Poetik bayquşlar

Сеймур БАЙДЖАН

 
 
Başqa bir misal. Bir nəfərin ölümü faciə, milyonların ölümü isə statistikadı. Birini öldürən adam qatil ləkəsini ömür böyü öz üstündən ata bilmir. Milyonları öldürən isə tarixdə qalır, onun haqqında kitablar yazılır, filmlər çəkilir, ona qarşı maraq bitib-tükənmək bilmir,  çox vaxt milyonlarla insanı məhv edənlərə hətta bəraət də qazandırırlar. AzTv demişkən niyə uzağa gedək. Hələ də Rusiyada və digər postsovet ölkələrində Stalin şəxsiyyətinə pərəstiş edən, Stalini arzulayan  nə qədər insan var. Onlar Stalin şəxsiyyəti haqqında çox həvəslə danışırlar və bəzən onun kimi bir rəhbərin olmasını arzulayırlar. Bu adamların ya tarixdən xəbərləri yoxdur, ya da ki, sadəcə manyakdırlar. Stalin rus xalqının genefondunu məhv etdi. Milyonlarla insanı öz eqosuna qurban verdi. Bəs yaxşı, Hüseyn Cavidin, Müşviqin, Nemanzadənin və digərlərinin  repressiya olunmasına, güllələnməsinə yas tutmaq nədi, Stalin, Bağırov şəxsiyyətinə pərəstiş etmək nədi? Bəy dediyiniz nədi, bəyənmədiyiniz nədi? Bu adamlar harda səmimidirlər? Stalinin şəxsiyyətinə pərəstiş etməkdə, yoxsa Hüseyn Cavidin sürgün olunmasına yas tutmaqda. 
 
Stalin Rusiyanın və digər sovet respublikalarının ən ağıllı, ən istedadlı adamlarını düşərgələrdə ölümə məhkum etdi. Belə bir insana necə pərəstiş etmək, belə bir qaniçən adamı necə təzədən arzulamaq olar? Tarixi konteksdə bəlkə də bu qaniçənlərə hardasa haqq qazandırmaq cəhdlərini başa düşmək olar, bu şansı onlara tanıyırıq, lakin bu gün Stalin kimi qaniçən rəhbəri təzədən arzulamaq adamların və cəmiyyətin xəstəliyinə dəlalət edir. Bir də görürsən kostyumlu, qalstuklu, bığlı-saqqallı bir  kişi söhbət zamanı qəflətən deyir  - Hitler kişi adam idi. Baxırsan adamın sifətinə, müəyyən edə bilmirsən adam özünü dolayır, yoxsa qarşısındakını. Özü də guya hələ bu allah qoymasa özünü savadlı adam, ziyalı hesab edir. Azdan-çoxdan bir-iki kitab vərəqləyib. Hitler necə kişi adam idi ki, balacadan tutmuş böyüyə, qocasına qədər alman qadınlarını vəhşi, bitin-birənin içində üzən sovet əsgərlərinə zorlatdırdı. Düzdü, Şeyx Şamildən, Rəsulzadədən, Elçibəydən, Qəddafidən,  Səddam Hüseynden fərqli olaraq, adam intihar etməyə özündə güc tapa bildi. Bu da cəngavərlik əxlaqından irəli gələn bir hərəkət idi. Bizdə cəngavər-zad olmayıb. Qaçaq-quldur olub. Kolun, kosun dalında gizlənib bir-birini güllələyiblər. Təəssüf ki, tarixə soyuqbaşla yanaşmağı hələ öyrənməmişik. Hissə qapılırıq. Qərəz, çox təəssüf ki, cinayətin, oğurlanan pulun miqyası böyük olduqda cinayətkara və oğruya qarşı maraq oyanır, adamlar onların əməllərinə haqq qazandırmağa çalışırlar. Bu mənada yalanın da, fırıldaqçılığın da miqyası böyük olduqda insanlar çaşırlar. Əfsuslar olsun, böyük çoxluq bu yalanlara inanır. Şöhrət də belədi. Miqyası böyük olduqda böyük çoxluq bu şöhrətə, adın təmtərağına, mükafatlara aldanırlar. Bizim ölkədə isə vəziyyət ümumiyyətlə faciəvidir. Siyasətçisindən tutmuş həkiminə, müəlliminə, jurnalistinə, köşə yazarına  qədər nə qədər adam sovet dövründə şişirdilmiş, parnikdə yetişdirilmiş, atalarının qucağında ədəbiyyata gəlmiş yazıçı-şairlərin şöhrətinə, mükafatlarına aldanıblar. Adamlar inana bilmirlər ki, bu miqyasda şöhrət qazanmış adam boş ola bilər. Ya doğurdan da adamların heç nədən xəbəri yoxdur, ya da onlar sadəcə cığallıq edirlər. Üçüncü bir versiya da var. Bu təmiz köləlikdir. Köləliyin bir növüdür. Məsələ ondadır ki, bizim camaat hələ də özünə yazıçı seçməyi, yazıçının zəif və güclü tərəfini müəyyən etməyi öyrənməyib. Bu xüsusiyyət ciddi xalqlara məxsusdur. Bizdə hökumət və yaxud rəhbər deyib ki, filankəs yazıçıdı, camaat da deyib hə filankəs yazıçıdı. Bizimkilərin həvəsi yoxdu gedib özləri əsərlər oxusunlar, əziyyət çəksinlər və müəyyən etsinlər ki, hə doğurdan da filankəs yazıçıdı, filankəs isə sadəcə şişirdilmiş, yalandan təbliğ olunmuş bir adamdı. Onların daha vacib işləri var. Düşünməyə ərinirlər. 
 
Azərbaycan xalqının özünə yazıçı seçməyinə hələ ən azı bir əsr var. "Master və Marqarita" əsərinin əlyazması bizimkilərin əlinə düşsəydi, çoxdan məhv olardı.  Sübut edərdilər ki, əlyazmalar qəşəng yanır. Kimin həvəsi var ki, bu əsərin üzünü köçürsün, yaysın, əsərin məhv olmasının qarşısını alsın.  
 
Əvvəllər təcrübəsiz vaxtlarımda Anar Rzayevə ölüm arzulayırdım. Onda çox təcrübəsiz idim. İndi isə dua edirəm ki, Allah ona ömür versin. Çünki Anar Rzayev yaşadıqca öz mahiyyətini ortaya qoyur. Son illərdə yazdıqlarıyla bizim illərlə dediyimizi və yazdığımızı sübut etməkdədi. Anar Rzayev son illərdə yazdığı cızma-qaralarla sübut etdi ki, o, atasının qucağında ədəbiyyata gəlmiş, boş, parnikdə yetişdirilmiş bir adamdı. Onun son illərdə yazdıqlarının  altına hətta heç beşinci sinif şagirdi də öz imzasını qoymağa xəcalət çəkər. Üstəlik Anar Rzayev, Elçin Əfəndiyev öz vəzifə və kreslo yanğıları ilə özlərini biabır etməkdədirlər. Bu şişirdilmiş, parnikdə yetişdirilmiş adamlar hər vəchlə öz mənasızlıqlarını ortaya qoyurlar, lakin xalq hələ də onların mənasızlığına inanmaq istəmir. Ya şöhrətin miqyası onların gözünü tutub, ya da ki, aldanıldıqlarını həzm edə bilmirlər. Ya da ki, özlərini sadəcə cığallığa qoyublar.  
 
Bir köşə yazarı var. Adını çəkmirəm. Bizim mətbuatın ən təmiz insanlarından biridi.  Azərbaycan klassik ədəbiyyatını, rus və avropa ədəbiyyatını yaxşı oxuyub. Sözün həqiqi mənasında məlumatlı, savadlı və təvazökar bir insandı. Gəncliyindən, 88-ci ildən üzü bəri bir yoldadı. Əbülfəz Elçibəyin Kələkiyə qaçışını, İsa Qəmbərin 2003-cü ildə evdən çölə çıxmamasını, 2005-ci ildə Əli Kərimlinin camaatı sümükqıran itlərə yedizdirməsinin şahidi olub. Hələ ortadakı parçalanmaların, yolundan azanların ağrısını, çoxsaylı kiçik məğlubiyyətlərin acısını sadalamıram. Ümidlərin və arzuların məhv olmasını həzm etmək asan deyil. İyirmi il məğlub olmaq sizə asan gəlməsin. Qohum var, qonşu var. Biri gülür, biri məsləhət verir, biri rişxənd edir.  Hər adam buna dözə bilməz. Bir dəfə bu hörmətli yazar şişirdilmiş, parnikdə yetişdirilmiş, mənasız bir şair haqqında təmtəraqlı yazı yazmışdı. Redaksiyada qarşılaşdıq. Söhbət etdik. Onda da odlu-alovlu vaxtlarım idi. Təbii, indi baş qoşmaram. Başladıq söhbət etməyə. Söhbətimiz az sonra mübahisəyə çevrildi.  Ona heç cür başa sala bilmədim ki, sən öz həyat yolunla, öz biqorafiyanla haqqında yazdığın adamdan min dəfə, yüz min dəfə daha böyük hörmətə layiqsən. Sənin kimi məlumatlı bir insan axı boş adamın fırıldaqlarına necə aldana bilər? Dedim ki, sən illərdi kirayələrdə yaşayırsan. Sağlamlığın gedib. Ayaqüstə meyidə çevrilmisən. Bu gün-sabah ölsən övladların başsız qalacaq. Haqqında yazdığın adam isə ömür boyu kef edib. Kurortlar, sanotoriyalar gəzib. Şəhərin mərkəzində evi var. Bağı var.  Övladları, bütün qohum-əqrabası vəzifədədi. Sən savadlı, mütaliəli adamsan, bu cızmaqaraçıya,  bu tamadaya necə aldanmısan, necə onu bir dəyər kimi qiymətləndirirsən? Adam Nuh dedi, peyğəmbər demədi. Gördüm onunla söhbət etmək mənasız bir işdi. Aldanıb. Özü də çox pis aldanıb. Yazığım gəldi ona. Belə yazıqlar bizim cəmiyyətdə çoxdur. Onları yazıq adlandırmaq azdı, onlar həm də kölədirlər. Şişirdilmiş adamlara aldanmaq köləliyin bir növüdür və nə qədər ki, bu yalançı bütlər sındırılmayıb, biz bir xalq olaraq heç vaxt azad olmayacayıq. Bəziləri, məsələn, Cəmil Həsənli, İsa Qəmbər, Tofiq Yaqublu, Razi Nurullayev, Zeynal Məmmədli  kimiləri  qəsdən bu yalançı bütləri dəstəkləyirlər, onların kəraməti haqqında nağıllar uydururlar. Bəziləri isə bilmirlər, aldanıblar.  Birincilər daha çox nifrətə layiqdirlər. Çünki onlar bilə-bilə edirlər. Bu bağışlanılmazdı. İkincilər isə sadəcə bədbəxtdirlər.  
 
Yaxın keçmişimizdə şişirdilmiş, parnikdə yetişdirilmiş, atasının qucağında ədəbiyyata gəlmişlərdən biri haqq dünyasına qovuşdu. Onun sağlığında yazı yazacaqdım. O özü bu cümlələri oxumalı idi. Təəssüflər olsun ki, günü günə satdım. Bir də gördüm ölüm xəbəri yayıldı. Ona görə onun ölüm xəbərini eşidəndə çox pis oldum. Həddindən artıq pis oldum. Ölüm hamı üçün var. Hər kəs bu imtahandan keçəcək. Bilmək olmaz, kim necə keçəcək.  Şəxsən mənim özümə heç bir əminliyim yoxdu. Söhbət başqadı. Sadəcə növbəti dəfə bizim cəmiyyətin sənət dünyasından nə qədər uzaq olduğunu, adi vətəndaşdan tutmuş, özünü ağıllı hesab edən siyasətçiyə, köşə yazarına  qədər xeyli  adamın miflərlə, nağıllarla yaşadığını gördüm. Bizim ölkədə çoxlu poetik bayquşlar peyda olub. Biri ölən kimi  qələmə sarılırlar, tanışlıqlarının tarixçəsini, müxtəlif səpkili əhvalatlar  yazırlar. Bu poetik bayquşların arasında müxalifət və iqtidar sərhəddi itib. Büdcə təşkilatında çalışan kövrək qəlbli şairlə müxalifətyönlü qəzetin  köşə yazarı belə günlərdə poetik bayquş rolunu məmnuniyyətlə ifa edirlər.  Olmayan şeylər uydururlar. Əlbəttə, ölən adam haqqında yazmaq lazımdı. Hətta vacibdir. Lakin burda bir incə nüans var. Ölən adam yazılanlara nə dərəcədə layiqdir. Yazıları oxuyanda görürsən ki, bu şəxsiyyətin itkisinə yazılmış yazı deyil, bu mükafatın, şöhrətin itkisinə yazılmış yazıdı.  Nə istəyirlər bu poetik bayquşlar?  Öz mövqelərini müdafiə edirlər, yoxsa mövzu qıtlığı keçirirlər? Yoxsa doğurdan da bu adamlar həqiqi sənətlə saxtakarlığı, süniliyi ayırd edə bilmirlər? Məsələn, Allah qoymasa müxalifət düşərgəsinin ağıllı, istedadlı yazarlarından hesab olunan bir nəfər yazmışdı ki, O, yəni haqq dünyasına qovuşmuş şair deputat mandatı alıb o tərəfə keçəndən sonra, bizim düşərgəni söymədi, biz də onu bu hərəkətinə görə, yəni bizi atıb keçdiyinə görə qınamadıq. Necə aciz bir təsəlli. Gör adamlar nəylə təsəlli tapırlar. Açıq-aşkar prinsipsizlikdi. Qınamamısan lap pis. Müxalifətin başqa bir yazarı da şairin ölümünə babat yas qurmuşdu. Şair ömrü boyu yeyib-içib kef çəkib. Bu isə düşüb Elçibəyin, İsa Qəmbərin dalınca, həyatını məhv edib. Bütün qohum-əqrəbanın gülüş hədəfinə çevrilib. Üstəlik şair onun mənsub olduğu düşərgəni tərk edib, keçib o tərəfə. Bu nə prinsipsizlikdi. İndi kim kimə yas tutmalıdı. Buna görə müxalifət düşərgəsi belə rəzil vəziyyətdədi. Gertsen deyirdi ki, böyük əsərlər böyük iztirablardan yaranır. İki cür sənətkar var. Birincilər  həqiqi iztirabdan sənət əsəri, ikincilər isə iztirabın illuziyasını yaradanlardı. Yaxınlarda rəhmətə getmiş “şair” o qədər sənətdən uzaq bir adam idi ki, heç iztirabın illuziyasını da yarada bilməmişdi. Buna baxmayaraq o, cəmiyyəti öz şöhrəti ilə  aldada bildi. Belə bir cəmiyyətdə hər an, hər sahədə Şeyx Nəsrullahların peyda olması üçün münbit şərait var. 
 
Yazını Mişel Montenin sözləriylə bitirirəm: Mən dəfələrlə kiminsə şöhrətinin onun xidmətlərindən xeyli irəlidə olduğunun və bu xidmətləri üstələdiyinin şahidi olmuşam. Şöhrətin kölgə ilə oxşar olduğunu  ilk qeyd edən şəxs, demək istədiyindən də böyük məna daşıyan fikir söyləyib. Həm şöhrət, həm də kölgə son dərəcə şıltaqdır. Kölgə də bəzən bədəndən irəlidə gedir, bəzən ondan çox-çox uzun olur. 
 
Seymur Baycan
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade