuna qarşı önyarğı var. Etiraf etməliyik. Xüsusən uzun müddət Qərbdə yaşayanlar yüngül formada da olsa, bircə dəfə də olsa, bu önyarğı ilə qarşılaşır. Amma bu, çox təbii bir önyarğıdır. İnciməyin mənası yoxdur. Gəlin, xəyali bir situasiya düşünək. Təsəvvür edin, bir otaqda oturmusunuz. Qəfil qonşu otaqdan bir qara paltarlı insan girir içəri. Girən kimi sizə daş atır. Sonrakı gün də gəlirsiz, eyni şey təkrarlanır. Başqa bir qarapaltarlı içəri girir və sizə daş atır. Doqquz gün belə davam edir. Onuncu gün qapı açılsa və içəri yenə bir qarapaltarlı girsə, neyləyərsiz? Əlbəttə, instinktiv olaraq yerinizdən sıçrayar, əlinizi başınıza tutarsınız, hətta müdafiə olunmaq üçün əl-qol da atarsınız. Amma sonuncu qarapaltarlı təsadüfən gəlmişdi, sizə daş atmayacaqdı. Sonuncuya qarşı reaksiyanız artıq önyarğıdır. Lakin təbiidir. Sizi necə günahlandırmaq olar ki, günahsız adama qarşı əl-qol atdınız, onun daş atacağını düşündünüz?
 
Müsəlmanlara qarşı olan önyarğı da eyni xarakterlidir. Səbəblər də çoxdur. Niyə qınayırsız? Yoxsa sizin önyarğınız yoxdur? Var. Həm də daha bayağı. Daha az ehtimallı. Faktsız. Bütün yəhudilərə mason, bütün ABŞ vətəndaşlarına CİA agenti deyən kimdir? Peşmandır hansısa yazıq bir amerikalı bir müsəlman ölkəsinə turist kimi gəlsin, ya da könüllü hansısa layihədə iştirak etsin, dərhal belinə agent damğası yapışdırılır. Hələ bir də maraq üçün yerli dili öyrənsin, onda məsələ lap dəqiqləşir. 
 
Hansı din terrora, öldürməyə icazə verir, hansı vermir, bu ayrı müzakirədir. Son günlər xeyli ayə, surə filan nümunə gətirilib, təkrarlamaq yersizdir. Hər halda, baş kəsənlər əldə bayraq etdikləri cümlələri Hüqonun romanlarından, Şeksprin şeirlərindən, Volterin pamfletlərindən götürməyib. Hansı kitabdan götürdükləri aydındır. Hə, unutmuşdum, ərəbcə yazılmış kitabı ərəblər yanlış anlayıb... Demək, bu kitabı öz dilində oxuyanlar yanlış anladı, ərəbcə heç nə bilməyən azərbaycanlı, türk isə doğru. Gülməlidir, amma olsun, mövzumuz bu deyil.  
 
Son günlər baş verənlər və onlara reaksiyalar bəzi məsələlərə bir daha aydınlıq gətirdi. Bir daha bəlli oldu ki, heç də bütün müsəlmanlar cahil, fanatik deyil, daha sivil, daha insani olanları var. Terroru, düşüncəyə görə insan öldürməyi pisləyənlər oldu. Amma o da aydın oldu ki, müsəlman toplumunun əksəriyyəti potensial terror, qəddarlıq daşıyıcısıdır, düşüncə azadlığına qarşı hücum vəziyyətindədir. Öldürülən karikaturaçıların həmkarları, yəni mədəniyyət, söz adamı olanlar belə öldürənlərlə bərabər, ölənləri də qınadı. Baş verən hadisələrin səbəbi və səbəbkarı kim olur olsun, nəticədə yenə də bizim, yəni müsəlman toplumunun xisləti üzə çıxdı. 
 
Nəticədə uduzan yenə biz olduq. Biz, yəni, ortada qalıb, dünyəviliyin son nəfəsinin kəsilməsinə imkan verməyənlərin toplumu. Biz fransız deyilik, bütün bu hadisələrdən sonra üzərində peyğəmbərin karikaturası olan jurnalı milyon nüsxədə yenidən buraxmaq cəsarətini göstərək. Ölkədə onsuz da güclü olan dini senzura bundan sonra daha da güclənə bilər. Həm özünüsenzura, həm də media senzurası. Rafiq Tağının qətlindən sonra demək olar ki, dini açıq tənqid edən yazılara rast gəlinmir. Bu, artıq fakta çevrilməkdədir. Ən “qorxusuz”, tabusuz saytlar belə təhlükəli sözlərin istifadəsindən çəkinir. Qınamaq olmur. Başqa yol buraxmırlar insana. Hər kəsdən ölümdən qorxmamağı tələb etmək olmaz. Bu senzura yuxarıdan aşağıya doğru birxətli senzuradan daha təhlükəlidir. 
 
Amma hər halda, yenə də quyunun lap dibində olmadığımızı gördük. Az-çox bəzi insanlar “amma”sız-filansız pislədilər hadisələri. Bizim pisləməyimiz, reaksiyamızla qərblilərin bu hadisəyə reaksiyası bir az fərqlidir. Onlar söz azadlığı, hər şeyin tənqid edilə bilməsi, insanı heç bir halda öldürməmək kimi ali dəyərləri müdafiə edirlər. Bizdə də qismən bu niyyət var. Amma həm də başqa bir niyyətlə edirik bunu, haqlı olaraq. Yuxarıda söylədiyim onuncu qarapaltarlı olmamaq üçün. Yəni, müsəlman toplumunda yaşayırıq, sorğu-sualsız bizi bu dinə bağlayıblar deyə, elə bilməyin ki, biz də sizə daş atarıq, düşünməyin ki, biz də azad sözün, sənətin, kitabın qənimiyik! Düzdür, yazılanların çoxu öz dilimizdə idi, yəni bunu bir avropalı oxumayacaqdı. Amma əsas olan özümüz idik. Özümüzü inandırmalıydıq ki, mən onlardan deyiləm. Mən onlardan olmaq istəmirəm. 
 
Həmin qarapaltarlı onuncu adam olmadığını ən azından özünə sübut etmək istəyən müsəlmanlar da bu səsə “amma”sız qoşulmalı idilər. Bu səs həm də insanı yaxşıya doğru dəyişdirməyin, dində həqiqətən yaxşıya doğru islahat edənlərin, yaşamağı bacaranların səsi idi. Yox, əgər Papua Yeni Qvineyada qırx min ildir məskən salıb eyni ibtidai mədəniyyəti hələ də davam etdirən, bir addım da inkişaf edə bilməyən bir toplum həvəsindədirlərsə, bu başqa məsələ. Qoşulmamaqda haqlı idilər. 
 
Rəşad Səfər
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade