post-title

Azərbaycanın 100 il əvvəl çap olunan Charlie Hebdosu

Fransada Charlie Hebdo jurnalistlərinin qətlə yetirilməsinin şokundan ayılanda, mən ölkəmin əvəzsiz irsini – 100 il əvvəl dərc olunan Molla Nəsrəddin jurnalını xatırladım. Və o zamanın savadsız insanlarının maariflənməsində böyük rol oynamış jurnalın, Azərbaycanın Charlie Hebdo-sunun hekayəsini Londona gətirmək üçün Bakıya yola düşdüm.

Stilinə görə fransız jurnalına çox bənzəyən bu nəşr bir çox baxımdan inqilabi idi.

1906-cı ildə yaranmış və Rusiya imperiyasının Müsəlman əhalisi arasında yayılan Molla Nəsrəddin mollaları lağa qoyması, Azərbaycan siyasi elitasını, Rusiya çarını və İran şahını tənqid etməsi , geosiyasi məsələlərə satira ilə yanaşması və qadın haqları və Qərbləşmə təbliğatı ilə dövrü üçün çox cəsur bir jurnal idi.

Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadə - Mirzə Cəlil idi. O, həm də Ölülər əsərinə görə məhşurdur. Kitabın əsas qəhrəmanı "əyyaş ateist"dir, geridə qalmış cəmiyyət haqqında həqiqətləri dediyi üçün, 8-9 yaşlı qızların 60 yaşlı kişiyə ərə verilməsinə qarşı çıxdığı üçün onunla dəli kimi rəftar edirlər.

Jurnalın adı – Molla Nəsrəddin, sadəlövh, eyni zamanda müdrik Mollanın adından gəlir. Onun lətifələri bütün Yaxın Şərq dünyasında məhşurdur.

Molla Nəsrəddin

Molla Nəsrəddin jurnalının ilk nüsxəsi. 1906-cı il

 

 

Jurnalın ilk buraxılışının üzündə Molla Nəsrəddinin şəkli vardı. O, “Şərqin yatan millətlərini” oyatmağa gəlmişdi. “Sizi deyib gəlmişəm, ey mənim Müsəlman qardaşlarım” – bu, Molla Nəsrəddinin öz dinindən olan insanlara mesajı idi.

 

Növbəti 20 il ərzində o, mollaların nadanlığını, dünya siyasətinin hiylələrini, Şərqin əzilən qadınlarını müşahidə edəcək və bütün bunları karikatura və mətn vasitəsilə oxuyucularına çatdıracaqdı.

O zamanın daha bir ədəbi işığı - Əbdürrəhimbəy Haqverdiyev öz xatirələrində yazır: “Jurnalın ilk nüsxəsi bomba kimi partladı… Mollalar deyirdi ki, jurnal heç bir müsəlmanın evinə girməməlidir. Girsə, onu masa ilə götürün və tualetə atın”.

Molla Nəsrəddin

“Quranı pak və pakizə yerdə saxlayın” – karikaturada Quran insanların əllərində olduğu halda, zibil kimi rəftar olunan uşaq, itlər və digər məxluqlar təsvir olunub

 

 

Dövrün Anadolu türkcəsi, Rus və ya Fars dilinin təsirində olan digər nəşrlərindən fərqli olaraq, Molla Nəsrəddin təhsilsiz azərbaycanlıların dilində danışırdı: sadə dildə mətnlərdən başqa, jurnalda karikaturalar vardı və onları hər kəs anlaya bilirdi. Karikaturaların əsas hədəfi təhsilin və sekulyar cəmiyyətin düşməni kimi görünən mollalar idi.

 

Molla Nəsrəddin

Bu karikatura 1909-cü ildəndir və çox qısa izahatı var: “Həcc ziyarəti” .Şəkil: Mirzə Fətəli Axundov adına Milli Kitabxananın arxivi

 

 

Molla Nəsrəddini zəmanə yaratdı, Mirzə Cəlil jurnalın çap olunmasına başlamasının səbəbini açıqlayanda demişdi. Bu o zamanlar idi ki, xalqın böyük hissəsi savadsız idi, Rusiya və Fars İmperiyaları tərəfindən idarə olunurdu və dini liderlər tərəfindən yönləndirilirdi.

 

Jurnal Ərəb əlifbası ilə Azərbaycan dilində nəşr olunurdu. Karikaturaların üzərində isə Kiril əlifbası ilə rus dilində izahat da vardı. Sovet İttifaqı qurulandan sonra əlifba Latına keçdi və jurnal bu əlifba ilə dərc olundu.

Növbəti iki karikatura “Asiya məktəbi” və “Avropa məktəbi”ni müqayisə edir.

Molla Nəsrəddin

Jurnal həmçinin ailə və cəmiyyətdə heç bir hüququ olmayan qadınları, çadra geyinən, əzilən, ərləri tərəfindən döyülən qadınları təsvir edirdi, Azərbaycanın dilçilik üzrə eksperti Qulu Məhərrəmli deyir.

Molla Nəsrəddin həm də, sekulyar dövlətdə fərdi azadlıqlara dinin müdaxiləsinə qarşı idi.

Molla Nəsrəddin

Azərbaycanlı qadın binanı rəfiqəsinə göstərərək deyir: “O pəncərəli evdə yaşayanlar nə xoşbəxtdir. ”. Amma bu evin həbsxana olduğunu bilmir. Sağ tərəfdə isə “müsəlmankaların evi” var və bu ev pəncərəsizdir. Şəkil: Milli Kitabxana

 

 

Molla Nəsrəddin

1-ci karikatura: Oğlan doğulub. 2-ci karikatura Qız doğulub. 1909. Foto: Azərbaycan Milli Kitabxanası

 

 

Molla Nəsrəddin

“Günahı budur ki, əri yox olandan dörd ol sonra gedib başqa kişiyə. Natiq: Camaat din əldən getdi, övrəti gərək səngsar edək. İranın Koçan şəhərində. İran ədliyyəsi iyirminci əsrdə” Molla Nəsrəddinin 1907-ci il nəşri

 

 

Ruhaniləri dolamağın və qadın hüquqları üçün kampaniya aparmağın riskləri təhlükəli idi. İranda mollalar Mirzə Cəlilin ölümünə fətva verdilər. Ona Tbilisidə hücum olundu. Və o tez-tez hədələrə məruz qalırdı.

 

Jurnal öz oxucularına dünyanın siyasi xəbərlərini satirik dildə çatdırırdı.

Molla Nəsrəddin

"Kret məsələsi. Böyük Güclər: Çox qızışmaq lazım deyil"

 

 

Molla Nəsrəddin

Bu karikatura 1929-cu ildə çap olunub və İngilis konsulunu və xanımını İngiltərədə və İranda fərqli imicdə göstərir. Şəkil: Azərbaycan Milli Kitabxanası

 

 

O səbəbini izah etmişdi: "Əgər mən bu jurnalı Tbilisdə yox, Bakı və Yerevanda çap etsəydim, ofisimi dağıdar, özümü də öldürərdilər. Tbilisidəki Davidovski küçəsi müsəlman məhəlləsindən uzaqdadır".

 

Tbilisi həmçinin Rusiyanın Qafqaz canişinliyinin mədəniyyət mərkəzi idi.

Mirzə Cəlil Qoqol, Çexov kimi yazıçılardan təsirlənirdi və Tbilisidə yaşayan alman Oskar Smerlinq və azərbaycanlı Əzim Əzimzadə kimi dahi karikaturaçılardan ibarət komandası vardı. Mirzə Ələkbər Sabir kimi zamanın daha bir görkəmlisi və digər parlaq zəkalar da onunla çalışırdı.

Jurnal 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında böyük rol oynadı. Respublika cəmi iki ilə yaxın -Bolşeviklər ölkəni işğal edənə qədər yaşadı.

“Demokratik Respublikanın nazirlərinin çoxu Molla Nəsrəddinin oxuyucuları idi”, Azərbaycanın media eksperti Zeynal Məmmədli deyir.

Molla Nəsrəddinin qadın haqları üçün apardığı kampaniyanın 1919-cu ildə Azərbaycanda qadınlara - ABŞ və Böyük Britaniyadan da öncə - səsvermə hüququnun verilməsində böyük rolu olmuşdu.

Mən Cəlil Məmmədquluzadə və onun Molla Nəsrəddin jurnalı ilə hamı kimi hələ məktəbdə oxuyanda tanış olmuşam. Amma bu yaxınlarda Mirzə Fətəli Axundov adına kitabxananın arxivində jurnalın bəzi orijinal nüsxələrilə tanışlığım məni xeyli təəccübləndirdi.

Jurnal 1929-cu ildə Məhəmməd Peyğəmbərin karikaturasını çap etmişdi. Karikaturada peyğəmbərin üzü göstərilmirdi və bu, Azərbaycan sovet respublikası olandan sonra baş verirdi. Molla Nəsrəddin isə indi Bakıda nəşr olunurdu. Amma əhalisinin çoxu hələ də mühafizəkar müsəlmanlar olan bir ölkədə bu, ağlasığmaz dərəcədə cəsur bir addım idi.

Karikaturada İsa Peyğəmbər və Məhəmməd Peyğəmbər arasında dialoq və Milad bayramı zamanı içib sərxoş olan insanlar təsvir olunur. İsa Peyğəmbər Məhəmməd Peyğəmbərə deyir ki, mənim ümmətim Şura əsrində də məni yaddan çıxarmır. İslam Peyğəmbəri isə cavab verir: “Çox da lovğalanma, bunların əksəri mənim ümmətimdir”.

Karikaturanın məqsədi din qadağan etdiyi halda içib sərxoş olan müsəlmanları göstərmək idi.

1930-cu illərdə Sovet hakimiyyəti tələb qoydu: Mirzə Cəlil, jurnalının adını dəyişib Allahsız qoymalı idi ki, sovet ideologiyasının prinsiplərinə cavab versin. Bu, Cəlil Məmmədquluzadənin Molla Nəsrəddinlə bağlılığına son qoydu. O, Sovet rejiminin onun əziz uşağına – tabuları qıran, toxunulmazlara toxuna bilən jurnalına qoyduğu senzura ilə barışa bilmədi.

 

BBC Azeri

Yuxarı