Cavid Ramazanlı: Sənətin gücü

Публицистика

 
 
SSRİ qapalı, totalitar ölkəydi. Ölkə daxilində baş verənlər qalın barmaqlıqlar arxasında sirrə çevrilirdi. Sıravi vətəndaşlar isə yaşadıqları dövlətdə baş verənlərdən bixəbər ömür sürür, fil qulağında yatırdılar. Günlərin bir günü "Arxipelaq QULAQ” əsərini oxuyan sovet sakininin hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil. Təsir o qədər güclüydü ki, hətta çoxları yazılanlara inanmaq istəməmişdilər. 
 
Əksər sovet oxucuları əsərdən 1980-lərin axırlarında, iş-işdən keçəndən sonra, SSRİ-nin dağılması ərəfəsində xəbər tutdular. Ona qədər 60-70-ci illərdə SSRİ-də barmaqla sayılacaq qədər adam əsərin "samizdat” variantı ilə tanış olmuşdu, sərt qadağalar ucbatından əsər geniş kütlələrə gedib çatmamışdı. 1970-ci illərdə "Arxipelaq QULAQ” Avropaya gizli şəkildə ötürülüb müxtəlif dillərdə çap edildikdən sonra, Soljenitsını SSRİ-dən xalq düşməni kimi qovdular, həmin dövrdə SSRİ-də yaşayanların əksəriyyətinin isə baş verənlərdən xəbəri olmadı. 
 
Əsər Avropada nəşr ediləndə, vəziyyətin bu dərəcədə olduğunu heç avropalılar da güman etmirdilər. Qoca qitədə Lenin, Stalin, SSRİ kultunun dağılmasına ən vacib səbəblərdən biri də "Arxipelaq QULAQ” əsəri idi... 
 
Aleksandr Soljenitsın 1945-ci ildə Almaniyada səngərdə döyüşərkən həbs olunmuş, sürgün edilmiş, ömrünün bir qismini sovet əmək düşərgələrində, ağlasığmaz şərtlər altında keçirmişdi. "Arxipelaq QULAQ” əsəri də məhz onun kimi günahsız həbs olunan, təqiblərə, işgəncələrə məruz qalan milyonlarla insanın taleyindən bəhs edir. Kitabda zərərçəkənlərin, şahidlərin ifadələri, şəxsi təcrübələrdən ortaya çıxan faktlar geniş şəkildə öz əksini tapıb. Müəllif əsərin ortaya çıxması üçün uzun illər orda-burda gizlənə-gizlənə yazıb, dostlarının köməyilə əlyazmaların surətlərinin çıxarılması və yayılması üçün çalışıb (Həmin dövrlər KQB Soljenitsının tanışlarından olan və əsərin surətinin çıxarılmasında iştirak edən bir qızın izinə düşür, qız isə əlinə imkan düşən kimi özünü asaraq intihar edir).    
 
Çoxları Soljenitsının Nobel mükafatına layiq görülməsini siyasi qərar kimi dəyərləndirir. Təbii, burada siyasət də müəyyən qədər rol oynayıb. Amma Nobel - dövlət terroruna məruz qalan, manyak diktatorun qəzəbinə tuş gələn milyonlarla insanın, bütöv-bütöv xalqların faciəvi taleyini gün işığına çıxaran, qan üzərində qurulan imperiyanın maskasını cıran bir yazıçıya verilməyib, kimə verilməliydi ki? 
 
Əsər bədii cəhətdən zəifdir, amma bunu yazıçı özü etiraf etmişdi ki, "Arxipelaq QULAQ” yüksək bədii ədəbiyyat nümunəsi yox, jurnalistika, dokumentalistikadır (Müəllifin bədii ədəbiyyat nümunəsi kimi "İvan Denisoviçin bir günü” əsəri şedevr hesab edilir, əsər bir neçə il öncə Azərbaycan dilinə çevrilib). Həm də "Arxipelaq QULAQ”ı yazarkən onu bədii çərçivəyə salmaq düzgün olmazdı, bu, əsərin ruhunu, inandırıcılığını itirərdi. 
 
Uzun zamana ehtiyac qalmadı, təqribən 30 il ərzində hər şey öz məntiqi nəticəsini tapdı. "Arxipelaq QULAQ” əsəri ortaya çıxanda yazıçı nifrət obyekti kimi hər cür təhqirə məruz qaldı, xalq düşməni kimi ölkədən qovuldu. Çox keçmədi SSRİ dağıldı, 1998-ci ildə isə imperiyanın varisi Rusiyada Soljenitsının "Arxipelaq QULAQ” əsəri məktəb dərsliklərinə salındı...
 
*** 
 
Tarix sanki yenidən təkrarlanır. İndiki Rusiya SSRİ-nin balaca, mırıq variantı kimi yenə öz ampluasındadır - aqressiya, işğalçılıq, təhdidlər. Vəziyyət o yerə çatıb ki, bəziləri dünyanın nüvə müharibəsi ərəfəsində olduğunu iddia edir. Şovinizmin, aqressiyanın, təbəqələşmənin kəskinləşdiyi bir vaxtda isə rejissor Zvyagintsevin "Leviafan” filmi bomba kimi partladı. Bir kinonun bu qədər müzakirə olunması çox az hallarda baş verir. Bəziləri filmə baxdıqdan sonra bu qədər hay-küyün nədən yarandığını başa düşmədi. "Hə, film çox gözəldir, operator, aktyor işi əladır. Amma bu elə bir film deyil ki, ətrafında bu qədər söz-söhbət yaransın. Zvyagintsevin digər filmləri bundan yaxşıdır. Rusiyanın əsl iç üzünü açan çox sayda film var, bəs bu film niyə bu qədər müzakirə olunur? Burada nəsə siyasət var...”. 
 
Film haqqındakı şərhlərin əksəriyyəti bu üslubdadır. 
 
Siyasət təbii ki, var. Həmişə olub və olacaq. Əksini iddia eləmək sadəlövhlük olardı. Bəs həqiqət məsələsi necə olsun, filmdə həqiqət heçmi yoxdur? 
 
Film ictimaiyyətə təqdim olunanda Rusiyada qəzəb fırtınası baş qaldırdı. Əksəriyyət narazıydı - sıravi insanlar, ictimai-siyasi-mədəni dairələr. Patriotlar özündən çıxmışdı. Rusiya mədəniyyət nazirliyindən nəyə görə filmi maliyyələşdirdiyi barədə hesabat verməyi tələb edirdilər. Kinoteatrlarda filmin nümayişinə qadağa qoyuldu (Gəzən şayiələrə görə, Bakıda da filmin nümayişinə qeyri-rəsmi qadağa qoyulub. Doğrudan da film Bakı kinoteatrlarında indiyədək göstərilməyib).  
 
Narazılığın səbəbi o deyil ki, rejissor Rusiyanın əsl iç üzünü ortaya çıxarıb. Filmdə bəhs edilən əyalət insanının bədbəxt taleyi, məmur özbaşınalığı, bürokratik süründürməçilik, polis kobudluğu, korrupsiya, ailədə, sosial mühitdəki deqradasiya, din xadimlərinin ikiüzlülüyü həqiqətdir. Bu sözsüz ki, belədir. Sadəcə insanlar Rusiyanın xaricdə belə təqdim olunmasından, filmin Oskar mükafatına ən iddialı namizədlərdən biri olmasından narazıdırlar. Həmişəki giley-güzar...
 
Ola bilsin, Zvyagintsevin digər filmlərinin "Leviafan”dan üstün olduğunu iddia edənlər haqlıdırlar. Amma sənət həm də "doğru yerdə, doğru zamanda” anlayışı çərçivəsində qiymətləndirilməlidir. Zvyagintsev bu filmini saatlı bomba kimi düz vaxtında qurmuşdu. Film "Qüdrətli Rusiya”nı ifşa elədi... 
 
Çox güman indiki qaranlıq dövr də nə vaxtsa arxada qalacaq. O zaman məktəb dərsliyinə salınmasa da, böyük ehtimal  "Leviafan” filminə olan qəzəb də səngiyəcək, Oskar qazansa da, qazanmasa da. Filmi tərifləyənlər, hətta şedevr hesab edənlər olacaq. Çox zaman belə olur, əvvəlcə coşur, qəzəblənir, hücuma keçirlər, sonra sakitləşir, düşünür və təqdir edirlər. Sənətə münasibətdə belə qəribə bir yanaşma var. 
 
"Leviafan” filmi güzgüdə təkcə Rusiyanı göstərmir, ona baxan azərbaycanlı da problemlərin oxşarlığını, bəzənsə eyniliyini görəcək, məsələn, əyalət insanını, acgöz, vicdansız məmuru, ikiüzlü din xadimini, polis kobudluğunu, süründürməçiliyi, rüşvətxorluğu, ailədəki, sosial mühitdəki problemləri və s. 
 
Çox şey oxşardır, eynidir. Yeganə fərq odur ki, ya vəlvələdən, ya zəlzələdən - Rusiyada dövlət məzmunundan xəbərsiz də olsa, həqiqi sənət üçün ciddi maliyyə ayırır, ən əsası filmi "qayçılamır” və üstəlik orada belə filmləri çəkməyi bacaran rejissorlar var, bizdə isə yoxdur.
 
Cavid Ramazanlı
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade