Nərmin Kamal: Kimin anasıdır Azərbaycan?

Публицистика

 
 
Hər həftəsonu mən uşaq arabası sürə-sürə bu tənha ərazidə peyda oluram, balaca uşağımı gimnastika dərsinə aparıram.
 
Bu həftə adətim üzrə Richmond Gimnastika Assossasiyasına girib qapını təzəcə örtmüşdüm ki, gimnast müəllimlərdən biri mənə yaxınlaşdı: “Burda dedilər ki, sən Azərbaycandansan. Mən yayda ora gedəcəyəm, Bakıda Avropa Olimpiya Oyunları olacaq”. Pahoo. Nə yaxşı. Biz hamımız elə o barədə danışırdıq. Gəlib öz ayağımla məbədə girmişəm ki.
 
Bildiyiniz kimi
 
Gənclər və idman naziri mətbuata açıqlama verərək, Olimpiya Oyunlarına 50 ölkədən qatılacaq 5 min nəfərdən artıq idmançının aviabiletlərinin alınması, Azərbaycan otellərində qalması, gəzib-dolanması, yeyib-içməsi və başqa xərclərinin Azərbaycan tərəfindən ödənəcəyini deyib.
 
Təkcə idmançıların gəlişinə 2 yüz milyon, ümumi tədbirin təşkil olunmasına 8 milyard dollar xərcləndiyi haqda yazır xarici və yerli mətbuat.
 
Həmsöhbətim dedi ki, Bakıda iki həftə qalacaq və doğrudur, aviabiletdən tutmuş ən xırda xərclərə qədər təmin olunacaq, çıxışına görə qonorar alacaq.
 
Və mən xatırladım
 
2006-cı ildə gənc aspirant idim, İspaniyada yaxşı bir akademik tədbirə getməliydim. Getməsəm də olardı, amma getsəm lap yaxşı olardı. 
 
Kalkulyator dedi ki, həmin səfər mənə minimum iki min manata başa gələcək.
 
Gizlincə fikirləşdim ki, şəxsi işimə yox, aspiranturayla bağlı fəaliyyət üçün getdiyimə görə, heç olmasa təyyarə biletinin pulunu Akademiya ödəməlidir.
 
Yəqin ki, dövlət onlara beynəlxalq əlaqələr, konfranslar, səfərlər üçün büdcə ayırır. Ancaq səhv edibmişəm. Akademiya Gənclər və İdman Nazirliyinə məktub göndərdi, mənim üçün təyyarə bileti istədi.
 
Nazirlik, - indi Avropa Olimpiya Oyunlarını təşkil edən nazirlik – cavab verdi ki, gənc aspirant getsin tədbirə, qayıdandan sonra təyyarə biletini atmasın, saxlasın, təqdim eləsin bizə, biz biletin pulunu verək.
 
Amma mən balaca bir oruc saxlayırdım. Bu oruc yemək-içmək orucu deyildi. Hakimiyyətdən pul almamaq, ayrı-ayrı məmurlara məxsus, maliyyə mənşəyi bilinməyən media orqanlarında işləməmək kimi qaydaları olan oruc idi. Nazirlikdən təyyarə bileti alsam, mənim orucum pozularmı?! Bu gün də bu sualın cavabı mənə aydın deyil, amma həmin vaxt “Pozulmaz” dedim öz-özümə.
 
Getdim həmin ölkəyə, tədbirə, qayıtdım, təyyarə biletimi zərfə qoyub göndərdim Nazirliyə. Zəng edib məni çağırdılar, təyyarə biletinin pulunu verdilər və nazirin adına belə bir təşəkkür ərizəsi yazmağımı istədilər:
 
“Hörmətli nazir, filan ölkəyə filan akademik məqsədlə filan tarixdə etdiyim səfər üçün mənə Nazirlik tərəfindən 470 manat təyyarə pulu verildiyinə görə sizə təşəkkür edirəm”. Mən də yazdım.
 
Sonra eşitdim ki, nazirlik xaricə tədbirlərə gedən başqa gənclərə də bu cür təşəkkür məktubu yazdırır. Kontrast, idman və elm tədbirinə, xarici və yerli vətəndaşa münasibət arasındakı kontrast xeyli kədərlidir.
 
Bayırda isə Hearse – dəfn bürosunun çiçəklə bəzədilmiş uzun siyah maşını kilsədən krematoriyaya bir ölü can gətirirdi. Gözəldir qəbirstanlıqlar arasında oturmaq və olimpiya, qələbə, pul haqda dünyəvi söhbətlərə dalmaq.
 
BBC Azeri
Kultura.az | Developed by Samir Yahyazade