post-title

Fridrix Nitşe – Zərdüşt belə deyirdi

Uşaq və ailə haqqında

 
 
Sənə bir sualım var, qardaşım: bu suala verəcəyin cavab ruhunun dərinliyindən xəbər verəcək.
 
Cavansan, uşaq, ailə istəyirsən. Səndən soruşuram: sənin kimi bir adamın uşaq arzulamağa haqqı varmı?
 
Sən özünün müzəffər, əzabkeş, ağıl mülkünün sultanı, fəzilət sahibi olduğuna əminsənmi? Səndən soruşuram.
 
Yoxsa səni dinləndirən adicə heyvani tələbatdır, ya tənhalıqdır? Bəlkə özündən narazılıq?
 
İstəyirəm ki, zəfərlərini də, azadlığını da uşağın adı ilə başlayasan! Uğurlarına, azadlığına canlı heykəllər qoymalısan. 
 
Özündən ali bir şey yaratmalısan. Amma gərək əvvəlcə özün kamilləşəsən, cismən də, ruhən də təkmilləşəsən. 
 
Sadəcə, artıb törəməyin deyil, yüksəlmənin də qeydinə qalmalısan. Qoy nigah bağı bu yolda sənin yardımçın olsun. 
 
Daha ali bir vücud yaratmalısan, ilk təkan, öz-özünə diyirlənən təkər – qısası, yaradanın özünü yaratmalısan.
 
Kəbin, ailə deyəndə mən yaradanların özlərindən daha kamil bir məxluq yaratmaq naminə qovuşmaq istəyini başa düşürəm. Mən bu istək sahiblərinin bir-birinə qarşılıqlı ehtiramına ailə deyirəm. 
 
Sənin nigahının mənası və məğzi bu olmalıdır. Amma çoxlarının ailə adlandırdığı bu lüzumsuz şey – ah, heç bilmirəm buna nə ad verim?
 
Ah, miskin ruhların bu cütləşmə tələbatı! Ah, ruhun bu iyrənc cütləşmə ehtirası! Ah, bu mənfur cütləşmə yanğısı. 
 
Onlar bütün bunları ailə adlandırırlar, üstəlik deyirlər ki, kəbinlərini göydə mələklər kəsib.
 
Eləsə mən bu çirkab toxumu səpən səmaya lənətlər deyirəm. Yox, bu səmavi torda sarmaşan heyvanlara dözə bilmirəm. 
 
Qoy özünün düzüb qoşmadığı bir işə xeyir-dua vermək üçün gecdən-gec tövşüyə-tövşüyə gələn allah da məndən uzaq olsun!
 
Belə şeyə ailə deyib məni güldürməyin! Bəxtinə belə valideyn düşən hansı uşağın acı göz yaşı tökməyə haqqı çatmır? 
 
Bir kişini çox ləyaqətli, yetkin adam sanırdım, amma elə ki onun arvadını gördüm, bütün kürreyi-ərz gözümdə dəlixanaya döndü.
 
 Kaş ki, müqəddəs zatla gic toyuq cütləşəndə yer üzü lərzəyə gələydi, torpaq ayaqları altında od tutub yanaydı. O bir qəhrəman tək həqiqət axtarışına çıxdı, qazancı isə malalanmış, kiçik bir yalan oldu. O yazıq özü buna ailə deyir. 
 
Qaraqabaq idi. Hər adamla oturub-durmaz, müsahibini də seçib-soraqlayardı. Amma axırda özünə elə bir müsahib seçdi ki, cəmi gördüyü günlər burnundan gəldi: o, buna ailə deyir. 
 
O, özünə mələk xislətli bir kəniz axtarırdı. Amma iş elə gətirdi ki, özü bir arvadın kənizinə döndü, indi gərək özü mələk ola ki, beləsini yola verə.
 
Ağlım kəsəni mal alanları fəndgir görmüşəm, bir şeyi almazdan yüz ölçüb, bir biçərlər. Di gəl, dünyanın ən kələkbaz adamı da arvadı gözüyumulu alır. 
 
Sizin məhəbbət dediyiniz şey bir yığın xırım-xırda axmaqlıqdır. Daha böyük bir axmaqlıq olan nigahınız bu bir yığın xırım-xırda axmaqlığa son qoyur. 
 
Nə ola, kaş erkəyin dişiyə, dişinin erkəyə məhəbbəti əzabkeş allahlara qarşı mərhəmətə dönəydi! Amma, yox, heyvanlar bir-birilərini daha yaxşı duyur. 
 
Sizin ən ülvi sandığınız məhəbbət belə bir adi şövq, ağrılı bir közərtidir. O, sizin ən yüksək zirvələrə gedən yolunuzu işıqlandıracaq bir məşəl olmalıdır. 
 
Bundan belə öz fövqünüzdə sevməlisiz. Əvvəl hələ sevməyi öyrənməlisiz. Bunun üçün gərək sevginin acı badəsini nuş edəsiz. 
 
Elə bir sevgi göstərin ki, badəsi acı dadmasın. Səni fövqəlinsan həsrətinə tutuşduran, sənin canına bu yaradan yanğısı salan da odur. 
 
Yaradan yanğısı, fövqəlinsan həsrəti: de, qardaşım, ailədən istədiyin budurmu?
 
Bu istək, belə ailə qarşısında mən səcdə edirəm. 
 
Zərdüşt belə deyirdi.
 
Fridrix Nitsşe – Zərdüşt belə deyirdi, Qanun, 2013 
 
Hazırladı: Nurlan Hüseynov
 
Kultura.az
Yuxarı