Mən erməni uşağını öldürməyəcəm!

Публицистика

 
Ötən həftə xalqımız Xocalı faciəsinin 23-cü ildönümünü qeyd etdi. Yerli televiziyalarımız əvvəlki illərdə düzüb-qoşduqları banal verilişləri arxivdən çıxarıb yenidən göstərdilər; hadisə şahidlərini danışdırdılar; bu kövrək insanları bir də ağlatdılar; ağladıqca onların yaş süzülən kədərli gözlərini iri planda verməyi də unutmadılar; bu insanların qəhərdən nitqləri tutulanda isə fona ağlamalı musiqilər qoydular; qısası, öz riyakar xislətlərinə sadiq qalaraq insan faciəsindən şou düzəltməyə çalışdılar; saytlarımızın səhifələrini “Filan şəhərdə Xocalı faciəsi belə anıldı” janrında xəbər başlıqları bəzədi. 
 
Bütün bunlar haqqında danışmağa dəyməz. Mən məsələyə bir az fərqli, yəni daha praqmatik yanaşmağın tərəfdarıyam...
 
Heç şübhəsiz, Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş ən iyrənc cinayətlərdən biridir. Bu cinayətdə rolu olan hər kəs öz layiqli cəzasını almalı! 
Di gəl ki, belə hüquqi məsələlərlə sadə xalq, siravi vətəndaş məşğul olmamalı. Xocalı hadisəsi ilə bağlı bütün faktlar toplanıb ən ali səviyyədə beynəlxalq təşkilatlara, tribunallara təqdim edilməlidir. (Hörmətli oxucu, məlumatım var ki, bu yöndə müəyyən işlər görülür, narahat olmağa dəyməz) Praktika göstərir ki, bu qurumlar cəza vermək iqtidarındadırlar. (S.Miloşoviç əhvalatını xatırlayın) 
 
Honduras kimi beynəxalq siyasətdə ortabab yer belə tutmayan bir ölkənin parlamenti Xocalı faciəsini “soyqırım” adlandırsa, nə olacaq, adlandırmasa, nə olacaq?! 
Keçək mətləbə. İndi danışacağım əhvalatı mənə bir tanışım nəql edib. Təxminən, bir il bundan əvvəl. Deyir, qızım birinci sinifdə oxuyur. Son günlər uşaq özünü qəribə aparmağa başlamışdı: durduğu yerdə səksənir, heç bir səbəb olmadan ağlamağa başlayırdı. Bir də görürdün, gecənin bir vədəsi yuxudan dik atlıb cumur üstünüzə... Gecələr tək yatmağa qorxurdu. Halbuki 2 yaşından bəri onu tək yatmağa öyrətmişdik. Lakin indi gərək gözünə yuxu gedənədək başının üstündə keşik çəkəydik. Bir dəfə soruşdum ki, qızım, nədən qorxursan sən belə? Deyir, qızım ağlamağa başladı və qorxa-qorxa soruşdu: 
 
-Ata, ermənilər bura gəlib çıxa bilərlər?   
 
Uşağı dilə tutdum, məlum oldu ki, bir-neçə gün öncə, Xocalı faciəsinin ildönümü günü müəllim sinifə proyektor gətirib, Çingiz Mustafayevin çəkdiyi o dəhşətli kadrları nümayiş etdirib. Uşaqları məcbur edib ki, hamı o kadrlara baxsın... Yollandım məktəbə, etiraz etdim. Mənə dedilər ki, bunu tədris proqramı bu cür tələb edir...
 
Neçə ildi, həmin kadrları təkrar-təkrar göstərə-göstərə bir öz uşaqlarımıza, yetişən nəsilə bircə şeyi təlqin edirik: ermənidən qorx! Qorx! Qorx! Vəssalam. 
Doğrudanmı, biz anlamırıq ki, həmin kadrlar uşaqlarda vətənpərvərlik, düşmənə nifrət hissi aşılamaq iqtidarında deyil. Doğrudanmı, biz anlamırıq ki, bu kadrlar yalnız və yalnız qorxu təlqin edir. Bu yaşda hətta mənim özüm belə o kadrlara soyuqqanlılıqla baxa bilmirəm. Gəlin, düşünək, bu dəhşətli səhnələr heç nədən xəbərsiz, o ürkək varlıqlara- məktəb yaşındakı uşaqlara necə təsir edir. Onların psixologiyasında hansı izləri buraxır. Niyə biz öz uşaqlarımızı şikəst edirik?! Niyə bizim uşaqlar belə psixoloji travmalarla böyüməlidirlər?! Axı bizim məqsədimiz nədir?!
 
Yadımdadır, məktəbdə oxuyarkən hanısısa dərslikdə bir rəsm var idi: saqqallı, əyriburun bir erməni 2-3 yaşlı bir qız uşağını diri-diri tonqala atmağa hazırlaşırdı. İllər keçib, indi də mən “erməni” sözünü eşidəndə o səhnə gəlir gözümün önünə. Mən ermənidən qorxuram! Bəli, qorxuram! Çünki mənə- bizə ermənidən qorxmağı öyrdiblər. 
 
Ümumiyyətlə, bizim tərbiyə sistemi bircə şey aşılamaqla məşğuldur: Allahdan qorx! Polisdən qorx! Cindən qorx! Şeytandan qorx! Həkimdən qorx! Böyükdən qorx! Atadan qorx! Qorx! Qorx! Qorx! “Bax yeməyini yeməsən, həkim gəlib iynə vuracaq!”, “Allah baba adamın gözünü tutar...”, “Polis gəlib aparar..”, “Yat, yoxsa, xoxan gələr..” vəs. 
 
Bütün bu qorxularla böyüyən insandan nə gözləmək olar?! Heç nə! Qorxaq və psixikası zədəli zombi sürüsü...
 
Niyə biz uşaqlarımıza sevgi aşılamaq əvəzinə, onları nifrətlə böyüdürük? 
 
Niyə biz bir xalq olaraq yalnız nifrətlə silahlanmışıq. Axı içi nifrətlə dolu olan bir cəmiyyət xoşbəxt ola bilməz! Erməni xalqına nifrət etmək bizə nə verir? Bu, bizi güclümü edir? Niyə biz bütün enerjimiz və zamanımız daha gözəl şeylərə sərf etmirik?
 
Gürcü ataların bir sözü var: “Qonşunu seçmirlər, qonşu ilə dost olurlar.” 
 
Azərbaycanla Ermənistan müharibə şəraitindədir. Sabah müharibə başlasa, döyüşə gedəcəyik. Vuruşacağıq. Müharibə qanunlarına görə düşmənin əsgərini öldürəcəyik. Bu normaldır, qanunlar bunu tələb edir. Mən bundan danışmıram. Mən bizim qisasçılıq ehtirasımızdan danışıram. Biz düşünürük ki, Xocalı hadisələrinə görə erməni xalqından qisas almalıyıq. 
 
Doğrudanmı, siz 3 yaşlı erməni qızını zorlamağa, gözünü çıxarmağa hazırsız? 
 
Axı biz bunu pisləyirik, vəhşilik adlandırırıq. Doğrudanmı, siz vəhşilik etməyə hazırsız?! Əlbəttə yox! Azərbaycan insanı bu cür davrana bilməz! İnanın mənə, bacarmarıq. Çünki biz vəhşi deyilik. Sabah yenidən müharibə başlasa, qızğın döyüşlər davam etsə, biz özümüzü sivil insanlar kimi aparmalıyıq. Uşaqlara, yaşlılar mərhəmət göstərməliyik. Dünyaya sübut etməliyik ki, biz sivil cəmiyyətik. Axı biz doğrudan da beləyik. 
 
Qoy bəşəriyyət bizim bu davranışımız qarşısında mat qalsın. 
 
Qoy Xocalı faciəsində əli olanlar beynəlxalq tribulanlarda cavab versinlər, qoy bu məsələ ilə böyüklər məşğul olsunlar. Xahiş edirəm, uşaqları bu iyrənc oyuna qatmayın. Uşaqların uşaqlığı əllərindən almağa heç kimi haqqı çatmır...
 
Heç bir müqəddəs zəfər bir məsum  körpənin göz yaşlarından daha dəyərli deyil!
 
İkinci Mahmud
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade