Bataqlıq cəsədləri

Публицистика

 
Harada olmasından, vəzifəsindən, maddi imkanından asılı olmayaraq, bu nə möcüzədir ki, qırx-əlli yaşı keçənlər ancaq forma olaraq yaşamlarını davam etdirirlər? Son illər bu haqda çox yazılıb, çox münasibətlər pozulub, çox təqaüdlər kəsilib, çox istefalar olub, çox başlar yarılıb. Yox, yanlış anlaşılmasın, qocalar istefa verməyib, onların təqaüdü kəsilməyib, kimsə onlardan küsməyib. Əksinə, qocalar onları formadan məzmuna dəvət edən gənclərin başına oyun açıblar. Amma neyləsələr də, xeyri yoxdur. 50 yaşlı taksi sürücüsündən 70 yaşlı xalq yazıçısına, Elmlər Akademiyasının 80 yaşlı alimindən 60 yaşlı elektrik ustasına qədər əksəriyyəti müqəvvaya çevriliblər. Həm də elə-belə müqəvvaya yox, məhz bizi qorxudub-hürküdən müqəvvaya. 
 
 Təbii ki, ciddi tarixi, psixoloji, genetik, antropoloji səbəbləri var bunun. Sirr filan deyil. Elə bu səbəbləri dilə gətirib həqiqəti söyləyən gənclər çox yaxın bir keçmişdə əbədi düşmən, vətən xaini elan olundular. O gənclərin özləri indi artıq kritik yaş həddindədirlər. Bəzilərinin həddi keçməsinə gərək qalmadı, tezliklə tənqid etdiklərindən betər olduqlarını göstərdilər. Bəziləri isə hazırda son raundlarda hələ də mübarizə aparırlar. 
 
Əslində, problem tək qocalarda deyil, hamımızdadır. Problemləri də, yəqin ki, bilirsiz, sadalayıb uzatmayaq. Sadəcə, qocalar özləri haqqında bir mif uydurub və özləri də bu mifə inanıblar. Ki, biz vaxtilə daha yaxşı təhsil almışıq, daha yaxşı qidalanmışıq, daha yaxşı mütaliə etmişik, daha yaxşı gəzmişik, nəticədə biz hamıdan ağıllıyıq. Ona görə də buna etiraz edib əksini sübut etmək istəyəndə, qəzəb püskürürlər. Təzə küt cavanların isə belə bir iddiası yoxdur. Daha doğrusu, iddia sözünün mənasını bilmirlər, bilsələr, bəlkə də iddiaları olardı. Onlar üçün sürməyə maşın, fırlanmağa qız, gəzməyə qərib ölkə, atalarını basdırmağa qəbiristanlıq, pul qazanmağa iş olsun, kifayətdir. Saytlarda eşələnən, qoltuğunda kitab gəzdirən bir neçə nəfərdən başqa, heç nəsə bildiklərini də iddia etmirlər. “Qaqa, açığı mənim oxumaqla heç aram yoxdur da, səbrim yoxdu ee oxumağa, universiteti birtəhər yola verdim, pulla-tapışla”. Nə qədər insan var, belə utanıb-qızarmadan, fəxrlə etiraf edir. Amma bir az yaşlılardan soruşun. Xalq Təsərrüfatı İnstitutuna bir kisə pulla girib, pulla oxuyanların indi boynuna qoymaq olmur ki, sənin dünyadan xəbərin yoxdur, heç nə bilmirsən. Əksinə, oturub-durub eyni şeyi deyirlər: “İndiki cavanlar oxumurlar, bizim vaxtımızda oxuyurduq, hələ də  yadımdadır, Borodino döyüşü 1812-ci ildə olub”. Əksəriyyətində eyni avaz, eyni nəğmə. Mütaliəsiz, dünyadan xəbərsiz, mənasız adamlar. Həyatımızı bu mənasız adamlar idarə edir, əvvəlcə ailədə, sonra da toplumda. 
 
Bu yaşlı nəslin nümayəndələrini görəndə, onlara qulaq asanda, haqlarında eşidəndə yadıma heyrətamiz bir təbiət fenomeni olan bataqlıq cəsədləri düşür. Məlumatsız olanlar üçün yazım: Şimali Avropada, əsasən Almaniya, Böyük Britaniya, Hollandiya və Danimarkadakı bataqlıqlarda 18-ci əsrdən bəri ara-sıra cəsədlər tapılır. Bu cəsədlərin özəlliyi ondadır ki, onların yaşı 500, 2000, 10 000 il olsa da, demək olar ki, bütöv qalıblar. Bir az dərilərinin rəngi yanıb. Yəni təbii mumiya. Səbəbi odur ki, bataqlıq bitkilərinin çürüntüsü xüsusi torf əmələ gətirir və bu torf bakteriyaları öldürür, hansısa səbəbdən bataqlığa düşüb ölmüş, ya da ölüb düşmüş insanın hüceyrələrini isə salamat saxlayır. Bəzən ürək, mədə-bağırsaqlar da tam qalır. Bəzi cəsədləri tapanlar əvvəlcə təzəlikcə ölmüş olduğunu düşünüblər. Amma bir məsələ də var: bataqlığın tərkibində olan kəskin üzvü maddələr cəsədin sümüklərini əridir. Nəticədə, içi boş forma qalır. Bəzi cəsədlər bataqlığın ağırlığına dözməyərək sıxılıb tamam əzilir, amma üstdən baxanda insan formasını saxlamış olur. 
 
Necə də bizi xatırladır. Yuxarıdan baxanda insan fiqurunda görünən  məxluqlar.  Ruhu məhv olmuş, ayaq üstə ölmüş, amma forması qalmış qocalar. Və onlardan daha pis sonluqla üzləşən: sümükləri də getdikcə əriyən, bir azdan bataqlığın ağırlığa dözməyib tamam əziləcək olan indiki gənclər. İndiki qocaları bu vəziyyətə salan və bizi də əzəcək olan bataqlıq bizim toplum, ruhumuzu öldürən, sümüyümüzü əridən maddələr isə bilərəkdən və bilməyərəkdən içinə düşdüyümüz və ya salındığımız cəhalət, tabular, kölə xisləti, tənbəllik, laqeydlik...Maddələr çoxdur. Zövqə və cəsarətə görə əlavə edə bilərsiniz.  
 
Rəşad Səfər
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade