post-title

Saltıkov-Şedrin və zəmanəmiz

"Böyük və ciddi cinayətlər çox vaxt parlaq bir əməliyyat hesab edilir, buna görə də tarixin lövhəsinə qeyd olunur. Xırda əhəmiyyətsiz cinayətlər abırsızlıq sayılır, onlar tarixi yanılda bilmədikləri kimi, öz müasirləri tərəfindən də mədh edilmir". - Ş.

 
 
Bu dəfə Markesdən söz açmaq fikrim vardı. Latın Amerikası yazıçısının söz oyunlarından, mətndəki sehrbazlığından, yaratdığı mikrokosmosdan, günə bir sətir hekayə yazmağının sirrindən danışmaq istəyirdim. Markesin xatirələrini vərəqlədim, əvvəl oxuduqlarıma təzədən baxdım, oxumadığım əsərləri oxudum. İstəyirdim aydınlaşdıram görüm necə oldu ki, maqrealizmin usta yazarı, guya öz adından xoşu gəlməyən Markes ispandilli yazıçıların aldığı ən böyük mükafat olan Servantes mükafatını yox, dünyada hər bir yazıçının gizli arzusu olan Nobelə sahib oldu. Sonra necə oldu üçüncü dünya ölkəsi olan Azərbaycana gəlib çıxdı, məşhurlaşdı, ədəbiyyatımızı ovsunladı, bir neçə yazara təsir etdi və sair ilaxır. Yazmadım, vaz keçdim, fikirləşdim ki, kimə maraqlıdır bu mövzu axı. Bu mövzu barədə həm də danışılıb. Əgər dost-tanışdan kiməsə maraqlı olsa oturub pivə içə-içə məmnuniyyətlə bu barədə danışa bilərəm. İndi daha ciddi mövzuya keçmək istəyirəm.
 
İki gündür Saltıkov-Şedrinin hekayə və nağıllarını oxuyuram. Su kimi gedir. Ən çox da ağır tematikalı ədəbiyyat oxuduqdan sonra özünü yarıölü kimi hiss edəndə Şedrini oxumaq şəfaverici dərman kimi təsir edir, beyin dincəlir. İnanılmaz dərəcədə zövq alıram bu oxudan. Sadə, aydın, anlaşıqlı, özü də heç bir qəliz, mürəkkəb cümlə yox, pafos yox, süni dərinlik xatirinə mətnə dürtülmüş fəlsəfə yox. Üstəlik, bəzi yerlərdə adam özünü gülməkdən saxlaya bilmir. Nağılları dövrümüzlə, baş verən hadisələrlə, “zəmanəmizin qəhrəmanları” ilə tutuşdururam, paralelər aparıram, görürəm ki, üstündən bir xeyli vaxt keçsə də Şedrin elə bil Azərbaycan haqqında yazıb. Gözümün önündə obrazlar canlanır. Adama elə gəlir Şedrin bizim yazıçıdır, müasirimizdir, xalqın içində yaşayır, məsələn, sabah “Araz” kafesində görsəm təəccüblənmərəm. 
 
Saltıkov-Şedrin nağıllarını ömrünün sonlarına yaxın 19-cu əsrin 80-ci illərində yazıb. Bu dövr Rusiya tarixində ictimai-siyasi fikrin kəskinləşdiyi, inqilabi ideyaların yayıldığı dövrdür. Şedrin onun təxəllüsüdür, rus dilində səxavətli, əliaçıq deməkdir, bunu yəqin hamı bilir. Şedrinin satirik nağıl qəhrəmanları müxtəlif təbəqədən olan adamlardır. Simvolik olaraq qartal, it, at, ayı, müxtəlif balıqlar, canavar, bəzən isə birbaşa mülkədarlar, generallar və başqalarını demək olar. Nağıllar, nağılvari hekayələr yazmasına baxmayaraq Şedrin ciddi yazıçı sayılır. Eynilə Qrimm qardaşları, Andersen, Sent-Ekzüperi kimi. Şedrin dövrün ictimai-siyasi hadisələrini yaxından izləyirdi, əzilənləri də, əzənləri də görürdü, ağalar-qullar dünyasının iyrəncliklərini, istibdadı, zülmü, istismarı, yaltaqlığı, terroru görürdü, başa düşürdü. Bununla belə, açıq, birbaşa yaza bilməzdi. Ona görə də çar senzurasından keçsin deyə yazıçı öz tənqidi fikirlərini nağıl qəhrəmanlarının, karikatur obrazlarının dili ilə göstərmişdi. Buna ezop dili deyirlər. Aydındır ki, bu dilin özünəməxsus stilistik fiqurları olur. 
 
Şedrin nağıllarında ən çox liberalları, mülkədarları, yaltaqları qamçılayıb. Məsələn, onun “Müdrik qumbaşbalığı” adlı nağılı var, orda başını qumun altına soxub yaşayan, heç bir hadisəyə qarışmayan, həyat kredosu “təki mənə bir şey olmasın” olan, siyasiləşməyən, qorxaq, bir liberal təsvir olunur. 
 
Daha sonra “Liberal” adlı nağılda özünü yaxşı niyyətli siyasətçi sanan, cəmiyyətə xeyir vermək üçün guya dəridən-qabıqdan çıxan ancaq təbiətcə alçaq, şərə xidmət edən bir liberalın portreti çəkilir. Nağılın axırında yazıçı liberalın üzünə tüpürür. “Vəhşi mülkədar” nağılında maymaq bir mülkədar təsvir olunur; mülkədar sarsaqlıq edib bütün kəndliləri qovur, nəticədə qalır ac-yalavac, məcburiyyətdən gedib meşədə ayı kimi yaşamağa başlayır. “Sədaqətli alabaş” əsərində yaltaq bir it olur, vaxt keçir, it qocalır, aparıb iti suda boğurlar. “Bir kəndlinin iki generalı yedirib-içirtməsi haqqında povest” nağılında adaya düşmüş iki yelbeyin general göstərilir; aclıqdan bu iki sarsaq az qalırlar bir-birlərini yesinlər, biri o birinin üstünə atılıb yaxasındakı ordeni udur... Şedrinin yaradıcılığından belə nümunələri çox misal gətirə bilərik. 
 
Turgenev deyirdi ki, satirik kimi Şedrinin tayı-bərabəri yoxdur, hərdən mənə elə gəlir ki, indi bizim ədəbiyyatımızın bütün ağırlığı onun çiyinlərinə düşür. Şedrinin yaradıcılığı göstərir ki, ədəbiyyat təkcə nə yazmaq deyil, həm də necə yazmaqdır. Yəni, sadə dillə də ən ciddi məsələlərdən yazmaq olar. Taqorun fikrini xatırlamaq yerinə düşər: ədəbiyyatın qiyməti yalnız mövzuların dəbdəbəli və yüksək olması ilə təyin olunmur, hər hansı bir həqiqi hiss əgər yaxşı ifadə edilirsə həmişə insanlarda öz əks-sədasını tapır.
 
Şedrin Leninin sevimli yazıçılarından olub, böyük inqilabçı onun öldürücü sarkazmını hər şeydən çox bəyənirdi. Təsadüfi deyil ki, Lenin əsərlərində yazıçının adını dörd yüz dəfədən çox çəkib, onun ifadələrindən, obrazlarından istifadə edib. Məsələn, Lenin dvoryanları “vəhşi mülkədarlar”, kəndliləri isə “atcığazlar” çağırırdı. Bu iki ifadə Şedrinin “Vəhşi mülkədar” və “Alaşa” nağıllarındandı. Şedrin Marksın da oxuduğu yazıçı idi. Yazılana görə, Marks rus dilini öyrəndikdən sonra Puşkini, Qoqolu və Şedrini oxumağa başlamışdı...
 
Elçin Mann 
 
Kultura.az
Yuxarı