post-title

Axundovun yaratdığı xalq

“Azərbaycan xalqını Axundov yaradıb, çünki fikir tariximiz Axundovla başlayır” deməklə, azərbaycanlıların fikir tarixini Füzulidən (!) başladanları qıcıqlandırmış oluruq. Qıcıqlanmasınlar, çünki Axundovun xalqı bu gün nəinki Füzulinin dövründədir, bu xalq çoxdan neolitə qayıdıb. Bu yaxınlarda eşitdim ki, Bakıda “Daş dövrü” adlı bir iaşə obyekti açıblar. Necə də mənalı.

 
 
 
Radikal, kobud sözlərdən radikal addımlara gedən yol, hakimiyyətin düşündüyündən də qısadır. Ərəb baharının kulisarxası gizlinlərini - real səbəbkarları, sifarişçiləri, ssenaristləri bir kənara qoyaq. Barrikadalara çıxanların ki davranışları “eksport” deyil. Onlar özləri elədir, mahiyyətləri, səviyyələri o cürdür. Bu da o deməkdir ki, inqilab meydanı kimi seçilən ölkələrdə insan materialı (Buxarin demişkən), bu tipli eksperimentlər üçün yararlı deyil.
 
Bilmirəm, azərbaycanlılar inkişafın hansı mərhələsindədir. Potensialları əli zopalı livyalılar qədərdirmi? Olmasa da, hər şey buna doğru gedir. Hər şey göz qabağındadır. Neçə dəfə yazılıb, bir daha təkrar edim – yeni nəsil azərbaycanlılar artıq danışmağı tamam yadırğayıblar, fikirlərini ifadə edə bilmirlər. Çox zaman fikir də mövcud deyil. Müxtəlif “ictimai sorğu” videolarına baxıram. Əsasən “Tarqovlikdə” çəkilən bu videolarda, gənc azərbaycanlılar mal kimi mikrofonlara, kameralara baxırlar, danışa bilmirlər, səslər çıxarırlar. Cümlə qura bilmirlər.
 
Siz görmürsünüz ki, ibtidai insana, mağaraya geri qayıdış var? Hələlik bu mal kütlə bizim hökumətə əl verə bilər, amma bunun sabahı da var axı. Belə bir material, bu hakimiyyətə hara qədər əl verəcək? Ölkədə rekrutinq şirkətlərinin çəkdiyi əziyyətdən kimin xəbəri var? Şirkətlər mütəxəssis tapa bilmirlər ki, işə alsınlar. Savadlı azərbaycanlı qıtlığı var ölkədə. Neft sektoruna hökumət xaricdən mütəxəssis cəlb etməyə, onlara dünyanın pulunu ödəməyə məcburdur. Bütün sektorlarda savadlı kadr defisiti var. Təhsilsizliyin, mədəniyyətsizliyin acı nəticələrini artıq görməkdəyik. Bu hələ harasıdır.
 
***
 
Bir oxucum yazır: “Ədəbiyyat estətik dünyagörüşü, zövq formalaşdırır, siyasi proseslərə təsir etmək kimi məqsədi yoxdur. Postmodernizm belə şeylərin əleyhinədir...”
 
İnkişaf etmiş, demokratik haqlarını qazanmış, müstəqil məhkəmə sisteminə malik ölkə və toplumların yazıçıları ilə, üçüncü dünya ölkələrinin yazıçıları, onların “vəzifə və öhdəlik”ləri eyni deyil.
 
İnkişaf etmiş toplumların sənətçiləri sənət naminə sənət yaratmaq lüksuna malikdirlər. Onlar öz siyasi institutlarının vicdan və kompetentliyinə arxayındırlar. İctimai nəzarət olandan sonra, yazıçının da işi asanlaşır, estetikanı əsas qayəsi seçə bilir.
 
Bizim kimi nə Şərq, nə də Qərb, fəqət QƏRQ olan toplumlarda isə, nə qədər pafoslu səslənsə də, “vətən dərdi” aparıcı motivdir. Ölkənin siyasi reallığı sənin intellektual səviyyəndən xeyli aşağı olsa da, siyasi səhnədə ucuz tamaşalar qoyulsa da, toplumun maraqları naminə profanasiyaya yuvarlanmağa məcbursan. Ən azından sənə “laqeyd” və “vətəndaş mövqeyindən yoxsun” deməsinlər deyə.
 
Ola bilsin simulyakrın qələbəsini elan edən postmodernizm bunu inkar edir, lakin ədəbiyyat tək zövq yox, şüur da formalaşdırır. Söhbət tək vətəndaş şüurundan yox, ümumbəşəri şüurdan gedir. İncəsənət görkəmli salonlara həbs ediləndə ölür. İncəsənət məhz aktual olmalı, hər kəsin ayağına gəlməli, əlçatan olmalıdır. Çünki bizim reallığımızda “salon”çuluq, məhz simulyakrın özüdür.
 
Müasir Azərbaycan ədəbiyyatı boşluq fenomenidir. Onun ümumiyyətlə mövcud olub-olmadığını demək çətindir. Ontoloji analizə ehtiyac yoxdur, hər şey göz önündədir - bu gün Azərbaycan ədəbiyyatı adlanan olqu əyalətçilik və xalis çuşkalıqdır.
 
Bizim rusdilli yazarları da oxuyuram. İfadə tərzi, mütaliə, zövq – hər şey qaydasındadır. Sözlər, cümlələr ahəngli, dildə musiqi də var, amma yazdıqları insana toxunmur, qəlblərə yol tapmır. Metaforik, reflektor kritika adamın ətini tökür. Bu nostalji ədəbiyyat nümunələrində dinamika çatışmır, provokasiya yoxdur. Reallıq maraqsız, gələcək dumanlı, ona görə də keçmişdə xilas tapır rusdilli yazarlar – Bakının həyətləri, tinləri, Abşeron bağları, Xəzərin qoxusu, köhnə Bakının əhalisi... Nəticə - funksional deyillər.
 
“Yazıçının cəmiyyətdə rolu” yeni mövzu deyil. Hələ Bulqakov gileylənirdi ki, “müasir cəmiyyət ədəbiyyatın rolunu layiqincə qiymətləndirə bilmir”. Blok isə yazıçıların konformizmindən şikayət edirdi. Bizimki kimi amorf cəmiyyətlərdə adamları bədii sözün gücünə necə inandırmaq, sehrinə necə salmaq olar?
 
Biz total senzura şəraitində yaşamırıq, bizim vəziyyətimiz ondan da ağırdır. Sənətçi bilmir ki, hakim zümrəni nə qəzəbləndirə bilər. Rafiq Tağı da bilinmir konkret hansı cümləsinin güdazına getdi. Konkret “qırmızı xəttlər” yoxdur və sözdə hər şeyə icazə var deyə, sənətçi rahatlaşa, çaşa və aşa bilər. Fakt üzrə hərəkət edən sistem revizorları, aktual incəsənəti daimi nəzarətdə saxlayırlar. Biz gərək fəhmlə hiss edək ki, bunların nə xoşuna gəlir, nə gəlmir və informasiya kanallarındakı blokadanı yararaq, öz oxucumuza çıxış tapaq. İşimiz çətindir.
 
Bulqakov yazırdı: “Yazıçı həmişə hakimiyyətə müxalif olmalıdır, ta ki, hakimiyyət mədəniyyətə və ümumbəşəri dəyərlərə müxalif qalana qədər”. Görəsən Stalin Bulqakovun “beşinci kolon” olduğunu bu cümlələrdən sonra da anlamamışdı? Trotskini okeanın o tayında buz baltası ilə aradan götürən dahi rəhbər, görünür Bulqakova xüsusi simpatiya bəsləyirmiş. Əks halda “İt ürəyi”nin müəllifi Moskvanın mərkəzində, sağ-salamat yaşamazdı.
 
***
 
Azərbaycan hakimiyyətinin özü radikal müxalifətdir. Azərbaycan hakimiyyəti bu gün mədəniyyətə və maarifə kəskin müxalifət mövqeyindədir. Manatdan, dollardan, idmandan daha vacib qayğılar var – biz DAŞ DÖVRÜnə qayıdırıq. Əmin addımlarla. 
 
Əli Əkbər
 
Musavat.com
Yuxarı