Film kimi...

Публицистика

 
 
 
İnanmırsız? İndi şahidlik elədiyim bir –neçə  hadisəni yazacam. Siz də bir zəhmət oxuyub hadisələri gözünüzdə canlandırın. Görün  bu kimi hadisələr ssenariləşdirilib ekranlaşdırılsa  qulağımızın dibində inkişafın zirvəsinə çatmış İran, Türk kinosundan geri qalarmı? Abbas Kiorostami, Məcid Məcidi, Cəfər Pənahi, Zeki Demirkubuz, N.B Ceylan və başqa  rejissorların uğurlarının səbəbi filmlərində kameranı insanların həyatının düz ortasına yerləşdirmələri deyilmi?!
 
Dubl 1
 
Xətrini dünyalar qədər istədiyim dostumun mənə bir balaca pul borcu vardı.  Bu günlərdə əlaqə saxlayaraq, borcunu qaytarmaq istədiyini dedi.  Görüşmək üçün yaxşı bəhanədi, deyib, axşama şəhərdəki kafelerin birində görüşməyi planlaşdırdıq. Axşam bu borc qaytarma hadisəsini qutlamaq üçün bir neçə dost-tanışı da başımıza yığıdıq. Təbii ki, ikimizdən başqa  kimsə bu qonaqlığın əsl səbəbini bilmirdi. 4-5 dost bir kafedə görüşüb xeyli gap elədik. Hesabı ödəyib çıxdıq. Mən qabaqda gedirdim. Kafenin  qapısında cibimə bir əlin uzandığını hissetdim. Diksinib əli bərk-bərk tutub geri çevriləndə borcu olan dostumla göz-gözə gəldim. Uca bir az da ittihamedici səs tonuyla soruşdum:
 
- Bu nədi qoyursan cibimə?  
 
- Bu nədi qoyursan cibimə? Bütün yaxındakılar dönüb bizə baxdı. O an dostumun baxışları şillə kimi üzümə dəyib diksindirdi məni.  Ozümə gələndə utancımdan girməyə yer axtarırdım. Elə dostumun da vəziyəti məndən geri qalmırdı. Adam xəyalqırıqlığı içində ağır-addımlarla məndən bir neçə metr qabaqda irəliləyirdi. "Filankəsin cibinə narkotik atıb tutdular" O anda bu  lənətə gəlmiş cümlə niyə, hardan ağlıma gəldi axı?... Bu sualın cavabını düşünə-düşünə cibimə sıxışdırılmış əlliliyi ovcumda tanınmaz hala gələnə qədər sıxmışdım.  
 
Siz bu hadisəni beyninizdə ekranlaşdırmaqda olun, mən keçim başqa bir hekayəyə. 
 
Dubl 2
 
Az-maz ictimai çəkisi olan bir dostumla həyat yoldaşı valideyn olmaq qərarına gəliblər. Bu məqsədlə  həkim müayinəsindən keçmək üçün üz tutublar bir xəstəxanaya. Həkim ilkin olaraq kişini spermoqramma analizinə göndərib. Dostum əlindəki  qabla girdiyi otaqda əvvəlcə kamera olub-olmadığını dəqiqləşdirmək üçün xeyli vaxt xərcləyib. Axtardığını tapmasa da, məlum prosessə başlayanda hər ehtimalı qarşı əlindəki qabı xüsusi göstərişlə tutub. Bir gün onanizm  videosunun yayılması təlaşıyla...
 
Biz də sizin kimi, aramızda bu söhbəti edəndə xeyli gülmüşdük. İlk baxışda komik təsiri bağışlayan bu hadisənin bir az ötəsinə gedin, baxın görün vəziyyət gülməlidir, yoxsa...
 
Dubl 3
 
Bu yaxında  Türkiyədən gəlirdim. Ankara- Bakı uçaq biletlərinin bahalığını bəhanə edib hər dəfə Ankaradan Iğdıra uçub, ordan yolüstü doğma Naxçıvan torpaqlarına da qədəm basmaq keçir qəlbimdən. 
 
Bu dəfə də  yavru vətən sevdasıyla  Iğdır hava limanında uçaqdan endim. Çiynimdəki çantalarımın ağrlığından önümə əyilmiş başımın müşadəsilə gəlib çıxdığım keçiddə qulağıma  güllə kimi  çaxılan bir cümlədən varlığım titrədi. “Silahınız ve evraklarınız lütfen”. Udquna-udquna qayıtdım ki, nə silahı? Özümə gəlib,  arxada qoyduğum qapının üzərində  "Silahların yoxlanılması" yazısını oxuyub yanlış qapıya yaxınlaşdığımı görənə kimi  şimşəklər çaxan beynimə bir anda min cür fikir gəldi. 
 
Məşum qapıdan çıxıb tüpürdüm dabanıma...
 
 
Dubl 4
 
Hava limanından çıxıb yerli taksilərdən biriylə naxçıvanlı taksistlərin hər gün gedib gəldiyi Iğdır şəhər mərkəzinə  getdim. Taksidən enər-enməz bir həmyerlim  qulaq oxşayan ləhcəsiylə şığıdı üstümə. Çoxbilmiş görünmək üçün tez qiyməti soruşdum. Dəqiq yadımda deyil, deyəsən 10-15 manat dedi. Razılaşdıq. Çantalarımı da götürüb düşdü qabağa. Bir xeyli getdik.  Adam çantaları yerə qoyanda elə bil başımdan bir qazan qaynar su tökdülər. 
 Yeyilmiş təkərlərin çiynində tabutu andıran bir QAZ 24.  Dövrü-qədimdən bu tabuta oxşayan maşından zəhləm gedir. 
 
Üz-gözümü turşudub taksi şoferinə baxdım... Zaman öz fırçasıyla şoferin yaşamını üzündə elə məharətlə əks elərmişdi ki, adam lap həyatın yerinə xəcalət çəkmək istəyirdi.  Olan olmuşdu, kövrəlməyin yeri yoxdu. Maşının qapısını açdım keçib oturam, növbəti surprizlə qarşılaşdım. Yalan olmasın,  adam bir kamazın yükünü yükləyib maşına. Qabaqda bir nəfər oturmuşdu. Arxaya da bir təhər mən sığışdım.  Bir az getmişdik ki, növbəti mağazanın qarşısında şofer  maşını saxlayıb- çörək  almağı unutmuşam, beş dəqiqəyə  gəlirəm, deyib, hardasa 15 dəqiqə bizi gözlətdi. Qayıdanda  bizə də xeyli su, meyvə şirəsi filan almışdı. Bu jestini bizi gözlətməsini təlafi etmək üçü etdiyini düşünsəm də, açığı, xeyli təəsirləndim. Gördüyüm bütün taksi şoferləri həmişə simic olub.   Yenə   içimdə insanlıq adına böyük ümidlərin yaratdığı kiçik qığılcımlar  fürsəti fövqə verməyib  közərdi.  Yol boyu maşındakı  ərzaqların iyindən başım çattayırdı. Yuyucu tozları , toyuq,  sabun, çörək, nə bilim, aqlınızıa gəlib-gələ biləcək hər şey. Adam araya salıb, bir üzrxahlıq da etdi:
 
- Bacı, sizin bəxtinizdən bu gün yola ən zay maşınla çıxmışam.
 
Analamadığımı görüb əlavə etdi.
 
 - Kənddə sən bəyənən bir evim var idi. Uşaqlar da böyüyür, dolanışıq  çətinləşirdi. Gömrükdən də bir maşına ancaq həftədə bir dəfə keçməyə icazə verirlər. Baxdım olmur, evi satıb beş dənə yüngülvari maşın aldım. İndi həftə içi hər gün gedib gəlirəm. Hər gün bir maşınla... Həm müştəri götürürəm, həm də Iğdırdan ərzaq gətirib verirəm rayondakı mağazalara... Belə bir təhər başımızı dolandırırıq. 
 
Adamın  danışdıqlarının qarşısında deməyə söz tapammadım. Xeyli hıqqındıqdan sonra qayıtdım ki, zarafat deyil ey, qapında beş maşının var, day nə istəyirsən?! Yolboyu belə qısa uğursuz zarafatlarla, bəzənsə  yorğun gülüşlərlə adamın ailə saxlamaq üçün fantastik işlərdən çıxma hekayələrin dinləyə-dinləyə normal maşınla 2 saata gələcəyimiz yolu 4-5 saata gəlib çatdıq Sədərək gömrüyünə.
 
Maşını saxlayan  şofer bir neçə balaca ərzaq torbasını götürüb gömrükçü gədələrə tərəf götürüldü. Hərəsinə bir şey almışdı... 
 
Maşında olanda  danışırdı ki,  hər dəfə gedib-gələndə gömrükçülər  nəsə tapşırırlar, çox vaxt da pulunu vermirlər heç: " Əşşi, qada-balam olsun, almaram hər gün gedib-gələndə bir hoqqa çıxarıb məni incidərlər”
 
Biz  maşından düşüb pasport yoxlamasına girincə bu  da maşındakı ərzaq çantalarını daşıyıb  gətirdi içəri. Yaxınlaşıb sakitcə qulağımıza pıçıldadı ki, xahiş edirəm, bir yerdə keçək, içəridə mənim veşlərimin yarısınıı da sizə aid olduğunu deyin. 
 
Aman allah, bu veşlərin yoxlanması azı bir saat çəkəcək deyə düşündüm. Rəhmətliyin oğlunun aldığı iki qurtum suyun da əsl məğzi mənə indi çatdı. 
 
Guya bu oyunlara nə gərək vardı?!  Gömrükdəkilər də yaxşı bilirdilər ki, veşlərin bizə aydiyyatı yoxdu. Yenə də biz üzərimizə düşən rolu icra elədik.  Gömrükdən keçib digər yol-yoldaşımla maşına yaxınlaşdıq. Bir az aralıda gömrükçülərlə çənə-boğaz olan şofer gəlmək bilmədi. Axırda qanı qara halda gəlib maşının qabaq oturacağını qaldırıb içindən bir torba çıxarıb apardı. Bir azdan qayıdıb gəldi. Sükanı işə salanda güzgüdə üzündəki ifadəni görmək lazım idi. Əsəbdən dodaqları əsirdi. Ehtiyatla nə baş verdiyini soruşdum. 
 
- Oğraş! Ən yaxın yoldaşımdı e, özü də. Hamımız bu yollarda bir tikə çörək üçün can qoymuruqmu? Ailəmizdən çox bir-birimizlə bir yerdə oluruq. Axı niyə bu əclaflığı edirlər, anlamıram. Olmasın 8 kq ət. Vallah bunlara bir az hörmət edib bu əti keçirdə bilərdim. Ama məsələ ətdə deyil e...  Niyə dost-dosta bu şərəfsizliyi eləsin ki?! Toyuq əti ilə mal ətini artıq gətirməyə icazə yoxdu. Mən də 8 kq əti burda maşında gizlətmişdim. İçəridə torbaları yoxlayanda dedilər: ət hanı? Ət gətirmədiyimi dedim. Dedilər: yalan danışma, get əti gətir. 8 kq ət almısan. Hardan bildiklərini soruşdum, gülə-gülə qayıtdılar ki, kimin yanında aldığını bilmirsən?  Bacı, bu gömrükdə hər gün nə oğraşlıqlar görürük, təsəvvür edə bilməzsiz. Bu vicdansızlar da bunu mənə ona görə dedilər ki, sabah da mən gəlib onun haqqında "sukalıq" edim. 
 
Sözlər şoferin ağzından  insanlığa dair son ümidlər kimi tökülürdü.  Bizdən çox özüylə danışan bədbəxt anidən maşını saxlayıb dedi:
 
- Üzrlü sayın, gedə bilmirəm, əsəbdən əllərim əsir. indi sizi yola salacam gedəssiz.  Onu  anlamamaq əldə deyildi.  Asan deyil axı, ortada "adam  itkisi" var...
 
Yaxınlaşıb yoldan bir taksi saxlatdı. Çıxardıb yol pulumuzu da verib bizi başqa taksilə yola saldı. Maşına oturanda dönüb baxdım, özü kimi sınıq-salxaq volqasının açıq qapısına söykənib siqaret çəkirdi. ..
 
İtə-itə, itirə-itirə  gedirik...
 
İçimizdəki sonuncu insan sevgisinin, dostluğun, etibarın, axırına çıxmağa and içən bir sistemin hakimiyyəti altında yaşamanın nəticələridi bütün bunlar.  Üzərindən düşünən baş, görən göz, danışan dil, cibindən narkotik aşkarlanan  azərbaycanlı, məhkəmə salonlarında bir-birinin üzünə durdurulan dost-tanışlar, insanların yataqlarına qədər soxulmuş videokamera xəbərlərinin alt şüurumuza ötürdüyü mesajlar öz bəhrəsini verməyə başlayır. 
 
Psixologiyası bu hala salınmış bir xalqın  bütün yaşamı elə özü başdan ayağa film deyilmi? Roman yazmaq üçün göylərlə əlləşməyə, kino çəkmək üçün hıqqınmağa, xaricdən bir sürü insanı yığıb aylarla ölkədə barındırmağa nə gərək var? Bizi-bizdən yaxşı kim anlaya, yaza, yarada, oynaya bilər? 
 
Sona Yaqubova
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade