Boris Qubman: Tarixə Qarşı Qiyam

Публицистика

 

Müasir dünyanın, o cümlədən Qərb cəmiyyətinin inkişafındakı ziddiyyətli meyllər Frankfurt məktəbinin Teodor Adorno, Herbert Markuze, Maks Horkhaymer və s. kimi nümayəndələrinin tarixin mahiyyətinə dair baxışlarına ciddi təsir göstərmişdir. "Tarixə qarşı qiyam", insanın getdikcə daha çox əsarətə alınmasına aparan bir proses kimi tarixin inkarı onların əsərlərinin fərqləndirici cəhətini təşkil edir. Bu əsərlər 1960-cı illərdə "yeni solçular" adlanan gənclər hərəkatı nümayəndələrinin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır, bu gün də Qərbdə yeni yaranan fəlsəfi təlimlərə və kütləvi şüura müəyyən təsir göstərməkdə davam edir. Həm kapitalizmi, həm də sosializmi qəbul etməyən Frankfurt məktəbi nümayəndələri tarixi son dərəcə pessimist, "tərəqqiyə zidd" bir şəkildə mənalandırır və tarixin "dəf olunması", insanın öz mövcudluğunun ilkin təbii əsaslarına qayıdışı ideyasını irəli sürürlər. Belə bir dəyərləndirmədə isə tarixin yeganə "dərsi" bəşəriyyətin ictimai inkişafının tam mənasızlığı olur.
 

Frankfurt məktəbi tarixin vahid substansional əsasını axtaran klassik Qərbi Avropa fəlsəfəsindən uzaqlaşaraq, onun konstruksiyalarını "tənqidi" ifşaya ehtiyacı olan uydurmalar (fiksiyalar) adlandırır. Adorno yazırdı: "İdeologiya – Nitşenin Zərdüştü kimi özündən həzz alan və nəyin bahasına olursa-olsun, özü üçün mütləqləşən ağıldan ötrü darıxmaq deməkdir".1 Adorno Hegelin sistemini Qərbi Avropa fəlsəfi-tarixi fikrinin ideoloji uydurmasının ən parlaq nümunəsi sayırdı. Onun fikrincə, Hegel mütləq ideyanın ümumdünya tarixində yürüşünü təsvir etməklə, son nəticədə mövcud reallığın sarsılmaz əsaslarına bəraət hazırlamışdır. Adorno tarixə ekzistensial yanaşmanı da qəbul etmir. Onun mövqeyinə görə, tarixin vahid mənəvi başlanğıcının axtarışından əl çəkən və ictimai həyat hadisələrinin rəngarəngliyini insan varlığının spesifikası ilə izah edən bu yanaşmada reallığa insan mövcudluğunun mücərrəd şəkildə quraşdırılmış və birdəfəlik müəyyən olunmuş modeli zorla qəbul etdirilir; bu da əslində ideoloji illüziyadan başqa bir şey deyildir. 2
Adorno və Frankfurt məktəbinin digər nümayəndələri özlərinin "tarixə qarşı qiyam"larında Qərb fəlsəfi-tarixi şüurunun stereotiplərindən imtina edərək, "tənqidi nəzəriyyə" adlandırdıqları təlim işləyəib hazırladılar. "Tənqidi nəzəriyyə" bəşər tarixinin bütün əvvəlki qüsurlarını aşkara çıxarmaq və onu "dəf etmək" yollarını göstərmək məqsədi daşıyırdı. Bu nəzəriyyədə tarixi prosesin mahiyyətini açmaq və müasir insanın böhranının səbəblərini, onun yaranma mexanizmini izah etmək baxımından "ağlın repressivliyi" ideyası mühüm yer tutur.


Frankfurt məktəbi nümayəndələri ümumdünya tarixinin məzmununu təhlil edib onun bütün fəlakətlərini "ağlın şişirdilməsinin" (hipertrofiyasının) ayağına yazırdılar. Onların fikrincə, əzəldən "burjualıq virusuna" tutulmuş ağıl fərdin ictimai varlıq sferasında getdikcə dərinləşən özgələşməsinin əsas səbəbkarıdır.


"Ağlın repressivliyi" mövzusu Frankfurt məktəbi nümayəndələrinin əsərlərində müxtəlif variantlarda qoyulmuşdur. İkinci Dünya Müharibəsindən az sonra Adorno və Horkhaymerin "Maariflənmənin dialektikası" kitabı işıq üzü gördü. Bu kitabda məhz "ağlın repressivliyi" mövzusu bəşəriyyətin XX yüzillikdə düçar olduğu böhranın tarixi kökləri barədə söhbətin əsas leytmotivini təşkil edir. Frankfurt məktəbinin bu iki aparıcı nümayəndəsinin kitabına ağlın yaxınlaşmaqda olan təntənəsi barədə liberal-optimist təsəvvürlərə ciddi zərbə vurmuş müharibə dəhşətləri və faşizm üzərində düşüncələrdən qaynaqlanan pessimist ruh hakimdir. Adorno və Horkhaymerə görə, tarix heç şübhəsiz, insan ağlının nailiyyətlərinin möhürünü daşıyır. Lakin Hegel kimi, tarixdə əqli başlanğıcın proqressiv açılışını nəzərdə tutan hansısa məna görmək mümkündürmü? Frankfurt filosofları bu suala mənfi cavab verirlər. Onlar bununla razılaşırlar ki, insan ağlının meydana gəlməsi dünya tarixinin xüsusi mərhələsini təşkil edir. Lakin "həyat fəlsəfəsi"nin tərəfdarları kimi, Adorno və Horkhaymer də ağlı yalnız insanın ətraf mühitə uyğunlaşmasına və təbiəti cilovlamasına xidmət edən spesifik orqan sayırdılar. Ağlın məhsulları, təbii aləmi mənimsəmə vasitələri onların yozumunda ayının öz mövcudluğunu saxlaması üçün zəruri olan dişlərinə bənzəyir. Və əlbəttə, ağlın tarixdə proqressiv açılışından və onun labüd şəkildə insanın azadlıq səviyyəsinin yüksəlişinə gətirib çıxarmasından heç söhbət gedə bilməz. Frankfurt nəzəriyyəçilərinə görə, "ümumdünya tarixinin, Hegel etdiyi kimi, azadlıq və ədalət kateqoriyalarının perspektivi zəminində quraşdırılması özünəməxsus ədabazlıq təsiri bağışlayır".3 Onlar haqlı olaraq, bəşər övladının daimi kamilləşməsinin labüdlüyü barədə Hegelin də mənimsədiyi maarifçi ideyasını tənqid edirdilər, lakin eyni zamanda ultrapessimist müddəalarla tarixi hər hansı proqressiv ölçüdən büsbütün məhrum edirdilər.


Bütün əvvəlki tarixin mənasız, insanlara yalnız fəlakət və iztirab gətirən bir şey kimi tənqidi, təbii olaraq, günahkar axtarışını da nəzərlə tutur. Adorno və Horkhaymer belə bir günahkar kimi ağlı göstərirdilər. Onlar dünyanın ardıcıl rasionallaşmasını "maariflənmə" adlandırır və bunun təkcə insandan kənarda deyil, onun öz daxilində də təbii başlanğıcın əsarətinə gətirib çıxardığını vurğulayırlar. Burada "Maariflənmənin dialektikası"nın müəllifləri Maks Veberin ideyalarından fəal surətdə bəhrələnmiş, lakin onlara maariflənmənin nəticələrini tənqid üçün zəruri olan başqa bir rəng vermişlər. Səciyyəvi haldır ki, onlar "maariflənmə şüurunu" hansısa müəyyən mərhələ ilə bağlamır, onu bəşəriyyətin başı üstünü alan və ona saysız əzablar vəd edən "alın yazısı" kimi nəzərdən keçirirdilər. Lakin meydana gəldiyi andan təbii-həyati başlanğıcı əzməyə, sıxışdırmağa çalışan ağlın ünvanına ittihamlar Maarifçilik dövrü mütəfəkkirlərinin tənqidi ilə eyni zamanda səslənir. Tarixdə ənənənin büsbütün inkarına yönələn məntiq "ağlın repressivliyi" mifinin fəlsəfi-tarixi yozumuna gətirib çıxarır.


Tarixi "total fəallıq" baxımından tənqid edən Frankfurt nəzəriyyəçiləri dünyanın ardıcıl rasionallaşmasını, maariflənməni "hakimiyyət iradəsi" ilə eyniləşdirirdilər. Adorno və Horkhaymer yazırdılar: "İnsanlar hər hansı sahədə hakimiyyətlərinin güclənməsinə həmin sahədən özgələşmə bahasına nail olurlar. Maarif şeylərə insanları idarə edən diktator kimi yanaşır. O, şeyləri onların istifadəyə yararlığı dərəcəsində dərk edir".4 Beləliklə, insan düşüncəsinin ətraf gerçəkliyi dərk etməyə yönəlmiş istənilən cəhdi "hakimiyyət iradəsi"nin təsiri altında onun tabe edilməsinə səy kimi mənalandırılır.
Adorno və Horkhaymerə görə, dünyanın rasional mənzərəsinin yaradılmasına doğru atılmış ilk addım eyni zamanda özgələşməyə doğru hərəkətə çevrilir. Onlar hələ mifoloji şüurda dünyanın rasionallaşması meylini görür və bunun aktiv başlanğıc kimi bəşəriyyətin passiv təbiətə qarşı durmasına səbəb olan özünəməxsus dönüklüklə nəticələndiyini vurğulayırlar. Həmin dönüklük təkcə insanın təbiətə deyil, həm də insanın insana istismarçı münasibətini doğurur. Bununla da fərd özündəki bütün həyati, təbii başlanğıcı "ağlın senzurası"nın köməyilə fəal şəkildə təqib etməyə, sıxışdırıb boğmağa başlayır. Adorno və Horkhaymerin fikrincə, özgələşmə maariflənmənin hiyəlsinə uymuş bəşəriyyətin layiq olduğu universal cəzadır. Beləliklə, "ağlın repressivliyi" ideyası real tarixə qarşı durur və özgələşməni insanın dünyanı dərk etmək və ona yiyələnmək fikrinə düşdüyü vaxtdan onun ayrılmaz cəhəti kimi təqdim edir. Bəşəriyyətin bütün sonrakı inkişafı ağlın aqressiv imkanlarının hədsiz dərəcədə genişlənməsi, artması prosesinə çevrilir və elə buna görə də gerçək tarix öz mənasını itirir.


Ağlı özgələşmə ilə müşayiət olunan "iradə və hakimiyyət"in daşıyıcısı kimi təqdim edən Frankfurt nəzəriyyəçiləri eyni zamanda onun "burjualığı"ndan danışırlar. Onlar ictimai inkişafın bütün mərhələlərini ağlın dağıdıcı "burjualığı"nın təntənəsi işığında təsvir edirlər. "Maariflənmənin dialektikası"na görə, Homerin Odisseyi fəal surətdə dünyaya hakim olmağa çalışan burjua şəxsiyyət tipinin təşəkkülünü əks etdirir. Adorno və Horkhaymer göstərirlər ki, maariflənmə prosesi, dünyanın rasionallaşma dərəcəsinin artması insan varlığının həyati əsaslarının getdikcə güclənən sıxışdırılması, əzilməsi ilə əlaqədardır. Bu məntiq isə təfəkkürün sistemli xarakteri ilə "totalitarizmin" eyniyyəti barədə nəticəyə aparıb çıxarır. Onlar gerçəkliyin sistemli dərkinin istənilən məhsullarını "totalitar" məqsədlərə xidmət edən və insan azadlığını istisna edən "ideologiya" adlandırırlar.5
Adorno və Horkhaymerin şərhində fəlsəfə, elm və texnika ən qorxunc, təhlükəli, bədheybət qüvvələrə çevrilir. "Ağlın repressivliyi" ideyasına əsasən, hələ antik fəlsəfə sonrakı burjua cəmiyyətində şəxsiyyətlə tam manipulyasiya üçün zəmin hazırlayır. Lakin yalnız yeni dövrün fəlsəfəsi, elm və texnikası riyazi cəhətdən "hesablanan" və "funksionallaşan" təbiət obrazını yaradır, buradan isə insan yaradıcılığına və azadlığına yer qalmayan "maşınlaşdırılmış" ictimai orqanizm idealına cəmi bir addım qalır. Beləliklə, Adorno və Horkhaymer bəşəriyyətin bütün fəlakətlərini ictimai həyatda elmi-texniki rasionallıq prinsiplərinin təntənəsi ilə izah edirlər.


Frankfurt nəzəriyyəçiləri belə bir cəhətə diqqət yetirirlər ki, burjua fərdiyyətçilik prinsiplərində özünüinkar impulsu gizlənir; insanın dünyaya hakim olmaq cəhdlərinin nəticələri sivil köləlik zəncirlərinin meydana gəlməsinə səbəb olur. Onlar yazırlar: "Bu gün texniki rasionallıq hakimiyyətin özünün rasionallığıdır. O, özgələşmiş cəmiyyətin cəbr (məcburetmə) qüvvəsidir".6 Renes¬sans¬dan sonrakı dövrdə dünyaya hakim olmaq ruhu üstün gəlmişdir və bu günə qədər də elmi-texniki rasionallıq iqtisadi rasionallıqla yanaşı insanların ən müxtəlif ictimai sahələrdəki fəaliyyətinin başlıca cəhətini təşkil edir. Horkhaymer və Adorno göstərirlər ki, fərd öz əməllərini sırf elmi-texniki və iqtisadi motivlərə tabe etməklə, humanist dəyərləri unutmaq riskinə gedir. Bəşəriyyətin qarşısında dayanan qlobal problemlər isə humanist rasionallığın digər rasionallıq növləri üzərində üstünlük təşkil etməsinin zəruriliyini göstərir.
Frankfurt məktəbinin digər görkəmli nümayəndəsi Herbert Markuze "Maariflənmənin dialektikası"ndakı başlıca ideyaları büsbütün qəbul etməklə yanaşı, tarixin mənasına dair öz versiyasını irəli sürdü. Markuze də bütün əvvəlki tarixi olduqca tutqun boyalarda görür və onu total inkara layiq bilirdi, lakin o, "həyat"la "repressiv ağlın" qarşıdurması kontekstində irəli sürdüyü mülahizələrini neomarksizmlə freydizmi birləşdirmək zəminində qururdu. Məhz bu zəmində o, "yeni hissilik" ideyasını işləyib hazırlamışdı.


Markuzenin fikrincə, Ziqmund Freydin irsi tarixdə "ağlın repressivliyinin" mexanizmini daha dərindən anlamağa imkan verir. Freydə görə, insanın tarixi – onun sıxılması (boğulması) tarixidir. Tarix "insanın təkcə ictimai deyil, həm də bioloji varlığının, yalnız insan mövcudluğunun ayrı-ayrı tərəflərinin yox, həm də onun instinktiv strukturunun boğulmasına xidmət edir".7 Freydin görüşlərində Markuzeni cəlb edən cəhət tarixin insana qarşı yönəldiyini göstərməyə onların imkan yaratması idi. Burada ictimai tarixin hansı konkret mərhələsindən söhbət getməsi əsla mühüm deyil, çünki tarix daim fərdin heç cür nəzarət edə bilmədiyi şeytani bir qüvvə olmuşdur və onun güclü axını fərdin bütün müqavimət cəhdlərini qırıb kənara atmışdır. Markuzeyə görə, istənilən sosial orqanizmin təkmilləşdirilməsi insana yeni-yeni bəlalar gətirir. Beləliklə, ictimai təşkilin istənilən tipi insana düşmənçilik baxımından bütün digər tiplərlə eyniləşdirilir. İctimai həyatın müxtəlif sahələrində yaxşılaşmadan danışmaq olar, lakin onların hamısı çox yüksək qiymətə – fərdiliyin boğulması bahasına alınır, çünki tarix humanist mahiyyətdən məhrumdur.


Freydin təliminin Markuze versiyasına görə, bəşər tarixinin əzəli mərhələsi "həzz prinsipi" ilə "reallıq prinsipi"nin toqquşmasıyla əlaqədardır. İnsan özünün ilkin, hələ sıxışdırılmamış istəklərində hər hansı şəkildə ləzzətə, həzzə can atan bir varlıqdır, lakin təbii və ictimai mühit buna mane olur, onu öz arzularını boğmağa vadar edir. "Həzz prinsipi" tamamilə ləğv edilmir, lakin o, tarixi insanın ilk addımı ilə məcburi şəkildə məhdudlaşır. Məhz həmin addımda fərdin azad inkişafı ilə özgələşmənin, mədəniyyət və sivilizasiyanın qarşıdurması qabaqcadan müəyyənləşir. Beləliklə, freydizm Markuzeyə "ağlın repressivliyi" ilə mübarizə və onun ümumdünya tarixində tənqidi üçün geniş imkanlar açırdı. "Eros və sivilizasiya" adlı əsərində o, məhz bu məqsədi qarşısına qoymuşdu. Burada Markuze qeyd edirdi ki, insan varlığının iki prinsipinin qarşıdurmasını Freyd əvvəlcə cinsi istəklərlə ("O") şüurun ("Mən"), cəmiyyətin göstərişlərinin ("Fövqəl-Mən") düşmənçiliyi kimi göstərmiş, yalnız yaradıcılığının son dövründə həyat və ölüm instinktlərinin – Eros və Tanatosun əbədi konflikti şəklində mənalandırmışdı.8 Elə bu anlamda həyatverici Erosla tarixin ayrılmaz xüsuiyyəti olan boğucu sivilizasiya arasındakı mübarizə Markuzenin əsərlərinin mərkəzi mövzusuna çevrildi.


"Eros və sivilizasiya"dan sonrakı əsərlərində Markuze izah etdi ki, "mədəniyyət" və "sivilizasiya" anlayışları onun üçün heç də sinonim məfhumlar deyil. Markuze mədəniyyəti insanın tarix boyu transtarixi dəyərlərə – məqsədlərə canatmasında reallaşan özlüyündə inkişafı ilə əlaqələndirir, halbuki sivilizasiya sosial zərurətlə diktə olunan standart, stereotip şeylər sferasıdır.9 Markuzeyə görə, mədəniyyət zehni əmək, istirahət, azadlıq, qeyri-əməli təfəkkür sahəsidir. Sivilizasiya isə əsasən fiziki əməyi, ciddi şəkildə müəyyənləşdirilmiş vaxtlarda işləməyi, təbii zəruriliyi və əməli təfəkkürü nəzərdə tutur.


Markuze belə hesab edirdi ki, mədəniyyəti, həyatverici Erosu boğan sivilizasiyanın ilk addımları sinifli cəmiyyətin təşəkkülündən deyil, bəşər tarixinin erkən çağından başlanır. Beləliklə, tarix mənfi qiymətləndirilən sivilizasiya prosesinə çevrilir və əzəldən ona xas olan özgələşmə insanı öz caynaqlarında daha güclü şəkildə sıxır. "Rasionallıq"la "hakimiyyət iradəsi"nin əlaqəsindən danışarkən Markuze sivilizasiyanın həyati başlanğıcı tapdalayan dağıdıcı dialektikasını araşdırırdı. Bu yolla o, ictimai antaqonizmlərin ümumi səciyyə daşıması, bəşəriyyətin bütün tarixinə xas olması nəticəsinə gəlirdi.


"Tarixə qarşı qiyam"ın Markuze versiyasında ictimai tərəqqinin mümkünsüzlüyü məsələsi xüsusi vurğulanır. "Eros və sivilizasiya"da o yazırdı ki, insanlar daha yaxşı vəziyyətə can atır, lakin sosial sıxışdırmanın daha ağır formalarını ixtira edirlər. O göstərirdi ki, qədim dövrlərdən indiyə kimi istənilən inqilabi mübarizə sosial sıxışdırmanın yeni, daha sərt sisteminin qurulması ilə nəticələnmişdir. Markuze yazırdı: "Texnoloji rasionallığın totalitar universumu – Ağıl ideyasının son təcəssümüdür".10


Təbiətə hakim olmaqla tərəqqiyə çatmaq niyyətinə mənfi münasibətini Markuze qədim yunan miflologiyasının obrazları vasitəsilə izah edir. Qədim yunan mifologiyasında Prometey insanlara od bəxş edən qəhrəman kimi təqlim olunur. Və ənənəvi olaraq, dünyaya fəal, optimist münasibət onun adı ilə əlaqələndirilir. Markuze isə Prometeyə vurğunluğu rədd edir, çünki onun yolu ilə getmək həyatverici başlanğıcın – Erosun boğulmasına gətirib çıxarır. Onun nəzərində Prometey ağlın getdikcə güclənən repressivliyi sayəsində bəşəriyyəti çıxılmaz vəziyyətə salan "reallıq prinsipi"nin simvolik ifadəsidir. Markuzenin konsepsiyasında "həzz prinsipi"ni isə Orfey və Narsis təmsil edirlər.11 Əfsanəvi musiqiçi və müğənni Orfeyin sənəti nəinki insanlara həzz vermək, hətta allahların qəzəbini yatırtmaq qüdrətinə malik idi. Narsis isə özünə vurğunluğun simvolu idi. Markuze göstərirdi ki, "Prometey prinsipi" sivilizasiyanın bütün əvvəlki tarixinə xasdır, ona görə bu prinsipi inkar edərkən o, gələcəyin "qeyri-repressiv", Erosa tabe olan mədəniyyətinin qəhrəmanlarının Orfey və Narsis olacağını yazırdı. Onlar müasir insanın tarixi inkar etməyin zəruriliyini anlamasına və onun hüdudlarından kənara çıxmasına şərait yaratmalıdırlar.


Tarixin "dəf olunması" vasitəsi kimi Markuze "yeni hissilik" ideyasını irəli sürürdü. Həmin ideyaya əsasən, bəşəriyyət şüurlu şəkildə "repressiv ağlın" meyvələrindən imtina etməli və bilavasitə həyatın stixiyasına qovuşmalıdır. İnsan üzünü təbitə tutub "ağlın diktaturasını" devirməli, beləliklə, özgələşmədən xilas olmalıdır. Markuze yazırdı: "Bu halda təbiətə qarşı zorakılığın insanın əzilməsini gücləndirdiyi istismarçı cəmiyyətlə mübarizədə təbiətin bir müttəfiq kimi kəşf olunması (daha doğrusu, yenidən kəşf olunması) baş verir".12 Markuzeyə görə, həytın axarına qoşulmaq və "instrumental rasionallığı" unutmaq özgələşmənin əsaslarını dağıdır və insan təxəyyülünü canlandırır. "Yeni hissilik" insan varlığının estetik ölçüsünü dirçəldir və fərdi elmin utilitar-praktik göstərişlərinə deyil, incəsənətin dəyərlərinə doğru yönəldir. Beləcə insan varlığının "ağlın diktaturası" tərəfindən pozulmuş əzəli bütövlüyü bərpa olunur.

Qeydlər:

1. Adorno Th. Neqative dialecticı. N.-Y., 1973, p. 30
2. Ibid, p. 121
3. Horkheimer M., Adorno Th. Dialektik der Aufklarung. Frankfurt a. M., 1969, s. 234
4. Ibid, s. 15
5. Ibid, s. 13
6. Ibid, s. 129
7. Marcuse H. Eros and civilization: Aphilosophical inguiry into Freud. L., 1956, p. 11
8. Ibid, p. 22
9. Marcuse H. Kultur und Gesellshaft. Frankfurt a. M., 1968, s. 149
10. Marcuse H. One-dimensional man: studies in the ideology of advanced industrial society. L., 1964, p. 123
11. Marcuse H. Eros and civilization, p. 164
12. Marcuse H. Counterrevolution and revolt. Boston, 1972, p. 59


Tərcümə : Məsiağa Məhəmmədi

http://mesiha.blogspot.com

Kultura.az 

 

 

Kultura.az | Developed by Samir Yahyazade