Birləşmiş müsəlmanlar

Публицистика

 
 
Eyni zamanda bu karikatur terroru olayı bizim cəmiyyətə də yaxşı projektor saldı, bir çox insanların kimliyini açdı. Qəribə-qəribə adamlar peyda oldular, əcaib, bəzəkli sözlərlə insanları manipulyasiya etməyə cəhd göstərdilər, xeyli yalan-palan yazdılar. 
 
Məsələn, ən dəbdə olan “arqumentlərdən” biri belə idi: “O fransızlarda guya söz azadlığı var? Xolokostu inkar edənləri dama basırlar!”. Bir növ, hörmətli Ramiz Mehdiyevin “Britaniyada yüzlərlə jurnalist türmədə çürüyür” yumoruna bənzəyən bu iddiaları hətta bir çox “görkəmli” politoloq da işlətmişdi. 
İlk baxışdan insanlarda belə təəssürat yaranırdı ki, guya Fransada yəhudi soyqırımını inkar edənləri kütləvi şəkildə dama doldururlar, Parisin “Kürdəxanı” zindanında çarpayı çatmır. Halbuki, Fransada xolokostun inkarına görə indiyə qədər bir nəfər də həbs cəzası almayıb! Bu qanunun olduğu 24 ilə yaxın müddətdə ölkədə cəmi 5-10 səfeh (xolokostu inkar eləmək doğrudan səfehlikdir, ən azından ona görə ki, 2-ci dünya savaşından öncə Avropada yaşayan 6 milyon yəhudi savaşdan sonra “yoxa çıxıb”, xolokostu inkar edənlər onların hara getdiyini izah edə bilmir) şərti həbs və pul cəriməsi cəzaları alıblar. Ümumiyyətlə, Avropada diffamasiya kimi bu tip qanunlar da daha çox çəkindirmə məqsədlidir, nəinki tətbiqat. Loru dildə desək, bu cür qanunlara bir növ barmaqarası yanaşırlar.  
Başqa yöndən, bunu tək Fransanın adına yazmaq da ciddi yanlışdır, çünki BMT-nin 2005 və 2007-ci illərdə xolokostun inkarını pisləyən və dünya dövlətlərini bu yöndə ciddi addımlar atmağa səsləyən 2 qətnaməsi var. 
 
İkinci ciddi yanlışlıq bu terroru “sivilizasiyaların toqquşması” kimi qələmə vermək idi. Samuel Hantinqton qəbirdə fırlanırdı. Sən demə, ərzaq dükanına girib günahsız insanları girov götürən debil Amedi Kolibali, şəkil çəkənlərə güllə atan geri zəkalı Kuaşi qardaşları hansısa sivilizasiyanı təmsil edirmiş. Bunu islam sivilizasiyasının təzahürü sayırsınızsa, mənim sözüm yoxdur. Axı bu, əsl islam deyil! O zaman nə sivilizasiya söhbəti edirsiniz?
 
Ümumiyyətlə, bu islam sivilizasiyası termini özü çox mübahisəli, qarışıq məsələdir. O cümlədən, son hadisədə gen-bol işlədilən “1 milyard yarım müsəlmanın heysiyyatını təhqir etmək olmaz” arqumenti boşboğazlıq idi. 
 
Birincisi, islam dini heç kəsə başqasının adından danışmaq hüququ vermir, bu dində hər kəs özünə cavabdehdir. İkincisi, əgər rəqəmləri belə çox sevirsinizsə, gəlin hesablayaq. İndoneziya - 207 milyon nəfər, Pakistan - 183 milyon nəfər, Hindistan və Banqladeş ikisi bir yerdə - 300 milyon nəfər, bunun da üzərinə gələk 200 milyon müsəlman türkləri - içi biz qarışıq, lap əlavə edək 85 milyon Misir camaatını. Yanında kalkulyator varsa topla. 975 milyon adam edir. Rəqəm yuvarlaq olsun deyə buna 27 milyon Sudan müsəlmanını da əlavə elə. 1 milyard oldumu? İndi sən canın özün de: bunların içində bir dənə də olsun insan haqlarına hörmət qoyan, insanların adam balası kimi yaşadığı dövlət varmı? Bu 1 milyard müsəlmanın heysiyyatı varsa, nə üçün başları üzərində diktatorları oturdublar, özləri də zir-zibilin içində eşələnib ac uşaqlara yemək axtarırlar? Balaca qız uşaqlarının ancaq məktəbə getdiyi üçün üzünə turşu atıb şikəst edən Pakistanın heysiyyatı bizə çox vacib imiş... Olsun, nə deyirəm. Hələ oxuculara yazığım gəldi, ərəbləri saymadım.
 
Ancaq ən tragikomik arqumenti bir başabəla politoloq yazmışdı. Guya bu karikatur terrorundan sonra müsəlman aləmi birləşibmiş, çünki peyğəmbər hamımızındır və sairə. Xəbərimiz yoxdur, İran Ermənistana müharibə elan edib. Misirlə Suriya qardaş olub. Səudiyyə Bəhreyni qucaqlayıb, Küveyt İraqı öpüb-yalayır, canım sənə desin, Hizbullahla Əl-Qaidə barmaqlarını kəsib qanlarını qarışdırıblar və sairə və ilaxır. “Şarli Hebdo” qətliamı tarixə həm də müsəlman qardaşlığının yaranma günü kimi düşübmüş. İnsanlar belə lətifələri necə istedadla quraşdıra bilirlər...
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade