Keçmiş uğrunda dava

Публицистика

 
Bir neçə gün əvvəl ANS telekanalının “Şəxsiyyət vəsiqəsi” proqramının Babək Xürrəmdinə həsr olunmuş buraxılışında deputat Fazil Mustafanın işlətdiyi kəlmələr ajiotaja səbəb olub. Deputatın “1918-ci ilə qədər tarixdə Azərbaycan adlı dövlət olmayıb” ifadəsi kimlərinsə xoşuna gəlməyib. İndi Fazil Mustafanın Milli Məclisin intizam komitəsi tərəfindən cəzalandırılmasını, hətta deputatlıq mandatının əlindən alınmasını tələb edənlər var(!). 
 
Azərbaycanın publik sferasında səbəb-nəticə əlaqəsi: son illərdə mədəni səviyyə aşağı düşdükcə, faşizm elementləri də çoxalır. Özü də bu ura-patriotizmin nəyə əsaslandığını məntiqi cəhətdən dərk etmək də mümkün deyil. Bəlkə də kimlərsə Fazil Mustafanın bu sayaq açıqlamalarından artıq zinhara gəlib (2012-ci ildə deputat verdiyi müsahibələrdən birində Babəki sapıq, manyak adlandırmışdı, onda da buna bənzər mərəkə qopmuşdu), bəlkə də qorxuzmaqla onu bir təhər bu yoldan döndərməyə çalışırlar. Ola bilər. Amma “1918-ci ilə qədər tarixdə Azərbaycan adlı dövlət olmayıb” ifadəsinə görə belə söz-söhbətin yaranması da absurddur. Həqiqətən həmin dövrə qədər tarixdə Azərbaycan adlı dövlət olmayıb. Ərazi olub, dövlət olmayıb. İlk dəfə Xalq Cümhuriyyətini quranlar yaratdıqları dövlətə Azərbaycan adını veriblər.
 
Bütün bunlar - tarix, xronologiya, müasir azərbaycanlının qanını Azıx mağarasında, qədim dövlətlərdə, xürrəmilər hərəkatında axtaranlar qalsın bir tərəfdə. Əsas məsələ odur ki, televiziya kanallarında baxılası bir verilişə necə aclıq varsa, müzakirə mövzusu nə qədər mücərrəd, təkrarçılıq olsa da, günlərdir gündəmdən düşmür, mətbuat bundan yazır. Uzun müddətdən sonra yerli kanaldakı bir veriliş bu cür müzakirə predmetinə çevrilir. Sonuncu dəfə kanalların birində Azərbaycan yazıçılarını təhqir eləmişdilər, deyəsən, ən sonuncu müzakirə o idi. Daha doğrusu, ona müzakirə də demək olmazdı, sadəcə təhqir olunan yazıçılar bir ağızdan gileylənmişdilər... 
 
Bizim əksər patriotların qeyrətə gəldiyi məqamlar taktiki, strateji, psixoloji mənada çox maraqlıdır. Xüsusi anlarda onlar kimisə linç eləmək, kimisə tapdalamaq, kiminsə kitablarını yandırmaq üçün qollarını çırmalayıb növbəyə düzlənirlər. Amma bu günün real problemləri barəsində danışmalı olanda eşitmirlər, görmürlər, danışmırlar. 
 
Söhbət televiziyadan düşmüşkən, televiziya bu günkü Azərbaycanda insandan başqa nə istəyirsən yetişdirməyə xidmət edir. 9 milyonluq camaatın təlim-tərbiyə işini tapşırıblar Xoşqədəmə, Zaura, Elgizə, Mikayıla, Mətanətə və digərlərinə. Özlərini hələ təmizə də çıxarırlar, deyirlər: “Biz neynəyək, camaat buna baxmaq istəyir. Mədəniyyət kanalında balet göstəririk, heç kim baxmır, deməli, xalq özü günahkardı”.
 
Bundan başqa, təhsilin, mədəniyyətin, xırda-xuruş azadlıqların dalından təpik vurulmasına haqq qazandıran çoxlu nəzəriyyələr də var. Deyirlər, bu sabitlik üçün vacibdi. İnsanlar təhsilli, mədəni, açıq fikirli olanda ölkədə xaos yarana bilər. Ona görə də bütün azadlıqları mütləq boğmalı, ağıllı adamları türmələrə doldurmaq, ya da ölkədən qovmaq lazımdır ki, ölkə inkişaf eləsin. Nəinki seçib-seçilmək kimi hüquqların, təbii ki, buna bizim camaat hələ hazır deyil, hətta azadlıq anlayışının ən cüzi elementinin belə nəfəsi beşiyindəcə kəsilməlidir, çünki tərəqqinin başqa cür mümkünatı yoxdur...
 
Başqa konspirologiyalar, nəzəriyyələr də var.
 
Biri də o odur ki, ölkəni hər tərəfdən laboratoriya kimi qapadırsan, yaxşı nə varsa, hamısının kökünü qurudursan, camaatın da taleyini tapşırırsan Elgiznən Mətanətə - vəssalam, indi görək axırda nə alınır...
 
Doğrudan da maraqlıdır ki, axırda nə alınacaq.
 
Belə baxırsan, ölkədə vətən qeyrəti çəkən nə qədər adam var. Qoymurlar nəyisə təftiş edəsən, nəyəsə şübhəylə baxasan, nəyisə sorğu-sual edəsən. Qaşlarını çatıb adamın üstünə gəlirlər, hədələyirlər.  
 
Bu gün onların canfəşanlıqla danışdığı Azərbaycan adlı dövlətin 1918-ci ildə qurulmasına səbəb bir qrup insanın inadkar çalışqanlığıydı. Azərbaycan adlı dövləti yazarlar, ziyalılar, mütəfəkkirlər yoxdan yaradıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucularından biri Məmməd Əmin Rəsulzadə şair, yazıçı, dramaturq, tərcüməçi, publisist, naşir, mütəfəkkir idi. Burdan qovurdular, gedib orda yazıb fəaliyyət göstərirdi, ordan qovurdular gəlib burda yazırdı, işləyirdi. AXC-nin süqutundan sonra yaranan sovet Azərbaycanının ideoloqu olan Nəriman Nərimanov da yazıçı, dramaturq, intellektual idi. Azərbaycan ədəbiyyatının mühüm yenilikləri onun adıyla bağlıdır. 
 
Onların sayəsində indi Azərbaycan adlı dövlətdə yaşayıb çığır-bağır salanları, elə məhz onların sayəsində də fərqləndirmək mümkündür. Onlar (kitab, qələm, fəaliyyət insanları) kim idi, bunlar kimdir? Onlar nə istəyirdi, bunlar nə istəyir? 
 
Özü də keçmişin, yüz, min il əvvəlin davasını aparırlar, keçmişə görə narahatdırlar, gələcəyə görə yox.
 
Cavid Ramazanlı
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade