Terror pisdir, amma...

Публицистика

 
 
"Charlie Hebdo" satirik jurnalının adını on gün əvvələ qədər eşitməyən adamlar birdən-birə bu jurnalı Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə qınamağa başlayırlar. Aydındır ki, məlum terror baş verməsə idi, azərbaycanlıların bu qınağı olmayacaqdı. Terror "Charlie Hebdo"nu qınamağa fürsət yaratmaqla bərabər, həm də bu fürsətdən yararlanmaq istəyənlərin əlindən "Charlie Hebdo" jurnalistlərini etik əsaslarda tənqid etmək haqqını almış oldu. Necə? 
 
Eramızdan əvvəl (III əsr) Yunan filosofu Diodorus Kronus Aristotelin “Sabah dəniz döyüşü olacaqmı?” probleminə münasibətdə bir tezis formalaşdırır. Bu tezisin adı “master arqument”dir və aşağıdakı fərziyyələrlə başlayır: 
 
A. Baş vermiş hər şey keçmişdir - Keçmiş dəyişməzdir və həqiqətdir;
B. Mümkün olmayan mümkün olandan törəyə bilməz;
C. Əgər bir həqiqət mümkündürsə, o ya indiki zamanda mövcud olandır, yaxud gələcəkdə mövcud olması mümkün olandır – Gələcək açıqdır/ dəyişəndir.
 
“Master arqument” odur ki, bu üç bənd bir-biri ilə uzlaşmır. Yəni, onların heç bir ikisi birlikdə həqiqət ola bilməz. Bizi A və C bəndləri maraqlandırır. A bəndi onu iddia edir ki, keçmişdə baş verənlər dəyişməzdir. Belədirsə, deməli gələcəkdə də baş verənlər də dəyişməz olmalıdır. Çünki, hadisələr özbaşına baş vermir və səbəb-nəticə əlaqəlidir. Yox, əgər gələcək açıqdırsa, onda keçmiş də mütləq açıq olmalıdır. 
 
Bu [dialektik] problem Aristotelin “sabah dəniz döyüşü olacaqmı?” məsələsində aydınlaşır. Aristotel deyir ki, indiki zamanda keçmiş həqiqətlərə əsaslanaraq biz gələcək barədə iki zərurət xarakterli mülahizə irəli sürə bilərik: “sabah dəniz döyüşü olacaq” və ya “sabah dəniz döyüşü olmayacaq.” Həqiqət bunlardan yalnız biridir. Sabah bu döyüşün olub-olmayacağı indiki zamanda bizə məlum olmadığı üçün (çünki, insanların seçimləri hadisələrin inkişafını müxtəlif istiqamətlərə dəyişə bilər), keçmişin dəyişməz olmadığını iddia edə bilmirik.Başqa sözlə, biz indiki zamanda “Artıq dünənki hadisələr əsasında bizə məlumdur ki, sabah dəniz döyüşü olacaq” iddiasını irəli sürə bilmirik. Keçmiş, yəni sabah baş verəcək hadisələri dəyişməz edən keçmiş hadisələr yalnız o zaman dəqiqləşmiş olur ki, biz sabahkı dəniz döyüşünü yaşamış oluruq - bu bizim indiki zamanımıza çevrilir və biz “Artıq iki gün əvvəl məlum idi ki, bugün dəniz döyüşü olacaq”deyə bilirik. Əgər dəniz döyüşü olmamış olsa idi, biz bunu söyləyə bilməyəcəkdik. 
 
“Charlie Hebdo”-nun söz azadlığı hüququ var idi, yəni, qanun ona belə bir karikatura çəkməyə ixtiyar verirdi. Qəzetin buna hüququ çatırdı və onlar bu haqlarından istifadə etmək qərarına gəlmişdilər. "Charlie Hebdo" qəzetinin jurnalistləri hələ 6-7 il əvvəl Danimarkanın məlum jurnalından Məhəmməd peyğəmbərin karikaturalarını yenidən çap etdikdən və daha sonra öz karikaturalarını çap etdikdən sonra onların bu formada qətlə yetirilmələri mümkün gələcəkdən birinə çevrilmişdi. Bu hadisə baş verməyənə qədər "Charlie Hebdo"nu  mövcud qanunlar çərçivəsində həm hüquq və həm də mənəvi-etik əsaslarda Fransada və kənarda mühakimə edirdilər. Ola bilsin ki, bu karikaturaların çapı inanclı insanların nəzərində doğru, yəni, etik qərar deyildi; insanların inanclarını və dəyərlərini təhqir edirdi, axmaqlıq idi və s. Hər halda, Məhəmməd peyğəmbərin rəsmi sadəcə çəkilməmişdi, ən alçaldıcı şəkildə çəkilmişdi. Məsələ burasındadır ki, əgər terror baş verməsə idi, "Charlie Hebdo"nun əxlaqsızlığını iddia etmək bugün, baş vermiş terrorun fonunda və xüsusən də bu terrora qədər məlum karikaturalardan xəbəri olmayan azərbaycanlılar üçün etik problem yaratmayacaqdı. Amma terror baş verdikdən sonra, yəni, bu karikaturaların müəlliflərinin məhkəməsiz-ədalətsiz vəhşicəsinə güllələnməsi fonunda artıq "Charlie Hebdo" əxlaqa zidd heç bir iş görməmiş olur. Yəni, terror hadisəsi keçmişi dəyişir - keçmiş artıq dəqiqləşir və bugün biz deyirik ki, Charlie Hebdonu bu karikaturaları çəkdiyinə görə öldürdülər. Satirik karikaturaya görə, bu karikaturanın məğzinin nə dərəcədə təhqiramiz olmasından asılı olmayaraq, insanı qətlə yetirmək həmin karikaturaların çəkilməsini və yayılmasını etik əsasda tənqid etmək haqqını özünü müsəlman hesab edən və etməyənlərin əlindən bərabər şəkildə almış olur. Ona görə yox ki, jurnalistlər öz əməllərinin cəzasını “artıqlaması ilə ödəyiblər” (görün nə qədər əxlaqsız səslənir). Ona görə ki, bu qətliam nəticəsində jurnala qarşı əxlaqsızlıq mühakimələrində radikal sınma baş verir.  Terroru məqbul hesab etməyən və baş vermiş hadisədə heç bir məsuliyyət daşımayan müsəlmanlar bu terroru ən sərt şəkildə tənqid etsələr belə, bu tənqidin quyruğuna “amma” yapışdırmaq ehtiyacı hiss etdikləri zaman terrorun tənqidinə şərt (reservation) qoymuş olurlar. Bu hal, hətta karikaturaların çəkilməsinin "Charlie Hebdo"ya qarşı terror hücmunu retrospektiv mənada zərurətə çevirdiyini qəbul etsək belə, dəyişmir. Başqa sözlə, terror baş verdikdən sonra, "Charlie Hebdo" birmənalı olaraq əxlaq və düzgünlük mühakiməsindən üzüağ çıxmış olur. Çünki, terror keçmişi dəyişmiş olur. 
 
Bizimkilərə gəldikdə, həqiqətənmi, azərbaycanlıların "Charlie Hebdo"nu tənqid etməsi üçün mütləq bu terror lazım idi? Sanki bu terrorun baş verməsi, 12 nəfərin qətliamı, azərbaycanlılara "Charlie Hebdo"nu tənqid etmək üçün fürsət verdi. Pis çıxır, elə deyilmi? Əgər sabah başqa bir satirik jurnal oxşar məzmunlu karikaturaları çap edərsə, "Charlie Hebdo"ya qarşı terrora münasibətini “amma” ilə davam edən insanlar həmin başqa jurnal tərəfindən növbəti karikatura çapını necə dəyərləndirəcək? Aydındır ki, eyni dərəcədə dəyərləndirə bilməz, çünki, məlum qətliam keçmişə nəzərən bundan sonrakı dinə və inanclara qarşı çəkiləcək olan bütün təhqiramiz karikaturaların çapına artıq başqa münasibət göstərməyi şərtləndirir. Əgər bu münasibət göstərilmirsə və kimsə bundan sonra hər hansı bir satirik jurnalın çap edəcəyi təhqiramiz karikaturalara qınağını dəyişmirsə, demək ki, o insanın “amma”-sı bu terrora müəyyən qədər də olsa bəraət qazandırmış olur. 
 
O ki qaldı bu terroru törədənlərə, özünü mömin hesab edən insanlar öz din və inancları barədə bu qədərmi qeyri-əmindirlər ki, onlara və inanclarına qarşı hər hansı bir lağa qoyma və tənqid onları insanları öldürmək həddinə gətirib çıxarsın? Əgər bir insan həqiqətən mömindirsə, bu zaman hansısa ölkədə hansısa satirik jurnalın onun inanclarını təhqir etməsi onu narahat etməməlidir və əgər narahat edirsə, demək ki, onun inancı heç də sadəcə “axirəti” qazanmaq deyil, əksinə, kifayət qədər maddiyyatçı xarakterlidir. Yoxsa, həqiqətən İslamla yaşadığını iddia edən birini Bakıdan 5000 km uzaqda hansısa jurnalın bir şəkil paylaşması niyə narahat etsin ki? Görünür, umacağı var. Məsələn, ətrafına dinin keşiyində durduğunu təstiq etmək ehtiyacı. Əgər kimsə İslamı ali dəyər hesab edirsə, onda onu müdafiə etmək ehtiyacı hiss etməməlidir. Əgər bir müsəlmanın dininə və peyğəmbərinə hörməti varsa, o zaman hansısa satirik jurnalın karikaturası onun hörmətini silkələməməlidir. "Charlie Hebdo" jurnalistlərini qətlə yetirən şəxslər heç də “günaha batmış” "Charlie Hebdo" jurnalistlərinə qarşı mübarizə aparmırdılar. Onlar öz tamahlarına qarşı mübarizə aparırdılar. 
 
Slavoy Zizek demişkən: “İslam fundamentalistləri ilə problem onda deyil ki, biz (oxu-Avropalılar) onları özümüzdən daha aşağı hesab edirik. Problem ondadır ki, onlar daxilən özləri-özlərini bizdən daha aşağı hesab edirlər. Ona görə də, bizim onlara politkorrekt olaraq “biz özümü sizdən üstün hesab etmirik” deməyimiz onları daha da hiddətləndirir. Fundamentalistlərlə bizim problemimiz sivilizasiya fərqi məsələsi deyil. Çünki bu adamlar zatən bizim kimidirlər və zatən bizim (oxu – Avropanın) dünyaya təlqin etdiyimiz standartları mənimsəyərək özlərini bu standartlarla ölçürlər”. 
 
Doğrudan da, qətliamı törədən şəxslər Fransada böyümüş, fransızca danışan və Fransa vətəndaşlığına sahib insanlar idi. 
 
Bu terrorun daha geniş tarixi kontekstdə səbəblərinə gəldikdə, bu başqa müzakirənin mövzusudur. Ola bilsin ki, ABŞ başda olmaqla Qərb dünyasının İslam dünyasına hərbi və siyasi müdaxilələri həmin cəmiyyətlərdə gedən, yaxud gələcəkdə gedəcək mümkün sekulyarlaşma və islahat proseslərinin qarşısını aldı və İslam dünyasında fundamentalist təfəkkürün çiçəklənməsinə əlverişli şərait yaratdı. Yəni, İslam dünyasında fundamentalizmin inkişafı baş verən hadisələrə antaqonistik reaksiya kimi də dəyərləndirilə bilər. Hətta bu halda belə, bu reaksiyaya münasibətdə “amma” ehtiyatlılığı nəyə lazımdır? 
 
Nicat Qarayev
16.01.2015
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade