post-title

Ev tikəndə seksi nəzərə almadı

Deməyə də üzüm gəlmir, Frans Kafka yaradıcılığını tam dərk etməkdə çətinlik çəkirəm. Nə yalan deyim, indi soruşsalar ki, Kafkanın yaradıcılığını bir-iki loru cümlə ilə ifadə elə, qalaram çıxılmaz vəziyyətdə. Ona görə də bu cür işlərə baş qoşmuram. Hamı kimi ümumi sözlərlə tərifləyib keçirəm, qoy hamı elə bilsin ki, başım yaxşı işləyir.

 
Narahat olmayın, Kafka yaradıcılığından danışmağa niyyətlənməmişəm. Qanmadığım şeylər haqqında danışıb, özümü gülünc vəziyyətə salmaq istəməzdim. Hərçənd ki, bu, məndə yaxşı alınır. Bir də görürsən, başım çıxmayan şeylərdən elə danışıram ki, adamlar elə bilirlər, o şeyin bilicisiyəm. Belə hallarda ümumi fikirlər, köhnəlmiş ifadələr, yaddaşımın bir küncündə ilişib qalmış, çətin tələffüz olunan terminlər dadıma çatır. Gözümü yumub ağzımı açıram. Yaxşı olar ki, bu terminləri orijinalda (rus və ya ingilis dilində, heç olmasa, türkcə) olduğu kimi tələffüz edəsən, onda səni bir az da ciddi qəbul edəcəklər. 
 
Hə, bir də belə vəziyyətlərdə ciddi sifət mimikası çox vacibdir. Gərək üz əzələlərinə bir az əziyyət verəsən. Üz-gözünü yaxşıca turşudasan, ara bir də “aaa”, “ııı”, “ooo” saitlərindən istifadə etsən, lap yerinə düşər. Onda qarşındakı adam elə biləcək, sənin ifadə etmək istədiyin fikir o qədər dərin, o qədər çoxşaxəlidir ki, bu fikri ifadə etməyə Azərbaycan dilinin gücü çatmır.  
Danış getsin də, onsuz da indi heç kim heç kimi dinləmir. Lap tutaq ki, dinlədi, nə olacaq ki? Elə hamı sənin günündə. Vəziyyət paradoksal, təxminən belə: hamı hər şey haqqında hamıdan çox bilir. 
 
Adamları aldatmaq çox asandır, kim nə desə, inanırlar. Bu, onları düşünmək, analiz etmək kimi sıxıcı məşğuliyyətdən azad edir. 
 
Öz aramızda qalsın, yalanı necə sırımaq haqqında çox düşünmüşəm. Hətta oturub  bir-iki metod da fikirləşmişəm. Gəlin birini sizə də deyim, bəlkə, dadınıza çatdı. Alimlər bikar vaxtlarında araşdırıblar ki, insanlar sözləri hərfbəhərf yox, bütöv şəlikdə görürlər. İnanmırsınız? Onda əvvəlki cümləni təzədən oxuyun, az öncə “şəlikdə” sözünü “şəkildə” kimi oxudunuz. Gördünüz, nə hoqqa çıxardım?! Halaldı mənə! Afərin! 
 
Mən də bu araşdırmadan ilhamlanaraq belə bir metod yaratmışam: tutaq ki, siz kiməsə dünən axşam evdə yox, filan restoranda olduğunuzu sırımaq istəyirsiniz. Heç vaxt “mən dünən axşam filan restoranda idim” deməyin, bu, sadə informasiya olduğuna görə adamların beyni imkan tapıb bu informasiyanı analiz edə bilər. Eyni anda, bir cümlənin içinə mümkün qədər çox informasiya soxuşdurmağa çalışın: “Atam da qəribə adamdı, vallah, ağzımda deyirəm ki, a kişi, filan restoranda filankəslə oturmuşam, deyir, dur gəl evə, gör saat neçədir?!” Təxminən belə. 
 
Bu zaman qarşındakı adamın beyni cümlədəki sonuncu informasiyaya yönələcək. İlk informasiyanı analiz etmədən ötürəcək yaddaşa. Başqa bir vaxt həmin restoran haqqında, məsələn, ordakı qiymətlər haqqında məlumat lazım olanda heç tərəddüd etmədən sənə zəng edəcək. 
 
Qayıdaq mətləbə. Kafkanın “Yuvam” adlı hekayəsi var. Hekayə janrının ən gözəl nümunələrindən biridir. Əsərin adı dilimizə “Mənim yuvam” kimi çevrilib. Fikrimcə, burda “mənim” əvəzliyinə bir o qədər də ehtiyac yoxdur. Alman dilində isimlər artiklsiz işlənə bilmir. 
 
Hekayənin orijinal adındakı “mein” (“mənim”) əvəzliyini “yuvam”  sözündəki mənsubiyyət şəkilçisi (m) uğurla əvəz edə bilir. Ona görə də “mənim” əvəzliyinə ehtiyac qalmır. Ümumiyyətlə, mən mətndə artıqlıq yaradan  dil vahidlərinin işlənməsinə qarşıyam. Əgər bu vahidsiz keçinmək mümkünsə, niyə özümüzə əziyyət verək? 
 
Hekayədə özünə yuva qurmağa çalışan bir böcəyin daxili aləmi açılır. Kafka əsl usta yazıçı məharətiylə, eynilə “Çevrilmə”sində olduğu kimi həmin böcəyə çevrilir və onun dilində danışmağa başlayır. Bir anlıq adama elə gəlir ki, sən özünə yuva qura-qura deyinən bir böcəyi dinləyirsən. Yaxud adam az qala inanır ki, bu hekayəni Kafka yox, həmin böcəyin özü yazıb. 
 
Bu hekayəni bir-neçə dəfə oxumuşam. Mənim üçün Kafka yaradıcılığında ən vacib əsərlərdən biridir. Bəlkə də, ona görə ki, bu hekayə Kafka yaradıcılığında ən yaxşı dərk etdiyim əsərdir. Bəlkə, o birilərini də qavrasaydım, onları da sevər, zövq alardım. Nə bilim, vallah. 
 
Hər dəfə hekayəni oxuyanda mənə elə gəlir ki, Kafka bu böcəyin timsalında azərbaycanlıların həyat tərzini ifadə etməyə çalışıb. Mənə elə gəlir ki, həmin böcək milliyyətcə azərbaycanlıdır. 
 
O böcəyi doğmam bilirəm, öz yaxınlarımdan ayırmıram. Hətta arada fikirləşirəm ki, bu böcəyə halal süd əmmiş bir qız tapıb baş-göz etməyin vaxtıdır. Toyuna da yaxşıca pul atmaq, necə deyərlər, qolundan qaldırmaq lazımdır. Qoy gedib özünə “novostroyka”dan yaxşı bir ev alsın, hər iki tərəf – həm qız, həm də oğlan tərəfi birləşib, o evi yaxşıca təmir etdirsinlər. 
Azərbaycan insanı üçün ev vacib məsələdir. Müqəddəsdir, ora hər adamı buraxmaq olmaz. Ev hər şeydir! 
 
Türk təfəkkür sistemi “ad məsələsi”nə də ciddi yanaşır, ad məhrəmdir, ad tabudur. Yanaşma təxminən belə: “adını bildiyin obyektə sahiblənə bilərsən”. Məsələn, statistik Azərbaycan kişisi yad adamların yanında öz həyat yoldaşının, qızının adını çəkməz. Arxaik təfəkkürün qalığı. Bu haqda başqa vaxt geniş danışmaq olar, hələlik evdən danışırıq. Fikir vermisinizsə, bizim kişilər həyat yoldaşlarından danışarkən, adətən, “evdəkilər” sözündən istifadə edirlər. 
 
Qədim türk dilində (dilin ilkin inkişafı dövrü) “ev” və “ana” anlayışları eyni sözlə ifadə edilir: “Ög”. Sözün “ö” səsindən formalaşdığı ehtimal edilir. Sonrakı mərhələlərdə bu söz “ög”dən “ev”ə doğru inkişaf edir. Maraqlıdır ki, bir çox müasir türk dillərində “yetim” anlayışı “ögsüz” (“evsiz”, “anasız”) sözü ilə ifadə edilir.  Belə bir xalq deyimi var: “Uşaq anadan yetim qalır”. 
Bütün bu danışdıqlarımız məsələnin elmi-linqvistik tərəfi. Dil fəlsəfəsi şəxsən mənim üçün çox maraqlıdır, ona görə vaxtınızı aldım. Amma əslində, məsələnin başqa tərəfindən danışmaq istərdim. 
 
Azərbaycanlılar evi içində yaşamaq üçün yox, içində yaşamamaq üçün tikirlər. Ev hazır olanda isə cənab Əzrayıl gəlib kəsdirir başımızın üstünü. Əvəzində belə bir miskin təsəlli qazanırlar: “Uşaqları üçün hər cür şəraitli ev qoydu getdi”. İlahi, insan həyatının mənası bundan ibarət ola bilməz axı: “Uşaqları üçün hər cür şəraitli ev qoyub getmək”. 
 
Doğulduğum kənddə, demək olar ki, bütün evlər ikimərtəbəli idi, amma ikinci mərtəbədən heç kim istifadə etmirdi. Hamı evin birinci mərtəbəsində, daha doğrusu, zirzəmisində yaşayırdı. Bizim ailə də istisna deyildi. Bəhanə edirdik ki, babam yaşlı adamdır, ikinci mərtəbəyə qalxmaqda çətinlik çəkir. Lakim babamın vəfatından sonra da ikinci mərtəbəyə köçmədik. Maraqlıdır ki, bizim evdə olduğu kimi digər evlərdə də ikinci mərtəbə birinci mərtəbəyə nisbətən daha rahat və daha yaxşı təmirli idi. 
 
Sovet sistemi insanlara mülkiyyət hüququ vermirdi. SSRİ boyda ölkədə evlər vətəndaşların yox, dövlətin mülkiyyəti sayılırdı. İndi xalq arasında “xruşşovka” adı ilə tanınan proyektlərin inşasına başlayanda ekspertlər Sovet vətəndaşlarının gündəlik hərəkətlərinin siyahısını tərtib etmiş və bu hərəkətlərə uyğun ev proyektləri hazırlamışdılar. Maraqlıdır ki, həmin hərəkətlər arasında seks yox idi. 
 
Postsovet dövründə insanlar şəxsi evlər əldə etməyə başladılar. Hamı bir-birinin bəhsinə mümkün qədər geniş və hündür evlər tikməyə həvəs göstərdi. Elə ailələr tanıyıram ki, 10-12 il yeməyib-içməyib, özlərinin geyimindən, övladlarının boğazından kəsərək 2-3 mərtəbəli ev tikdilər. Bu 10-12 il onların həyatlarının ən gözəl vaxtları idi. Onlar bu gözəl illəri quma, daşa və sementə sərf etdilər! Halbuki daha kiçik və daha rahat ev də tikmək olardı. 
Azərbaycanlılar üçün daha bir vacib element hasardır. Hasar da mümkün qədər uca olmalı, lap müdafiə qalaları kimi. “Müdafiə” sözündən istifadə etməyim təsadüfi deyil. Azərbaycan kişisinin həyatda ən vacib funksiyalarından biri məhz müdafiədir: “evdəkiləri” yad baxışlardan müdafiə. 
Avtomobillərin şüşələrini tünd rəngli üzlüklə, yaxud pərdə ilə örtmək dünya praktikasında var, bu, bizim kəşfimiz deyil. Terror aktına məruz qalma ehtimalı olan bütün vacib fiqurlar bu cür avtomobillərdə gəzirlər, bu, normaldır. Lakin sadə azərbaycanlıların “plyonkalı maşın” ehtirası başqa səbəblərdən qaynaqlanır: “evdəkiləri” yad baxışlardan qorumaq. 
 
Fikir vermisinizsə, Qərb ölkələrində evlərin hasarları simvolik xarakter daşıyır: alçaq, sadə və səliqəli. Çox vaxt da taxtadan. Bu cür hasarlar həmin evə aid torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirməkdən başqa heç bir işə yaramır. Bizim hasarların isə təyinatı başqadır: qorumaq, müdafiə etmək. 
Villanın qiyməti qalxdıqca hasarın hündürlüyü də artır. Həm də, görünür, həmin villa sahibləri şüuraltı olaraq dərk edirlər ki, həmin mülkdə rüşvət aldıqları, haqqını yedikləri vətəndaşların da payı var. Görünür, belə mülklərin, doğrudan da, müdafiəyə ehtiyacı var. Hamı bilir ki, Azərbaycanda öz zəhmət haqqınla bahalı villa tikmək mümkün deyil. 
 
Yazını optimist ruhda tamamlamaq istərdim. Son zamanlar bəzi “gənc yazarlar” Azərbaycan qadını haqda xoşagəlməz fikirlər söyləyir. Mən onları möhkəmcə qınayıram!  Azərbaycan qadını Azərbaycan mədəniyyətinə, xüsusən də Azərbaycan memarlığına, hətta mən bir az da qabağa gedib deyərdim ki, dünya arxitekturasına böyük töhfələr verib. Heç kimə sirr deyil ki, Bakının neft milyonçuları öz mülklərini arvadlarının diktəsi ilə tikiblər. Nədənsə varlı kişilər arvadağız olurlar. 
 
Məsələ eynilə indiki kimi olub: bu milyonçuların arvadları bir-birlərinin bəhsinə düşərək hər dəfə öz ərlərindən daha böyük və daha bahalı ev tikdirməyi tələb ediblər. Nəticədə Hacıbala müəllimin təbirincə söyləsək, doğma Bakımız bir az da gözəlləşib, nadir memarlıq nümunələri ilə zənginləşib. Şərq memarlıq ənənələrindən uzaqlaşaraq Qərb memarlıq üslubuna yaxınlaşıb. Azərbaycan qadınına eşq olsun!
 
İkinci Mahmud
 
Kult.az
Yuxarı