post-title

Müsəlmanların ağlı varmı?

Məndən soruşsalar ki, islam dinində ən vacib, həyati əhəmiyyətli elm hansıdır, mən heç düşünmədən təfsir deyərdim. Təfsir 14 əsrdir müsəlmanların yardımına yetişən, onların əlindən tutan, elmi-texniki tərəqqinin nailiyyətləri qarşısında kompleksdən azad edən bir elm sahəsidir.

 
 
Təfsir imkan verir ki, indiyə qədər ixtira edilən və bundan sonra ixtira ediləcək hər şey haqda “bunlar onsuz da Quranda vardı” desinlər. “Quranın harasında var?” soruşsan, dəxlisiz bir ayəni göstərib, ürəkləri istədiyi kimi təfsir edəcək və qara dəlikdən, Europa planetinə qədər hər məsələnin müjdəsini sənə göstərəcəklər. Razılaşmasan, səni cahillik və savadsızlıqda ittiham edəcəklər. Və haqlı olacaqlar – filan ayəni, filan cür yozan əl-Hürdü məl-Dürdü ibn-Bəmbil adlı alimin bildiyini bilmir, düşündüyünü düşünmür, yazdığını yazmırsansa, zatən dünəndən cahilsən. Yəni təfsir belə ləzzətli, yaxşı şeydir; onun sayəsində birtəhər ayaqda qala bilirlər.
 
Lakin bəzən sistem “error” verir. Belə məsələlərdə son dərəcə diqqətli olan şiələr “quş buraxmasalar” da, Məkkə-Mədinə məktəblərinin məzunları ikiüzlülükdən usanıb, səmimi olmağa qərar verirlər və aləm dəyir bir-birinə.
 
Vəhhabi-sələfi icmasının imamı Hacı Qamət, hansısa baldırı çılpaq səudiyyəli bədəvi məzdəkə aliminin “Dünya fırlanmır” sözü ilə razılaşdığını bildirib. Şeyx Qamət deyib: “Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda(!), Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə saata özü gələcək. Alimlərin gəldiyi nəticə budur. Dünyanın fırlanmağı haqda isə, mənim öz fikrim yoxdur”. Sitatın sonu.
 
Sürixdə, bir dostumuzla çay içə-içə, hərifin bu sözlərini oxudum və birinci reaksiyam bu oldu ki, gərək Qamətə atmosfer deyilən bir şeyin varlığı haqda kimsə danışsın. Məhz atmosfer imkan vermir ki, göydən yekə bir daş onun təpəsinə düşsün, bizim də canımız qurtarsın, özünün də.
 
Qamət öz hədyanlarına Qurandan dəstək tapıb, ayələrdən sitat da gətirib. Onları burada təkrarlamaq istəmirəm, axı opponentlərim onları dərhal özlərinə sərf edəcək şəkildə təfsir edəcəklər. Mənim də polemikaya halım yoxdur. Diqqətinizi yazımın başlığına çəkmək istəyirəm – müsəlmanların ağlını sual altına qoymağımın səbəbi var, izninizlə açıqlayım.
 
Məgər Qərb dünyasında bütün elm adamları ateistlərdir, ya da xristianlığı rədd edirlər? Yox. İncilə inanan, kilsəyə gedən, bazar ayinlərinə qatılan nə qədər elm adamı, sənətçi, siyasətçi var. Nağıl kitabına inanmaqları başqa, öz sahələrində dinə istinad etmədən, elmi dinlə izah etməyə çalışmadan yaşayıb yaratmaqları tamam başqa. Yəni din onlara heç bir şəkildə həyatlarını yaşamaqda, peşələrini icra etməkdə mane olmur. Kimsə xristianlığı təftiş etməyə, onları inancından daşındırmağa cəhd edəndə də, gülümsəyib keçirlər. Adətən “bu mənim daxili, ürək işimdir, vicdan məsələmdir” deyirlər və mövzu qapanır.
 
Bu adamlar ağıllı adamlardır, çünki ağılları kilsənin, kitabın ipotekası altında deyil. Kilsədən çıxanda, kitabı qatlayıb kənara qoyanda, olurlar çağdaş və yalnız elmə istinad edən adamlar. Onların tarixində “dünya fırlanır” deyənlərin tonqalda yandırılması kimi qaranlıq səhifələrin olması, bu gün onlara “dünya fırlanır” deməyə mane olmur. Onlar həm də öz tarixlərindən xəcalət çəkirlər. Dini kilsəyə həbs etməklərinin də səbəbi budur.
 
Əlbəttə, bu ağıllı xristianlar kimi, ağıllı müsəlmanlar da var. Kimdir ağıllı müsəlmanlar? Kitaba inanır, Allahı qəbul edir, amma kosmos məsələlərində NASA-nın məlumat və fotolarına Qurandan çox inanır. Beləsinə AĞIL sahibi deyirlər. İnancı onun şəxsi işidir, kimsə qarışa bilməz. Ta ki o, dini elmi-texniki tərəqqinin və dövlət idarəsinin qabağına keçirmək, bu məsələlərdə kitabına istinad etmək istəyənə qədər. Orda ona biz “Stop!” deməliyik. Və deyəcəyik. Çünki deməsək, “mənim bu haqda öz fikrim yoxdur” kimi, qamətvari saçmalıqlar eşidəcəyik. Nəzərə alsaq ki, bu adamın ordu boyda camaatı var, qulaqlarını sallayıb imamlarına qulaq asırlar, bizim Azərbaycanın gələcəyindən narahat olmağa tam haqqımız çatır.
 
Hardan hara gəldik, niyə belə rəzil olduq, alçaldıq, sürətlə dibsiz quyuya düşürük? “Bir medalın iki üzü“ hər halda buna deyirlər. Kosmik sənayenin inkişafında sovetlərdə iki adamdan biri olan, "Apollo" və "Union" kosmik gəmilərini kosmosa göndərən akademik Kərim Kərimov da azərbaycanlı; atmosfer, fizika qanunları, müqavimət, reaktiv mühərrik haqda anlayışı olmayıb "Dünya fırlanmır, təyyarə göydə dayansın, Amerika mən tərəfə gəlsin" deyən də azərbaycanlı.
 
İndi bunların hansı daha çox azərbaycanlıdır? Daha doğrusu hansı aktual azərbaycanlıdır? Ölkənin mənzərəsi onu göstərir ki, danabaş imam daha aktual azərbaycanlıdır. Kül təpənə Azərbaycan.
 
Bu məqamda istər-istəməz insanın bu sözləri deyəsi gəlir – Sağ olsunlar ruslar, bizi uzun illər boyunca ərəbdən, farsdan və türkdən ayırdılar. Bu izolyasiya olmasaydı, bizdə "Dünya fırlanır" deyənin bu gün başını kəsirdilər, İŞİD də küçələrimizdə rahat-rahat gəzirdi. Rus 91-də rədd olub gedib, artıq “Dünya fırlanmır, Dünya düzdür” deyən və qosqoca icmaya imamlıq edən şarlatanlar peyda olub.
 
Üstəlik də, “ÖZ FİKRİ YOXDUR”.
 
Allah hər birimizi öz fikri olmayanların şərrindən, mövhumatından, cahilliyindən hifz eləsin. 
 
Əli Əkbər 
 
Musavat.com
Yuxarı